Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

YOLLAR VƏ PULLAR

Özgənin malıdı-söküb yediyin,
Şəmşirə bəs nədi yalan dediyin.
Var hələ qabaqda sual gədiyin,
Bağlanar yolların, iz yıxar səni.

Aşıq Şəmşir. «Dağ havası»,
Gənclik nəşriyyatı. Bakı-1978.

Azman sənətkarımız aşıq Şəmşir «Səni» rədəfli bu qoşmanı neçənci ildə yazdığı haqqında məlumatımız yoxdu. Amma bu kitab işıq üzü görəndən cəmi iki il sonra dədə Şəmşir dünyasını dəyişib. Onun sevimli nəvəsi, indi az qala dədə Şəmşir qədər məşhur bir simaya çevrilmiş Cavid Qurbanov isə onda, 1978-ci ildə Şəmkirdə, Seyfəli kəndində Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Onda Cavid Qurbanovun alnına yazılmış Azərbaycan yollarının cizgilərini onun əsgər pilotkasının altından heç kim görmürdü.

YOLLAR…

Bu dünyada çox yollar mövcuddur. İnsan həyatı da sonu bitib, tükənməyən bu yollarda keçir. Bir də ömür yolu deyilən bir mövhum var. Bunu hər kəs özü təyin edir, düşüncələri, atdığı hər bir addımı ilə. Necə ki, bunu hazırda «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinə sədrlik edən Cavid Qurbanov edir. Cavid Qurbanovun artıq Azərbaycana sığmayan ömür yolu haqqında dövrü mətbuatda kifayət qədər yazılıb. Hamı da onu hansısa bir qüvvəyə bağlamağa çalışır. Amma heç kim fərqinə varmır ki, onun atası Qənbər Şəmşiroğlu uzun müddət, müxtəlif vəzifələrdə çalışıb və bölgədə kifayət qədər nüfuzlu, imkanlı bir şəxs kimi tanınıb. Təbii ki, Cavid Qurbanovun bu günə, bu səviyyəyə çatmasında atasının keçmiş əlaqələri az rol oynamayıb. Amma bu insanın özündə də az yoxdu. Cavid Qurbanovun ömür yolunda ən önəmli tarix 1992-1993-cü illərdə Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövrə təsadüf edir. Həmin dövrdə, yəni xalq hərəkastının vüsət aldığı bir vaxtda, Cavid Qurbanov da hər bir vətənpərvər azərbaycanlı kimi bu hərəkatın ən fəalları ilə «çiyin-çiyinə» mübarizəyə qoşulmuşdu. Bu gün «Boz qurd» təşkilatının fəallarından biri olduğunu inkar etsə də, Cavid Qurbanova bunu sübut edəcək dəlillər də var, şəxslər də sağ-salamatdır. 1993-1994-cü illərdə «Azəravtoyol» Dövlət Şirkətinin prezidenti olan Cavid Qurbanovun parlayan ulduzu solmağa başlayır… Həmin dövrdə artıq Cavid Qurbanovun «silahdaşlar»ının dövrü bitmiş, ulu öndər Heydər Əliyev hakimiyyətə gəlmiş, bir sıra kadr dəyişiklikləri etmişdi. Elə həmin dövrdə işdə buraxdığı ciddi nöqsanlara görə Heydər Əliyevin qəzəbinə tuş gələnlərdən biri də məhz Cavid Qurbanov olmuşdu. Heç kim bilməsə də, Heydər Əliyevlə işləmiş şəxslər çox yaxşı bilir. Onun qəzəbinə tuş gələnin aqibəti heç də yaxşı olmurdu. Bəs necə oldu ki, Cavid Qurbanov onu haqlamış bu bəladan qurtula bildi? Atası Qəmbər Şəmşiroğlunun həmin dövrdə Respublika Baş Prokurorunun səlahiyyətlərini icra edən Eldar Həsənova etdiyi xahişlər belə onun köməyinə gəlməyib. Hətta deyilənlərə görə Cavid Qurbanova kömək etmədiyinə görə onlar bir müddət küsülü qalıblar. İşin ciddiliyinin fərqində olan Eldar Həsənov nüfuz sahibi olan Qəmbər Şəmşiroğlu xahişini zaman-zaman yerinə yetirmək məcburiyyətində qalır və onun oğlu barəsində açılmış cinayət işinin bağlanmasına nail olur. Bir müddət sonra ölkədən kənarda yaşayan Cavid Qurbanov geri dönür.

1996-cı ildə Ziya Məmmədov Azərbaycan Dövlət Dəmir Yollarına rəis təyin edilir. Artıq Yevlax rayonunda məskunlaşmış Qəmbər Şəmşiroğlu dərhal yeni nazirə qohumları vasitəsi ilə çıxış tapır. Cavid Qurbanovu ilk olaraq idarənin təchizat şöbəsinə, daha sonra isə «Azərdəmiryolservis» İstehsalat Birliyinə rəis təyin etdirir. Bu vəzifədə 2003-cü ilə qədər çalışan Cavid Qurbanov yaxın ətrafına keçmişdə olanları nəinki unutdurur, hətta kifayət qədər kapital toplayaraq yenidən işgüzar bir fiqur olduğunu göstərməyi də bacarır.

Və elə həmin 2003-cü ildə mərhum prezident Heydər Əliyev keçmişdəki qüsurlarına baxmayaraq Cavid Qurbanovun «Yolnəqliyyatservis» Departamentinə rəis təyin edilməsi haqqında sərəncam imzalayır… Çox maraqlıdır, bəs görəsən Cavid Qurbanov bu qısa müddət ərzində Heydər Əliyevin etimadını necə qazana bilmişdi? Təbii ki, Ziya Məmmədovun vasitəçiliyi ilə. Cavid Qurbanovun həyatında belə bir dönüşün yaranmasında Ziya Məmmədovun xüsusi xidmətləri olduğunu bu gün heç kim inkar edə bilməz. Ziya Məmmədov Nəqliyyat Naziri təyin edildikdən sonra sözügedən qurumdakı çəkişmələri yəqin ki, hamı yaxşı xatırlayır. «Azal» Dövlət Konserini də, «Xəzər Dəniz Gəmiçiliyi» də Nəqliyyat Nazirliyinin bir qurumu olsa da sözügedən təşkilatların rəhbərləri Cahangir Əsgərov da, Aydın Bəşirov da nazir Ziya Məmmədovla demək olar ki, hesablaşmırdı. Ziya Məmmədov isə öz kadrı Arif Əsgərov və «Azəryolservis» ASC-yə təyin etdirdiyi Cavid Qurbanovla işləmək məcburiyyətində qalmışdı. Elə bu fürsətdən istifadə edərək Cavid Qurbanov 2004-2015-ci illərdə respublikada yol-nəqliyyat infrastrukturunun yenidən qurulmasına ayrılan dövlət vəsaitindən əldə etdiyi gəlirlərlə qarşısıalınmaz bir şəxsə çevrildi. Necə deyərlər, Ziya Məmmədov epoxası bitdi, Cavid Qurbanov epoxası başladı. Ziya Məmmədov mərhum prezident Heydər Əliyevin şəxsi mühafizəçisi Hüseyn Abdullayevi aldatdığı kimi, Cavid Qurbanov da böyük məqsədlərinə çatmaq üçün onu aldatmalı oldu.

və pullar…

2007-2015-ci illərdə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenidənqurulması layihəsi çərçivəsində görülən işlər hər birimizin gözü qarşısında baş verib. İstər Bakı şəhərində tikilən körpülərin, istər yol qovşaqlarının genişləndirilməsi üçün ayrılan vasitələrin miqdarı bu gün də hamıya bir sirr olaraq qalmaqdadır. Magistral və rayonlararası yolların yenidən, müasir standartlar səviyyəsində qurulması məqsədi ilə büdcədən ayrılan pullar da həmçinin.
Artıq bir ildən çoxdur ki, Cavid Qurbanov «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinə sədrlik edir. Təyinatının ilk günlərində Azərbaycan Dəmir Yollarının belə bərbad vəziyyətdə olduğunu təsəvvür etmədiyini dilə gətirən yeni sədr indi böyük layihələrdən danışır. Böyük layihələr isə böyük pullar deməkdir. Cavid Qurbanov indi qiyməti heç kimə bəlli olmayan vaqonlar, qatarlar alır. Bu alqılar Cavid Qurbanovun şəxsi büdcəsinə nələr gətirir? Onu da bilmək bizim gücümüzdə deyil. Və biz Cavid Qurbanovun pullarını saymaq fikrində də deyilik.

Yuxarıda, azman sənətkarımız dədə Şəmşirdən misal gətirdiyimiz bir bənd şeirə qayıtmaq istərdik. Ustad şairimiz dövlət malını, xalq malını talayanları ifşa edən bu şer, zənnimizcə bu gün də aktuallığını itirməyib. Və onun nəvəsi, bu gün dövlət malını, xalq malını heç kimin bacara bilmədiyi bir məharətlə dağıdır. Cavid Qurbanovun yolları hələ ki, açıqdır. Onun sual gədiyi hələ qabaqdadı…

T.Məmmədov

AzToday.az

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

“Moyka”lar da qiyməti qaldırdı

%d bloqqer bunu bəyənir: