Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Yanğınsöndürənləri brilyant oğurlamaqda suçladılar- Yanan bina işi

“8 yanğınsöndürən gəlib, su olmadığına görə dayanıblar”

“Vertolyotdan vurulan su binanın əvəzinə kənardakı adamların üstünə tökülüb”

Binəqədidə ötən ilin mayında baş vermiş yanğından ziyan çəkmiş sakinlər hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, xilasedicilərinin hərəkətlərindən narazı qalıb.

Onlar bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə danışıblar.

Bildiriblər ki, yanğınsöndürən maşınların bir qismində su olmayıb, su vuran rezin boruların bəziləri cırıq olub, nərdivan 16 mərtəbəli binanın yalnız 5-ci mərtəbəsində qədər çatıb, vertolyotdan vurulan su binanın əvəzinə kənardakı adamların üstünə tökülüb və s.

İyulun 14-də keçirilən məhkəmə iclasında zərərçəkmiş Fariz Yusifov, FHN əməkdaşlarını hətta oğurluqda da ittiham edib:

“Fövqəladə Halların işçiləri normal işləsəydilər, nəticə belə olmazdı. Ora 8 yanğınsöndürən maşın gəlib, su olmadığına görə dayanıblar. Sonra vertolyotla su töküblər, o da camaatın üstünə. Bunlar belə işləyiblər. Binaya girəndən sonra da oğurluqla məşğul olublar. Evdə brilyantlarım vardı, onları, hətta mətbəxdəki gümüş qaşıqlarımı da götürüblər”.

“ƏŞYALARIN NƏ ÖZÜ VARDI, NƏ KÜLÜ”

Fariz Yusifov deyir ki, yanğından xəbər tutub hadisə yerinə çatanda kənardan öz mənzilinin yanmadığını görüb:

“Axşam saat 6-da gördüm ki, mənzilimin bir tərəfi tüstüləndi. Saat 8-in yarısında söndürdülər. Mən hesab edirəm ki, saat 6-ya qədər mənim mənzilimə girib qiymətli əşyalarımı götürüb, sonra oranı yandırıblar. Həmin gün axşam saat 11-12 radələrində Hacıbala Abutalıbovla görüşəndən sonra iki polislə birlikdə mənzilimə qalxdım. Binaya ilk girən mən oldum. Hansısa əşyalar, qiymətli geyimlər yananda, heç olmasa, külü qalır. Amma elə əşyalarım vardı ki, onların nə özü vardı, nə də külü”.

Hələ bina üzlənən vaxt orada bir dəfə yanğın olduğunu deyən zərərçəkmişin sözlərinə görə, o zaman Binəqədi Rayon İcra Hakimiyyətindən tutmuş, Fövqəladə Hallar Nazirliyinə qədər lazımi orqanlara bu barədə şikayət edib:

“Mən burada yüksək vəzifəli şəxsləri gözləyirdim. Çünki onlara vaxtında xəbərdarlıq eləmişdim. Binanı o şəkildə üzləməklə bizi gün işığından məhrum eləmişdilər. Qış vaxtı idi, binanı üzləmək üçün poliuretan materialları bağlamalarda aşağı yığmışdılar, yuxarıdan üstünə qığılcım düşmüşdü, alışıb yanğın olmuşdu. Şikayət elədim, FHN-dən, icra hakimiyyətindən, şirkətdən gəldilər. Dedim ki, “siz bu binadakı adamları yandıracaqsız”. Axır ki, yandırdılar da… Bizim bina yenə yanacaq, çünki təmir zamanı işıq sistemini düz çəkməyiblər”.

“NİYƏ DÜZÜNÜ YAZMIRLAR?”

Yanğın zamanı dünyasını dəyişmiş iki yaşlı Ayxanın nənəsi Zəhra Babayeva da ifadəsində FHN əməkdaşlarından gileylənib:

“İşdə xəbər tutub evə gəldim. Mən gələndə bizim ev tərəf yanmırdı. Düşündüm ki, uşaqlar çıxar yəqin. Nəvəmin yanında dayə var idi. Zəng edirdik, saat 11-12 arası nəvəm sağ idi. Ayxanım ölməyə bilərdi. Biz Fövqəladə Halların əməkdaşlarına, polislərə yalvarırdıq, amma bizi buraxmırdılar. FHN işçilərinin maskası yox idi deyə, içəri girə bilmirdilər. 16 mərtəbəli binaya gətirilən kran 5-ci mərtəbəyə qədər qalxdı. İçəri girən FHN işçiləri 3-cü mərtəbədə pəncərədə oturub siqaret çəkirdi. Vertolyot suyu binanın yox, camaatın üstünə tökürdü. Saat 2-nin yarısında gələn kran hündür idi. Biz dayə ilə axırıncı dəfə danışanda dedi ki, artıq uşaq nəfəs almır. Kran bizim mərtəbəyə qalxanda yanğınsöndürən pəncərədən baxıb işarə etdi ki, heç kim yoxdur. İçəri girmək istəmirdi. Aşağıdan biz qışqırandan sonra içəri girib uşağı çıxardı. Xəstəxanaya aparanda bizi qoymadılar, amma dedilər ki, sağdı. Kürəkənim dedi ki, köynəyinin üstündən iynə vurublar. Nəvəm bizim nəfəsimiz, həyatımız idi. Biz onunla nəfəs alırdıq. Həmin gün bütün xəstəxanaları axtardıq. Nəvəmin cansız bədənini morqdan tapdıq. Həkim rəy verib ki, nəvəm dəm qazından boğulub. Həmin həkimin üzünə tüpürmək istəyərdim. Bu bizi, bilirsinizmi, necə yandırır? Bizim binada qaz olub ki, qazdan boğulsun? Niyə düzünü yazmırlar ki, tüstüdən boğulub?”

Yanğında dünyasını dəyişmiş 1 yaş 9 aylıq Ömərin babası Təyyar Cavadov da zərərçəkmiş qismində dindirilib.

“QIZIM DA ÖLÜMCÜL İDİ”

Nəvəsinin tüstüdən boğulduğunu, qızının isə ağır xəsarət aldığını deyən Təyyar Cavadov hadisə baş verərkən evdə olmayıb:

“Mən imtahan götürürdüm, işdə idim. Zəng gəldi ki, eviniz yanır. 15 dəqiqəyə maşınla evə necə gəlmişəm, onu bir Allah bilir. Binaya çatanda qışqırmağa başladım. Birinci mərtəbəyə qalxanda gördüm ki, gedə bilmirəm. Digər üç övladım gözümün qarşına gəldi. Onları düşünüb geri qayıtdım. Xeyli gözləyəndən sonra dedilər ki, “yaxınlarınızı xəstəxanalarda axtarın, hamı çıxarılıb”. Bacım zəng elədi ki, qızım xəstəxanadadır. Nəvəmi soruşdum. 5 nömrəli xəstəxanada olduğunu və dünyasını dəyişdiyini öyrəndim. Tüstüdən boğulmuşdu. Qızım da ölümcül idi”.

Zərərçəkmişin fikrincə, ölümlərə əsas səbəb blokların pəncərələrinin bağlı olması olub. Bina üzlənəndən sonra açılmayan pəncərələr qoyulubmuş:

“Tüstü və alov bloklarda qalıb. Heç kim evdən çıxa bilməyib. Xilasetmə işləri də lazımi səviyyədə aparılmadı”.

Təyyar Cavadov onlara dəymiş mənəvi zərərə görə günahları sübut olunan şəxslərdən 100 min manat təzminat tələb edib.

“BU TİKİNTİYƏ KİM İCAZƏ VERİB?”

Təqsirləndirilən Miryusif Mahmudov yanğının səbəblərilə bağlı fikrini bildirib:

“Yanğın baş verən binaya bitişik əlavə tikilinin olması tikinti normalarına ziddir. Ən azı, binanın hündürlüyünün üçdə biri qədər aralıda tikilməlidir. Bu tikintiyə kim icazə verib? Bunu da araşdırmaq lazımdır. Həm də yanğın baş verən gündən insanları fərqli istiqamətə yönəldirlər. Həmin gün müsahibə verənlər deyir ki, üzlükdən yanıb, tərkibinə qatqı qalılmayıb. Axı həmin an bunu necə bilmək olardı? Ekspertiza rəyi 9 ay sonra verib”.

Binanın 25a mənzilinin sahibi Zaur Mustafayev də zərərçəkmiş qismində ifadə verib. Bu mənzildən həmin vaxt orada yaşamış Yaşar Nəcəfov özünü pəncərədən atıb. Vəkillər zərərçəkmişləri dindirərkən Yaşar Nəcəfovla bağlı məqamı xüsusi araşdırır, həmin şəxsin o binada nə vaxtdan yaşaması, özünü necə aparmasını soruşurlar. Zaur Mustafayev bildirib ki, Yaşar onun həmkəndlisi və uzaq qohumudur, onun ailəsini də yaxşı tanıyır:

“Yaşar 2014-cü ilin sentyabr-oktyabrından orada qalırdı, biz ailəmlə qayınanamgildə qalırıq. Heç bir problemi olmayan insan idi. “Favorit Market”də işləyirdi. Bəlkə onun yerində olsaydım, mən də özümü atardım. Divarlardakı suvağa qədər yanmışdı. Qızdırıcıların dəmirləri kül olmuşdu”.

Xatırladaq ki, 15 nəfərin ölümüylə nəticələnmiş yanğına görə məhkəmə qarşısına “Global Construction” və “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, “Global Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi, daha sonra Binəqədi rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, “Dərnəgül Boru” zavodunun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini laboratoriyasının rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov çıxarılıb. Onlara qarşı CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb.

(azadliq.org)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Röyanın keçmiş əri gecə klubunda döyüldü

%d bloqqer bunu bəyənir: