Əli Kərimli:“Hakimiyyət terror söhbətini mitinqə gələn adamları qorxutmaq üçün ortaya atıb”


“Bütün vasitələrə baş vurdular. İndi də adamları qorxutmaq üçün bu üsuldan istifadə edirlər.”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Meydan TV-yə belə deyib.

O, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Milli Şuranın oktyabrın 28-də gözlənilən mitinqində terror aktı törətmək istəyən qrupun məhv edilməsi barədə yaydığı məlumata münasibət bildirib.

Əli Kərimli deyir ki, mitinq təşkilatçılarının həbsinin insanları qorxutmaması hökuməti narahat edir:

“Bütün vasitələrə baş vurdular. İndi də adamları qorxutmaq üçün bu üsuldan istifadə edirlər. Həmin məlumatı yaymaqda iki məqsəd var:

Birinci, mitinqə bir gün qalmış gündəmi dəyişmək. Terror hədəsini gündəmin əsas məsələsinə çevirib, mitinqin hazırlıqlarını arxa plana keçirmək. İkincisi isə insanlarda şüuraltı qorxu yaratmaqdır. Ümid edirəm ki, məqsədlərinə çatmayacaqlar. Çünki yalançının yaddaşı olmaz. Həmin DTX-nin agentləri bizim aksiyalara İŞID bayrağı göndərirdilər ki, guya biz onlarla birik. İndi də “İŞID sizi partladacaqdı, biz bunun qarşısını aldıq”, – deyirlər”.

Əli Kərimli deyir ki, hakimiyyətin belə bəyanatlarına inanmaq olmaz:

“Nəhayət, biz aksiyanı tam qapalı, hökumətin nəzarəti olan yerdə keçiririk. Nəzəri cəhətdən götürsək, hətta, istəsələr də, orada heç nə etmək mümkün deyil. Ona görə ki, stadiona girənlər yoxlanılır. Bu mənada hökumət mitinqin təhlükəsizliyinə tam təminat verir. Bütün bunları nəzərə alaraq, məsuliyyətlə bildirirəm ki, heç kim çəkinməsin, mitinq razılaşdırılıb, hökumət təhlükəsizliyə zəmanət verib”.

AXCP sədri DTX-nin yaydığı məlumatı hakimiyyətin mitinq qorxusu kimi dəyərləndirir. Qorxurlarsa, deməli, üstünə gedib, daha çox iştirak etmək lazımdır:

“Onlar istəklərinə nail ola bilməyəcəklər. İnsanlar başa düşəcək ki, hökumət bu məlumatları məqsədli yayır. Çünki insanların haqları uğrunda mübarizəyə qoşulmasını istəmirlər. Ancaq vətəndaşlar başa düşəcək ki, hökumət süni ajiotaj və xof yaratmaqla adamları haqq davasından uzaqlaşdırmaq istəyir. Ona görə də, bu addım əks-effekt verəcək. Hamı anlayacaq ki, 28 oktyabrda Bakının ən təhlükəsiz yeri “Məhsul” stadionudur. Çünki stadion da, mitinqə gələnlər də yoxlanılır”.

Əli Kərimli bildirib ki, nə işdən çıxarılmalar, nə də həbslər insanları mitinqə gəlməkdən çəkindirib. Odur ki, hakimiyyət yeni üsullara əl atıb:

“Təkcə işdən çıxarılma, yaxud həbs deyil, hakimiyyət Milli Şuranı ən uyğun gün olan – bazar günü aksiya keçirməkdən məhrum edib. Rayondan gələn aksiya iştirakçılarının qarşısını kəsirlər. Şənbə günü olsa da, dövlət müəsissələrində, hətta özəl təşkilatlarda çalışanlar işə çağırılır. Ali məktəblərdə tələbələrə nəzarət etmək üçün ciddi rejim yaradılıb. Bütün vasitələrlə mitinqlərin qarşısını almağa çalışırlar. Məmnunam ki, 150 nəfərdən artıq siyasi məhbusu olan, azad mediası olmayan, müxalifəti yarımleqal fəaliyyət göstərən ölkədə izdihamlı aksiyalar keçirilir. İnsanlar onların sərvətlərini talan edən hakimiyyətdən izahat tələb edə bilirlər”.

Sonda Əli Kərimli bildirib ki, əgər DTX özünə etimad istəyirsə, normal ölkələrdə olduğu kimi operativ məlumatları ictimaiyyətlə bölüşsün:

“İctimaiyyətə telefon danışıqları, video görüntülər təqdim etsin. Bunlar olmadığı sürəcə, biz mitinq ərəfəsində belə məlumatların yayılmasını məqsədli sayırıq”.

Milli Şura oktyabrın 28-də “Talana yox” şüarı ilə aksiya keçirmək barədə paytaxt rəhbərliyinə müraciət edib.

Aksiya şəhər rəhbərliyi ilə artıq razılaşdırılıb.

DTX isə oktyabrın 25-də məlumat yayaraq, Milli Şuranın mitinqində terror aktı törətmək istəyən qrupun zərərsizləşdirildiyini bəyan edib.

Meydan TV

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Hökumətin əleyhinə təbliğat aparan hökumət mediası

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: