Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
67919

Xəzər TV-yə ciddi ittihamlar: “Hakim rolunda çıxış edib bizə 2 il iş oxuyublar”

KİV-də Asif Ata Ocağının təmsilçilərinin saxlanması barədə məlumat yayılıb.

Moderator.az Asif Ata Ocağının yükümlüsü Soylu Atalının mövzu ilə bağlı fikirlərini öyrənib.

Soylu Atalı bildirib ki, KİV-də məqsədli şəkildə qərəzli informasiya dərc olunub: “Biz, Asif Ata Ocağı olaraq, yurdumuzda gedən ictimai, siyasi, mənəvi proseslərlə bağlı çağaşırı münasibətlər bildirir, mövqe sərgiləyirik. Bunu bilənlər bilir, izləyənlər də izləyir. Biz milli-bəşəri düşüncəli, milli-bəşəri əqidəli bir Ocağın insanlarıyıq. Hər zaman dediyimiz kimi, milli dəyərləri xalqa tanıtmaq, bu dəyərlər üzərində milli şüurun formalaşmasına yardımçı olmaq hədəfimizdir. Ancaq biz milliliyimizi, yəni Türkçülüyümüzü bəşəri səviyyədə götürürük və onu heç bir xalqa qarşı qoymuruq. Bu məsələdə biz, Asif Atanın “Azərbaycanımız – Azərbaycanlığımız” dəyər sisteminə, daha doğrusu, sistemləşdirdiyi dəyərlər toplusuna dayanır, bu sistemin fonunda Asif Atanın öz dünyabaxışını da toplumumuza yayırıq. “Azərbaycanımız – Azərbaycanlığıımız” dəyər sisteminə Azərbaycanın tarixi, qədim dəyərləri: mənəvi təmizlənmə ideyasının qaynağı olan Zərdüştlüyümüz; Ağsaqqallıq böyüklüyümüzü ifadə edən Dədə Qorqudluğumuz; Azadlıq mübarizəmizin ideyası olan Xürrəmdinliyimiz; İnsana, bütün bəşər tarixində, ən böyük qiymət verən Hürufiliymiz; eşq vasitəsilə insanı tanımaq harayı çəkən Füzuliliyimiz; insanın pillə-pillə saflaşıb Tanrıya qovuşmaq yolu olan Muğamlığımız; Tanrıçılıq hikmətindən doğan Sazçılığımız daxildir. Asif Ata bu sistemə “Dünənimiz” deyir. O bu günümüzü – özümüzdən, dəyərlərimizdən ayrıldığımız zaman kimi qiymətləndirir. Sabahımızı isə özünün yaratdığı Mütləqə İnam sistemi ilə bağlı görür, götürür. Mütləqə İnam sistemi aşağıdakı ideyaları özündə birləşdirir: Mütləqə İnam (yəni Dünyanın Əzəli, Əbədi, Sonsuz, Kamil Mənasına inam); Kamil İnsan (İnsanlaşma); Xəlqi Birlik; Müstəqil Vətən; Özümlü Şərq (klassik Şərqi dəyərlərin öyrənilməsi, bəşərə gərək olan səviyyəsinin qorunması); Ləyaqətli Bəşər (Hər bir xalq özü bir dünyadır. Heç bir xalqın başqa xalqı əzməyə, mədəniyyətini sıxışdırmağa, basqı altına almağa haqqı yoxdur).

Asif Atanın çağırışı İnsanlaşma ideyasına bağlı belə bir cardan ibarətdir: “İnsanlaşın – İnsanlaşdırın. Bəşərin nicatı İnsanlaşmaqdadır”.

Bildirmək istəyirik ki, Ocaq 38 ildir Azərbaycanda bu yöndə fəaliyyət göstərir. Bunun üçün toplantılar keçirir, səfərlər edir, görüşlər keçirərək öz fikirlərini yayır. Bu işləri az sayda Ocaqçılar öz ailələrinin boğazından kəsməklə həyata keçirirlər. Asif Atanın bir neçə kitabını, ayrı-ayrı Ocaqçıların da kitablarını 300-500 tirajla çap edirlər. Onu da deyək ki, Ocağın bütün işləri, çalışmaları üzdədir, heç bir gizli işi, əməli yoxdur. Yalnız 80-ci illərdə (Sovet dönəmində) Asif Ata gizli fəaliyyət göstərib: Milli düşüncələrinə görə o çağlarda sovet DTK-sı tərəfindən təqiblərə uğradığı üçün, başqa sözlə, milli düşüncələrinə yasaq qoyulduğu üçün. Ancaq Azərbaycan müstəqillik əldə edəndən sonra Asif Ata ölümünə qədər, Ocaq isə ondan da sonra açıq fəaliyyət göstərib.

Oktyabrın 6-da Ocağın Yükümlüsü Soylu Atalı Binəqədi rayonunun 297 saylı məktəbində gənclərlə görüş keçirib. Bu görüş, az qala 20 ilə yaxındır, Soylu Atalının çoxsaylı məktəblərdə (Azərbaycanın 40-a qədər rayonlarında, Bakıda, Sumqayıtda) keçirdiyi görüşlərdən biri idi. Görüşdə söhbət yuxarıda vuyrğuladığımız səpgidə keçirilmiş, satışda, kitabxanalarda olan ədəbiyyatlarımızdan da hədiyyə edilmişdir. Ancaq nədənsə 20 ildən sonra, Xəzər televiziyası birdən-birə süjet hazırlamış və topluma tamamilə yanlış bilgi verərək çaşqınlıq yaratmışdır. Guya biz orada Zərdüştçülük dinini təbliğ etmişik. Bir az da qabağa gedərək, Xəzər televiziyası hakim rolunda çıxış edib bizə 2 il iş oxumuşdur. Çox qəribədir, deyilmi? Birincisi, televiziya öz görəvini qanuni şəkildə yerinə yetirmir, necə gəldi danışır. İkinci, Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanununu pozaraq, qarşı tərəfə müraciət etməmiş, onun fikirlərini dinləyib yayımlamamışdır. Bir daha vurğu edirik, Zərdüştçülük Azərbaycanın qədim dəyəridir, bunu biz Azərbaycanın dəyəri olaraq da tanıyırıq. Ancaq onun təbliğçisi deyilik, Asif Atanın özünün ortaya qoyduğu Dünyabaxışı yaşadırıq”.

Soylu Atalı deyib ki, onlar, Asif Ata Ocağı olaraq, bu məsələ ilə ilgili, istənilən qurumu, fərdi, televiziyanı sağlam, qanuni əsaslarla polemik söhbətə dəvət edirlər: “Buyurun, toplumun qarşısında düşüncələrimizi bölüşək, istənilən məsələlərə aydınlıq gətirək. Siz də bizim “qanuni olmayan” işimizi bizə sübut edin. Xəzər televiziyasının bu süjetindən sonra Ocaqçılar hüquq-mühafizə orqanlarına çağırılımış, izahat alınmışdır. Öncə Binəqədi polis şöbəsinə, sonra isə Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə. Çağırarkən polislər araşdırma məqsədilə özləri ilə ayrı-ayrı Ocaq ədəbiyyatları da götürüb aparmışlar. Saytın iddia elədiyi kimi külli miqdarda ədəbiyyat müsadirə edilməyib. Onu deyə bilərik ki, adı çəkilən idarələrdə Ocaqçılara qarşı heç bir kobud davranış, sayğısızlıq olmamışdır. Biz də Ocaq olaraq, bu araşdırma işini anlayışla qarşılayaraq məsələni ictimailəşdirməmişik. Belə şeylərdən sui-istifadə edib özünə hansısa divident qazanmaq, Mənəviyyat Ocağı olaraq, bizə yaraşmaz. Ancaq görünür ki, bu məsələ kimlər üçünsə maraqlı imiş, ictimailəşdirməyə başlamışlar. Sputnik.az adlı sayt öncə rus, sonra azərbaycan dilində həqiqətə uyğun olmayan informasiyalar yaymışdır. Ocağı sekta adlandırır, guya bizim maliyyə qaynaqlarımız varmış, onu araşdırırlar. Deməliyik ki, Asif Atanın Ocağı milli-mənəvi-fəlsəfi dünyagörüşdür, sekta-filan deyil. Heç bir qıraq qüvvə ilə bağlılığımız-filan yoxdur, maliyyəmiz boğazımızdan kəsdiyimiz qəpiklərdir. Ona görə hər kəsdən xahiş edirik, topluma yalan informasiya verməyə çalışmayın. Asif Atada, Ocaqda zərərli bir şeyləri yalnız Azərbaycana qarşı olan qıraq qüvvələr uydura bilər.

Belə bir informasiya da gedib: Guya Ocaqçılar gizli söhbətlərini Asif Atanın yaratdığı əlifba ilə yazırlar. Bu, yalandır. Bilməyiniz gərəkdir: Asif Atanın sağlığında bu əlifba işlənilmirdi. Onun ölümündən sonra, öncələr Ocaqçı olmuş, vətənsevər bir filoloq Orxun-Yenisey əlifbasında xırda təkmilləşdirmələr eləməklə bu əlifbanı ortaya qoymuşdur. Bu əlifba babalarımızın yaratdığı türk dəyəridir. Biz, bütün dəyərlərimiz kimi, onun da yiyəsiyik. Bu əlifbada biz Ocaq kitablarını çap edirik – gələcək soylar üçün. Bu əlifbada yazılan bütün mətnlər latın qrafikalı azərbaycan əlifbasında da yazılıb. Bu informasiyanı yayanlar o zaman zəhmət çəkib gizli niyyətimiz nə imiş onu da ortaya çıxarsınlar.

Hər bir kütləvi-informasiya vasitəsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən dezinformasiyaya görə məsuliyyət daşıyır. Biz də informasiya vasitələrini, qanunlara hörmət etməyə, eləcə də, öz məsuliyyətini unutmamağa çağırırıq”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Xədicə qazamat həyatını bir çox başıpapaqlı kişilərdən ləyaqətlə başa vurub” – VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: