Now Reading:
Ələsgər Məmmədli: Əli Həsənovun prezidentliyə namizədə zəng vurması qanunla qadağandır
Full Article 3 minutes read


”Bu seçkiyə müdaxilə sayılır”

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezidentliyə namizəd, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə telefon əlaqəsinə dair sosial şəbəkələrdə irəli sürülən iddialara münasibət bildirib.

Ə. Həsənov bu barədə APA-ya danışıb. O, bildirib ki, martın 21-də İctimai televiziyada prezidentliyə namizədlərin üçüncü teledebatına baxdıqdan sonra martın 22-də günorta saatlarında Hafiz Hacıyevlə əlaqə saxlayıb.

“Onun diqqətinə çatdırmışam ki, teledebatın əvvəlində aparıcı mövzuya uyğun danışmağı xahiş edir, Seçki Məcəlləsinin tələblərinə riayət etməyin zəruriliyini xüsusi vurğulayır. Bu mənada, məqsədli şəkildə bəzi vəzifəli şəxslər, o cümlədən də mənim haqqında müsbət fikir bildirilməsi, bir sıra dövlət orqanları rəhbərlərinin isə tənqid olunması yaxşı hal deyil və cəmiyyət tərəfindən pis qəbul olunur. Ondan xahiş etmişəm ki, çıxışlarında bu tipli subyektiv mülahizələrlə ictimai rəyi çaşdırmasın. Bundan başqa Hafiz Hacıyevlə mənim aramda hər hansı məsələ ilə bağlı fikir mübadiləsi və ya müzakirə aparılmayıb”, – Ə. Həsənov deyib.

Hüquqşünas Ələsgər Məmmədli hazırki prezidentin köməkçisinin prezidentliyə namizədə zəng edib istiqamət verməsini seçkiyə inzibati müdaxilə kimi dəyərləndirib.

“Qanunvericilik onun namizədlərə belə tövsiyə verməsini qadağan edir. Ə.Həsənov inzibati institutun rəhbəri olaraq çox önəmli funksiyanı həyata keçirən bir tərəfin, daha doğrusu, hakimiyyətin icra strukturlarına rəhbərlik edənin köməkçisi olaraq Hafiz Hacıyevə zəngi seçki prosesinə müdaxilə sayılmalıdır”.

Azərbaycanda növbəti prezident seçkiləri 2018-ci ilin oktyabrında keçirilməli idi. Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə ölkədə aprelin 11-nə növbədənkənar prezident seçkiləri təyin edildi.

MSK prezidentliyə səkkiz nəfərin namizədliyini təsdiq edib. Onlar – hazırki prezident İlham Əliyev, Demokrat Partiyasının sədri Sərdar Cəlal oğlu Məmmədov, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev və namizədliyi AXC Təşəbbüs Qrupu tərəfindən irəli sürülən Razi Nurullayevdir.

Müxalifət partiyaları seçkini boykot etdiklərini bəyan ediblər.

Bu il keçiriləcək seçki nəticəsində prezident ilk dəfə olaraq yeddi il müddətinə seçiləcək.

Martın 19-dan isə prezident seçkisinin təşviqat kampaniyası start götürüb.

Seçki qanunvericiliyinə əsasən, təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır. Seçki gününə 1 gün qalmış, aprelin 10-u səhər saat 08.00-da təşviqat kampaniyası dayandırılacaq və həmin gün sükut günü elan ediləcək.

Təşviqat zamanı ödənişsiz efiri yalnız İctimai Televiziya təklif edir.

İctimai Televiziya eyni zamanda, ödənişli efir vaxtı da elan edib. Televiziya prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi üçün minimum 20, maksimum qiyməti isə 50 manat müəyyən edib.

İctimai radioda isə çıxışın bir saniyəsi üçün minimum 7, maksimum 25 manat ödəmək lazım olacaq. Kanal bildirib ki, ödənişli təşviqata qoşulan namizədlər günün müxtəlif saatlarında İTV və İctimai radioda çıxış edə bilərlər.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.