Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Yanğın davam edərkən MTN şirkətdə əməliyyat keçirib”- dəhşətli yanğınla bağlı bilinməyənlər

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə çoxmərtəbəli binada baş verən yanğına səbəb olmaqda təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə hazırlıq iclası keçirilib. Hazırlıq iclasında iştirak etmək üçün xeyli sayda zərərçəkmiş gəlsə də onların bir qismi məhkəmə zalına buraxılıb. Bu da sakinlərin narazılığına səbəb olub.

Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Ardınca isə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək məhkəməyə bir neçə vəsatət təqdim ediblər.
Təqsirləndirilən Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlunun vəkili çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxsin “Global Construction” MMC- də istehsal olunan məhsula görə, heç bir sertifakt vermədiyini və həmçinin bu işin onun səlahiyyətində olmadığını məhkəmə heyyətinin diqqətinə çatdırdı.
Vəkil bildirdi ki, A.Əlibəyov hətta “Global Construction” MMC-nin təsisiçisi olan Miryusif Mahmudovu tanımır: “Hüquqlarını müdafiə etdiyim şəxsin bu işdə günahını sübut edən heç bir fakt yoxdur. Yazılı sənədlərdə də göstərilir ki, istehsal olunan məhsula görə Akif Əlibəyov tərəfindən heç bir sertifikat verilməyib. Buna görə də icraata xitam verilməlidir”.
“Global Construction” MMC-nin təsisçisi Miryusif Mahmudovun vəkili Şahmar Məmmədov çıxışında cinayət işində göstərilən bəzi məqamlarda çox ciddi yanlışlıqlara yol verildiyini bildirdi: “Məhkəmə heyyətinin və zərəçəkmişlərin diqqətinə çatdırım ki, “Global Construction” MMC penoplast istehsal edən müəssisə deyil. MMC yalnız bu məhsulun qablaşdırılmasını həyata keçirib. Bina üzlükləri Türkiyə şirkəti tərəfindən istehsal olunur. Bunu sübut edən dövlət qrumlarının rəyi var. Şirkət bu günə qədərki fəaliyyətində qanunvericiliyin bütün tələblərini yerinə yetirib. Müvəkkilim cənab prezident tərəfindən əməkdar mühəndis adına layiq görülüb. Bütün vəzifələrini də layiqincə yerinə yetirib”.
Məhkəmənin gedişində təqsirləndirilənlərdən Ağacavad Məmmədovun səhhəti pisləşdiyindən təcili tibbi yardım çağırıldı. Təcili tibbi yardım A.Məmmədovun ciddi ürək ağrıları olduğunu və onun prosesdə iştirakının mümkünsüzlüyünü hakimin diqqətinə çatdırdı.

Prosesin davamında Miryusif Mahmudovun digər vəkili İlhamə Həsənova çıxış edərək müvəkkilinə qarşı irəli sürülən ittihamların əsassız olduğunu dedi: “Yanğın baş verərkən FHN-nin aparmalı olduğu araşdırma və yoxlamanı MTN aparıb. Binada yanğın söndürülməmiş 10-12 nəfər MTN əməkdaşı şirkətin ofisinə gəlib. Miryusif Mahmudovu Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə aparıblar. Şirkətdə olan bəzi sənədlər də götürülüb. Ondan ifadə alınarkən hüquqları izah olunmayıb. Müstəntiqlə söhbəti ifadə şəklində qeyd olunub. Bunlar qanunsuz olduğundan cinayət işinin materiallarından çıxarılmalıdır”.

Vəkil qeyd etdi ki, M.Mahmudov istintaq zamanı 3 dəfə ifadə verib. Hər 3 ifadənin məzmunu nöqtə və vergülünə qədər eyni olub. Bunun mümkünsüz olduğunu deyən İlhamə Həsənova həmin ifadələrin də sübut kimi qiymətləndirilməməsini istədi: “Bunlar yolverilməz sübut olduğundan cinayət işinin materiallarından çıxarılmalıdır. Cinayət işinin materialları ilə tanış olanda görürük ki, ekspert iki meyiti eyni anda müayinə edib. Bu necə mümkün ola bilər? İstintaq zamanı iki şahid eyni vaxtda, eyni müstəntiq tərəfindən dindirilib. Cinayət işi materialları arasında imzasız protokollar var.

Yanğından sonra hadisə yerinə keçirilən baxış zamanı hazırlanan protokolda iştirakçıların heç birinin adı yoxdur. Protokolda hadisə yerinə baxış zamanı kamera ilə çəkiliş aparıldığı qeyd edilir. Lakin bu iş mataeriallarında bizə təqdim edilmədi. Sonradan məlum olur ki, belə bir çəkiliş aparılmayıb. Əksər protokollarda müstəntiqin imzası yoxdur və ya sonradan çəkilib. Cinayət işi üzrə materiallar o qədər məsuliyyətsiz şəkildə hazılanıb ki, şahidlərdən ifadənin alınması saatları belə qeyri-adi şəkildə, yanlış göstərilib. Məsələn, qeyd edilir ki, ifadənin alınmasına 12:30-da başlanılıb, 12:05-də isə başa çatıb. Bu necə mümkündür? Bütün bunlar sübut sayıla bilməz. Ona görə də cinayət işi materialları arasından çıxarılmalıdır”.

Vəkil İlhamə Həsənova onu da söylədi ki, Miryusif Mahmudov “QlobalStone” MMC-nin təsisçisi olsa da faktiki rəhbəri olmayıb. Şirkətin faktiki rəhbərinin adı isə açıqlanmadı.
Təqsirləndirilən şəxslərdən Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzovun vəkili vəsatət qaldıraraq hüquqlarını müdafiə etdiyi şəxsin səhhətinin ağır olduğunu və onun daim həkim nəzarətində saxlanılmalı olduğunu bildirdi. Müvəkkilinin qaraciyər serrozu olduğunu deyən vəkil onun barəsində seçilmiş həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istədi.

Digər təqsirləndirilən şəxslərin vəkillərinin vəsatətlə çıxış etməsi üçün vaxt olmadığından növbəti məhkəmə prosesinə saxlanıldı. Hakim bildirdi ki, bütün vəsatələr təqdim olunduqdan sonra baxılacaq və qərar elan olunacaq.

Ə.Hacıyev həmçinin qeyd edtdi ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti iyunun 19-da başa çatır. Məhkəmə qanunla müəyyən edilmiş səlahiyyətindən istifadə edərək, həbs-qətimkan tədbirini qüvvədə saxlayıb.
Məhkəmə prosesi iyunun 28-də davam etdiriləcək.

Qeyd edək ki, qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktorun müavini Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsində işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Ekklstoun: ‘Trasdan narazı qalan pilotlar evə qayıtsınlar’

%d bloqqer bunu bəyənir: