Now Reading:
Əli Kərimli: “Bütün demokratik təsisatlar məhv edilir ki, İlham Əliyev istədiyini etsin”
Full Article 3 minutes read

Əli Kərimli: “Bütün demokratik təsisatlar məhv edilir ki, İlham Əliyev istədiyini etsin”



AXCP sədri Əli Kərimli Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyov Bakıya səfərinə və Azərbaycanın dövlət başçısı İlham Əliyevlə 2 saatlıq görüşünə münasibət bildirib. Ə.Kərimli bu barədə facebook səhifəsində status paylaşıb. Statusda deyilir: “Bu ki söhbət yox, tam bir fəlakətdir. Bilirsiniz, İlham Əliyev Vladimir Solovyovla 2 saatlıq söhbətdə nə qədər ciddi səhvlər edib, xalqımızı necə aşağılayıb? Solovyov deyir ki, bütün söhbət boyu İlham Əliyev Ermənistan liderləri haqda bircə kəlmə də neqativ söz işlətməyib. Ancaq xalqımızı ciddi şəkildə aşağılayıb.

Solovyov İlham Əliyevdən 1000-dən çox adamın həbsi barədə də soruşub. İlham Əliyev ona belə cavab verib: “Bizim belə ölkəmiz var ki, əgər sərt olmasaq, hər tərəfdə saqqallılar dolaşmağa başlayacaq. Buralar Liviyaya çevriləcək”. Burada ən çox diqqət edilməli ifadə budur: “Bizim belə ölkəmiz var ki…”. Gördünüz ölkəyə rəhbərlik edən şəxs bu xalq haqqında necə düşünür, bu xalqı nə qədər səviyyəsiz sayır?

Ümumiyyətlə, Solovyovun dedikləri rəsmən təkzib edilməyəcəksə (hәrçәnd, şəxsən mən bunu gözləmirəm dә), bu, söhbət yox, skandaldır, İlham Əliyevin özünüifşasıdır. Solovyov deyir ki, İlham Əliyev bir şəxsin yalnız 2 dəfə prezident seçilə biləcəyinə qoyulmuş limiti götürmək üçün Konstitusiyanı dəyişdirəndə də (2009 mart), həyat yoldaşını 1-ci vitse-prezident təyin edəndə də əsas məqsədi bu ölkənin Avropa olmadığını, bizim onlar (yәni, demokratik cәmiyyәtlәr) kimi olmadığımızı nümayiş etdirmәk olub. Təqribən onu çatdırıb ki, bura Avropa olmadığından o da istədiyini edə bilər və edir.

Solovyovun dediyinə görə, bütün söhbət boyu erməni liderlər haqda nəzakətlə danışan İlham Əliyev müxalifəti də xaricdən maliyyələşməkdə ittiham edib. Deyib ki, xaricdən gələn maliyyə kanallarına nəzarət edən kimi müxalifət zəifləyib, marginallaşıb. Təbii ki, bu söhbət də yalandır. Azərbaycanda hansı müxalifətçinin xaricdən maliyyələşməsi haqda bircə fakt var? Müxalifəti zəiflədiblәrsә, niyə ölkədə bu gün də 150 nəfərdən artıq siyasi məhbus var? Niyə məsələn, elə həmin Ermənistanda olduğu kimi Azərbaycanda da müxalifətin şəhərin mərkəzində mitinq və yürüşlər keçirməsindən qorxurlar? Niyə cәsarәr edib, müxalifətin hətta qapalı stadionda belə öz mitinqini bazar günü, maneəsiz keçirməsinə imkan vermirlәr?..

Beynəlxalq münasibətlərdən diplomu olan İlham Əliyev Solovyovla 2 saatlıq söhbətdə “balanslaşdırılmış” dediklәri xarici siyasətlәrini dә büküb atıb zibil qutusuna. Necə səmimi olubsa, ABŞ-ı sevmədiyini dərhal Putinin dostuna çatdırıb. ABŞ-ın Azərbaycanı zəif və kasıb görmək istədiyindən danışıb, korrupsiya araşdırmalarından şikayətlənib, üstəlik, məhz Putinə arxayın olduğunu, Putinin heç vaxt satmayacağına inandığını ifadə edib. Gördünüz, Rusiyanın Ermənistana bağışladığı milyardlarla dollarlıq silahlar, Ermənistanı rəsmən öz hərbi himayəsinə alması, bizim torpaqları işğal etməsi və işğalda saxlaması belə, İlham Əliyevi ABŞ-dan qaynaqlanan korrupsiya araşdırmaları qədər incitməyib.

İstənilən yarımdemokratik dövlətdə ölkә başçısının xarici jurnalistlə belə bir söhbəti həmin onun istefası ilə nəticələnərdi. Bizdə isə… Bizdə elə ona görə bütün demokratik təsisatlar məhv edilir ki, İlham Əliyev istədiyini etsin, istədiyini də danışsın. Bəli, rejim bu ölkədə nəinki müxalifətin, hətta xalqın da varlığını çoxdan hesabdan silib. Ancaq siz bugünkü susqunluğuna baxmayın, mən xalqımın bütün bunları bir yerə yazdığına və zamanı gələndə bütün bunlara görə məsuliyyət tələb edəcəyinə inanıram”.

 

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.