Now Reading:
Əli İnsanov: “Xəyalpərəstlərə deyin ki, 100 il versələr də, sınmayacağam…”
Full Article 6 minutes read

Əli İnsanov: “Xəyalpərəstlərə deyin ki, 100 il versələr də, sınmayacağam…”

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Keçmiş səhiyyə naziri Əli İnsanov 11 illik cəzasının bitməsinə cəmi 58 gün qalmış başlanan cinayət işi ilə bağlı aprelin 7-də yenidən məhkəmə qarşısına çıxarılıb. Bu cinayət işinin onu həbsdə saxlamaq üçün saxta zərərçəkənlər vasitəsilə düzülüb-qoşulduğunu deyən İnsanov məhkəmədə düşmənlərinə mesaj da göndərib. Deyib ki, onu heç 100 il həbs də sındıra bilməz.

“Düşmənlərim elə bilir ki, məni həbsdə çox saxlasalar, sınacam. Sınmağım mümkün deyil. Mənimlə bağlı baş verənlər bir xəyalpərəstin çayın kənarında oturub, o çayın axıb qurtarmasını gözləmək kimidir. Xəyalpərəstlərə deyin ki, lap 100 il versələr də, mənim səbrim tükənən deyil”, – Əli İnsanov məhkəmədə belə deyib.

Əli İnsanovun qardaşları da məhkəməsinə buraxılmadı

Keçmiş nazirin işinə Qaradağ Rayon Məhkəməsində hakim Rəşad Mustafayev baxır. Məhkəməyə jurnalistləri, Əli İnsanovun qohumlarını buraxmayıblar. Hətta qardaşları Əhməd və Məmməd İnsanovlar da məhkəmə zalına daxil ola bilməyib. Bundan əvvəl siyasi məhbusların məhkəmələrində istifadə olunan metod bu dəfə də tətbiq olunub – məhkəmə zalı kimliyi məlum olmayan adamlarla doldurulub, sonra da bəhanə gətirilib ki, yer yoxdur.

Əli İnsanovun onu vurduğunu iddia edən Penitensiar Xidmətin işçisi, ədliyyə mayoru Anar Məmmədov da məhkəmə zalında olub. O, iş üzrə zərərçəkən qismində tanınıb.

Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror  Fərahim Hüseynli bildirib ki, bu işin istintaqında pozuntuya yol verilməyib, iş məhkəmə baxışına verilə bilər. Əli İnsanov haqqında həbs-qətimkan tədbiri də dəyişdirilməsin.

Amma Əli İnsanovun vəkilləri Ağaveyis Şahverdi və Toğrul Babayev işin məhkəmə baxışına verilməsinə etiraz edib. Onlar cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıblar.

“Əli İnsanov heç bir cinayət törətməyib. Əsassız və qanunsuz olaraq, 10 il 10 ay cəza çəkməyə məcbur edildiyi müddətdə də heç bir rejim qaydasını pozmayıb. Onun azadlığa çıxmasına 58 gün qalmış eyni zamanda bir neçə cinayət törətməsinə dair ittihamlar yalandır, uğursuz şərləmədir. Bu cinayət işi Əli İnsanovun həbsdən çıxmasının qarşısını almaq məqsədi güdür. Əli İnsanovun cəzaçəkmə müəssisəsində guya psixotrop maddə və digər qanunsuz əşyalar saxlaması, özü 71 yaşında ola-ola fiziki cəhətdən özündən qat-qat güclü, gənc, idmançı cüssəli şəxsə onun həyat və sağlamlığı üçün təhlükəli zor göstərməsi ittihamı heç bir real məntiqə sığmır”, – deyə Ağaveyis Şahverdi vəsatəti əsaslandırarkən bildirib.

Vəkillərin daha bir vəsatəti qanun pozuntusu ilə əldə olunmuş bir sıra sübutların, o cümlədən baxış və götürmə protokollarının sübutlar siyahısından xaric edilməsi haqda olub.

O, 10 yaşlı nəvəsinin üzünü görməyib…

Vekil Togrul Babayev

Vəkillərinin vəsatətlərinə münasibət bildirən Əli İnsanov deyib ki, məhkəməyə gəlmək istəmirdi: “Məni məcbur gətirdilər. Hesab edirəm ki, belə saxta ittihamlarla məhkəməyə gəlməyə ehtiyac yoxdur. Bunların hamısı şər-böhtandır.

Mən mənimlə düşmənçilik edənləri yaxşı tanıyıram. Qana çox susayıblar. Yetərmi qanımı içdiyiniz? Amma bilin, dünyanın yolu uzundur.

Mən 1 il 6 ay MTN-nin təcridxanasında təkadamlıq kamerada, daha sonra Bayıl türməsində 5 saylı ölüm korpusunda saxlanmışam. 40 dərəcədə istidə saxlansam da, qayda-qanunu pozmamışam. 13 saylı cəzaçəkmə müəssisəsində istilik sistemi olmayıb, üç dərəcə şaxtada qalmışam, amma müqavimət göstərməmişəm. Necə oldu ki, həbsdən çıxmağıma 58 gün qalmış müqavimət göstərdim?”

Bu məqamda vəkil Toğrul Babayev bildirib ki, Əli İnsanovun bir nəvəsinin on yaşı var, amma üzünü görməyib: “Bu, elə-belə insan deyil. Ümumdünya Səhiyyə Təşkilatının sədr müavini olub. Necə oldu ki, bu adam narkotikdən istifadə etdi?”

“Həbsimi uzatmaq üçün üç plan olub”

Bundan sonra Əli İnsanov çıxışını davam etdirib: “Mən həbsimi siyasi repressiya kimi qəbul edirəm. Bu cinayət işi 2005-ci ildəki həbsimin davamıdır. 2005-ci ildə məni dövlət çevrilişinə cəhd ittihamı ilə həbs elədilər. Amma o ittihamlar məhv oldu. 16 ay yoxlama apardılar, gördülər ki, dövlət büdcəsindən bir manat da yeməmişəm.
Mən indiyədək Azərbaycanda 100-ə yaxın məhkəmənin heç birində qalib gəlməmişəm. Bircə məhkəmədə qalib gəlmişəm, o da Avropa Məhkəməsidir. O məhkəmənin qərarını da icra etməyiblər.

Bu cinayət işində heç bir fakt, sübut-dəlil yoxdur. Bunlar mənim yatdığım yerdə yoxlama aparmayıblar, guya başqa bir kamerada yoxlama aparıb, orada döşəyin altından şüşə bankada dərman tapıblar. Penitensiar Xidmətin əməkdaşı dustaqlara verilən multivitaminləri şüşə bankada saxlayırdı. Mənim işimdə guya tapıldığı iddia olunan banka da həmin banka imiş.

Vəkilim həmin gün saat 16.00-da mənimlə görüşdən çıxıb, ona heç nə deməyiblər. Amma sonradan məni rəisin otağına çağırıblar ki, protokola qol çək. Guya, mən həmin protokolu cırıb, ədliyyə işçisinə əl qaldırmışam. Mən həmin vaxt karsdan çıxmışdım, əynimdə köhnə paltarlar idi. Kars çox köhnə, çirkli bir yerdir. Ona görə orada əynimdə olan və sonradan rəisin otağında əlarkən əynimdəki o paltarları atmışdım. Götürüb ekspertizaya mənim sonradan geyindiyim paltarları göndəriblər, guya müəssisənin işçisini vuranda əynimdə olub. Ekspertiza da rəy verib ki, guya o adamın köynəyinə düşən liflərə uyğun gəlir. Yəni bu dərəcədə yalan, saxtakarlıq…

Bilirəm ki, burada nə qədər sübut qoyulsa da, mənasızdır. Sisironu, ən böyük yunan natiqlərini də gətirsən, Azərbaycan məhkəmələrində xeyri yoxdur.

Mənə məlumat vermişdilər ki, həbsimi uzatmaq üçün üç plan olub. Birincisi, yeni işçi gətirib öyrətmişdilər ki, məni təxribata çəksin, mən də ona əl qaldırım. Amma elə oldu ki, o adam xəstələndi, onu müalicə elədim, sağaldı. Sonra nə qədər desələr də, həmin işçi o plana razılaşmadı. İkinci plan müalicə etdiyim dustaqlarla bağlı idi. Guya, mən onları səhv müalicə eləyib ziyan vurmuşam. Amma müalicə elədiyim xəstələrin hamısı sağaldı, bu plan da baş.tutmadı. Üçüncü plan isə bu idi.

“Plan var ki, məni sürüyə-sürüyə aparsınlar”

Avropanın kralları müqəddəs Yelena adalarının divarlarını görəndə qorxurdular. Çünki onlar bilirdilər ki, o divarların arasında Napoleon var. İndi bunlar da Kürdəxanı türməsinin divarlarını görəndə dəli olurlar. Çünki bilirlər ki, orada kimlər yatır.

Elə başa düşməyin ki, mən geri çəkilirəm, ad çəkmirəm. Sadəcə, bir plan var. Mən burada kimlərinsə adını çəksəm, məni buradan sürüyə-sürüyə aparacaqlar. Mən bunu özümə rəva görmürəm, yəqin, siz də rəva görməzsiz.
Mənim üzümə duram ədliyyə işçisini rəis təyin elədilər. Üzümə duran bir yazıq dustağı isə əfv sərəncamı ilə buraxıblar. Bu Anar Məmmədova da yəqin nəsə bir vəzifə verəcəklər”.

Çıxışının sonunda Əli İnsanov məhkəmənin özünün də hazırda saxlanıldığı Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında keçirilməsini təklif edib. Hakim bildirib ki, bu məsələyə növbəti iclasda baxılıb qərar veriləcək.
Hakim vəsatətlərin heç birini təmin etməyib. İş məhkəmə baxışına verilib. Məhkəmə aprelin 12-nə təyin olunub.
Xatırladaq ki, Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan işi iqtisadi cinayətlərə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası verilib.  Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda onun barəsində yeni cinayət işi başlanıb. İnsanova qarşı CM-nin 234.1-ci (narkotik və ya psixotrop maddələr əldə etmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb.

 

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.