Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
mekteb

Valideyn: “Bizə tapşırıblar məktəbdə pul yığımı hadqa heç kimə deməyin”

BBC Azərbaycancanın araşdırması zamanı bir sıra məktəblərdə Beynəlxalq Müəllimlər Günü də daxil olmaqla bir sıra bayramlarda, o cümlədən “fond pulu” və digər adlarla yığımların hələ də davam etdiyi aşkar olunub.

Əlaqə saxlanılan 20-dən çox valideyn pul yığımından gileylənsə də əksəriyyəti müsahibə verməkdən imtina etdi: onlar “bizə tapşırılıb ki, heç kimə deyilməsin” deyərək “müəllimlərin uşaqlarına psixoloji təzyiq göstərməsindən” və “xəbərçi” adlandırılmasından ehtiyatlanır.
Məktəblərdə pul yığımlarının davam etməsini ekspertlər əsasən müəllimlərin iqtisadi durumunun aşağı olması ilə əlaqələndirir və əlavə edirlər ki, “valideyn və ictimaiyyət dirəniş göstərməyənə qədər bu proses davam edəcək”.
Təhsil Nazirliyi isə BBC Azərbaycancanın məsələ ilə bağlı sorğusunun “araşdırılmasına vaxt lazımdır” deyərək “səbirli olmağa” çağırır.
“Xəbərçi”
Sona Yaqubovanın övladı bu il 5-ci sinfə növbəti, son 4 il ərzində dəyişdiyi sayca üçüncü məktəbdə gedir. Ana deyir ki, bundan əvvəlki iki məktəbi dəyişməsinə əsas səbəb təhsil ocağındakı “pul yığımları” olub.
Onun sözlərinə görə, oğlunun bundan əvvəl oxuduğu 20 saylı məktəbdə sinifin təmizlənməsi üçün hər ay 3 manat, uşaqların təhlükəsizliyinin qorunması üçün isə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasına 5 manatdan pul yığılırdı.

Xanım Yaqubova deyir ki, valideyn iclasında pul yığımlarına qatılmaqdan imtina etdiyinə görə övladına qarşı “düşmən mövqeyi” sərgilənib.
O əlavə edir ki, dərsdə müəllimlər övladına “həddindən artıq psixoloji təzyiq” göstərərk ondan “dərs soruşmur və məşğul olmurdu”, sinifdə olan digər valideynlər isə “o xəbərçidir” deyib öz uşaqlarını onun övladı ilə oynamasına “icazə vermirmiş”.
“Uşağıma deyirdilər ki, hə, get bunu da de anana, get bunu da de anana. Mən deyirəm ki, sən uşaqdan pul istəyirsən o da gəlib məndən istəyir. O nəyin xəbərçiliyini edir ki? Evdən pul oğurlayıb gətirməlidir sənin üçün”, sual edən ana “valideynlər pul vernəkdən razı idilər və fikirləşirdilər ki, elə belə də olmalıdır” deyir.
Ana əlavə edir ki, övladı təhsil ocağını dəyişmək üçün 20 saylı məktəbdən qiymət cədvəlini alanda “bütün qiymətlərinin 3-4” olmasını görüncə “şok olub”.
“Mənim uşağımı tanıyanlar bilir ki, oğlum vunderkinddir, çox bilgili və mütaliəlidir. İndi yeni məktəbdə müəllimləri də görür ki, mənim uşağım 5-in üzərində bilir”, xanım Yaqubova bir aydır qatıldığı yeni, 7 saylı məktəbdə “hələ ki, pul yığan olmayıb” deyir.
Dediyinə görə vəziyyətlə bağlı 20 saylı məktəbin direktor müavininə müraciət etsə də nəticə olmayıb: “O məktəbdə heç kim heç kimin ərizəsinin üstünü oxumur.”
“Başınızı ağrıtmayın”
“Bizə tapşırıblar ki, heç kimə deməyin”, övladı Binəqədi rayonunda yerləşən 248 saylı məktəbin ibtidai sinfində oxuyan və adının açıqlanmasını istəməyən valideyn pul yığımları ilə bağlı suala belə cavab verir və cəld addımlarla uzaqlaşır.
Qarşıdan gələn iki qadına verilən “Sizin övladınızın oxuduğu sinifdə müəllimlər günündə pul yığıldı”sualına biri müsbət, digəri isə mənfi cavab verir və bir-birinə baxıb təbəssüm edir.
“Müəllimlər günündə 30 manatdan pul yığılırdı. Mənim imkanım çatmadı, az verdim” deyə valideynlərdən biri etiraf edir və əlavə edir ki, pulu “müəllimə istəyirdi”.
“Pul verməyən uşaqlara qarşı fərqli münasibət var. Yaxşı davranmırlar, qiymətini aşağı salırlar.”

Eyni sualla yaxınlaşdığım, məktəb qarşısına toplaşan digər valideyn qrupu “ən yaxşı məktəb buradır, müəllimlər günündə icazə verilmir və pul yığılmır” deyə əminliklə cavab verirlər.
Fond pulunun yığılması haqda sualla müraciət etdiyim digər 3 valideyndən biri “bir dənə məktəb göstərin ki, orda fond pulu yığılmır” deyə suala cavab verir.
Pulun məbləği ilə bağlı detallı suallar verəndə isə valideynlərdən biri “mən gedirəm, mənim uşağım təkdir”, digəri isə “mənimkilər də evdə çörək gözləyir” deyib gülüşərək uzaqlaşırlar.
Yerdə qalan xanım “özünüz bilirsiniz də, məncə başınızı ağrıtmayın” deyərək suallara cavab verməkdən imtina edir.
Məktəbin tərbiyə işləri üzrə müavini Saleh Quliyev deyir ki, pul yığımlarının qarşısı alınması üçün direktor “əvvəlcədən tədbir görüb”. Onun bildirdiyinə görə, ötən şənbə günü keçirilən valideyn iclasında o bəyan edib ki, “kimsə kiminsə adından pul istəyər sizdən, yalandır, verməyin”.
“Əvvəllər deyilirdi ki, həmin müəllim cəzalandırılacaq. Sonradan deyilirdi ki, lazımi ölçü götürüləcək. Mikayıl müəllim [Təhsil naziri Mikayıl Cabbarov] deyir ki, pulu yığan adam konkret işdən çıxarılacaq. Gətirin o valideyni göstərsin o müəllimi”, cənab Quliyev “bəlkə də valideyn komitəsindən kənarda kimsə yığıb pul verib” deyə ehtimal edir və belə hallardan “xəbərim yoxdur” deyir.
“Həftəlik bazarlıq pulu”
Fatmayi kənd orta məktəbi qarşısında qarşılaşdığım valideyn müəllimlər günündə “bir həftəlik bazarlıq pulumdur” deyib, məbləği açıqlamasa da pul verməsini etiraf edir.
Kəndin digər sakini isə ibtidai sinif uşaqlarından birinin etdiyi zarafatı sitat gətirir: “Bir dənə uşaq var, 10 yaşı var. Burdan məktəbin müdiri gedəndə deyir ki, odur ey, … müəllim getdi. Deyir, 2 manatdan yığdı telefon aldı, indi də 20 manatdan yığır televizor alacaq.”
Onun sözlərinə görə, pulu “direktor özü deyil, sinif rəhbəri yığır”.
“Sovetdən qalmış”
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdova bu halları “sovet dönəmindən qalmış mənfi stereotip” adlandırır və prosesdə “valideynləri günahlandırır”.
Onun fikrinə görə, görülən sərt tədbirlərə baxmayaraq pul yığımlarının davam etməsi “valideynlər arasında həmrəyliyin olmaması nəticəsində” baş verir.
“Türkiyədə olsa bütün valideynlər ayağa qalxar o müəllimə qarşı, amma bizdə nə baş verir? Əksinə, o valideyni qınayırlar və deyirlər ki, bir yerdən tapıb gətirərdin də ya da bir kilo ətin puludur, onu yemə nə olar. Axı sən bir kilo ətin pulundan da çox istəyirsən”, birlik sədri əlavə edir.
Məlahət Mürşüdova qeyd edir ki, bu cür hallarla bağlı birliyə müraciət edənlər var, “amma kütləvi halda deyil”.
“Keçən il ərzində 8 müraciət olmuşdu. Hövsanda, Suraxanı, Binəqədi, Nəsimi rayonundan” //BBC Azərbaycanca

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Fəhlə tikdi, prezident açdı. Əməkhaqqı isə yoxdur – VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: