Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Vurğun Əyyub: “ Cəmiyyəti qan tökülməsinə, dövlətə və xalqına xəyanət edənlərin cəzalandırılmasına hazır deyildi”

24 saat.org saytı AXC iqtidarı zamanı Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri vəzifəsində çalışmış, hazırda Azərbaycanda Demokratiya və Rifah Hərəkatının sədr müavini olan Vurğun Əyyubla müsahibəni təqdim edir.

– Vurğun bəy, ADR Hərəkatının yaranmasından kifayət qədər zaman keçib. Bu qurum sizcə, özünü doğruldubmu?

– Bizim qarşımızda fəaliyyət proqramı var. Fəaliyyət proqramının bir istiqaməti də təşkilatlanma işidir. Biz bir il ərzində ölkənin 50-dən çox rayonunda təşkilat komitəsi yaratmışıq. Salyan, Suraxanı, Səbail və digər təşkilatlar artıq təsis konfranslarını keçiriblər. Başqa rayon təşkilatları da konfranslara hazırlaşır. İlin sonuna qədər biz bütün ölkəni əhatə edəcək bir təşkilat qurmaq niyyətindəyik.

– ADR Hərəkatı ictimai təşkilatdır, ancaq onun rəhbərliyində siyasi iddiası olan, vaxtı ilə digər partiyalarda rəhbər postlar tutan şəxslər təmsil olunur. ADR Hərəkatının siyasi perspektivi haqda nə demək olar?

– Bəli, biz ictimai təşkilatıq, amma bu o demək deyil ki, biz ölkədə baş verən siyasi proseslərə biganəyik. ADR Hərəkatı ölkədə baş verən bütün proseslərə münasibəti olan qurumdur və bunun məsuliyyətini də hər zaman deyirik. ADR Hərəkatının digər ictimai hərəkatlardan fərqi ondadır ki, bu ancaq rəhbər qurumdan ibarət deyil. Biz bir təşkilat olaraq hər rayonda özəyimiz olduğunu vacib sayırıq. Təşkilatın gələcək taleyini isə sözsüz ki, üzvlər müəyyən edəcək. Bunu ancaq bir qrup adam müəyyən edə bilməz. Hələ ki, ictimai təşkilat kimi fəaliyyət göstəririk və bu fəaliyyət indiki zamanda bizi qane edir.

– Yəni ADR Hərəkatının siyasi xarakterli quruma və ya partiyaya çevrilməsi istisna deyil?

– Belə bir fikirlər səslənir. Ancaq bir daha deyirəm ki, bu bir qrup adamın deyil, ümumilikdə hərəkat üzvlərinin verəcəyi qərar olacaq. Bu qərar siyasi partiyaya çevrilmək haqqında da ola bilər, ictimai təşkilat kimi qalmaqla bağlı da ola bilər. Bu qərarla kim razılaşacaqsa fəaliyyətini davam etdirəcək, kim razılaşmayacaqsa ona uğurlar arzu edəcəyik.

– Sizin özünüzün şəxsi yanaşmanız nədən ibarətdir?

– Doğrusu mən bu barədə fikirlərimi açıqlama istəmirəm. Bu başqalarının üzərində təzyiq mənası da daşıya bilər. Biz hələlik ADR Hərəkatını ictimai təşkilat olaraq görürük, ictimai çətir altında fəaliyyət bizim üçün daha əlverişlidir. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti üçün də, bu maraqlıdır. Amma mən deyə bilmərəm ki, 5 ay sonra nə olacaq, təşkilat üzvləri hansı qərar verəcək.

– Siz müxalif ictimai təşkilatsınız, yoxsa siyasi sistemdə partiyalarla münasibət sizin üçün eynidir?

– Biz əslində ölkədə gedən proseslərə münasibət bildiririk, Azərbaycan cəmiyyətinin düşdüyü bu böhrandan çıxarmaq üçün dəstəyimizi ifadə edirik. Burada təbii ki, siyasi, iqtisadi, təhsil, mədəniyyət məsələləri var. Biz gücümüz çatdığı qədər bu istiqamətdə işlər görməyə çalışırıq. Siyasi iddia deyəndə təbii ki, təşkilatda siyasi iddiası olan dostlarımız var. Ancaq bizim ictimai təşkilat kimi fəaliyyət göstərməyimiz onların siyasi iddialarının qarşısında sərhəd çəkmir.

– Sizin AXCP, Milli Şura və ya Müsavata münasibətiniz necədir?

-Əslində bizim heç kimlə konflikt yaratmaq niyyətimiz və istəyimiz yoxdur. Bəziləri bizi rəqib gözü ilə görür və bizimlə konfliktə girməyə çalışır. Bizdə mümkün qədər bundan qaçmağa çalışırıq. Onu da, qeyd edim ki, harada Azərbaycan xalqının və dövlətinin mənafeyinə uyğun məsələlər varsa, biz istənilən təşkilatla bir yerdə olmaq niyyətindəyik.
– Müsahibəmiz 4 iyun Gəncə qiyamının baş verdiyi günün 23-cü il dönümünə düşür. Siz vaxtı ilə qiyam nəticəsində devrilən AXC hakimiyyətində təmsil olunmusunuz. Qiyam haqda nə demək olar?
– Mən əslində bu məsələnin tarixçilər tərəfindən, lakin obyektiv araşdırılmasının tərəfdarıyam. Ancaq bir şeyə qəti əminəm. 1993-cü il, 4 iyun Gəncədə başladılan və hakimiyyət dəyişikliyinə səbəb olan əməliyyat Azərbaycanı demokratik inkişaf yolundan saxladı, bu prosesləri ləngitdi. Və bu gündə biz 4 iyun qiyamının acı nəticələrini həyatımızda yaşayırıq. Bu ləngimələr Azərbaycana başa gəldi. İndiki problemlərin bir çoxunun kökü həmin qiyama bağlıdır.

– Qiyam nəticəsində devrilən komanda hakimiyyəti təhvil verdiyinə görə, məsuliyyət daşıyırmı?

– Mən bilən məsuliyyət daşıyanlar məsuliyyətlərini bu və ya digər şəkildə etiraf ediblər. Ancaq bu məsuliyyətin etiraf edilməsi 4 iyun qiyamını törədən və ona dəstək verənləri məsuliyyətdən azad edə bilməz. Qiyama başlamaq və bu prosesə dəstək vermək Azərbaycan dövlətinə və xalqına xəyanət idi.

– Gəncədə başlayan hadisələrin qarşısını almaq olardımı?

– Bəli Gəncə qiyamının qarşısı alına bilərdi. Bunun üçün qan tökülməli idi, qiyamı hazırlayanlar, onu həyata keçirənlər və dəstək verənlər ciddi şəkildə cəzalandırılmalı idi.

– Bəs niyə qarşısı alınmadı?

– O zaman Azərbaycan Respublikasının qanuni yolla seçilən prezidenti, rəhmətlik Əbülfəz Elçibəy öz ölkəsinin vətəndaşının qanını tökmək niyyətində deyildi. Üstəlik də, Azərbaycan cəmiyyəti də həmin dövrdə buna hazır deyildi. Yəqin ki, zamanı gələndə bütün bu məsələlərə diqqət ayrılacaq.

24saat.org

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Azərbaycanın anti-Almaniya mövqeyi ölkəmizə nə vəd edir?

%d bloqqer bunu bəyənir: