Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Vidadi Mirkamal: “Milli Şuranın mitinqləri 26 sentyabrdan sonra da davam edəcək”

24saat.org Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ədliyyə generalı Vidadi Mirkamalla müsahibəni təqdim edir.


Vidadi bəy, mitinqdən sonra yaranan ab-havanı necə qiymətləndirirsiniz?

– Burada iki yanaşma var. Bir var iqtidarın, bir də var mübariz insanların verdiyi qiymət. İqtidar yenə də öz ab-havasındadır. Hesab edirlər ki, Milli Şuranın xalqın içində nüfuzu və dayağı yoxdur. Onlar öz mövqelərində qalırlar. İstər Siyavuş Novruzov olsun, istərsə də Aydın Mirzazadə. Onlar mövqelərini belə ifadə ediblər. Amma əslinə qalanda 11 sentyabr mitinqi son illərdə müxalifətin keçirdiyi ən möhtəşəm və çox insanın iştirak etdiyi mitinqlərdən biridir. Hərçənd ki, bu say belə bizim məqsədimiz, ölkədə ab-havaya təsir etmək baxımından yetərli deyil. Lakin kifayət qədər insan toplaşmışdı və əhalidə kifayət qədər coşğu var idi. Coşğu o mənada var idi ki, insanlar hakimiyyətin yeritdiyi yarıtmaz idarəçiliyə, ədalətsizliyə etiraz edirdilər. Mitinqdə bu açıq-aydın hiss edilirdi.
İkincisi, sizdə bilirsiniz ki, neçə müddətdir ki, “Milli Şura yoxdur, Milli Şura dağılıb, onun üzvləri aradan çıxıb” kimi mövqelər var idi. Lakin 11 sentyabr mitinqi bu cür mövqelərə və düşüncələrə qarşı bir dərs oldu. Azərbaycanın müxtəlif rəngli, geyimli, biçimli müxalif qruplar mitinqdə təmsil olunub. Əsas məsələ odur ki, bizim daimi elektoratımızdan başqa, son mitinqdə xeyli sayda yeni simalar gördük. Eləcə də inanclı insanları aksiyada təmsil olunurdu. Hesab edirəm ki, sentyabrın 17-də olan mitinqin daha gurultulu olacaq. Çünki insanlar bu hakimiyyətin yeritdiyi siyasətdən birmənalı olaraq narazıdır.

Hakimiyyətin 17 sentyabr mitinqinə icazə verməmək ehtimalı varmı?

– Bu iqtidarın hakimiyyətdə olduğu dövrdə hər şey mümkündür. Mümkün olmayan bir şey də yoxdur. Amma hazırda elə bir əsas yoxdur ki, hakimiyyət 17 sentyabr mitinqindən imtina etsin. Yəni hüquqi və qanunu əsas ortada yoxdur. Lakin mümkündür ki, 17 sentyabra qədər hakimiyyət nəsə tapsın, desin. Lakin hüquq və qanun çərçivəsində növbəti mitinqə icazə verməmək üçün əsas mövcud deyil.

Müsavat Partiyası sentyabrın 18-də mitinq təyin edib və Milli Şuranın sentyabrın 17-nə mitinq təyin etməsini də tənqid edib. Bu vəziyyətlə bağlı sizdə mövqe necədir?

– Məncə, Müsavat Partiyasının tənqidləri üçün əsas yoxdur. Müsavat Partiyası özünün Divanında Milli Şuranın 11 sentyabr mitinqinə dəstək verib, aksiyada da müəyyən sayda müsavatçı iştirak edib. Sabah Milli Şuranın Koordinasiya Mərkəzində Müsavat Partiyasının 18 sentyabr mitinqi müzakirə ediləcək və biz də 18 sentyabr mitinqinə dəstək verəcəyik. Bu birmənalıdır. Ancaq qısqanclıq etmək ki, nəyə görə Milli Şura mitinqini sentyabrın 17-nə salıb yanaşması anlaşılmazdır. Əvvəla, nəzərə almaq lazımdır ki, ölkə boyu narazı insanlar çoxdur və onlar ayaq üstədirlər. Başqa sözlə, bu insanlar sentyabrın 17-də və onun səhəri günü keçiriləcək Müsavatın mitinqinə də gələcəklər. Onu demək istəyirəm ki, insanlar həm də mitinqin kim tərəfindən təyin edilməsinə xüsusi əhəmiyyət verirlər. Onlar hansı qüvvəyə inanırsa, hansı qüvvənin sona qədər mübarizə aparacağına inanırsa, həmin qüvvənin arxasınca gedirlər. Odur ki, belə məsələlərdə qısqanclığa ehtiyac yoxdur. Şəxsən mən istərdim ki, Müsavat Partiyasının sentyabrın 18-nə təyin etdiyi mitinq 11 sentyabr mitinqindən daha əzəmətli, daha mütəşəkkil olsun. Bu əslində Azərbaycan xalqının və müxalifətin xeyrinədir. Bunun əvəzinə mitinqlərin tarixini ucuzlaşdırmaq, cılızlaşdırmaq və kiçik hisslərlə müzakirəyə çıxarmaq nə Müsavatın səviyyəsinə, nə də demokratik prosesə başucalığı gətirmir. Çünki bu halda Müsavat tərəfindən bir söz yazılanda, AXCP-dən buna cavab verirlər, hakimiyyət adamları belə situasiyalarda ortaya çıxaraq suyu bulandırır və s. Odur ki, mən belə ziyanlı müzakirələrin əleyhinəyəm. Arzu edirəm ki, həm sentyabrın 17-də, həm də 18-də möhtəşəm mitinqlər alınsın.

Aydındır ki, bu mitinqlər sentyabrın 26-da keçirilən referendumla bağlıdır. Sentyabrın 26-dan sonrakı dövrdə mitinqlər dayanacaq və tərəflər əvvəlki vəziyyətinə qayıdacaq?

– Bu proses ancaq referenduma görə deyil ki. Əksinə, burada söhbət siyasi prosesdən gedir. Bəyəm referendumdan sonra hakimiyyətin idarəetmədəki nöqsanları, ədalətsizlik aradan qalxacaq? Nə qədər ki, bu hakimiyyət insanların xeyrinə işləmir, nə qədər ki, harın məmurlar vətəndaşların hiss və əsəbləri ilə oynayır, ölkədə iqtisadi böhran müşahidə edilir, insanların əmək haqları azalır, yaşamaq çətinləşir, korrupsiya və rüşvət var. Bu hallar olduqca Milli Şuranın mitinqləri davam edəcək.

Müxalifətin son mitinqlərində adətən 2 minə qədər insan iştirak edirdi. 11 sentyabr mitinqində isə müşahidələrə görə 8 min insan iştirak edib. Bu hakimiyyət üçün hansısa siqnal ola bilər?

– Əvvəla qeyd edim ki, bizim müşahidələrimizə görə, son mitinqdə 12-15 min insan iştirak edib. Konkret suala gəldikdə deyim ki, hakimiyyətə uzun illərdir çağırışlar edirik, nöqsanları göstəririk. Üstəlik beynəlxalq çağırışlar olur, hətta sanksiyaların tətbiq edilə biləcəyi mesajı verilir. Həmçinin Avropa Məhkəməsində çoxsaylı qərarlar olub. Bəyəm, bütün bunlar hakimiyyətə siqnal deyilmi? Başqa sözlə, mitinq öz yerində, amma görünən budur ki, hakimiyyətə ciddi təzyiqlər var. Əgər normal düşünsələr və Azərbaycanı düzəltmək niyyətində olsalar bütün bu çağırışlar ciddi əsaslardır. Biz nə deyirik ki? Deyirik ki, ölkəni ədalətli idarə edin, vətəndaş normal yaşaya bilsin, azadlıq olsun, korrupsiya və rüşvəti dayandırın, repressiyaları aradan qaldırın və s. Biz ən elementar şeylərin ədalətli olmasını istəyirik. Əgər hakimiyyətin bu problemləri düzəltmək niyyəti olsa, zənnimcə, bunu edərdi. Istəsələr indi də edərlər. Ancaq biz bunun əksini görürük.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Azərbaycan “SİL” dedi, “Google” sildi!

%d bloqqer bunu bəyənir: