Loading...
Loading...

Ukrayna Azərbaycana arxadan zərbə vurdu…

Dünyada bir-birinə eynilə bənzəyən iki adam yoxdur. Bu danılmaz həqiqəti şübhə altına almaq kimin ağlına gələr? Lakin dünyada kifayət qədər nəzəriyyəçilər tapılıb ki, başqa danılmaz həqiqəti-dünyada bir-birinə eynilə bənzəyən iki dövlətin olmadığını şübhə altına alsın. Hərdən  eyni quruluşu bir çox dövlətlərə tətbiq edən,  tarixi baxımdan qorxunc olan sosial-siyasi ekserimentlərin  müəllifləri də bununla razılaşır ki, dünyada bir-birinin eyni olan iki dövlət mövcud deyil.

Dövləti və onunla birlikdə suveren hüquq düzəni institutunu, eyni zamanda dövlətlə vətəndaş arasında qarşılıqlı münasibətlər sistemini kim yaradır? Əlbətdə ki, xalq. Özü də tarixi ənənələri və cəmiyyətin özünəməxsusluğunu nəzərə almaqla. Əgər dövlət xalqın iradəsindən kənar yaranırsa və bir sosial qrup tərəfindən uzurpasiya olunursa bu ölkədə inqilab baş verir. Əgər yüz il əvvəl “inqilab” adlanan qeyri-təbii xüsusiyyətlərə malik siyasi hal Rusiya ilə assosiasiya olunurdusa 15 il ərzində bir ölkədə 3 inqilab baş verdiyini fikirləşəndə bizim əsrin siyasi kataklizmlər ölkəsi Ukraynadır. “Belovejsk razılaşması”ından bu yana ölkənin tarixində üç inqilab baş verib!

Biz bu gün Maydan hadisələri və xüsusən də Ukrayna siyasi postmodernizminin ontologiyası haqda geniş müzakirə açmaq niyyətində deyilik. Və diqqəti ancaq “21-ci əsrin Maydanı” adlı sosial eksperimentin müəlliflərinin bu formasiyanı, daha sadə desək permanent Ukrayna inqilabını MDB-nin digər ölkələrinə yaymaq üçün göstərdiyi saysız-hesabsız cəhdlərə yönəltmək istəyirik. “İdarəolunan xaos” adlı alətin və İnqilabçı Beynəlmiləlin-Narıncı Beynəlmiləlin yeni formalarının köməyi ilə müəyyən edilmiş hansısa məkanı idarə etmək olduqca rahatdır. İnanın ki, liberal inqilabın müəllifləri yeni heç nə fikirləşməyiblər. İnqilabi mübarizə metodları baxımından başdan ayağa trotskiçilikdir. Axı permanent inqilab nəzəriyyəsi ucqar və zəif inkişaf etmiş ölkələr üçün nəzərdə tutulub. Və Ukrayna, Azərbaycan Qərb üçün məhz belə ölkələrdir.

Lakin Qərb yeni meydana çıxmış bu permanent inqilabın lokomotivi olaraq məhz Ukraynanı seçdi. Neoliberal trotskiçiliyin başqa daşıyıcısı Mixail Saakaşvilinin diliyə Qərb sonuncu Ukrayna inqilabını geosiyasi inqilab elan etdi. Avrasiya şərti olaraq iki hissəyə bölündü-yeni geosiyasi inqilabın modelini qəbul edən ölkələrə və özünəxas inkişaf yolunu seçən ölkələrə.

Ancaq biz məqaləmizin əsas postulatına qayıdırıq. Dövlətin rəisi, ağası kimdir? Qərb, yoxsa xalq? Həm geosiyasi inqilabın ardıclıları, həm əleydarları bir ağızdan təsdiq edirlər ki, xalqdır. Lakin Qərb hesab edir ki, özünəxas postsovet ölkələrində xalqın dövlət formalaşdırmaq hüququ, eləcə də xalqın inqilab etmək haqqı avtoritar hakim elitalar tərəfindən qəsb olunub. Yeganə xilas yolu sivil dünyanın xalqların inqilab etmək hüququnu özünə qaytarmaq üçün bu ölkələrin işlərinə qarışmasıdır. Məhz permanent inqilab idarəolunan xaos rejiminin dəstəklənməsi üçün imkanlar açır. Ukraynada, tutaq ki, lap Misirdə olduğu kimi. Bu ölkələr geosiyasi eksperimentlərin sərhədlərinin genişləndirilməsi üçün platsdarm kimi seçilir.

Bütün bu illər ərzində Azərbaycan bütün imkanlarından istifadə edib ki, həmin sərhədlərin daxilinə düşməsin. Və permanent inqilabın lokomotvi kimi Qərbin Azərbaycanı xalqın öz dövlətini formalaşdırmaq və ya inqilab etmək hüququnu əlindən almaqda ittiham etməsi kifayət qədər mürəkkəbdir.

Azərbaycan Yanukoviç erasının Ukraynası deyil, heç Mərkəzi Asiya diktaturası da deyil. Ən radikal müxalifət Bakının mərkəzində mitinqlər keçirir və elə həmin müxalifət özünün KİV-lərində hakimiyyəti tənqid etmək üçün hüdudsuz imkanlardan istifadə edir. Bax bu sizə toplaşmaq azadlıqları, bu da söz azadlığı. Təəsüf ki, Əli Kərimlinin və ya Cəmil Həsənlinin qismində radikal müxalifətin mitinqlərinin 3-4 mindən çox tərəfdar toplamamasının, KİV-lərinin isə miskin aztirajlı nəşrlərdən o yana keçməməsinin günahkarı hakimiyyət deyil.

Bəyəm Azərbaycan hakimiyyəti günahkardır ki, Qərbdə əzabkeş obrazı partlayana qədər şişirdilən müxalifətçi İlqar Məmmədov öz xalqına bu qədər yaddır? Və Azərbaycanda xalqın inqilab haqqı da var. Xalqın özü bu hüququ tanıyırmı?-məsələ bundadır. Lakin indi biz diqqəti azərbaycan xalqının öz iradəsini ifadə etməsi məsələsinə yönəltmək niyyətində deyilik.

Bizi Narıncı Beynəlmiləlin daşıyıcılarının xalqın öz iradəsini ifadə etmə haqqını təhrif etmək cəhdləri hiddətləndirir. Avropanın parlament paytaxtının mərkəzində Narıncı Beynəlmiləlçilərin bir qrupu AŞPA binası qarşısına çıxıb və Azərbaycanı qınayan, İlqar Məmmədovun azadlığına çağıran şüarlarla çıxış edib.

Məsələ İlqar Məmmədovda və onun azadlığına çağıran şüarlarda deyil; məsələ Azərbaycana qarşı ardı-arası kəsilməyən hücumlardadır. Budur sizə universal insan haqları dəyərlərinin təhrif olunmasının təzə nümunəsi: sözün hərfi mənasında bu günlərdə Avropa Məhkəməsi Odessa qubernatoru Mixail Saakaşvilinin yaxın tərəfdaşı, Gürcüstanın keçmiş baş naziri Vano Merabişvilini siyasi məhbus elan etdi. Sual olunur, Ukrayna elitasının nümayəndələri, Ukrayna qəhrəmanı Nadejda Savçenko və deputat Mustafa Cəmilov niyə “Merabişviliyə azadlıq” şüarı ilə AŞPA-nın qarşısına çıxmır?

Əksinə, Ukrayna hakim elitasının nümayəndələri, prezident Pyotr Poroşenkonun yaxın ətrafındakı inanılmış adamları azərbaycanlı siyasi mariginallar və sosial tullantılarla bir arada peyda olur, bu ağcaqanad sürüsü ilə birlikdə antohökumət şüarları qaldırır! Sual olunur, bu mövqe Savçenkonun öz ağlının məhsuludur (bu yaxınlarda o, ukraynalı jurnalistləri “it” adlandırmışdı, daha sonra özünün prezidentlik ambisiyalarını açıqlamışdı), yoxsa Ukrayna hökumətinin?

Məlum geosiyasi qarşıdurmalara və Azərbaycan dövlətinin təhlükəsizliyinə yönəlmiş təhdidlərə baxmayaraq Azərbaycan hökuməti Ukraynaya münasibətdə dostluq öhdəliklərini pozmadı. Böyük çaxnaşmalar və siyasi çağırışlar dövründə Azərbaycan Ukraynanı satmadı. Əksinə,dövlətlər arasında siyasətin iki patriarxları Heydər Əliyev və Leonid Kuçmanın yaratdığı müttəfiqlik oxu mühüm geosiyasi ittifaqların formalaşması üçün möhkəm əsasa çevrildi. Ancaq bu gün biz GUAM-ın rolu üzərində dayanmaq istəmirik.

Ukraynadan və onun İnqilabçı Beynəlmiləlindən fərqli olaraq Azərbaycan özünün başqalarının daxili işlərinə qarışmamaq konsepsiyasından çıxış edərək Ukrayna xalqının haqlarına heç vaxt müdaxilə etməyib və bu ölkənin daxili işlərinə heç vaxt qarışmayıb. Xalqın seçimi-ən yüksək dəyərdir. Ən yüksək dəyərə kim əl qaldıra bilər? Bir dəfə, hakimiyyətinin lap təzə vaxtlarında narıncı inqilabın lideri, prezident Viktor Yuşşenko yüksək dəyərə-Azərbaycanda xalqın öz iradəsini ifadə etməsinə əl qaldırmağa cəhd elədi.

2005-ci ildə permanent narıncı inqilabın qızğın çağlarında Bakıya Ukraynanın “Pora” (“Vaxtdır”) inqilabçı partiyasının emissarları soxuldu. 2005-ci ilin parlament seçkiləri ərəfəsində Ukrayna inqilabının əsgərləri siyasi quruluşu çalxalamağa cəhd edərək Azərbaycanda inqilabi situasiya modelləşdirməyə, buradakı kəmsavad siyasi tullantıları saray çevrilişinə ruhlandırmağa (elitaların dəyişməsi heç də siyasi quruluşların dəyişməsi deyil!) cəhd etdi.

Nəticədə xüsusi xidmət orqanları çağırılmamış ukraynalı qonaqları deportasiya etdi. Faktiki olaraq Ukrayna-Azərbaycan münasibətlərinin bütün tarixi boyu münasibətlərdə ilk dərin çat yarandı.

Ancaq sonra V.Yuşşenko səhvini başa düşdü, Azərbaycanda inqilab qızışdırmaq cəhdində yanıldığını anladı. Və Ukrayna hakimiyyəti Azərbaycana dostluq əlini uzatdı. Yuşşenko Bakıya, dövlət çevrilişinin əvəzinə dövlət səfərinə gəldi və İlham Əliyevin siyasi istedadı, uzaqgörənliyi haqda dəfələrlə danışdı.

Özünün yeni seçim haqqından istifadə edən Ukrayna xalqı tezliklə birinci inqilabın nailiyyətlərindən imtina etdi, uğursuz prezident Yuşşenkonu yola saldı və səsini yeni prezidentə-Viktor Yanukoviçə verdi. Liberal dünya yeni hakimiyyətin irticaçı qüvvələrin kökünü kəsməyə yönələn qisasçı səylərini qınadı. Lakin Azərbaycan uydurma epitetləri bir kənara qoyaraq münasibətləri siyasi qüvvələrlə deyil, dayanıqlı hakimiyyətlə qurdu. Xalqın möhkəm iradəsi ilə seçilmiş hakimiyyətlə.

Hətta bütün ənənəvi məqbul sistemlərə qarşı çağırış kimi baş vermiş geosiyasi inqilab da Ukrayna-Azərbaycan münasibətlərinə kölgə salmadı. Daxili qayğılarından başını itirmiş və separatizm qılıncı ilə bölünmüş, xarici müdaxilə altında inildəyən Ukrayna Azərbaycandan hərtərəfli dəstək aldı. Məhz rəsmi Bakı BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünə qarşı təhlükəni qınadı.

Amma elə həmin vaxt başabəla Ermənistan, odioz Eritreya, Sudan və Çaves Venesuelası ilə birgə, Ukraynanın ərazi bütövlüyünə qarşı çıxdı, nəinki Krımı, hətta Donbası da böyük rus ictimai-siyasi mədəniyyətinin bir parçası kimi tanıdı. Bu zaman Ukrayna hökuməti daxili işlər naziri Arsen Avakov və Ukrayna erməniləri İttifaqının başçısı Vilen Şatvoryan kimi anti-Azərbaycan və anti-türk “xalq komissarları”nın rolunun gücləndirilməsi üçün əlindən gələni edirdi.

Avakov açıq şəkildə Ukraynanı “erməni soyqırımı”nı tanımağa çağırırdı. Və Ukrayna Azərbaycanla ayrılıq yolunda ilk addımı atdı. Axı Maydan komissarı Avakov hakimiyyətə gəldiyi ilk gündən ənənəvi Ukrayna-Azərbaycan oxunu yonmağa başlamışdı. Yadınıza gəlirsə, Yanukoviçin qaçışından dərhal sonra Avakov bildirmişdi ki, qaçqın prezident yəqin  Azərbaycanda özünə sığınacaq tapıb. Bəs azərbaycanlı ictimai xadimlərin Ukraynanın polis kabinetlərinə aparıb çıxaran qan izləri?

Ukrayna və Poroşenko-Avakov partiyası Azərbaycana dövlətlərarası münasibətlərini dondurmaqdan başqa yol qoymadı. Elə görünürdü ki, son Davos forumunda prezident İ.Əliyevlə P.Poroşenkonun uğurlu dialoqu iki ölkənin əlaqələrində yeni çıxış nöqtəsi olacaq.

Belə görünürdü ki, Poroşenko barışıq istiqamətində addım atıb və iki ölkənin qarşılıqlı münasibətlərinin yeni üfüqlərini açmaq niyyətindədir. Görünürdü… Yüksək rütbəli Ukrayna məmurlarının bütün hərəkətləri və çıxışları ən bariz şəkildə onu deyirdi ki, Azərbaycanla münasibətlər istiləşir və hətta strateji müttəfiqlik səviyyəsinə qədər yüksələ bilər. Axı Davosdakı görüşdən sonra Bakıya Poroşenko administrasiyasının rəhbəri Boris Lojkin və onun ardınca baş nazirin müavini Gennadi Zubko gəlmişdilər, Bakıda Pyotr Poroşenkonun Azərbaycana ilk rəsmi səfərinə və daha öncə fəaliyyəti dayandırılmış Ukrayna-Azərbaycan hökumətlərarası komissiyasının fəaliyyətinin bərpasına fəal hazırlıq gedirdi… Planlar, layihələr, böyük ümidlər çox idi. Strateji ittifaqın və tərəfdaşlığın bərpasına yönəlmiş qardaşyana bəyanatlar verilirdi!…

Və yenə – arxadan zərbə! Ukrayna Qəhrəmanı və Ukrayna prezidentinin səlahiyyətli nümayəndəsi AŞPA iqamətgahında Azərbaycana qarşı demarş təşkil edir, rəsmi Bakını repressiyaların aparılmasında suçlayır, bütün qüvvələrini fəaliyyətdə olan hökumətin devrilməsinə yönəltmiş barışmaz müxalifətlə səylərini birləşdirir…

Bu demarşdan sonra hansı tərəfdaşlıqdan və ittifaqdan danışmaq olar?! Təsəvvür edin, İ.Əliyevin Kiyevə səfəri öncəsi Azərbaycanın hakim elitasının nümayəndələri Zaxarçenkonun, Plotnitskinin və Motorolanın portretlərini əllərində tutub Strasburqun küçələrinə çıxır, Poroşenkonu Medvedçuka münasibətdə repressiyada, Oleq Buzinanın ölümündə, oliqarxların hakimiyyətinin qurulmasında günahlandırırlar… Bundan sonra iki prezident nədən danışsınlar?

Ukrayna aydınlıq gətirməlidir: nəyə görə Poroşenkonun yaxın ətrafındakı insanlar anti-Azərbaycan demarşçı təşkil edirlər? Azərbaycan hökumətinin bugünkü seçimi bundan asılıdır! Biz gözləyirik… Vaxt getdi…

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İlham Əliyev bu hərbçilərə general rütbəsi verdi

Loading...
%d bloqqer bunu bəyənir: