Now Reading:
‘2000 manat maaş alan məmurun milyarderə çevrilməsi’
Full Article 4 minutes read


Regionlarının inkişafı, Bayıl yamacındakı sürüşmənin səbəbləri və ölkədə iqtisadi-siyasi gerçəkliklər medianın aparıcı mövzularındandır.

«Özünə umac ova bilməyən…»

Azadliq.info saytında «Yerli tənəzzüldən beynəlxalq inkişafa» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, ölkə problemlər içində olduğu halda hakimiyyət beynəlxalq aləmə yardım etmək iddiasındadır.

Müəllifin fikrincə, ölkə daxilində problemlər gözardı edilir:

«Ən azı Azərbaycan televiziyalarının sayəsində xəbər tuturuq ki, ölkəmiz problemsizlikdən əziyyət çəkir. Arabir, hansısa tanınmamış sorğu şirkəti də boynumuza qoyur ki, əhalinin 90 faizi xoşbəxtdir».

Müəllif vurğulayır ki, bu ölkədə bəzən insan gözləmədiyi və gülməli faktlarla qarşılaşır. Yazıda qeyd edildiyinə görə, bunlardan biri də 2011-ci ildə Azərbaycanda Beynəlxalq İnkişafa Yardım Agentliyi yaradılmasıdır:

«Nə qədər qurumlar yaradılsa da hakimiyyətin mahiyyəti, idarəçilik forması dəyişmir, yeni qurumlar köhnə adamların əsarətində olur. Qanunların işləmədiyi ölkədə heç bir qurumun normal fəaliyyəti mümkün deyil».

Müəllif hesab edir ki, ölkə problemlər içində ikən, hansısa xarici ölkəyə yardım göstərmək iddiasına düşmək anlaşılmazdır:

«Ölkədə tənəzzülün rekordunu vurmuş adamlar dünyadakı inkişafa necə yardım edə bilər? Bütün parametrlər üzrə sonuncu yerdə qərarlaşan, yalnız korrupsiyanın, seçki saxtakarlığının, repressiyanın miqyasına görə ön sırada duran hökumətin dünyaya töhfəsi nə ola bilər?».

Yazıda vurğulanır ki, Azərbaycan hökuməti dünyaya 130 manat əməkhaqqı ilə yaşamağın, 1500-2000 manat maaş alan məmurun milyarderə çevrilməsinin və günahsız adamları şərləyib həbs etməyin qaydalarını öyrədə bilər. Amma müəllifin fikrincə, dünyanın belə bir «dərs»ə ehtiyacı yoxdur.

Sürüşmə bölgəsindən yeni görüntülər – sakinlər evlərini tərk etmirlər

«Yeraltı çaylar…»
«Bizim Yol» qəzetində «Bakıda yeni tikintilər sürüşmə sahələrinin yaranmasına səbəb olacaq» sərlövhəli yazı diqqət çəkir.

Müəllif son vaxtlar ictimai gündəmdə yer alan Bayıl yamacındakı sürüşmənin səbəblərini ekoloq Telman Zeynalovla müzakirə edib.

Yazıda xatırladılır ki, Bakının Bayıl yamacında davam edən torpaq sürüşməsi yüzlərlə evi qəzalı hala salıb, ərazidə eni 1, dərinliyi 5-7 metrə çatan çatlar əmələ gəlib.

Müəllif vurğulayıb ki, ən təhlükəli durum qəsəbənin Cənub dərə küçəsindədir. Yazıda qeyd edildiyinə görə, orada hələ bir il əvvəl yaranan kiçik çatlar iri yarğanlara dönüb, son 2-3 ayda isə hər an evlərin uçmaq təhlükəsi yaranıb:

«Bayıl ərazisi sürüşmə zonasına aiddir. Orda yaşayış binalarının tikilməsinə dövlət qurumlarının icazə verməsi tamam səhv addım idi. İndi sürüşmə təhlükəsinin qarşısını almağa çalışırlar».

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri T.Zeynalov həmçinin deyib ki, çıxış yolu həmin ərazilərin yaşıllığa çevrilməsindədir. Onun fikrincə, sürüşmənin aktivləşməsini istəmirlərsə, həmin ərazilərdə ağaclar əkilməlidir.

T.Zeynalov bildirib ki, sürüşmə zonasına yaxın yerdə yerləşən Bakı Televiziya Qülləsinə təhlükə yoxdur:

«Teleqüllənin uçması gözlənilmir. Onu sovet dövründə tikiblər, bünövrəsi ana suxura qədər girib. Ona görə də ana suxur Teleqüllənin dağılmasına imkan verməyəcək».

T.Zeynalov hesab edir ki, Bayıldakı sürüşmənin aktivləşməsinin əsas səbəbi yeraltı çaylardır. Ekspertə görə, Bayılda tikintilər davam etdiyi halda bir tərəfdən yeraltı çaylar istiqamətini dəyişə, başqa tərəfdən onların yataqlarını dəyişmələri yeni sürüşmə sahələrinin yaranmasına səbəb ola bilər.

Regionlarının inkişafının əsasları
«Azərbaycan» qəzetində «Biz düzgün yoldayıq, düzgün siyasət aparırıq» sərlövhəli yazıda regionlarının inkişafı dəyərləndirilir.

Müəllif yazır ki, XX əsrin əvvəllərindən ölkə iqtisadiyyatında ağırlıq neft sənayesinin üzərinə düşüb. 2000-ci illərin əvvəlindən isə regionların inkişafına dair Dövlət Proqramlarının icrasına başlanıb:

«İlham Əliyevin prezidentliyinin ilk dövründə imzaladığı sənədlər sırasında regional inkişaf üzrə dövlət proqramının olması təsadüfi deyildi. Ölkənin tarazlı inkişafına nail olmaq üçün ilk növbədə, regionların sosial-iqtisadi cəhətdən dirçəlməsinə ehtiyac vardı. Təsadüfi deyil ki, 2004-cü ildən bugünədək iki regional inkişaf dövlət proqramı uğurla icra olunub. Üçüncü Dövlət Proqramının icrası isə davam edir».

Müəllif xatırladıb ki, yanvarın 29-da prezident İ.Əliyevin sədrliyi ilə keçirilən konfransda o, son 14 il ərzində bu istiqamətdə görülən işləri və əldə olunan nailiyyətləri vurğulayaraq, qarşıda duran vəzifələri də müəyyən edib.

Yazıda bildirilir ki, ölkənin qazandığı uğurları beynəlxalq təşkilatlar da dəyərləndirir və ayrı-ayrı inkişaf istiqamətləri üzrə beynəlxalq qurumların reytinqlərində Azərbaycan öncül sıralarda yer alır.

Müəllif habelə yazıb ki, bu proqramların icrası nəticəsində Azərbaycan artıq idxalçı ölkədən ixracatçı ölkəyə dönür.

Yazıda vurğulanır ki, sahibkarlara güzəşt, texniki-təminat və güzəştli kreditlər bu prosesin tərkib hissəsidir:

«Həyata keçirilən islahatlar, o cümlədən kəndliyə verilən hərtərəfli dəstək kənd təsərrüfatının dirçəlməsinə imkan verdi. İstehlak bazarında yerli mallar çoxdur, üstəlik, bir çox məhsulları ixrac da edirik».

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.