Now Reading:
”Əhalinin əksəriyyəti pensiya ala bilməyəcək”
Full Article 2 minutes read

Qubad İbadoğlu: ”Hakimiyyəti pensiya sahəsində ədalətli islahatlara çağırıram”



 

“Pensiya qanunvericiliyində islahat adı ilə edilən son dəyişikliklər yaşı çatmış şəxslərin pensiyaya çıxış imkanlarını məhdudlaşdırır”.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu belə deyir.

Yeni qanunla əhalinin əksəriyyəti pensiya ala bilməyəcək

Q. İbadoğlu bildirir ki, bu, orta aylıq pensiya məbləğinin aşağı düşməsinə gətirib çıxaracaq:

“Nəticədə, yeni qanunla əhalinin əksəriyyəti pensiya ala bilməyəcək. Belə ki, yeni dəyişikliklərdən sonra pensiyalar üçün əvvəllər mövcud olmuş və dövlət büdcəsindən maliyyələşən baza hissəsi ləğv olunub. Bu dəyişikliklərə görə, bundan sonra pensiyalar fərdi yığımların bazasında formalaşacaq”.

700 min nəfər torpaq mülkiyyətçisinin çoxunu bu tale gözləyir

İqtisadçı bildirir ki, ölkədə kütləvi işsizliyin müşahidə edilməsini, eləcə də işləyənlərin bir hissəsinin qeyri-leqal fəaliyyət göstərdiyini, aldıqları məvacibin aşağı olduğunu nəzərə alsaq, yeni qanunla vətəndaşların əksəriyyəti təqaüd yaşı çatdıqdan sonra pensiya ala bilməyəcəklər:

“Bu halda, onlara yalnız qocalıq müavinəti veriləcəyi gözlənilir. Onun da hazırki məbləği 55 manatdır”.


Qubad İbadoğlunun sözlərinə görə, hazırda rayonlarda yaşayan 1 milyon 700 min nəfər torpaq mülkiyyətçisinin çoxunu bu cür tale gözləyir:

“110 manat məbləğində pensiya almaq üçün pensiya yaşlı vətəndaşın 25 il iş stajı və minimum 15 800 manat məbləğində pensiya kapitalı olmalıdır. Bu isə o deməkdir ki, hətta 25 il və ondan çox əmək stajına malik olan ölkə vətəndaşlarının bir qisminin fərdi sığorta hesablarında yığılan vəsait onlara ən yaxşı halda minimum məbləğdə, yəni 110 manat pensiya verilməsini təmin edə biləcək”.

Bu, ahıl insanların sosial – iqtisadi, yaşam hüquqlarının pozulmasıdır

İqtisadçı bildirir ki, hətta məbləğin hazırkı bazar qiymətlərinə adekvat hesablanmamasına baxmayaraq, pensiyaçıların yaşayış minumumunun aylıq dəyərinin 2018-ci il üçün 144 manat müəyyənləşdirildiyi halda, yeni qanunla pensiyaya çıxanlara ondan da az məbləğdə təqaüdün verilməsi dövlət tərəfindən əsaslı müdafiəyə ehtiyacı olan ahıl insanları taleyin hökmünə buraxmaq deməkdir:

“Məncə, pensiya qanunvericiliyindəki yeni dəyişikliklər sosial cəhətdən ədalətsizdir. Bu, ahıl insanların sosial – iqtisadi, yaşam hüquqlarının pozulmasıdır. Dəyişkliklər ləğv edilməli, sosial cəhətdən ədalətli pensiya sistemi qurulmalıdır. Hakimiyyəti pensiya sahəsində ədalətli islahatlara çağırıram”.

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1078-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.