Loading...
Loading...

Yaxın Şərqdə kürd kartı – Qüdrətli dövlətlər ondan yararlanmağa çalışır

Böyük dövlətlərin kürd qüvvələri ilə yaxından əməkdaşlığı region ölkələri, Türkiyə üçün təhdidə çevrilir

Türkiyə parlamentində təmsil olunan Xalqların Demokratikləşməsi Partiyasının (HDP) həmsədri, deputat Səlahəddin Dəmirtaş ABŞ-a səfər edib. Əlbəttə, normal siyasətçi səfəri də deyib diqqət etməmək olardı, amma hazırda Yaxın Şərqdə bir “kürd rüzgarı”nın əsdiyi bir zamanda bu səfəri sıradan hadisə adlandırmaq olmaz.
Məsələ ondadır ki, son illərdə ABŞ İraq və Suriyada İŞİD-ə qarşı savaşda quru qüvvələri olaraq kürdlərlə yaxından əməkdaşlıq edir. ABŞ ordusu Suriyada YPG, İraqda isə peşmərgə qüvvələri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir. Bir sıra ekspertlərə görə, kürd silahlı birlikləri ABŞ-ın İŞİD-ə qarşı mübarizədə quru qüvvələrini əvəz edir.
Yeri gəlmişkən, dünən məlum oldu ki, ABŞ-ın Suriyaya göndərdiyi hərbçilərin 150 nəfəri kürd bölgəsinə yerləşib. İki il əvvəl Kobani şəhərinin İŞİD hücumundan müdafiəsi zamanı ABŞ da daxil olmaqla dünyanın fərqli ölkələrindən “könüllü” döyüşçülər kürd birlikləri içərisində vuruşurdu. Eyni zamanda ABŞ ordusu havadan aviasiya, eləcə də maddi və silah dəstəyi ilə kürdlərin yanında oldu.
Artıq uzun müddətdir ki, Vaşinqton Yaxın Şərqdə kürd hərbi-siyasi qüvvələri ilə əməkdaşlıq etdiyini, dəstəklədiyini gizlətmədən bəyan edir. Məsələn, iki gün öncə ABŞ Senatının silahlı xidmətlər komitəsində keçirilən dinləmədə müdafiə naziri Eşton Karter senatorların suallarına cavab olaraq PYD/YPG-nin PKK ilə bağlantılı olduğu haqda bilgili olduqlarını, PKK-nın ABŞ tərəfindən terror təşkilatı olaraq tanındığını bildirib.
Ancaq eyni zamanda ABŞ müdafiə naziri YPG-ni silahlandırmaqda davam etdiklərini bildirib. ABŞ müdafiə naziri bildirib ki, Suriyanın şimal-şərqində fəaliyyət göstərən Suriya Demokratik qüvvələri hərbi-siyasi birləşməsinin tərkibində 20 faiz qeyri millətlər, o cümlədən ərəblər təmsil olunur, yerdə qalanlar isə kürdlərdir. Karter bildirib ki, “yerlərdə iqtidar olmadığı” yerli silahlı qruplarla əməkdaşlıq etməyə məcburdurlar.
Yenə həmin gün ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi PKK-nın terror təşkilatı olduğunu, ancaq YPG-ni terror təşkilatı olaraq tanımadıqlarını bildirib. Eyni zamanda əlavə edib ki, ABŞ hökuməti İŞİD-ə qarşı mübarizə aparan silahlı qruplara yardım etməyə davam edəcək.
Analoji vəziyyət İraqda da var. ABŞ dövlət orqanları İraqın işğalından bu yana kürd qüvvələri ilə yaxından əməkdaşlıq edir. “Ərəb baharı”ndan sonra bölgədə yaranmış vəziyyət kürdlər üçün yeni imkanlar açıb. Daha öncə bölgə dövlətləri tərəfindən sıxışdırılan kürd hərbi-siyasi birlikləri sərbəstlik əldə ediblər. İraqın şimalında faktiki olaraq müstəqil dövlət kimi hərəkət edən Bərzani liderliyində kürd muxtariyyəti ilə yanaşı Suriyadakı PYD hərəkatı və onun hərbi qanadı olan YPG faktiki olaraq Suriyanın şimalındakı 4 kantona (vilayət) nəzarət edir. Bölgədə xaos dərinləşdikcə kürd siyasi qruplarının müstəqillik iddiaları da ciddiləşir.
Bir qədər əvvəl Məsud Bərzani Avropa dövlətlərinin müstəqil kürd dövlətinin qurulması planını dəstəklədiyini bildirdi. Artıq bir müddətdir ki, kürdlər İraqın şimalında daha geniş əraziləri nəzarət altına almağa çalışırlar. Müşahidəçilərə görə, kürd muxtariyyəti bununla müstəqil dövlət elan edərkən daha geniş əraziyə iddia etmək istəyir. Son günlər kürd silahlıları ilə yerli türkmən silahlıları arasında atışmaların əsas səbəbi peşmərgələrin Tuzhurmatu şəhərinə nəzarətə ələ keçirmək istəyidir.
Hazırda Türkiyə hakimiyyəti İraqın şimalındakı kürd administrasiyası ilə yaxşı əlaqələrə sahibdir. Məhz Bərzanini əldə saxlamaqla Ankara PKK-nın Şimali İraqdan çıxarılması, kürd muxtariyyəti ərazisindən Türkiyəyə qarşı təxribatların qarşısını almağa çalışır. Bərzani isə Türkiyə ilə olan münasibətləri səbəbindən PKK-nın muxtariyyət ərazisində fəallaşmasına mane olur. Lakin bu vəziyyətin nə qədər davam edəcəyi, Şimali İraqın Ankaraya nə qədər sadiq olacağını demək çətindir. Çünki ortada daha böyük oyunçular var və kürdlər bu vəziyyətə fürsət kimi yanaşaraq daha çox faydalanmağa çalışırlar.
Məsələ ondadır ki, Şimali İraqdakı vəziyyət Suriyada yoxdur. Suriyada fəaliyyət göstərən PYD PKK ilə yaxın qruplaşmadır və ciddi əlaqələrini qoruyub saxlayır. Məhz son vaxtlarda PKK-nın fəallaşmasının arxasında Suriya amili, YPG faktoru dayanır. Sirr deyil ki, PKK və YPG koordinasiyalı fəaliyyət göstərir. Bu səbəbdən də PKK hazırda xeyli fəallaşıb və ölkənin cənub-şərq vilayətlərində hökumət qüvvələrinə ciddi müqavimət göstərir. Ankara isə bu bağı qırmaq, kürd separatizminin daha da böyüməməsi üçün ölkə daxilində antiterror əməliyyatlarını davam etdirməklə yanaşı beynəlxalq birliyə YPG-ni terror təşkilatı kimi tanımaqla bağlı təsir göstərməyə çalışır.
Lakin görünən odur ki, hələlik Qərb ölkələri, Rusiya kürd kartından yetərincə faydalanmağa çalışır. Bu səbəbdən də kürdlərin bölgədə fəal hərbi-siyasi gücə çevrilməsi indi bir çox ölkənin maraqlarına cavab verir.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Alman polisi 400 aksiyaçını saxlayıb

Loading...
%d bloqqer bunu bəyənir: