Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Umar Abu Mücahid”in məhkəməsində: ”Biz Allahın quluyuq, siz kimsiniz?”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət quruluşu əleyhinə fəaliyyət göstərməkdə, dini düşmənçilik yaratmaqda, qəsdən adam öldürməkdə, oğurluq, quldurluq və terrorçuluqda ittiham olunan “Umar Abu Mücahid” ləqəbli Nurədddin Xəlilovun və onun rəhbərlik etdiyi 17 nəfərlik radikal dini dəstənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib.
Məhkəmə heyəti zala daxil olarkən təqsirləndirilən şəxslər hakimlərə etirazlarını bildiriblər. Onlar Allahın hökmündən başqa heç kəsə tabe olmadıqlarını deyiblər: “Bizi məcburi halda özünüzdən asılı edə bilməzsiz. Biz yalnız Allahın quluyuq, siz kimsiniz?”

Prosesdə şahid qismində Xətai rayonu ərazisində mühafizəçi işləmiş Bürhan Hacıyev dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiq edib. İfadəsində işlədiyi obyektin yaxınlığındakı mağazaya basqın olunduğunu göstərib: “Pəncərəni sındırmışdılar. Dərhal hüquq-mühafizə orqanlarına məlumat verdim. Mağazanın sahibinə də xəng vurub dedim”.

Məhkəmədə hal şahidi qismində Sərdar Quliyev ifadə verib. O, ifadəsində təqsirləndirilənlərin evində axtarış aparılan zaman orda olduğunu, çox sayda silah sursat aşkarlandığını deyib.

Daha sonra Sumqayıt Polis İdarəsinin əməkdaşları Xankərim Həşimov və Sahib Gülmirzəyev ifadə verib. Onlar təqsirləndirilən şəxslərin evlərində axtarış apardıqlarını bildiriblər: “Məhkəmənin qərarı ilə evlərində axtarış aparılmalı idı. Axtarış apardıq. Çoxlu sayda silah-sursat, dini kitablar aşkarladıq. Bunların hamısını protokollaşdırdıq. Hal şahidləri və təqsirləndirilənlərin aile üzvləri də buna şahid oldular”.

Proses aprelin 25-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ilk gündən ifadə verməkdən imtina ediblər. Onlar ittihamlarla razılaşmır, məhkəməni qəbul etmir, yalnız Allah qarşısında mühakimə oluna biləcəklərini deyirlər.

DİN-in məlumatına görə, 24 noyabr 2014-cü ildə Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə odlu silahla qətlə yetirilmiş meyiti tapılıb və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun zəngin adam olması barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan, əvvəllər məhkum edilən Nurəddin Xəlilova, Müşfıq Mikayılova, Rəşad Həşimliyə və Əhməd Kərimova məlumat verib. Onlar Vahid Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul və qızıl-zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa gəliblər.

Qeyd olunan tarixdə dəstə üzvləri oğurladıqları avtomobillə Qəbələ şəhərinə gediblər. Səhər saat 4 radələrində üzlərinə maska taxıb quldurcasına Vahid Vahabovun yaşadığı mənzilə soxularaq, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən 4 qumbara, “Vinçester” markalı tüfəng, “Revolver” tipli tapança, 40-dan çox müxtəlif çaplı patron, 25 qr heroin, qanunla yayılması qadağan edilmiş 21 ədəd dini ədəbiyyat, 1 internet modemi, 1 balta, 1 çapacaq, maska kimi istifadə olunan 1 idman papağı, kustar üsulla hazırlanmış dəmir borular, tapança və soyuq silah qismində istifadəsi nəzərdə tutulan digər əşyalar götürülüb.

Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, dəstə üzvlərinin 18 mart 2014-cü ildə və 18 iyul 2014-cü ildə Bakı şəhər sakinləri Gündüz Cəfərovun və Məcnun Dünyamalıyevin evlərinə quldurluq yolu ilə basqın edərək, ümumilikdə 6400 manat pul, xeyli miqdarda qızıl-zinət və məişət əşyaları aparmaları, avqustun 18-də Xəyal Əhmədova və Hilal Bicanova bıçaqla ağır xəsarət yetirmələri, yanvarın 31-də və fevralın 14-də Sumqayıt şəhər sakinləri Bayram Əliyevə və Tahir Cəbrayılzadəyə məxsus “VAZ-2106” markalı avtomobilləri qaçırmaları, fevralın 16-da isə Ağdaş şəhərində yaşayan Niyazi Əzizovun mənzilindən qızıl, geyim və məişət əşyaları, habelə 1 ov tüfəngi oğurladıqları müəyyən edilib.

Araşdırmalar zamanı dəstə üzvlərinin şəxsiyyətlərini təsdiqləyən rəsmi sənədləri bilərəkdən məhv etmələri də məlum olub. Mütəşəkkil dəstənin 18 üzvü həbs edilib.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Aralıq dənizində faciə – Gəmilər batdı, 400 qaçqın öldü

%d bloqqer bunu bəyənir: