Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Xətaidəki bina qəsdən yandırılıb?

Bizimyol.info xəbər verir ki, bunu ötən ilin aprelində Xətai rayonunda 9-mərtəbəli yaşayış binasındakı yanğından ziyan çəkən sakinlərdən biri Pəri Məmmədova məhkəmədə ifadəsində deyib.

Həmin yanğın hadisəsi xeyli vaxtdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Hazırda məhkəmə prosesində zərərçəkmişlərin dindirilməsi mərhələsidir. Zərərçəkmişlər məhkəməyə gəlmək istəmirdilər. Məhkəmə onların barəsində xüsusi qərar çıxarıb, polis vasitəsilə məcburi şəkildə gətirdib.
Avqustun 23-də keçirilən məhkəmə iclasında zərərçəkmişlərdən daha 12 nəfəri dindirilib. Onların çoxu evlərinin təmir olunduğunu, kompensasiya aldıqlarını, bu hadisəyə görə təqsirləndirilən şəxsləri tanımadıqlarını və heç bir şikayətlərinin də olmadığını bildiriblər.
Amma narazı qalanlar da var. Məsələn, yanğınsöndürənlərdən şikayətlənən Pəri Məmmədova deyir ki, ziyan çəkməsinə baxmayaraq, ona heç bir kompensasiya ödənilməyib.
Başqa bir zərərçəkmiş Oqtay Vəliyev də ziyanın düzgün hesablanmadığını deyib. O, dəymiş ziyanın yenidən hesablanması üçün mütəxəssis dəvət olunması və ya təkrar ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb. Həmçinin ona 45 min 380 dollar ödənilməsi üçün məhkəməyə mülki iddia təqdim edib.
“Həmin ikiotaqlı ev oğlumun adınadır. Amma oğlum Dubayda yaşayır, orada ailəsi qalırdı. Həm gəlinim, həm də mən bu iş üzrə zərərçəkmiş kimi tanınmışıq. Gəlinimə ziyanı 40 min, mənə 28 min hesablayıblar. Özüm isə hesablamışam ki, 45 min 380 dollardır”, – zərərçəkmiş mülki iddiasını əsaslandırarkən deyib.
Təqsirləndirilən şəxslərin vəkilləri mülki iddianın icraata götürülməsinə etiraz edib.
“İkiotaqlı evə, hətta qızıldan kondisioner də qoysan, dəymiş ziyan o qədər böyük məbləğ eləmir”, – vəkil Fazil Nemətov bildirib.
Məhkəmə yenidən qiymətləndirmə üçün təkrar ekspertiza və ya mütəxəssis dəvət olunması barədə vəsatəti təmin etməyib. Mülki iddia isə qəbul olunub. Hakim bildirib ki, məhkəmə yekunda bu məsələyə münasibət bildirəcək.
Digər zərərçəkmiş Fəqumə Məmmədova yanğının səbəbilə bağlı maraqlı ifadə verib: “Dördkünc bir şey qoymuşdular, içi də zibillə dolu idi. Birini o biri binanın böyrünə qoymuşdular, birini də bizim binanın.  Yanğının səbəbi də o zibil oldu”.
Məhkəmə avqustun 30-da davam edəcək.
Xatırladaq ki, sözügedən yanğına görə 3 nəfər təqsirləndirilən şəxs qismində tanınıb – binanı poliuretan materialla üzləyən TNH şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərlik edən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov və direktorun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov. Onlara CM-in 225.2-ci (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələr doğuranda) maddələriylə ittiham olunurlar.
Adları çəkilən şəxslər məhkəmədə özlərini təqsirli bilmədiklərini deyiblər. Fərid Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, “Astoriya” MMC adlı inşaat şirkətinə başçılıq etdiyini və Bakıda bina tikintisi ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, TNH şirkətinin gerçək rəhbəri Məmməd Vəliyev yanğından dərhal sonra Azərbaycanı tərk edib.
Təqsirləndirilən Nüsrət Muxtarov iyulun 13-də Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında dünyasını dəyişib. Məhkəmə hüquqi varis kimi onun oğlunu tanıyıb və o, atasına bəraət hökmünün çıxarılmasını istəyir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Naxçıvanda saxlanılan Ermənistan vətəndaşı ölkəsinə qaytarıldı

%d bloqqer bunu bəyənir: