Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ya Eldar Mahmudova rüşvət, ya da Bakıda böyük yanğın – ARAŞDIRMA

Bakının Binəqədi rayonundakı poliuretan üzlüklü 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğının əsil səbəblərinin aşkara çıxarılması ilə bağlı haqqin.az analitik-informasiya portalı əməkdaşlarının apardıqları müstəqil araşdırma geniş ictimai rezonans doğurub.

Bunu nəzərə alaraq, həmin məqalənin (http://haqqin.az/news/80428) tərcüməsini öz oxucularına təqdim edirik:
Binəqədi rayonunda, Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış evində yanğının baş verdiyi faciəli 19 may gününü bakılılar bu tezliklə unuda bilməzlər. Təsadüfi deyil ki, həmin hadisə hüquq-mühafizə orqanlarına və dərhal yaradılmış dövlət komissiyasına faciənin səbəblərini araşdırmaq və günahkarları aşkara çıxarmaq barədə şəxsən tapşırıq verən Prezident İlham Əliyevin yanında ciddi müzakirə edilmişdi.  Təxminən 150 nəfərdən ibarət istintaq qrupu bütöv bir il ərzində hadisənin hansı səbəblərdən baş verdiyini araşdırmış, bütün şəhər isə səbirsizliklə istintaqın yekunlarını gözləmişdir.
 Suallar cavablardan çoxdur
Aylarla aparılan araşdırmadan sonra istintaq belə nəticəyə gəlib ki, baş vermiş hadisənin əsas günahkarı poliuretan, daha doğrusu, bu materialdan hazırlanmış üzlük plitələrdir. Belə cansız bir obyektə qarşı hər hansı iddia irəli sürmək, üstəlik, onu cəzalandırmq mümkün olmadığından müstəntiqlər bütün günahları poliuretan plitələr istehsal edən “Global Stone” şirkətinin – yanmış binanın üzlənməsini həyata keçirmiş “Global Construction” tikinti şirkətinin podratçısının, həmçinin Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin boynuna qoyublar. İstintaq yanğının səbəbini də özünəməxsus tərzdə müəyyənləşdirib: yardımçı tikilinin damında qalaqlanmış çürük zir-zibilin kiminsə atdığı söndürülməmiş siqaret kötüyündən alov aldığı və oradan da  binanın dörd bir tərəfindəki üzlüyü bürüdüyü ehtimal edilib. Amma bu naməlum siqaretçəkəni istintaq ya axtarmaq istəməyib, ya da bunu özü üçün mümkünsüz bir iş sayıb. Hər halda iş məhz bu vəziyyətdə məhkəməyə göndərilib.
İstintaqın rəsmi versiyası belədir və iş elə bu cür də məhkəməyə verilib. Ancaq məhkəmədə şahidləri dinlədikcə, məhkəmə iclasından kənarda onlarla söhbətləşdikcə  ittiham tərəfinin dəlillərinin əsaslı olduğuna daha çox şübhə etməyə başlayırsan. Mütəxəssislərin rəyləri, səlahiyyətli qurumların rəsmi sənədləri bu şübhələri bir az da gücləndirir. Yox, biz istintaqın rolunu kiçiltmək və ya məhkəmə araşdırmasının gedişinə  müdaxilə etmək fikrində deyilik, amma düzünü desək, məhkəmənin gedişində üzə çıxan suallar cavablardan daha çoxdur.
Dərhal qeyd edək ki, hakim A.Hacıyevin sədrlik etdiyi proses açıq keçirilir və hakimlər kifayət qədər obyektivlik nümayiş etdirirlər. Hərçənd belə səs-küylü işlərə baxılarkən əksər hallarda müəyyən məhdudiyyətlər və mübhəmliklər da qarşıya çıxır. Ümid edək ki, araşdırma sonadək obyektib aparılacaq. Zərərçəkənlərin indiyədək 90 faizə qədərinin ifadəsi dinlənilib. Yaşadıqları dəhşətə və hələ də stresdə olmalarına rəğmən onlar kifayət qədər aydın ifadələr veriblər.
Amma məhz bu ifadələr onsuz da az olmayan sualların sayını artırıbdır. Müxtəlif ölkələrin dövlət qurumlarının haqqin.az tərəfindən toplanmış rəsmi sənədlərini, alimlərin rəylərini və Azadlıq prospektindəki 200/36 nömrəli binanın sakinlərinin qeyri-rəsmi söylədklərini cəmləşdirdikdə isə çox məyusedici bir mənzərə alınır.
Qəribə uyğunsuzluqlar: şahidlərin gördükləri
Beləliklə, istintaqın əsas xətti budur ki, yanğın binanın ikinci bloka bitişik, qeyri-yaşayış sahəsi olan yardımçı tikilinin damında yığılıb qalmlş zibilin alov alması ilə başlanıb. Amma binanın salamat qalan bütün sakinləri bildirirlər ki, həmin məşum günə kimi bu damda bir o qədər zibil qalaqlanmayıb – oraya düşən tullantılar dərhal götürülüb. Yanğın olan günü səhər nə işə gedənlər, nə də evdə qalanlar yardımçı tikilinin damında heç bir zibil qalağı görməyiblər. Yəni sakinləri əmindirlər ki, sadəcə, orada siqaret kötüyündən alov alacaq heç nə olmayıb.
Bununla belə, həmin vaxt öz mənzillərində olan Mələk Hüseynova və Naibə Mahmudova yanıq iyi hiss edib pəncərədən baxıblar və yardımçı tikilinin damında eyni anda iki-üç yerdə əzik-üzük əski parçasına oxşayan nəyinsə yandığını görüblər. Bir neçə dəqiqədən sonra isə (sakinlərin əksəriyyəti təxminən iki-üç dəqiqə deyir) alov bütün binanı bürüyüb. 52-ci mənzildən Güləndam Məmmədovanın ifadəsi isə daha konkretdir: bina elə alovlandı ki, sanki hər tərəfinə nöyüt tökülmüşdü. “Bizi inandırmaq istəirlər ki, bina zibilliyə od düşməsi nəticəsində yanıb, amma biz buna inanmırıq. Yəqin ki, bu, təxribatdır”, – 54-cü mənzildən Sevinc Abdullayeva belə deyir.
5-ci mənzilin kirayənişini Şamil Səfərov yaxınlıqdakı poliklinikanın damından qalxdığını güman etdiyi tüstüyə əvvəlcə fikir verməyib, ancaq tüstü getdikcə artıb, yarım dəqiqədən sonra isə sanki “Qrad” və ya “Alazan” qurğusunun mərmisi partlayırmış kimi dəhşətli bir partlayış baş verib. Məhz partlayışdan sonra alov meydana gəlib və eyni vaxtda yanan üzlük parçaları qopub tökülməyə başlayıb.
31-ci mənzildən Elvira Manafova deyir ki, yanğın başlayarkən bir yox, bir neçə partlayış eşidib. Zəmanət Daşdəmirova öz ifadəsində daha uzağa gedib: “Zibildən belə yanğın ola bilməz. Biz digər sakinlərlə birlikdə həmin materialın (poliuretanın – haqqin.az) oda davamlı olub-olmadığını özümüz yoxlamışıq – o yanmır”.
Qadın xatırlayıb ki, üzlük plitələrlə binanın divarı arasındakı boşluqda nəsə yanırmış. Bir sözlə, zibilin siqaretdən alışması və sonradan alovun üzlüyə keçməsi barədə iddianın ciddi bir əsası yoxdur və daha dəqiq araşdırma tələb edir.
Bəs poliuretanın yanan material olması barədə versiya hardan ortaya çıxıb?  “Global Stone” şirkətinin (təsisçisi “Global Construction”) hələ 2010-cu ilin yayında təqdim etdiyi poliuretan təbəqələrin nümunələrini diqqətlə sınaqdan keçirən  FHN-nin Tikintidə təhlükəsizliyə nəzarət üzrə Dövlət agentliyi belə bir rəy verib: “Material QOST-un (dövlətlərarası standart – koordinat.az) bütün tələblərinə uyğundur, odadavamlıdır, yəni çətin yanandır”.
Agentlik poliuretanın tikintidə, o cümlədən binaların üzlənməsində geniş tətbiq olunmasını tövsiyə edib.  2012-ci ildə FHN-nin Dövlət yanğın nəzarəti xidmətinin müvafiq laboratoriyası, hadisə ərəfəsində isə həmin xidmətin 2-ci ərazi idarəsi də eyni cür rəy veriblər.
Həmçinin Rusiya FHN-nin Federal Yanğından Mühafizə Xidmətinin Krasnodar diyarı üzrə Yanğın sınağı laboratoriyası və “Ekspertiza və Sertifikatlaşdırma Milli Mərkəzi” SC-nin Almatı filialı poliuretan fasad örtüyünün çətin yanan və çətin alovlanan materiallara aid edilməsi barədə çıxardıqları nəticələri  təqdim ediblər.
Məxsusi araşdırmanın nəicəsini də göstərək. Qaz odpüskürənindən bir neçə dəqiqə müddətində poliuretan təbəqənin üzərinə istiqamətlənmiş  güclü alova onun necə tab gətirdiyini “Global Stone”da bizə əyani şəkildə nümayiş etdirdilər.
Daha doğrusu, material közərir, göz qabağında kömürə dönür, hətta səthində zəif alov əmələ gəlir, ancaq odpüskürəni yığışdıran kimi hamısı dayanır. Yəni bilərəkdən yandırmaq istədikdə belə bu material yanmır. Kuban laboratoriyasının nəticələrinin göstərdiyi kimi,  qaz odpüskürəni ilə 10 dəqiqə atəşə verilsə də, o alışmır. İnanın ki, bunlar  poliuretana asan yanan üzlük materialı kimi yanaşmağın dəyişməsini tələb edən  yetərincə sanballı faktlardır.
Onaltıncı cəsəd hara yoxa çıxıb?
Hələlik isə poliuretanı – bütün dünyada istifadə edilən, amma bu yanğından sonra Azərbaycanda qadağan olunan üzlük materialı bir tərəfə qoyaq.  Onu nə mühakimə etmək lazımdır, nə də xüsusi müzakirəyə çıxarmaq – dünya çoxdan onu nəinki tikintidə, həmçinin məişətdə tətbiq olunan material kimi qəbul edib.
İndi isə göyə bülənd olan alovların işərisinə düşən, sonra da məhkəmə prosesinin iştirakçısı olan insanlara keçməyin vaxtıdır.  Əlbəttə, nə deyirsən de, yanğında konkret kimlərinsə günahı olub. Hələlik məhkəmə qarşısında, istintaqın gəldiyi nəticəyə görə, yanğına səbəb olmuş bu və ya digər əməllərinə görə ittiham edilən 8 nəfər dayanıb. Amma dərhal da deməliyik ki, binanın sakinləri məsələnin bu cür qoyuluşu ilə razı deyillər, müttəhimlərin heç birinə qarşı şəxsən onların iradı yoxdur və zərərçəkənlərin bununla bağlı tutarlı dəlilləri də var.
Məsələn, görün, 12-ci mənzilin sahibəsi Zəhra Babayeva nə danışır. Onun sözlərinə görə, bina yananda onlar hamısı evdən kənarda olublar, amma içəridə kiçik nəvəsi qalıb. Zəhra xanımın kürəkəni yanan evə girməyə cəhd göstərib, amma yanğısöndürənlər onu qoymayıblar, qətiyyətlə qarşısını kəsiblər. Üstəlik, mülki geyimli naməlum bir şəxs qəfildən carəsiz ataya birbaşa köynəyinin üstündən iynə vurub və bundan sonra o, hüşuni itirərək yıxılıb. Amma, nədənsə,  Zəhra xanımın bu ifadəsinə heç kim diqqət yetirməyi lazım bilməyib.  Yeri gəlmişkən, kürəkəninə iynəni vuranın və ona öz övladını xilas etməyə mane olanın kimliyi məsələsi  Z.Babayevaya bütün bu müəddətdə dinclik vermir ki vermir.
Müttəhimlərdən birinin vəkili İlhamə Qasımova cəsədi evin pilləkənlərinin üstündə qalmış kişinin  meyitinin  kim tərəfindənsə internetə qoyulmuş  fotosunu təqdim edib. Vəkilin sözlərinə görə, yuxarıda adını çəkdiyimiz Zəmanət Daşdəmirova məhkəməyə bildirib ki, o yanğın zamanı tüstü basmış piləkənlərdə vurnuxan bu adamı görüb. Qadın başının altında qan göllənmiş meyit olan pllikəni şəkildən tanıyıb – bu, onların mənzilinin girişidi…  O, tələsik yanan evə qaçıb, həyətə çıxarkən isə üstünə adyal sərilmiş meyitə rast gəlib. Zəmanət əmindir ki, bu cəsəd pəncərədən düşməyib,  onu kimsə pilləkənin üstünə sürüyüb gətirib. Qadın özü şəxsən araşdırma aparmağa cəhd edib,  amma onu hədələməyə başlayıblar.
Amma araşdırmalı məsələ varmış… Yoxa çıxmış 16-cı meyit barədə (qeyd edildiyi kimi, rəsmən 15 nəfər ölmüş sayılır) KİV-də çoxlu təxminlər yer almışdı. Düzdür, sonralar kimlərinsə vasitəsilə şayiə yayıdı ki, həmin həlak olan şəxs 11-ci mənzildən Ülvi Sadıqovdur, amma az keçməmiş onun sağ olduğu bilindi.
Ülvi özü də huşsuz vəziyyətdə pilləkənin üstünə yıxıldığını qətiyyətlə təkzib edir. O da sakinlərin əksərriyyəti kimi yanğından zərər çəkib və hələ də ağrıları var, amma o zaman özü pilləkənlərlə düşüb, ikinci mərtəbədə isə bir polis işçisi binadan çıxmasına yardımçı olub.  Bundan sonra özünə gəlib, hələ 40 dəqiqə də həyətdə yanğına baxıb, daha sonra özü təcili yardım maşınına əyləşib. Deməli, bütün bu müddət ərzində onun huşu özündəydi və həlak olanların siyahısına heç cür düşə bilməzdi. Amma, nədənsə, məhz Ü.Sadıqovun ifadəsindən sonra 16-cı meyit barədə söhbətlər səngiyib.
Yeri gəlmişkən, həlak olanların hamısının cəsədinin göndərildiyi Binəqədi rayon meyitxanasından bildiriblər ki, bizə cəmi 15 meyit gətirilib. Amma Ülvi yaxşı xatırlayır ki, yanğından sonra bütün şahidlər 16-cı meyit barədə danışırdılar. Şükür allaha ki, 16-cı o deyilmiş…
Yaşarın sirri
Bu cinayət xronikası təkcə 16-cı meyitlə yadda qalmayıb. Onun ətrafında çoxlu şayiələr dolaşan daha bir cəsədi var. Bu, 15-ci mərtəbənin kirayənişini Yaşar Nəcəfzadənin meyitidir. Sakinlərin əksəriyyəti onun bu binanın 15-ci mərtəbəsində minimal şəraitli birotaqlı mənzili 300 manata kirayələməsinə təəccüblənirmişlər, çünki daha az məbləğə bundan yaxşısını və iş yerinə yaxın olanını tapa bilərmiş. Özü də hər gün 15-ci mərtəbəyə piyada çıxıb-düşürmüş – burada lift, demək olar ki, işləmirmiş… Yanğın zamanı da Yaşar özünü çox qəribə aparırmış: aşağı mərtəbələrin sakinləri qapıdan binanın damına qalxmağa cəhd edəndə yuxarıdan onun səsini eşidiblər. Yaşar xəbərdarlıq edib ki, qapı bağlıdır və aşağı pilləkənlərlə düşmək lazımdır. Mühüm bir qeyd: bu qapı həmişə açıq olmalıdır, çünki bina sakinlərinin təxliyyəsi üçün təcili çıxış yeridir.
Hamı aşağı düşüb və sağ qalıb, amma Yaşar özü…  mənzilinin pəncərəsindən tullanıb, baxmayaraq ki, onun yıxıldığı yer tərəfdə həmin mənzilin pəncərəsi yoxdur (qeyd haqqin.az-ındır). Ümumiyyətlə, başa düşülmür ki, onu bu addımı atmağa nə vadar edib, axı hətta əksər  yaşlı və xəstə qonşuları kimi, sakitcə aşağı düşə və sağ qala bilərdi. Sirli bir şəkildə peyda olub yoxa çıxan 16-cı meyiti hesaba almasaq, Yaşar yeganə həlak olan şəxsdir ki, yanğın zamanı nə oddan, nə də tüstüdən ölüb.
Yeri gəlmişkən, Y.Nəcəfzadə ilə bağlı istintaq materiallarında təqdim edilənlər də çoxlu suallar doğurur.  Əslində, bu adamın ölüm faktına istintaq orqanında ümumən baxılmayıb. Eynən 16-cı meyit məsələsi kimi…   Qəribədir, yanan evin sakinlərində indiyədək də vahimə və  heyrət doğuran bu iki  acınacaqlı faktı istintaq nəyə görəsə diqqətdən kənarda qoyub.
Axır ki, yanğın nədən yaranıb?
Beləliklə, tamamilə aydındır, poliuretan –  kağız və ya quru ot tayası deyil ki, kiminsə atdığı siqaret kötüyündən dərhal alışsın və çoxmərtəbəli evin dörd bir tərəfində yansın. Fikrimizcə, binanın bilərəkdən yandırıldığı barədə versiya həqiqətə daha yaxındır. İstər-istəməz, bir neçə il əvvəl Sumqayıtda baş vermiş yanğın yada düşür. Orada da çoxmərtəbəli bina od almış və demək olar ki, hər şey yanmışdı… poliuretan üzlükdən başqa.
Hadisə yerinə gəlmiş o vaxtkı şəhər meri Eldar Əzizov nəinki yanmayan, hətta alovun daha da yayılmasının qarşısını alan bu üzlük material haqqında tərifli sözlər demişdi.
Buzovna qəsəbəsindəki 5 mərtəbəli yaşayış evindəki yanğın da yada düşür. Onda da binanın damı alışıb yanmış, alovun yayılmasının qarşısını isə məhz poliuretan üzlük almışdı.
Bu bir daha sübut edir ki, iş üzlükdə deyil.  Onu sadəcə kimsə bilərəkdən yandırıb, həm də xüsusi yandırıcı vasitələrin köməyi ilə… Özü də, müdafiə tərəfinin bəzi fakt və dəlillərindən  göründüyü kimi, bu, heç də ilk belə cəhd olmayıb.
Oxşar hadisə Azadlıq prospektindəki yanğından düz 3 gün əvvəl də baş verib. Nərimanov rayonu, Kaveroçkin küçəsi 34-də, birinci mərtəbəsində Azərbaycan Veteranlar Təşkilatı yerləşən, 9 mərtəbəli yaşayış evində, əsaslı təmirdən sonra istismara verilmə ərəfəsində, gecə yanğın baş vermişdi.
Bu bina da  “Global Stone” şirkəti tərəfindən hazırlanmış poliuretan plitələrlə üzlənmişdi, amma o zaman poliuretan yamamışdı… Amma binanın qəsdən yandırılması cəhdi aşkar idi – hətta diletant da aydın görürüdü ki, qonşu ikimərtəbəli yardımçı tikilinin damından evə neft məhsullarında isladılmış yoğun kəndir parçaları yandırılıb atılıb. Həmin vaxt yanğınsöndürənlər özlərini tez çatdıraraq,  od vurulmuş üç kəndir kəsiyindən əmələ gələn alovu vaxtında söndürə bilmişdilər.  Nərimanov RPİ bu fakt üzrə cinayət işi qaldırmışdı.
Bir qədər sonra, 24 mayda Gəncədə polis patrulu gecə yarısı evlərdən birinin damında iki şübhəli tipi tutmuşdu – bu naməlum şəxslər qaçıb aradan çıxmaq istəsələr də, əllərindəki mühərrik yanacağı ilə dolu ağır kanistrlər buna imkan verməmişdi. Biri qonşu Dağıstanın sakini olan bu iki cinayətkar polis bölməsinə təhvil verilmiş, amma bir neçə gündən sonra məlum olmuşdu ki, onları MTN götürüb aparıb. Qəribə təsadüfdür ki, polislərin cinayətkarları yaxaladıqları çoxmərtəbəli yaşayış binası da poliuretan plitələrlə üzlənib. Bu hadisəni ümumiyyətlə ictimaiyyətin diqqətindən yayındaırmağa çalışmışdılar.
Yəni indi istintaq hansı dəlilləri gətirir-gətirsin, “Global Stone” ASC-yə qarşı naməlum qüvvələrin məqsədyönlü təxribatlara əl atdığı aşkardır.  Bununla belə,  şirkətin baş direktoru Uğur Bəşirov, “Global Stone” ASC-nin təsisçilərindən olan Miryusif Mahmudov və onun müşaviri Ələkbər Əsgərov müttəhimlər kürsüsündədirlər. Binəqədi İH başçısının keçmiş müavini Qəzənfər Novruzov,  şöbə müdiri Ədalət Rəcəbov və MİS rəisi Nizami Orucov  orada onların yanındadırlar. Poliuretan məmulatlarının sınağını keçirmiş “Dərnəgül boru zavodu” QSC-nin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov, bu məmulatlar üzrə texniki şərtin razılaşdırıldığı Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da bu taledən qaça bilməyiblər. Zərərçəkənlərdən heç kimin səkkiz müttəhimdən heç birinə qarşı iddiası olmamasına istintaq qətiyyən məhəl qoymayıb.
Onların günahı nədir? Poliuretan plitələrin istehsalçılarını ittham edirlər ki, onların buraxdıqları keyfiyyətsiz məhsul faciə ilə nəticələnən yanğına səbəb olub. Rayon İH-nin keçmiş və indiki nümayəndələri guya tezyanan materialların xüsusiyyətlərini  aydınlaşdırmadan onların yaşayış binasının üzlənməsi üşün istifadə olunmasına icazə verdiklərinə görə məsuliyyətə cəlb ediblər.
Sınaq laboratoriyasının əməkdaşları isə məmulatın keyfiyyəti haqqında müsbət rəyə görə məsuliyyət daşıyırlar. Guya sınaq üçün nümunələr “pis” poliuretandan düzəldilib və “yaxşı” materialın parametrlərinə  uyğun olmayıb ki, laboratoriya da bunu gizlədib. Səhiyyə Nazirliyinin mərkəzinin direktorunu da, demək olar ki, bunda günahlandırırlar. Plitələtin istehsalı prosesində məhsulun keyfiyyətini dəyişdirməyin mümkünsüzlüyü barədə “Global Stone” və “Global Construction” şirkətlərinin  dəlillərini istintaq qətiyyən qəbul etmir.
Poliuretan hardan gətirilir?
Məlumat üçün bildirək ki, poliuretanın hazırlanması –  bahalı istehsalatdır.  Ən yaxın istehsalçı-zavodlar Almaniyada və Belçikada yerləşir. Məhz oradan poliuretan Türkiyəyə daşınır  və sonra da şirkətə gətirilir. Özü də poliuretanın özü deyil, onun komponentləri – hermetik çəlləklərdə poliol və izosionat idxal edilir.  “Global Stone”un sexlərində onlar xüsusi formalara doldurulur  və müəyyən bir şəraitdə plitələr hazırlanır. Bütün proses avtomatlaşdırılıb və kimsə istəsə belə, materialın keyfiyyətini azca da olsa dəyişdirə bilməz. Yeri gəlmişkən, istintaq orqanlarının sorğusu əsasında yanğndan dərhal sonra zavodda keçirilmiş 30 mart 2016-cı il tarixli ekspertizada da belə göstərilir.
Eyni zamanda, zərərçəkənlərin və ətrafdakı binalardan olan qonşuların ifadələrinə, tüstülənmənin başlanmasının və yanğının ilk mənbəyinin əks olunduğu videomateriallara baxmayaraq,  bilavasitə 16 mərtəbəli yaşayış binasına bitişik obyektin tikintisinə icazə vermiş təşkilatların nümayəndələri indiyədək istintaqa çağırılmayıblar.
Bu, o cümlədən çayxana və digər kommersiya obyektlərinin yerləşdiyi yardımçı tikiliyə də aiddir. Halbuki müxtəlif təyinatlı tikililər arasında məsafənin gözlənilməməsi inşaat normalarının kobud şəkildə pozulması hesab edilir. Damında yanğın başlamış tikilinin sahibi və ya icarədarı da məsuliyyətə cəlb edilməyib. Ta burada hansısa ağlagələn yanğıntörədənin axtarışından və lifti işləməyən 16 mərtəbəli binada hansısa yanğın əleyhinə təhlükəsizlikdən danışmağa lüzum qalmır.
İzlər MTN-ə gedib çıxır
Vəkil İlhamə Həsənovanın bu barədə kifayət qədər inandırıcı dəilliləri var. Bu, təkcə yuxarıda təsvir edilən Gəncə hadisəsi deyil. Düzdür, vəkilin danışdığı əhvalatların bir çoxu tamamilə ağlasığmaz görünə bilər, ancaq onları müəyyən ardıcıllıqla sıralayanda hamısı gedib bir yerə dirənir: izlər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə aparıb çıxarır. Onun sözlərinə görə, məhkəmənin 16 avqustdakı iclasında bu iş üzrə təqsirləndirilənlərdən biri – Miryusif  Mahmudov öz ifadəsində bildirib ki, 25 aprel 2015-ci ildə keçmiş MTN-nin iki əməkdaşı onun şirkətinin təhlükəsizlik üzrə direktor müavinindən iri məbləğdə pul tələb edib, əks halda “şirkətin  fəaliyyəti və məhsulları haqqında olduqca mənfi rəy yaradılacağı” ilə hədələyib.  Müttəhim bəyan edib ki, ötən il 13 mayda o, həmin adamlara rüşvət vermək məcburiyyətində qalıb, lakin tələb edilən məbləğin yalnız dördə birini toplaya bilib. Tələb olunan məbləği MTN-ə ödəmək imkanı olmayıb. Eldar Mahmudovun nümayəndələri çıxıb gediblər, amma qayıdacaqlarını vəd ediblər…
Üç gün sonra, 16 mayda Azərbaycan Veteranlar Təşkilatının onun şirkəti tərəfindən təmir edilmiş binasının yandırılmasına cəhd qeydə alınıb. Həmin vaxt bədxahlar yanan maddədə isladılmış bir neçə yoğun kəndir parçasını ofisin binasına bitişik damdan atıblar. Üç gün sonra, 19 mayda isə Azadlıq prospektindəki bina yanıb. Bakıdakı yanğının faciəli nəticələrinə baxmayaraq, bir neçə gün sonra, bu dəfə Gəncədə, daha bir yanğın cəhdi olub. Müttəhim hakimləri baş verənlərin təsadüf və ya kiminsə səhlənkarlığı deyil, məqsədli təxribat olduğunu düşünməyə və anlamağa çağırıb.
Müttəhimin sözlərinə inanmalımı, özünüz fikirləşin. 16 mərtəbəli binada yanğın təzəcə başlayanda Miryusif Mahmudov nə baş verdiyini görmək və anlamaq üçün artıq hadisə yerindəymiş…  Amma, təxminən, on dəqiqədən sonra şirkətin əməkdaşları telefonla ona xəbər verirlər ki, MTN əməkdaşlarının böyük bir qrupu ofisi mühasirəyə alıb, bütün giriş və çıxışları bağlayıb, axtarış aparır, sənədləri götürür. Miryusif Mahmudov təcili şirkətə yollanmalı olur. Ofisə gəlib çatanda  o, xeyli sayda naməlum adamın ciddi cəhdlə bütün kabinetlərə və sahələrə soxulduğunu görür. Şirkətin təsisçilərindən birinin gəlidiyini biləndə isə onu elə oradaca tutub harasa aparırlar .
Bundan sonra Miryusifi, vəkilindən başqa, heç kim görməyib. Şirkətin söhbətləşə bildiyimiz bütün keçmiş əməkdaşları da bunu təsdiqləyirlər. Onların dediyinə görə, MTN əməkdaşlarının dəstəsi (bu yaxınlarda məlum olub ki, 31 nəfər imişlər) “Global Construction”a, demək olar ki, elə yanğın başlanan zaman basqın edib. Prokurorluğun hər hansı qərarı olmadan ofisdə axtarış aparıblar, bütün sənədləri yığıb götürüblər və tələb ediblər ki, təsisçilərdən biri onlarla MTN-ə getsin. Orada da onu yenə heç bir qərar və protokol olmadan qərəzkarlıqla sorğu-suala çəkiblər. “Global Construction”ın direktoru İlqar Vəliyev da onlarla getməyə cəhd edib, amma ona saymazyanalıqla eşitdiriblər ki, “Miryusif müəllim bəsimizdir”.
Xüsusi xidmət orqanlarının iş metodlarından xəbərimiz olamasaydı, MTN-nin misilsiz çevikliyinə heyran qalardıq. Məntiqə görə, istehsalçı-müəssisədə axtarış aparılmasına və onun rəhbərinin həbsinə göstəriş verməzdən qabaq xüsusi xidmət orqanı yanğın yerində olmalı, vəziyyətlə maraqlanmalı və heç olmasa, yanğının ilkin səbəbini müəyyənləşdirməli idi.  Bunu eləməyiblər, amma mötəbər əməliyyat qrupu dərhal toplanıb. Bütün bunlar qəribə deyilmi?  Hər nə qədər təcrübəli və intizamlı olsalar belə, adamları yığmaq, təimatlandırmaq, nəyə xüsusi diqqət yetirilməli olduğunu izah etmək – ən azı, bir saat çəkər. Amma, görünür, Mahmudov-Çovdarov bandasının döyüşçülərinə bu, lazım olmayıb – onlar əvvəlcədən təlimat keçibmişlər, harada, nə vaxt və nəyə görə olacaqlarını dəqiq bilirmişlər.  Belə çıxır ki, yanğın barədə də onların əvvəlcədən məlumatı varmış və Parlament prospektindəki məlum binada deyil, haradasa, “Global Construction”ın ofisinin yaxınlığında dayanıb işarə gözləyirmişlər.
Bəlkə elə buna görə yanğın barədə rəsmi versiya da birbaşa hadisə günü açıqlanmış, sonradan isə yalnız bəzi təfərrüatlar, ilk növbədə, ölənlərin sayı ora əlavə edilmişdi?  Öz hökmünü vermiş qüdrətli Eldar Mahmudovun sözündən həmin vaxt kim çıxa bilərdi ki? Sonradan istintaq  da digər xüsusi xidmətlər tərpənincəyədək onun əməkdaşlarının yığıdığı (ehtimal ki, məhv etdiyi)  sübutlardan yararlanıb.
MTN-nin başçısı “maddi sübutları” və digər “faktları”  aşkar edib, hamıdan qabaq tam versiyanı düzüb-qoşaraq, onu öz dəlilləri ilə əsalandırıb. Elə həmin gün şirkətin ofisindən 13 mayda MTN əməkdaşlarının oraya gəldiklərini qeydə alan videomüşahidə kameralarının sərt diskləri müəmmalı şəkildə yoxa çıxıb.
Məlum olduğu kimi, ilk təəssürat camaata daha güclü təsir göstərir və göstərdi də, bütün uyğunsuzluqları isə sonradan ya arxa plana çəkmək, ya da ümumən gizlətmək mümkündü. Və hər şey əcaib plan üzrə cərəyan etdi: bu qədər nüfuzlu şəxsin səsləndirdiyi rəsmi versiya ilə razılaşmamağa heç kimin cəsarəti çatmadı və bütün ölkə qatil-poliuretanla onun istehsalçılarını lənətləməyə başladı.
Tamamilə aşkar faktları artıq heç kim görmürdü və ya görmək istəmirdi. Hətta adamların taleyini həll edən müstəntiqlər də bunlara göz yumurdular.  Görünür, işin belə tezliklə və xüsusi canfəçanlıq göstərilmədən “isti izlərlə” açılması onların da ürəyincə idi. Çox əlamətdardır ki, yanan binada MTN-nin əməkdaşı Xəyyam Babayev də yaşayırdı və onun ifadələri, təbii ki, Mahmudovun hazırladığı versiyanı tam təsdiq edirdi. Qoy bütün sakinlər  inandırsınlar ki, heç də belə olmayıb, yanğının qəribə və şübhəli epizodlarına şahiddirlər, yanğından əvvəl və sonra binada və həyətdə naməlum adamlar görüblər, kimdi onları eşidən? Mahmudov necə deyib, elə də olacaq – bu, qanundur!
Bəlkə təcrübəli MTN-çi Babayevin məsləhəti ilə hadisə yerindən 16-cı meyit yoxa çıxıb və Zəhra xanımın öz uşağını od-alovun içərisindən qurtarmaq istəyən kürəkənini uyuşdurucu iynə ilə bihuş edən qəribə adamı heç kim tutmayıb? Yəqin ki, istintaq orqanı da elə həmin səbəbdən zərərçəkən və şahid Daşdəmirovu hədələyən şəxsin kimliyini müəyyən etməyə hətta cəhd belə göstərməyib. Yeri gəlmişkən, X.Babayev nə zamansa Rusiyada, özü də gələcək rəhbəri general Çovdarovun da vaxtilə işlədiyi diyarlarda xidmət keçib.
Bizim gəldiyimiz nəticələr
İstintaq rəsmən təsdiq edir ki, poliuretan yanır. Deyək ki, belədir, amma məgər digər tikinti materialları yanmırlar? Belə çıxır ki, hər yanğından sonra, məsələn, alkopan, XPS, strafor, saydinq kimi  kompozit üzlük materialları, həmçinin mebel də daxil olmaqla ağac məmulatları  istehsal edənlərin hamısını tutmaq lazımdır? Burada istər-istəməz istintaqa belə bir sual yaranır: əgər həmin binanın üzlüyü poliuretandan deyil, daha çətin yanan, deyək ki, alkopandan olsaydı,  o zaman bu kompozit materialı istehsal edən Çin, yapon və ya alman şirkətlərinin təsisçiləri həbs ediləcəkdilər?
Pərdələr, pəncərə örtükləri – onlar da yanır,  paltar və yorğan-döşək də onlar kimi… Həm də bütün bunlar  sadəcə yanmır, istənilən yanğını gücləndirən katalizator rolunu oynayırlar. Onda nəyə görə poliuretan üzlüklərin istehsalçılarını tuturlar, onların istehsal etdikləri materialı odadavamlıdır axı və hətta alovun yayılmasının qarşısını alır? Və hətta bu bədnam poliuretan yanırsa belə, deməli, kimsə bilrəkdən olmasa da,  ona  od vurub?  Burda istehsalçının, illah da təsisçinin nə günahı var? Yanğının birbaşa günahkarın axtarıb, onu mühakimə etmək daha məntiqli olmazmı?
Amma müttəhimlər kürsüsündə o yoxdur, əvəzində orada təkcə plitələrin istehsalçıları deyil, həm də poliuretanın çətin alışan material olduğunu söyləməyə cəsarət edənlər əyləşiblər. Yeri var xatırladaq ki, dünya təcrübəsində belə hallarda binanın yanğından mühafizəsinə cavabdehlik daşıyanlar məsuliyyətə cəlb edilirlər.  İndiki halda işdə onların adı keçmir. Niyə?
Və ümumiyyətlə,  kifayət qədər əsaslar olmadan, bütün ölkəyə məlum olan acınacaqlı faktlara göz yumaraq, ehtimallar üzərində qurulmuş ittihamlar irəli sürüb kimi isə necə mühakimə etmək mümkündür? Bizdə kim bilmir ki, şəhərdəki çoxmərtəbəli binaların, demək olar, heç biri qazlaşdırılmayıb, amma onların bütün sakinləri mənzillərini qazla qızıdırır, qazın üstündə yemək bişirirlər. Balonla! Ən çox partlylış və yanğın təhlükəsi olan…  Demək olar, bizim bütün yeni binalar  partalması bir kibrit çöpünə bənd olan barıt çəlləyidir. Sorağı bütün ölkəyə yayılan məlum bina da heç istisna sayıla bilməz. Axı burada da adamlar nəyinsə  partladığını eşidiblər!
Necə ola bilər ki, heç bir cavabdeh təşkilat, elə həmin “Azəriqaz” onlarla qaz balonunu illərdir görmür!
İşləməyən lifti də üstünə gəlsək, bütün bunlar evin yanğın təhlükəsizlinə heç bir nəzarətin olmadığını göstərir. Soruşumaq lazımdır, Baş nazirin müavini Abid Şərifovun belə bir xəbərdarlığına, ilk növbədə, kim reaksiya verməli idi: “Bu 16 mərtəbəli binalarda adamlar qaz balonlarından istifadə edirlər. Bu ölümlə oynamaq kimidir.  Evə qaz balonu gətirmək və ondan mətbəxdə, yaxud suyu qızdırmaq üçün istifadə etmək  – çox təhlükəli işdir”.
“Azəriqaz”ın nəzarətçiləri isə ildə iki-üç dəfə köhnədən qazlaşdırılmış beşmərtəbələrə baş çəkməyi, plastik borulara, tüstü bacalarına və digər məsələlərə görə cərimə yazmağı üstün tuturlar.  Onlarla mənzili və bir o qədər də qaz balonları olan 16 mərtəbələr isə  nəzarətsizdirlər…  Və qaz təchizatçılarına  nə istintaqın, nə də məhkəmənin bir iradı var.
Yanğından dərhal sonra ən yüksək səviyyədə Azərbaycandakı bütün poliuretan üzlüklərin qısa müdətdə sökülməsi tələb olundu. Və onu hər yerdə operativ şəkildə soydular, hətta son dərəcə qorxmuş sakinlər də kömək edirdilər. Vəssalam,  daha bizdə poliuretan yoxdur,  əvəzində olduqca çox, özü də odadavamlılığı bir az da zəif olan digər üzlük materialları var. Məsələn, alkopan. Görünür, növbədə odur, Allah onun yanğınını göstərməsin! Hələlik isə poliuretan plitələrin quraşdırılmasına xərclənmiş on milyonlar havaya sovrulub, sonra da bir o qədər sökülməsinə. Bu arada, dünyanın hər yerində tikinti mütəxəssisləri Azərbaycana təəccüblə baxırlar: yayda istinin 50 dərəcəyə çatdığı Dubayda belə üzlük kimi poliuretan uğurla istifadə edilir, bəs Bakının bu qorxusu nədəndir?
Ölkənin ali rəhbərliyini başa düşmək olar: vətəndaşların həyatı puldan dəyərlidir. Üstəlik də, xüsusi xidmət orqanlarının belə yanğınların təkrarlanmaq ehtimalı barədə xəbərdarlığı… Riskə getmədilər, buna görə sağ olsunlar. Amma, doğurdanmı, hökumətdə  bu sahədəki bilikləri, ən nəhayət, hesablamaları ilə digərlərini inandırmağı bacaran  bir nəfər belə tapılmadı.
Hətta bu gün hökumətdəkilərin çoxu  bir il əvvəl səhvə yol verdiklərini başa düşür, amma heç kim həqiqəti deməyə ürək eləmir, axı buna görə əsil günahkarlar cavab verməli olacaqlar.  Çoxsaylı insan tələfatı, yüz milyonlarla dolların və minlərlə iş yerinin itirilməsi, atəş, partlayış,  fəlakət – Mahmudov-Çovdarov qaragüruhunun başqalarının biznesi hesabına varlanmaq məqsədilə həyata keçirdiyi cinayət bunlara səbəb oldu.
 Düzdür, onlara varlanmaq qismət olmadı. Ölən insanların ruhu, dağılmış ailələr, yetim qalanlar və əlil olanlar onların cəzalandırılmasını tələb edir. Kiminsə xülyaları, səriştəsizliyi, açılşmış iş haqqında raport vermək və günahsızları həbsə atmaq istəyinə görə deyil, qanuni şəkildə cəzalandırılmasını.  Keçmiş qüdrətli təşkilatın bir çox böyük rəisləri artıq cəzalarını alıblar, amma başqa cinayətlərə görə. Görəsən, onlar başıbəlalı çoxmərtəbəli binadakı dəhşətli yanğına görə də cavab verəcəklərmi?
Qaz odpüskürənindən bir neçə dəqiqə müddətində poliuretan təbəqənin üzərinə istiqamətlənmiş  güclü alova onun necə tab gətirdiyini bu videoda izləyin:
moderator.az

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Cahangir Hacıyevə 17 il həbs cəzası istənildi

%d bloqqer bunu bəyənir: