Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Zərdüşt Əlizadə: “Satqınların, axmaqların, tamahkarların zəifliyindən istifadə edərək…”

24saat.org politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir.

-Zərdüşt bəy, Qarabağ konflikti ətrafı müşahidə edilən aktivliyi necə şərh etmək olar?

– Qarabağ prosesinin mahiyyəti odur ki, münaqişəni yaradan Rusiyadır, münaqişənin təşəbbüskarı olaraq, bu durum ona sərf edir. Kremli Ermənistan və Azərbaycan tərəfindən satqınların, axmaqların, tamahkarların zəifliyindən istifadə edərək Qarabağ münaqişəsini bu həddə çatdırıb və dondurub. Münaqişə elə qarmaqdır ki, Ermənistan və Azərbaycanı Rusiyadan asılı vəziyyətə salır. Rusiyanın məqsədi bu münaqişəni dondurmaq, indiki vəziyyətdə saxlamaqdır. Ancaq bunu etmək üçün arada nəsə yenilik olmalıdır. Bu səbəbdən də, bəzən cəbhədə atışmalar, qarşıdurmalar olur, bəzən görüşlər və ya müzakirələr başlayır, Moskva bunun təşəbbüskarı qismində iştirak edir, guya təkliflər ortaya atılaraq müzakirəyə çıxarılır və s. Ancaq bunların hamısı boş şeydir. Əsas məqsəd odur ki, münaqişə dondurulmuş şəkildə qalsın və Rusiya bunun vasitəsilə Cənubi Qafqazı nəzarətdə saxlasın.

– Minsk Qrupunun digər həmsədri olan Fransa və Amerika kimi dövlətlər Moskvanın bu məqsədini bilmirmi?

– Digər həmsədr dövlətlər də istəyirlər ki, Qarabağ münaqişəsini özləri nəzarətə götürsünlər. Və bu münaqişə vasitəsilə həm də regionu öz təsir dairəsinə alsınlar. Ancaq hələlik buna ancaq Rusiyaya müyəssər olur. Çünki Rusiya bölgədə ən güclü oyunçudur. Məsələnin mahiyyəti budur. Vəssalam! O ki, qaldı Varşavada, Parisdə, Peterburqda görüşlərə və müzakirələrə, gözümüz aydın. Məsələ ondadır ki, bu görüşlər və müzakirələr aparılsa da, mahiyyət dəyişmir. Ermənistan və Azərbaycan rəhbərləri Moskvanın tapşırığı ilə elə mövqe tutublar ki, tərəflər razılığa gələ bilməsin. Güzəştsiz sülh isə mümkün deyil. Rusiya münaqişənin həlli üçün sülh potensialından Azərbaycan və Ermənistanın istifadə etməsinə imkan vermir. Yerevan və Bakı bu qadağaya riayət edir. Yəni allah eləməsin ki, xalqlar birgə yaşayışı təsəvvürünə gətirsin, ədalət prinsipindən geri çəkilsin. Bunun əvəzinə Erevanda deyirlər ki, türk ermənilərin düşmənidir, bizdə də deyirik ki, erməni türkün düşmənidir. Bu da, konfliktin davamlığı üçün ən güclü təminatdır.

– Bir neçə gün əvvəl prezident Obama ilə prezident Putin arasında telefon danışığı olub. Azərbaycan mediası telefon müzakirəsində ancaq Dağlıq Qarabağ münaqişəsi haqda müzakirələr apardığını elan etsə də, əslində Ukrayna və Suriya böhranı da əsas müzakirə obyekti olub. Belə qənaətə gəlmək olarmı Ukrayna və Suriya məsələsində tərəflər razılaşsın, Qarabağ məsələsi isə Rusiyanın öhdəsinə buraxılsın?

– Əgər həqiqətən də prezidentlər Qarabağ, Ukrayna və Suriya kimi üç münaqişə ocağını müzakirə edibsə, onların əməli mövqeləri bəllidir. Kremli çalışır ki, Krım-Donbas vasitəsilə Ukraynanı, Qarabağ konflikti ilə Cənubi Qafqazı, Suriya vasitəsilə Yaxın Şərqdəki mövqelərini müdafiə etsin. Qərb isə çalışır ki, Ukraynadan Rusiyanı sıxışdırıb çıxarsın, Moskvanı Suriya ərazilərində zərərləşdirsin, Cənubi Qafqazda əsas hakim olsun. Və beləcə münaqişə bölgələrini özünün nəzarətinə götürsün. Ancaq qərbin bu planları alınmır. Məhz ona görə də çəkişmələr, müzakirələr gedir. Tərəflər bir-birinə kəf gəlmək istəyir. Hələlik bu alınmır. Lakin ortaq məxrəc budur ki, onlar münaqişənin həllinə deyil, öz nəzarətləri altında davam etməsinə çalışırlar.

– Polşada səfərdə olan prezident Əliyev həmsədrlərlə görüşüb, nazir Lavrov iyulun 11-də Bakıya səfər edəcək, prezident Ollandla prezident Putin arasında telefon danışıqları olub və s. Bütün bu təmaslar bəyəm münaqişənin dondurulmasına xidmət edir?

– Məncə, əslində görüşlər, müzakirələr, təmaslar münaqişənin dondurulmasına xidmət edir. 25 ildir ki, həmsədrlər görüşlər keçirir, regiona səfərlər təşkil edir, müzakirələr aparırlar, bəyanat verirlər, vətəndaş cəmiyyəti, jurnalistlər və diplomatlarla görüşürlər. Hətta prezidentlərlə də görüşüb müzakirələr aparırlar. Ancaq iş ondadır ki, Qarabağ münaqişəsinin mahiyyəti dəyişmir. Başqa sözlə, mahiyyət gün kimi aydındır-münaqişə vasitəsilə bölgəni nəzarətdə saxlamaq. Heç kim istəmir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli baş versin. Hətta tərəflərin özləri də istəmirlər.

– O halda ortaya sual çıxır: bu prosesə nə qədər müddətə davam edəcək?

-Azərbaycanda maraqlı bir deyim var, daha doğrusu bakılılar məsəl kimi deyirlər ki, yaşıl ayın başında qırmızı çərşənbə dayanır.

– Yəni…

– Gözümüzün önündə 1948-ci ildən Fələstin münaqişəsi davam edir. Məgər dünya aləm görmür ki, İsrail işğalçıdır və ərəb torpaqlarını qəsb edərək onların beynəlxalq hüquq əsasında məskunlaşdığı ərazilərdən qovur və s. Əlbəttə, görürlər. Ancaq yalnız sözdə gurultulu bəyanatlar, görüşlər və etirazlar səsləndirirlər. Dağlıq Qarabağ konflikti də gəldi buna oxşar bir münaqişə oldu. Azərbaycan xalqı öz torpağının sahibi deyil, çünki öz dövlətinin sahibi deyil.

– NATO-ya üzv dövlətlərin liderləri Varşavada toplaşıblar. Sizcə, bu nəyə hesablanıb?

– NATO dövlətləri öz təhlükəsizliyini müdafiə edən dövlətləridir. NATO bu dövlətlərin beynəlxalq təşkilatıdır və dövlətlər bu təşkilat çərçivəsində öz mənafelərini qoruyurlar. Əslində hamı yazır ki, NATO bir müdafiə təşkilatıdır. Xeyir, NATO əslində təcavüz təşkilatıdır. Yuqoslaviya NATO ölkələrinə hücum etmişdi? Xeyir. Ancaq NATO ölkələri Yuqoslaviyanı bombaladılar. Əfqanıstan onlara hücum etməmişdi. Amma NATO Əfqanıstana daxil oldu. Yəni NATO həm müdafiə, həm də təcavüz təşkilatıdır. Onun bir məqsədi var ki, üzv dövlətlərin təhlükəssizliyini və maraqlarını qorusun. Odur ki, indi Varşavada toplaşıblar. Məlum məsələdir ki, Rusiya ilə münasibətləri gərgindir. Onlar Rusiyaya təzyiqləri artırmaq, Rusiyanı siyasətini zərərləşdirmək və həm də öz hərbi gücünü Rusiya ilə sərhədlərdə yerləşdirmək istəyirlər. Varşava sammitinin mahiyyəti budur.

24saat.org

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

4 yaşlı uşağın ölümünə görı həbs olunan müdirə bəraət verildi – TƏFƏRRÜAT

%d bloqqer bunu bəyənir: