Now Reading:
”10 ildir ki, utandığımdan seçicilərimlə görüşə bilmirəm”
Full Article 6 minutes read

Milli Məclisdə 2017-ci ilin büdcəsinin icrası müzakirə edildi



“Azərbaycanda tikinti sektorunda çalışan şəxslər istismar olunur. İnsanları 12-15 saat işlədirlər. Onların 70-80 faizinə şənbə-bazar, bayram günləri də iş gördürülür”. Bunu Milli Məclisin mayın 31-də keçirilən iclasında deputat Tahir Kərimli deyib.

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat bildirib hökumət bu məsələni nəzarətə götürməlidir:

“Bunun nəticəsində ölkədə “qara mühasibatlıq” meydana gəlir və vergi ödənişləri azalır. İnsanların isə həyatı gedir. Onların maaş məsələsinə baxılmalı və elə əməkhaqqı verilməlidir ki, əlavə iş saatına qalıb işləməsinlər. Mən bunu öz gözümlə görümüşəm. Məsələn, Cümhuriyyətimizin 100 illik yubileyi zamanı gördüm ki, bir neçə tikinti sektorunda insanlar işlədilir. Biz tarix kitablarından oxuyurduq ki, 17-18-ci əsrlərdə insanlar 8 saatlıq iş uğrunda mübarizə aparıblar. Ancaq indi bizim vətəndaşlar 12-15 saat işləməyə vadar olurlar. Çünki onlar daha çox işləməklə ailə saxlamaq istəyirlər. Biz bu insanlara normal əmək haqqı versək, onlar artıq işləməyə ehtiyac görməzlər. Bizdə varlı təbəqə ilə kasıb təbəqə arasında çox böyük fərq var. Bunu aradan qaldırmaq, orta təbəqəni formalaşdırmaq lazımdır”.

Tahir Kərimli problemli kreditlərlə bağlı məsələyə də toxunaraq bildirib ki, hökumət bu məsələyə 2017-ci ildə əncam çəkməyib, 2018-ci ildə də bu problem gündəmə gətirilmir.

“Ziyad müəllim, yaxşı ki, çox danışmadınız”

2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə təqdim edib. Ziyad Səmədzadə təxminən 20 dəqiqə çıxış etdikdən sonra “mən çox danışıb vaxtınızı almaq istəmirəm və sizi qanuna səs verməyə çağırıram”,- deyib. Spiker Oqtay Əsədov isə ironiya ilə “Ziyad müəllim, yaxşı ki, çox danışmadınız”, – deyə gülümsəyərək cavab verub. Ardınca sənəd deputatların müzakirəsinə verilib.

Vahid Əhmədov: “ÜDM-də ciddi problemlər yarana bilər”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, ölkədə 30 bank var və ötən il bu bankların yalnız 5-6-da kapitallaşma həyata keçirilib:

“Qalan banklarda biz kapitallaşmasının şahidi olmadıq. Demək olar ki, ötən il bankların sağlamlaşdırılması prosesi faktiki olaraq həyata keçirilməyib. Biz bank sistemində sağlamlaşdırmaya nail olmasaq, ÜDM-də ciddi problemlər yarana bilər”.

Deputat ÜDM-də artımın azalmasının vergi güzəşti ilə izah olunmasına da etiraz edib. O vurğulayıb ki, əvvəlki illərdə də vergi güzəşti olub, ancaq artım yuxarı səviyyədə olub”.

Deputat Əli Məsimli isə deyib ki, Azərbaycanda dövlət büdcəsində Milli Məclisin nəzarəti artırılmalıdır. Onun sözlərinə görə, yerli bankların istehsal sahələrinə kredit verməsi üçün stimullaşdırıcı tədbirləri artırılarsa, qeyri-neft sektorunun səmərəliliyini də artırmaq olar.

Deputat Siyavuş Novruzov isə bankların verdiyi kreditlərin illik faiz dərəcələrinin hələ də, yüksək olmasına diqqət çəkib:

“Faizlər elə yüksəkdir ki, kiçik və orta sahibkarlıq inkişaf edə bilmir və nəticədə oradan büdcəyə kifayət qədər vəsait gəlmir. Faizlərlə bağlı hansı işlər görülməsi müzakirə olunmalıdır”.

Fazil Mustafa: Vətənda nəzərə alınaraq, islahatlar aparılmalıdır

Deputat Fazil Mustafa da bildirib ki, fiziki şəxslərin vergiləri kəsirlə icra etməsinin əsas səbəbi sahibkarın vəziyyəti ilə bağlıdır:

“Bu problemin həlli üçün sahibkara dəstək olunmalıdır. Yalnız bundan sonra istənilən səviyyədə vergi toplana bilər. Bu, olmayanda vergi ödəmə qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Bu gün bir sıra binalar sökülür, yerində tikilən binalarda sahibkara mülkiyyət sənədi verilmir. Yaxın gələcəkdə bu problemin nəticələri üzə çıxacaq. Nəticədə uduzan vətəndaş olacaq. Birinci növbədə vətəndaş nəzərə alınaraq, islahatlar aparılmalıdır. Hazırda pensiya fonduna ödənişlə bağlı qaydalar vətəndaşda fonda ödəniş etməkdə maraq yaratmır”.

“Dünyanı qazla təmin edirik, hökumətin iki küçəyə qaz verməyə gücü çatmır?”

Deputat Fəzail İbrahimli bildirib ki, seçildiyi Cəlilabad rayonunun Göytəpə şəhərinin iki küçəsi qazsızdır: “Dünyanı qazla təmin edirik, amma hökumətin ora qaz verməyə gücü çatmır? Bu hökumətdən nə qədər pul tələb edilir ki, 20 ildir, iki küçə qazsız qalıb? Burada boşluq var. O adamlardan istifadə olunur. Oranı, nəhayət, qazla təmin etmək lazımdır ki, problem həll edilsin. Mən də bundan sonra seçicilərimlə görüşə üzüağ gedə bilərəm. 10 ildir utandığımdan seçicilərimlə görüşə bilmirəm”.

Azərbaycanda elm və təhsilə ayrılan büdcə vəsaitinin az olmasına diqqə çəkib. O bildirib ki, elm sahəsində büdcədən 0,6 faiz, təhsil sahəsinə isə 10,6 faiz vəsait ayrılır:

“Ötən il elm xərclərinə 118 milyon vəsait ayrılıb, 8 milyon 220 min manat istifadə edilməyib. Buna aydınlıq gətirilsin. Elmə və təhsilə yetərincə vəsait ayırmadan ölkənin inkişafı çətin olur. Böyük Britaniyada xarici tələbələrdən hər il 20 milyard funt sterlinqdən çox gəlir götürülür. Bunun hesabına hər il 200 mindən çox iş yeri artırılır. Bunun üçün bizim potensialımız var. İran, Türkiyə Asiya ölkələrindən tələbə cəlb etməyimizə imkan var. Amma universitetlərin, yataqxanaların olmaması Azərbaycana tələbə gəlməsinə mənfi təsir göstərir. Bu gün universitetlərin yataqxana problemi var. Bakı Dövlət Universitetinin yataqxanası illərdir sökülüb və yenisi tikilmir. Digar ali məktəblərdə də oxşar problem yaşanır. Bu gün tələbələr xaricdə ali təhsil üçün kampların olmasına önəm verirlər”.

Mikayıl Cabbarov: Kölgə iqtisadiyyatı”nın azaldılmasına yönəlmiş təkliflər hazırlanıb

Müzakirələrdən sonra hökumət adından maliyyə nazirinin müavini Azər Bayramov və vergilər naziri Mikayıl Cabbarov çıxış edib.

Vergilər naziri bildirib ki, növbəti ilin büdcə paketi çərçivəsində aidiyyatı qurumlarla – Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə çalışaraq, “kölgə iqtisadiyyatı”nın azaldılmasına yönəlmiş, hesabatlılığın artırılmasını təmin edən tədbirlərlə və bir sıra digər islahatlarla bağlı təkliflər artıq hökumətə təqdim edilib. O qeyd edib ki, əsas hədəf vergi ödəyicilərinin, xüsusilə də kiçik və orta sahibkarlığın vergi yükünün azaldılıması, vergi inzibatçılığında bərabərliyin, şəffaflığın təmin olunmasıdır: edək. Qarşımızdakı əsas çağırışlar dövriyyələrin azaldılmasının qarşısının alınması, illərlə oturuşmuş iş sisteminin təkmilləşdirilməsidir”.

Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul edilib.

Ötən il Azərbaycanın icmal büdcəsinin gəlirləri 24 mlrd. manat və yaxud 104,8%, xərcləri isə 25 mlrd. manat və yaxud 82,4% səviyyəsində icra olunub.

İcmal büdcənin kəsiri 1,1 mlrd. manat təşkil edib ki, bu da ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 1,6%-i deməkdir.

Ötən il dövlət büdcəsinin mədaxili 16,517 mlrd. manat və yaxud 98,5% icra olunub. Dövlət büdcəsinin transfert nəzərə alınmadan gəlirləri 10,417 mlrd. təşkil edib. Bu da 2016-ci illə müqayisədə 526 mln. manat və yaxud 5,3% çoxdur. Büdcə daxilolmalarının 8,633 mlrd. manatı qeyri-neft sektorunun hesabına təmin olunub. Bu da 2016-cı ilə nisbətən 352 mln. manat və yaxud 4,3% çoxdur.

2017-ci ildə qeyri-neft sektorundan büdcə daxilolmalarının xüsusi çəkisi 2016-cı illə müqayisədə 5% bəndi artaraq 52,3% təşkil edib.
Azərbaycan Dövlət Neft Fondundan 6,1 mlrd. manat vəsait tranfer olunub ki, bu da illik müqayisədə 19,9% azdır. Azərbaycan Mərkəzi Bankının mənfəətindən büdcəyə 250 mln. manat ödənilib.

2017-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,1% və yaxud 17,595 mlrd. manat səviyyəsində icra olunub. Xərclərin 62%-ni cari xərclər təşkil edib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.