Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Xristianlaşan oğuzlar və dunayı ikinci dəfə keçənlər…

(Qənirə Paşayeva ilə addım-addım Qaqauz Yeri)

 
(2-ci Yazı)
 
VIII əsrin ortalarıdı…
Qərbi Göytürk dövləti çöküb, parçalanıb.
Bilirəm ki, XXI əsrin ilk onilliyində çağdaş Qaqauz respublikasının baş şəhəri Komrat küçələri boyunca nəzər yetirib o qədim tarixin bütün olmuşlarına göz atmaq elə də asan deyil. Zaman kölgələyib getmiş çox şeyi. Ancaq yenə də mən bu tarixi parçalanma zamanında peçeneqlərin qərbə doğru hərəkət etmələrini bir kino, sənədli film surətində olsa da, göz önünə gətirmək istəyirəm…
Qaqauzların bir şərqidə ifadə etdikləri “Ötmə, bülbül, mənim dərdim mənə yetər” ağrısınacan bütün olmuşlar, olacaq bu tarixi məqamın canından keçir. Görkəmli qazax şairi Oljas Süleymenovun məşhur “Az i Ya” kitabından oxuduğum həqiqətlər çəkib aparır düşüncələrimi. Bu upuzun düşüncələrdən ayrılmaq çətindi, ancaq xəyala qapılıb eləcə qalmaq da olmur. Nədən başlamışdım? Bu yurda ilk dəfə qədəm qoyduğum andan…
AX, KOMRAT, NECƏSƏN,
 
ZAMANIN XEYİR
Bir türk topluluğu çəkib qəlbimi, gəlmişəm Qaqauz Yeri Muxtar Respublikasına. Qaqauz şairi Todur Vlaxın qosqoca şeiriylə salamlaşıram yurdun baş şəhəri Komratla:
Ax, Komrat, qara torpaq,
Zamanın xeyir.
Necə yaşayırsan, salamatsanmı?
…Düşdü yolum, qonaq oldum,
Nə təklif edirsən?
Keçdiyim yerdə sənə şaşdım…
Lap elə bil mənim dilimdən, Qaqauz torpağına qədəm basdığım o unudulmaz günlər üçün yazılıb bu şeir. Elə bil mənim öz heyranlığım, heyrətim sərgilənib bu misralar boyu:
Nə qıvraq yerdəsən,
Bayırlar neçə divar
qoruyur səni.
Diz-dizə üzüm tənəkləri
şənliyə bürünər.
İnsanın çox xətirli,
Qaqauz bəllidən bəlli…
Qaqauz elinin üzüm tənəkləri bütün görünüşüylə doğma Tovuzumun, Şəmkirimin ötən əsrin 70-90-cı illərinin yolyaxası dünyasını yadıma salır. Baxımlı tarlaları, verimli plantasiyaları qaqauz şairi Todur Zanetin unudulmaz misralarını pıçıldayırdı elə bil. Şərik idim, həmfikir idim o misralarla:
Mən bilirəm, illər keçəcək,
Mən bilirəm, rənglər solacaq, –
yer üzündə
şəhərlər, kəndlər
daha gözəl, daha geniş olacaq.
Millətlər çalışıb əkəcək
böyük dincliyi bu yorğun dünyada.
Dövlətlər unudub savaşları
birləşib gedəcək irəli aydınlığa.
Baxımlı tarlalar
bol bərəkət verəcək,
işıqlar qaranlığı yenəcək,
gündüzə qarışacaq,
çiçəklər sarışacaq
yerə, torpağa…
Mən bilirəm!..
ХVIII əsrdən bugünədək
Bizans yazılı qaynaqlarında Ortadoks xristian kökənli türklər olan qaqauzlar XI əsrdə Tuna çayını keçib Balkanlardan Makedoniyaya, Raristirione, Yunanıstan və Bolqarıstanda yerləşən köçəri boylar olaraq qeyd edilir. Vurğulanır ki, XI əsrdə Balkanlara köç edən Qaqauzlar Ortadoks xristianlığı qəbul ediblər və sonrakıəsrlərdə Osmanlı idarəçiliyində yaşayıblar.ХVIII-ХIХ əsrlərdə Balkanlarda başlayan və müstəqil olma hədəfi daşıyan hərakatlar zamanı Bolqarların basqınına məruz qalan qaqauzlar 1750-1846-cı illər arasında Dunay üzərindən Rusiyaya köç etmiş, Dunay bölgəsində (1769-1791) və Bessarabiyada (1801-1812) yerləşmişlər. Hazırda Moldovada yaşayan və türkcə danışan Ortadoks xristian Qaqauz türklərinin bir qismi ХIХ əsrin əvvəllərində Türk-Rus savaşları sırasında Bolqarıstandan Moldovaya gəlmiş və 1906-cı ildən Rusiya imperiyası, Rumıniya, Almaniya (İkinci Dünya müharibəsi zamanı) və Sovet İttifaqı idarəçiliyi altında yaşamışlar.Xeyli tarixçi, dilçi və etnoqraf alim isə XIII əsrdə Dobruca torpaqlarında mərkəzi Korbuna şəhəri olan “Dobruca Prensliyi” və ya “Uzi əyalət” adı altında qurulan və 200 илdən artıq yaşamış dövlətə sahib olan qaqauzları Türk Dünyasının ən orijinal xalqlarından biri olaraq qəbul edir. Xalq üsyanları nəticəsində 1906-cı ildə Qaqauz türkləri müstəqil Komrat Cümhuriyyətini elan edirlər. Bu müstəqillik uzun sürməsə də, Qaqauz türkləri 15 günlük müstəqil Komrat Cümhuriyyətini heç bir zaman unutmur.
1980-ci illərdə Qaqauz aydınıarının fəallığı ilə milli oyanış mərhələsi başladı. 1988-ci ildə «Qaqauz Xalq hərəkatı» birliyi yarandı. 1989-cu ildə baş tutan ilk Konqresdə paytaxtı Komrat olan Qaquz Cümhuriyyətinin Moldovaya bağlı olaraq Muxtar idarəçiliyi tələbi irəli sürüldü. 21 avqust 1990-cı ildə isə Qaqauz Muxtar Sovet Sosialist Cümhuriyyətinin yaradılması elan edildi.
Bu qərar o zamankı Moldova rəhbərliyi tərəfindən rədd edilir. 25 oktyabr 1990-cı ildə qaqauzlar Qaqauz Cümhuriyyətini qurmaq üçün seçkilər keçirir. Ancaq Moldova millətçiləri bölgəyə 50.000 silahlı göndərərək bu cəhdin qarşısını alır. 31 oktyabrda keçirilən seçkilər nəticəsində Komratda yeni bir Qaqauz Yüksək Soveti yaradılır və Stepan Топал onun rəhbəri seçilir. 1991-ci ildə Moldova öz müstəqilliyini elan edir. Bu vəziyyət qaqauzların da öz cümhuriyyətlərini qurmaq qərarı verməsinə şərait yaradır. Bundan az sonra – 23 dekabr 1994-cü ildə Moldova Məclisi Qaqauz Yerinin özəl hüquqi statusu статусу haqqında qanun qəbul edir. Гагаузlar Moldova Konstitusiyasına zidd olmamaq şərtilə müxtəlif sahələrdə qanun qəbul etmə haqqınıəldə edirlər. Qaqauz Yerinin rəhbəri vəzifəsi Muxtar Respublikada ən yüksək məqamdır və bütün qurumlar ona tabedir. Qaqauz Yerinin rəsmi dili qaqauz türkcəsi, moldavan və rus dilidir.
QƏRİB DURNALARA DAŞ ATMA, OĞLUM,
 
QƏRİBLƏR ATILAN DAŞA DİLLƏNMİR…
Bunun nədənliyini qaqauz toplumu yaxşı bilir. Zaman-zaman şahidi olublar. Qaqauz qövmünün ahıl, yaşlı insanlarını dindirmək bəs edər ki, görəsən qaqauz nəğmələri nədən kədərli, nədən ağrılıdı belə, bu qədər. Kamançamızın bir az fərqli, cismcə balaca qəlbi böyük dərd hönkürür əsrin üzünə. O gözəlim insanlar, “yandırdılar, kül etdilər, qana boyadılar, öldürdülər” acısıyla yad edirlər yaxın illərin faciələrini. Boz üzlü qayalar tarix qoxuyur. Ancaq ümidləri boldu sabaha. Hələ də “salxımın ardında sabah işıldayır”. Oxunur ucadan: “Ça-xeya, ça-xeya”…
PAYIZ MÖVSÜMLƏRİ, PAYIZ YAĞMURU
Oktyabr ayının ortalarıdı. Moldova Respublikasına bağlı Qaqauz Yerinin başqanı Mixail Formuzalın dəvəti ilə Qaqauz Yerinə səfər etmişəm. Payız mövsümləri, payız yağmuru Batrak türküsünü qoxuyur an-an. Bizi ilk olaraq Qaqauz Yerinin lideri Mixail Formuzal elə aşağıda, qapıda qarşılayır bir qardaş kimi. Duz-çörəklə qarşılayırlar bizi gənclər. Duz-çörək kəsirik söhbətə başlamadan. Duz-çörəklə qarşılamaq kimi gözəl adət bu gün də davam edir Qaqauz Yerində. Hansı bölgəsinə, kəndinə getdiksə duz-çörəklə qarşıladılar bizi. M.Formuzal Türk Dünyasının birliyi naminə böyük işlər görmüş Heydər Əliyevin hər zaman Qaqauz Yeri və qaqauz türklərinə böyük dəstək verdiyini deyərək bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsindən çox məmnun olduqlarını xüsusi vurğulayır. Söhbət zamanı mən də dövlət başçımızın Qaqauz türklərinə böyük sevgi və dəstəklə yanaşdığını qeyd edərək ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə genişləndirilməsinin vacibliyinidən bəhs edirəm. Səmimi keçən görüş zamanı istəyimizi də dilə gətirdik. Qaqauz Yeri bölgələri ilə Azərbaycan bölgələrinin qardaşlaşmasını, bu gözəl diyarda Azərbaycan adına küçəni, Qarabağ adına parkı görmək istəyimizi bildirdik. Təkliflərimiz bir qardaş səmimiyyəti ilə qəbul edildi. Bu görüş zamanı Qaqauz Yerinin başqanı M.Formuzal tərəfindən medalla təltif edilməyim həyatımda ən unudulmaz anlardan biridir. “Uzun illərdi tanıdığım azərbaycanlı bacımızı doğma yurdumuzda görməyimdən çox şadam” – deyən M.Formuzalın Qaqauz Yeri və qaqauz türklərinə bəslədiyim sayğı və sevgi duyğularına yüksək dəyər verməsi, Qaqauz Yerinin və Qaqauz türklərinin könüllü elçisi adlandırması mənim üçün böyük bir şərəf idi. “Bütün qaqauz türklərinə öz təşəkkürümü bildirirəm. Qaqauz türkləri bizim doğma qardaş-bacılarımızdır. Onların Azərbaycanda və dünyada geniş şəkildə tanıdılması, həqiqətlərinin daha geniş çatdırılması, əlaqələrimizin daha da genişlənməsi üçün əlimizdən gələn bütün imkanlardan istifadə etməliyik. Bu istiqamətdə çalışmağı özümə
böyük bir borc bilirəm” – deyərək məni özlərinin könüllü elçiləri hesab etmələrinin çiyinlərimə daha böyük bir məsuliyyət qoyduğunu və hər zaman onu doğrultmaq üçün əlimdən gələni etməyə çalışacağımı bildirdim. “Çalışacağam ki, etimadınızı doğruldum. Qaqauz Yeri ilə bağlı kitab üzərində işləyirəm. Bu kitabı həm Azərbaycan, həm də Türkiyə türkcəsində nəşr etdirməyi nəzərdə tutmuşam”. Mükafatlandırma mərasiminin sonunda cənab Formuzala Azərbaycan bayrağını, kişi qəhrəmanlarının milli geyimini, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı kitab və filmləri hədiyyə edib, onu Azərbaycana dəvət etdik. Mükafatlandırma mərasimindən sonra geniş tərkibdə görüşümüz də oldu. Qaqauz Yerinin bütün böyük şəxsiyyətlərinin əksəriyyəti ilə söhbətlər etdik. Dağlıq Qarabağ həqiqətləri, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı söhbətlərimizi Qaqauz Yerinin başqanı Mixail Formuzal, Qaqauz Yeri Xalq Məclisinin sədri Dimitri Georgiyeviç Konstantinov, Qaqauz Yeri başqanının müavini Nikolay Makaroviç Stoyanov, Ekologiya İdarəsinin rəhbəri İvan Vasiliyeviç Veru, Qaqauz Yerinin ilk Prezidenti Stepan Mixayloviç Topalla, digər hökumət və parlament üzvləri ilə də davam etdirdik. Həmsöhbətlərim Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həmişə Qaqauz Yerinə və qaqauz türklərinə, ümumən Türk Dünyasına böyük dəstək verdiyini, onun siyasi kursunun Azərbaycan Prezidenti və qaqauz türklərinin əziz dostu İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsindən məmnunluq hissi keçirdiklərindən söhbət açdılar. Mən də Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin hər zaman qaqauz türklərinə böyük sevgi və dəstəklə yanaşdığını deyərək, Azərbaycanla, onun müxtəlif bölgələri ilə Qaqauz Yeri arasında müxtəlif sahələrdə əməkdaşlığın, əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu qeyd etdim. Bildirdim ki, bu münasibətlərin getdikcə daha da inkişaf edəcəyinə inanıram. Cənab Formuzal Qaqauz Yeri barədə geniş bilgilər verərək, qardaş Azərbaycanla münasibətlərin daha da inkişafında çox maraqlı olduqlarını bir daha vurğuladı, azərbaycanlı iş adamlarının fəaliyyəti üçün Qaqauz Yerində hər cür imkan olduğunu, onları gözlədiklərini dedi. Qaqauz Yerinin rəhbəri, hökumət və parlament nümayəndələri bütün qurumlar arasında əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar olduğunu bildirərək, öz tərəflərindən çalışmaları daha da artıracaqlarını qeyd etdilər.
Görüş zamanı Qaqauz Yerində gənc nəsillərə Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgilərin verilməsinin vacibliyini vurğulayaraq, səfər müddətində bir neçə bölgədə bu barədə gənclərlə söhbətlər edəcəyimi dedim. Qaqauz Yerinin Başqanını, hökumət və parlament nümayəndələrini Azərbaycana dəvət edərək onlara Azərbaycan tarixi, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə, mədəniyyətimizlə bağlı materiallar, kitablar, filmlər hədiyyə etdik. Sonra birlikdə paytaxt Komratın mərkəzində yerləşən parkda umummilli liderimiz Heydər Əliyevin büstünü ziyarət etdik. Qaqauziyanın böyük şəxsiyyətlərinin büstlərinin qoyulduğu parkda umumimilli liderimiz Heydər Əliyevin büstünün qoyulması bir vəfa borcudur dedilər. Ruhuna dualar oxuyub parkı ziyarətə başlayırıq. Burada Türkiyənin böyük siyasətçisi, sabiq prezidenti, Heydər Əliyevin yaxın dostu Süleyman Dəmirəlin də büstü var. Bütün büstləri bir-bir ziyarət edib, daha geniş bilgi alır, önündə ayaq saxlayır, ruhlarına dualar oxuyur, rəhmətlə
anırıq. Komrat Universitetinin önündə yerləşən bu mərkəzi parkda sıralanan büstlərə nəzər yetiririk. Tarixin daşlaşmış yaddaşı kimidi hər biri.
Mətbuat və media nümayəndələri Azərbaycanla bağlı, səfər təəssüratlarımız barədə daha çox bilmək, məlumat əldə etmək istəyirlər. Onların suallarını cavablandırıb, Karabük televiziyasından dəyərli jurnalist qardaşımız Şükrü Gökkaya bəyin Qaqauz yeri ilə bağlı hazırladığı film üçün müsahibə verib tarixin izləri ilə paytaxt Komratı gəzməyə və daha yaxından tanımağa tələsirik.
 
(Davamı var)

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Şəhid komandirin doğum günü – 9 avqustda 50 yaşı tamam olacaq…

%d bloqqer bunu bəyənir: