Vurğun Əyyub: “Cəmiyyət onu qələbəyə çatdıracaq müxalif qüvvənin olduğuna inanmır”


24saat.org Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq sədri, Azərbaycanda Demokratiya və Rifah Hərəkatı sədrinin I müavini Vurğun Əyyubla müsahibəni təqdim edir.

Ölkədə son mitinqlər, referendum aktı və yaranan vəziyyəti necə qiymətləndirirsiniz?

– Biz ADR Hərəkatı olaraq referenduma mənfi münasibətimizi bildirmişik. Məsələ ondadır ki, hakimiyyət ölkədə demokratik institutların sıradan çıxarılması üçün uzun illərdir iş aparır. Bu iş öz nəticəsini artıq referendumda cəm formasında ortaya qoyacaq. Cəmiyyət içərisində hakimiyyətin apardığı siyasətdən narazı qüvvələr çoxdur, amma bu narazılığın aktiv ortaya çıxmasına mane olan bir neçə səbəb var. Bunlardan biri hakimiyyətin yaratdığı qorxu mühitidirsə, ikincisi cəmiyyət daxilində hakimiyyətin sivil yolla dəyişəcəyinə inamın olmamasıdır. Bu da, son nəticədə cəmiyyətin passiv olması barədə təsəvvür yaradır. Mən onu da, istisna etmirəm ki, cəmiyyətimiz onu qələbəyə çatdıracaq müxalif qüvvənin olduğuna inanmır. Bu inamsızlıq da, passivliyə səbəb olur. Müxalifəti passivlikdə qınamağın da əsası yoxdur. Müxalifət əlindən gələni edir. Yəni bacardığı bu qədərdir. Hakimiyyət cəmiyyətdə elə şərait yaradıb ki, müxalifətin bundan artığına gücü çatmır. Yəni bacardığını edir, amma cəmiyyətdən lazım olan dəstəyi ala bilmir. Məncə, müxalifət bu dəstəyi ala bilməmə səbəbləri haqda ciddi düşünməli, vəziyyətdən çıxış yollarını tapmalıdır.

Son mitinqlərdə müxalifət partiyaları arasında başlayan qarşıdurma, tənqid və ittihamlar haqda düşüncəniz nədən ibarətdir?

– Təbii ki, bu xoşagəlməz haldır. Amma mən hesab etmirəm ki, ölkənin siyasi həyatını iki müxtəlif siyasi qüvvə arasında olan yarış və ya intriqalar həll edir. Bunlar epizodik hallardır və əsas məsələ deyil. Sizi inandırıram ki, sabah AXCP ilə Müsavat birləşərək ortaya çıxsa belə, eyni vəziyyəti müşahidə edəcəyik. Bir sözlə, məsələnin kökü bu partiyalar arasında olan söz atışması və ya qarşıdurmalarda deyil… – Nədədir? – Kökü uzun illərdir aparılan ardıcıl və zorakı siyasətdə, siyasi qüvvələr arasında müxtəlif konfliktlərin salınmasında, müxalifət adına marginal qrupların pulla ələ alınmasıdır. Bütün bunlar əhalidə böyük inamsızlıq yaradıb.

Bundan sonrakı vəziyyəti, prosesi necə görürsünüz?

– Mən iqtisadçı dostlarımızın təhlil və proqnozlarını ardıcıl izləyirəm. Görünən odur ki, ölkədə vəziyyət getdikcə gərginləşəcək. Bu gərginləşmə sonda mənim arzu etmədiyim bir nəticəyə gətirib çıxara bilər. Ölkədə təşkil edilməyən, başıpozuqcasına etirazlar baş verə bilər. Bu isə yaxşı heç nə vəd etmir.

Sizin təşkilatın bu prosesdə rolu və yeri harda ola bilər?

– Əslində biz ictimai hərəkat olaraq fəaliyyətə başlamışıq. Bu müddətdə əsasən təşkilatlanmanı məqsəd kimi qarşıya qoymuşuq. Ancaq ölkənin siyasi həyatından kənarda deyilik. Baş verən istənilən ciddi siyasi və iqtisadi proseslə bağlı hərəkatın mövqeyini ifadə edirik. Keçirilən son mitinqlərdə ADR Hərəkatının üzvləri imkanları qədər iştirak ediblər və kimdənsə təşəkkür, dəvət gözləmədən iştirak ediblər. Lakin biz gücümüzdən artıq məsələlər haqda düşünmürük. Biz o zaman müstəqil qüvvə kimi ortaya çıxacağıq ki, buna bizim gücümüz olacaq. İndiki məqamda biz baş verənlərlə bağlı mövqeyimizi bildiririk, hakimiyyətin apardığı siyasətə alterativ proqram və təkliflərimizi cəmiyyətə açıqlayır, hakimiyyətə təqdim edirik.

Sizin sədriniz son bir ildə iki dəfə ABŞ-a, bir neçə dəfə Avropaya səfər edib. Belə iddia var ki, əslində sizin təmsil olunduğunuz hərəkat bir qərb proyektidir. Bu iddialarla bağlı izahatınız varmı?

– Mən, son 25 illik fəaliyyətimdə belə şərhləri çox eşitmişəm. ADR Hərəkatı ilk olaraq Azərbaycan təşkilatıdır və xalqımıza inanırıq. Bizim üzvlərimiz hansısa xarici ölkə vətəndaşları deyil. Təbii ki, hərəkatın sədrinin və digər rəhbər şəxslərin beynəlxalq aləmdə tanınması, verdiyi təkliflər və bildirdikləri mövqelər beynəlxalq təşkilatların diqqətindədir. Buna görə də, bizim beynəlxalq əlaqələrimiz güclüdür. Ancaq bu o demək deyil ki, biz öz fəaliyyətimizdə hansısa bir beynəlxalq təşkilatın xüsusi dəstəyinə arxalanırıq və ya onu nəzərə alaraq fəaliyyət göstəririk. Belə bir şey yoxdur və olması da mümkün deyil. Azərbaycanda yaranan və vaxt baxımından o qədər də böyük yaşı olmayan hərəkat rəhbərliyinin beynəlxalq aləmdə nüfuzu varsa, beynəlxalq təşkilatlar onların rəyi ilə hesablaşırsa, bununla ancaq fəxr etmək lazımdır. Üstəlik də Azərbaycan hakimiyyəti məncə, nəticə çıxarmalıdır ki, beynəlxalq aləmdə rəyi qəbul edilən bir təşkilata qarşı belə münasibət bəslənməməlidir. Əksinə, hərəkatın ortaya qoyduğu məhsuldan, yəni konsepsiya və təkliflərdən istifadə etmək lazımdır.

Ancaq çoxlarından fərqli olaraq hakimiyyətin sizin bəzi təklif və konsepsiyalarınıza isti münasibət göstərməsi də maraqlıdır…

– Bəli, Azərbaycan hakimiyyəti digərlərinə olan kəskin münasibətdən fərqli mövqe ifadə edib. Ancaq bu münasibət sözdən o yana keçmir. Məsələn, iqtisadiyyatla bağlı bizim təkliflərimizə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi səviyyəsində hörmətlə reaksiya oldu. Ancaq təəssüflər olsun ki, bu sözdən o yana keçmir. Yəni verilən təkliflərin qəbul edildiyini, öyrənildiyini və istifadə ediləcəyini söyləsələr də, real işdə bu görünmür. Bu o qənaəti yaradır ki, Azərbaycan hakimiyyəti islahatların həyata keçirilməsin də o qədər maraqlı deyil.

Hakimiyyət islahat istəmir, deməli problemlər gələcək?

– Artıq bu problemlər göz önündədir. Yəni artıq problemlər gəlib qapıya çatıb. Devalvasiya, vətəndaşların daha da kasıblaşması və s. Əslində hakimiyyətin atdığı addımlar islahat imitasiyası xarakteri daşıyıb. Bu islahatlar sistemli və aydın məqsədli olmadığından atılan addım özü ilə bərabər xeyli problemlər gətirir. Ölkədə istər idarəetmə, istərsə də, rüşvət və korrupsiya sahəsində, habelə maliyyə-bank sektorunda ciddi problemlər var. Ancaq hakimiyyətin bu problemləri aradan qaldırmaq üçün atdığı addımlar yetərli deyil. Bu addımlar fayda vermək əvəzinə, çox zaman zərər gətirir.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Gənc xanım SƏHİYYƏ NAZİRLİYİNİN qarşısında üsyan etdi – NAZİRLİK İŞÇİLƏRİ GÜLDÜ (Video)

%d bloqqer bunu bəyənir: