Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ziya Məmmədovun sistemində yeni qazanc növü: bilet əvəzinə “lülə” satışı…

Son illər Azərbaycan mətbuatında ən çox adı hallandırılan nazirlərdən biri, bəlkə də birincisi Ziya Məmmədovdur. Bütün yazılanlara, ortaya çıxarılan neqativ faktlara baxmayaraq, o, hələ də öz vəzifəsini qoruyur, amma nədənsə tənqidlərdən nəticə çıxarmır, nəzarət etdiyi sahədə problemlərin qarşısını almaq istəmir.
Görünür, tənqiddən yetərincə dərs çıxarmamasının nəticəsidir ki, ölkə rəhbəri İlham Əliyev cənabları Nəqliyyat Nazirliyinin səlahiyyətinə aid bir çox sahələri onun əlindən almaq məcburiyyətində qalıb. Ötən ilin oktaybr ayında ölkə başçısının imzaladığı fərman ilə Nəqliyyat Nazirliyinin inzibati xətalara cavabdeh olduğu bəzi səlahiyyətləri Baş Dövlət Yol Polisinə verilib. Bir başqa sərəncamla taksilərə lisenziyaların verilməsi “ASAN Xidmət”ə həvalə edilib. Məhz bundan sonra tez-tez mətbuat orqanlarının ən sevimli mövzusuna çevrilən Nəqliyyat “qoçuları”nın qan uddurduğu taksi sürücüləri rahat nəfəs ala biliblər.
Bu ilin iyun ayında dövlət mülkiyyətində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları da Nəqliyyat Nazirliyinin balansından çıxarıldı. Yeni dəyişikliyə əsasən, bundan sonra həmin yollar “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin balansında olacaq. Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin bu şəkildə azaldılması cəmiyyətimiz tərəfindən müsbət qarşılandı. Bir çoxları bundan sonra Ziya Məmmədovun bir portfeli, bir maaşı olan nazirə çevriləcəyini düşündü. Amma edilən bəzi şikayətlər vəziyyətin heç də düşünüldüyü kimi olmadığını, Nəqliyyat Nazirliyi əməkdaşlarının əllərində qalan səlahiyyətdən maksimum istifadə etdiklərini göstərir. Məlumata görə, Nəqliyyat Nazirliyi indi çörək pulunu avtovağzallardan və yol kənarındakı restoranlardan çıxarırlar. Özü də çox sadə bir üsulla…
Bildirilir ki, nazirlikdə yaradılmış ierarxiyaya uyğun olaraq yeni pulyığma mexanizmi qurulub. Mexanizmin başında kimin daynadığı aydındır. Bu mexanizmdə də digər nazirliklərdə olduğu kimi, ilan “Seyid Əhməd əliylə” tutulur. Nəqliyyat Nazirliyinin ən uzun “Seyid Əhməd əli” isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəhbəri Elnur Nazim oğlu Abdullayevdir.
Elnur Abdullayev üzərində qurulan mexanizmin iki çarxı var. Çarxlardan biri Bakı beynəlxalq avtovağzala, digəri isə avtobusların şütüdüyü yollara nəzarət edir. Maraqlıdır ki, nəqliyyat ierarxiyasında Elnur Abdullayevdən bir mərtəbə aşağıda Bakı Beynəlxalq Avtovağzalının rəisi Seymur Aslanov dayanır. Seymur Aslanovdan sonra mexanizm haçalanır. Avtovağzal sahəsi onun müavini Anar (informasiya mənbəyi onun soyismini bilmir) adlı şəxsin nəzarətindədir. Yollar üzərindəki dincəlmə müəsissələri və rayon avtovağzallarına isə Ehtiram Əliyev baxır.
Elnur Abdullayev kimdir?
Elnur Abdullayev Azərbaycan oxucularına tanış simadır. Dövri mətbuatda bu adam haqqında dəfələrlə yazılıb. “Yeni Musavat” qəzetinin 13 oktyabr 2015-ci il sayında dərc olunan bir məqalə Elnur Abdullayevi belə xarakterizə edir: “Bu il avqustun 3-də Ziya Məmmədov “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”(NİİM) MMC-nin baş direktoru Elnur Nazim oğlu Abdullayevi tutduğu postdan azad edərək DANX-yə rəis təyin edib. Bu postun rəisinin aylıq gəlirinin – ona verilən paketin 50 min manata yaxın olduğu bildirilir. Qeyd olunur ki, bu xidmət vasitəsilə hər ay milyonlar toplanır”.
DANX hər ay milyonlarla manatı necə əldə edir?
Bizə verilən məlumata görə, Nəqliyyat Nazirliyi qazancın çox asan yolunu tapıb: Qrafikdəki sıxlıqdan asılı olaraq, hər marşrutdan müəyyən məbləğdə “haqq” alınır. Məsələn, qrafik bölgüsündə yarımsaatlıq intervalla işləyən marşrut sahiblərinin DANX-a hər ay 50 min manat ödədiyi bildirilir. Sıxlıq intervalları artıb azaldıqca ödənən “haqq” da buna müvafiq olaraq dəyişilir. Ölkə daxili və xarici marşrutların hər birindən 10 minlərlə manat pul alındığını nəzərə alsaq, həqiqətən də DANX-ın əldə etdiyi məbləğ milyonlarla ölçülə bilər.
Maraqlıdır ki, DANX rəisi marşrut sahiblərinin etirazlarından, problemlərini mətbuata çıxarmasından da çəkinmir. Bunun ən bariz nümunəsi Bakı-Nijni Novqorod marşrtutu üzrə işləyən avtobus sürücülərinin başına gətirilənlərdir. Sürücülərin bir neçə ay öncə saytımıza verdiyi məlumata görə, “ötən il Prezidentin inhisarçılığa qarşı mübarizəyə başlamasından sonra xarici səfərlərə nəzarət edən “TRANS CONTROL” şirkəti işini dayandırmış, Nəqliyyat Nazirliyinin müvafiq qurumları və Avtovağzal rəhbərliyi sürücüləri çağırıb onlara özləri üçün bir şirkət yaratmaq tapşırıb. Marşrut üzrə işləyən 6 sürücü fəaliyyətlərini davam etdirmək məqsədlə “METROPOL TRANS” adlı şirkət yaradıblar. Həm Azərbaycan, həm də Rusiya tərəfindən bütün lazımi sənədləri aldıqdan sonra isə onlara fəaliyyətə başlaya bilməyəcəkləri bildirilib”.
Bu hadisədən sonra şirkət sahiblərinin üz tutmadığı, müraciət etmədiyi ünvan qalmayıb. Hətta DANX rəhbərliyi telekanallara çıxıb onların problemini həll edəcəyinə söz verib. Axırda isə sürücülər haqlı tələblərini dilə gətirdikləri üçün cəzalandırılaraq, ümumiyyətlə marşrutdan uzaqlaşdırılıblar.
“METROPOL TRANS” şirkətinin sahibi Bəxtiyar Bilalov başlarına gətirilən bu oyunu vətəndaşları monopoliyaya qarşı mübarfizəyə səsləyən Prezidentin çağırışına qoşulmaqları ilə əsaslandırıb. Moderator.az saytında yer alan məqalədə bununla bağlı deyilir: “Sürücü kollektivinin “METROPOL TRANS” şirkətini yaradarkən sədr seçdikləri Bilalov Bəxtiyar heç bir qanuni əsas olmadan işdən uzaqlaşdırılıb. Onun yenidən şikayətinə isə Nəqliyyat Nazirliyindən verilən cavab xeyli heyrətamiz olub: “Marşrutu “ENTERPRİSE “AN” şirkətinə vermişik. Onlar özləri bilərlər, kiminlə işləyərlər, kimi işdən çıxararlar”. Beləcə, Bilalov Bəxtiyar Prezidentin çağırışına səs verdiyi üçün işini itirdiyini deyir”.
Bir şirkətin hüququnun bu cür kobud şəkildə pozulması hər marşrutdan qrafikdəki sıxlığa görə “haqq alınması” barədə bizə ötürülən informasiyaya, nə yazıq ki, haqq qazandırır. Əks təqdirdə Nəqliyyat Nazirliyinin Elnur Abdullayevə həyan durmasını başqa heç bir səbəblə izah etmək çətindir.
Nəqliyyat Nazirliyinin yollar üzərindəki restoranlara ayrıseçici yanaşması da bir çox sahibkarları incidir. Bildirildiyinə görə, avtobus sürücülərinə konkret dincəlmə müəssisələrində dayanmaq göstərişi verilib. Bu göstəriş istər-istəməz azad rəqabət imkanını pozur, nəticədə həm yolçulara xidmətin keyfiyyəti aşağı düşür, həm də bir çox sahibkarın iflasıyla nəticələnir.
Bilindiyi kimi, şimal rayonlarına işləyən avtobusların hamısı Ucar və Kürdəmir ərazisində səyahətə ara verirlər. Bu avantaj hər iki rayona böyük gəlirlər gətirir. Məsələn, istidən ilan mələyən Kürdəmirin turizm qazancı sahəsində kurort bölgəsi kimi tanınan Qəbələni 4 dəfə üstələməsi bununla izah olunur. Rəsmi məlumata görə, Qəbələnin turizmdən qazancı 383 min manat olub. Kürdəmir isə eyni sektordan 1.3 milyon manat qazanıb.
Bu qəribəliyin səbəbinin Kürdəmir və Ucar ərazisində yerləşən dincəlmə müəssisələrinin fəaliyyətilə əlaqədar olmasını ekspertlər də etiraf edirlər. News.milli.az saytı bununla bağlı yazır: “Ekspertlər isə hesab edir ki, rəqəmlər bütün hallarda reallığın göstəricisidir. Belə ki, Kürdəmirdə, xüsusən də onun ərazisində yerləşən məşhur restoranlarda yolüstü nahar, şam edənlər də turist kateqoriyasına daxil edilir. Məlum, sözügedən ərazi Bakı-Qazax magistral yolundakı məşhur məkanlardan sayılır və insanların orda ayaq saxlaması təbiidir”.
Bizə ötürülən məlumatlar isə yolçuların dincəlmə müəssisələrində ayaq saxlamasının səbəbi heç də həmin yerlərin komfortu ilə əlaqədar olmadığından və turizmdən gələn gəlirin bütün Kürdəmir əhalisinə ədalətli şəkildə paylaşılmadığından xəbər verir.
Məlumata görə, Nəqliyyat Nazirliyinin xüsusi tapşırığı ilə avtobuslar Ucar və Kürdəmir ərazisində yalnız iki yerdə dayanır. Bunlardan biri Ucar avtovağzalında yerləşən “üstüqamışlı yeməkxana”, digəri isə “Qızılqaya” kafesidir. Üstüqamışlı yeməkxananın Ucarda olduğunu nəzərə alsaq, belə çıxır ki, ildə 1.3 milyon manat qazanan Kürdəmir turizminin qaymağını rayonda yalnız bir müəssisə yeyir.
Bildirildiyinə görə, rayonun qaymağını yeyən “Qızılqaya” kafesinin adi sanitariya qaydalarına cavab verən suyu belə yoxdur. Deyilənlərə inansaq, bu kafe müştərilərinə verdiyi yemək və çayın suyunu yaxınından axan arxdan alır. Arxın suyu isə insan orqanizmi üçün zərərli çirkabdan ibarətdir.
Məlumatları yoxlamaq üçün göstərilən ünvanlarda olduq. Həqiqətən də hər iki kafenin qarşısı avtobuslar ilə dolu idi. Xüsusilə “Qızılqaya” kafesində əyləşməyə yer tapa bilmədik. Kafenin yanından axan arx isə üfunət qoxuyurdu. Allaha dua etdik ki, kaş, bizə verilən məlumatlar yalan ola. Çünki həqiqətən də kafenin yemək və çay suyu bu arxdan götürülürsə, vay yolüstü ayaq saxlayan sərnişinlərin halına! Onların bu məkanda qidalandıqdan sonra ciddi xəstəlik tapmaması möcüzə olardı.
Bizə ötürülən məlumatlarda adi anti-sanitariya qaydalarına əməl olunmayan bu kafelərin Nəqliyyat Nazirliyi tərəfindən bu qədər sevilməsi tamamilə başqa amillərlə izah edilir. Bildirildiyinə görə, istər Ucar avtovağzalındakı “üstüqamışlı”, istərsə də “Qızılqaya” kafesinin rəvacda olması Nəqliyyat Nazirliyinin əməkdaşlarına verilən “haqq”la əlaqədardır. Bu kafelərin hər birinin hər ay nazirlik işçilərinə 4500-5000 manat haqq verdiyi bildirilir.
Deyilənlərə görə, Ucardakı “üstüqamışlı yeməkxananın sahibi İsmayıl adlı şəxsdir: “Həm də Ucar avtovağzalının müdiri olan bu adam, görünür, biletdən qazandığı qəpik-quruşla dolana bilmədiyindən, rəhbərlik etdiyi dövlət müəssisəsini böyründə kafe tikib. Bilet əvəzinə, lülə satır”-informasiya qaynağımız belə deyir.
Kürdəmirdəki “Qızılqaya” kafesinin sahibi isə Mahir Salayevdir. Şahidlərin deyirlər ki, onun özü “ağsaqqal”a hər ay 4500 manat pul göndərdiyini etiraf edib. Məhz bu səbəbdən də turizm sahəsinə qaz vurub qazan doldurduğu halda, anti-sanitariya problemi içində boğulan kafeyə əl gəzdirmək fikrində deyil. Necə olsa, nazirlikdən təlimat alan avtobus sürücülərinin xidmətləri nəticəsində yoldan keçən sərnişinlər onun obyektində ayaq saxlayacaqlar. Rəqabət üçün qarşısında heç bir kəs və əsas yoxdursa, o, niyə kisəsinin ağzını açıb, kafesinin təmizliyinin qayğısına qalmalıdır?
Bəs, Mahir Salayevə bu qədər fürsəti yaradan “ağsaqqal” kimdir?
İnformasiya qaynağı Nəqliyyat Nazirliyindəki ierarxiyaya nəzər salaraq, bildirir: “Nəqliyyat Nazirliyi ierarxiyasında Ucar avtovağzalına uzanan ikinci xəttin Ehtiram Əliyevin nəzarəti altında olmasına baxmayarq o, kafelərə tam nəzarət edə bilmir. Özünün dediyinə görə, Mahir Salayevlə Seymur Aslanov arasında birbaşa əlaqə var. Bu birbaşa əlaqədən xeyli narahat olan Ehtiram yoldaşlarıyla söhbətlərinin birində açıq şəkildə belə deyib: “Mahirdən haqqı Seymur alır, biz barmaq sormalıyıq?” Həmin etirafı nəzərə alsaq, Mahirin “ağsaqqalı”nın Ehtiram olmadığı anlaşılır. “Ağsaqqal” Seymur Aslanov da ola bilməz. Nədən ki, Mahir Salayev Seymur Abbasova “qağa” deyir. Bu məntiqlə, “ağsaqqal” ya Elnur Abdullayevdir, ya da nazirlikdə daha yüksək səlahiyyətli birisidir”.
İçindən baş açılması çətin krossvorda bənzəyən Nəqliyyat Nazirliyinin ierarxiya sistemi arasında çox itib batmadan, kimin “ağsaqqal”, kimin “qağa” olduğunu müəyyənləşdirməyi dövlət yetkililərinin ixtiyarına buraxırıq. Bizi maraqlandıran isə səlahiyyətləri get-gedə budanmasına baxmayaraq, Ziya Məmmədovun komandasının özlərini bu qədər toxunulmaz saymalarının və ictimai qınaqdan, Prezidentin sərt reaksiyalarından qorxmamasının sirridir. Görəsən, Nəqliyyat Nazirliyinin əməkdaşları bu əsrarəngiz güclərini hardan alırlar?(moderator.az)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bakı Apellyasiya Məhkəməsi ANS TV ilə bağlı qərarını AÇIQLADI

%d bloqqer bunu bəyənir: