Loading...
Loading...

Ucar Mərkəzi Xəstəxanasında şok yeyinti

Ucar Mərkəzi Rayon Xəstəxanasında yeyinti faktları aşkarlanıb. Bu barədə məlumat Hesablama Palatasının adıçəkilən səhiyyə ocağında aparılmış auditin nəticələri barədə bugünkü açıqlamasında yer alıb. Bizimyol.info portalı xəbər verir ki, ciddi maliyyə pozuntuları dövlət büdcəsinin yerli xərclərindən 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-may aylarında adıçəkilən xəstəxanaya ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş audit zamanı ortaya çıxıb. Auditin əhatə etdiyi dövrdə xəstəxana tərəfindən ümumilikdə 6 460 151,4 manat məbləğində vəsait icra edilib.
Xəstəliklərin sayı artır, çarpayı dolduran xəstələrin sayı azalır
Ucar Mərkəzi Rayon Xəstəxanasında və tabeliyindəki səhiyyə müəssisələrində ştat vahidlərinin ümumi sayı 941, çarpayıların sayı 197 vahid təsdiq edilib, strukturuna 11 kənd həkim məntəqəsi, bir o qədər kənd tibb məntəqəsi və mərkəzləşdirilmiş mühasibatlıq daxil olmaqla, rayon üzrə 84 100 nəfərə stasionar və ambulator tibbi xidmət göstərilib. Səhiyyə Nazirliyinin rəsmi hesabatına əsasən 2015-ci ildə respublika üzrə hər on min nəfər əhalinin çarpayılarla təminatı 39,6 ədəd, həkimlərlə təminatı 27 nəfər təşkil etdiyi halda, bu göstəricilər Ucar rayonunda müvafiq olaraq, 23,4 ədəd və 16,5 vahid təşkil edib. Buna baxmayaraq, xəstəxana və onun tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrində təsdiq olunmuş ştatların 2014-cü ildə 20,8%-i və ya 196 vahidi, 2015-ci ildə 20,1%-i və ya 189 vahidi, 2016-cı ildə isə 20,6%-i və ya 194 vahidi vakant olub. Xəstəxanalarda müalicə alan xəstələrin sayı 2014-cü ildə 3082 nəfər, 2015-ci ildə 2850 nəfər, 2016-cı ilin beş ayında 1107 nəfər, çarpayıların işlədiyi günlərin sayı 2014-cü ildə 166 gün, 2015-ci ildə 148 gün, 2016-cı ilin beş ayında 61 gün olmaqla nəticədə rayon üzrə çarpayı günlərinin icra göstəriciləri müvafiq olaraq 50,6%, 45,2% və 44,6% təşkil edib.
Alınan “lazımsız” inventarlar anbarlarda saxlanılıb
Xəstəxana və tabeliyindəki səhiyyə müəssisələrində bir çarpayı gününə ərzaq xərci 2014-cü ildə orta hesabla 1,7 manat, 2015-ci ildə 1,9 manat, 2016-cı ilin 5 ayında 1,4 manat təşkil edib. Bir çarpayı gününə sərf olunmuş dərman və ərzaq xərcləri üzrə göstəricilər strukturuna daxil olan tibb müəssisələri üzrə də fərqli olub.
Müəyyən edilib ki, müxtəlif illərdə xəstəxana tərəfindən alınmış bəzi inventarlar anbarda uzun müddət istifadəsiz saxlanılmaqla səmərəsiz xərclərə yol verilib, imtiyazlı xəstələrə dərman, sarğı ləvazimatları və materiallarının paylanması zamanı mövcud normativ aktların tələblərinə tam əməl edilməyib, bununla yanaşı, xəstə sayının çox yazılması nəticəsində artıq ərzaq və dərman xərcinə yol verilib.
Tenderlər bazar qiymətindən yüksək rəsmiləşdirilib 
Auditlə əhatə olunan dövrdə ümumilikdə 32 satınalma proseduru keçirilib, müqavilələr bağlanıb. Keçirilmiş satınalmalar zamanı protokollaşdırılmış malların müqavilə qiymətlərindən baha satın alınması nəticəsində artıq vəsait ödənilib, malların, iş və xidmətlərin ehtimal olunan qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə tender komissiyasının işinə peşəkar qiymətləndiricilər cəlb edilməyib, ehtimal olunan qiymətlər mövcud qanunvericiliyə uyğun müəyyən edilməyib ki, bu da nəticədə tələb olunan mal-materialların orta bazar qiymətindən baha alınmasına səbəb olub.
Heç kimə demədən xəstəxananı söküb, yenidən tikiblər
Müəyyən edilib ki, xəstəxananın istismarda olan köhnə binası müvafiq razılıq alınmadan sökülərək yerində 118 çarpayılıq yeni və müasir tibbi avadanlıqla təmin olunmuş Mərkəzi Xəstəxana tikilib. 2015-ci ilin oktyabr ayından istifadəyə verilməsinə baxmayaraq  auditlə əhatə olunan dövrün sonunadək yeni xəstəxananın tikintisinə sərf olunmuş kapital qoyuluşu və verilmiş inventar, avadanlıq, digər mal-materialların müvafiq qaydada balansa daxil edilməsi üçün zəruri tədbirlər görülməyib.
Palatanın Kollegiyası müəyyən edilmiş nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə HP-yə məlumat verilməsi məqsədilə qərarın surəti Ucar Mərkəzi Rayon Xəstəxanasına göndərilib, həmçinin yeni inşa olunmuş bina və qurğularının balansa götürülməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinə, eyni zamanda auditin nəticələri ilə bağlı aidiyyəti üzrə Səhiyyə Nazirliyi və Ucar rayon İcra Hakimiyyətinə məlumat verilib.
Bizimyol.info

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

Elmlər Akademiyasında magistratura şöbəsi yaradıldı

%d bloqqer bunu bəyənir: