Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyəmiz çöküşə doğru…

Sovetlər dağılan çağlarda ilginc bir eyforiya vardı. Hər kəs düşünürdü ki, 21-ci yüzil türk yüzili olacaq. Çünkü Sovet quruluşu türk birliyinin qarşısını alan güc faktı idi.

Üstəlik Türkiyəyə qarşı düşmən mövqedə idi. Dost ola bilməzdi, çünkü bu dostluq SSRİ-nin dağılmasını sürətləndirə bilərdi. Ona görə əsarətdə saxladığı türk respublikaları ilə Türkiyənin hər hansı biçimdə ilişkilərinin olmasına yol vermə¬məyin təkcə yolu da dostluqdan uzaq durması idi. Elə buna görə də Türkiyə Batı dünyasının yanında yer almağa məcbur idi. Ya belə olmalı idi, ya da Türkiyənin özü SSRİ-nin təhdidi altına düşəcəkdi. Eyni halda, Türkiyənin SSRİ-yə qarşı güclənməsi Batıya gərək idi. Ancaq Atatürkün də sonərki vardı: “Gec-tez Sovetlər dağılacaq, türk respublikaları bağımsızlıq əldə edəcək. Bu zaman Türkiyə onlara sahib çıxmağa, onlarla birləşməyə hazır olmalıdır”. Onillərlə sovetlərin dağılmasını hazırlayan Batı eyni zamanda sovetlərin dağılması ilə yaranacaq türk birliyinin qarşısını almaq planları da hazırlayırdı.
Sovetlər dağıldı, türk respublikaları bağımsızlıq əldə edib demokratik quruluşa inteqrasiya etməyə başladılar. Bu zaman onillərlə dünyəvi dövlət prinsipləri üzərində oturuşmuş Türkiyə Cümhuriyyətinin başına islamçı-xilafətçi Ərdoğan gətirildi. Ərdoğanın siyasal kursu türk birliyinə doğru deyil, müsəlman ümmətçiliyinə doğru yönəldi. Üzdə türk dövlətləri ilə əməkdaşlıq, qardaşlıq görsənişi yaratdı. Konkret addımlar da atıldı. Ancaq yenə də bu addımlar görsəniş olmaqdan uzağa getmədi. Çünkü türk toplumlarının ideoloji-siyasi bağlılığı baş tutmadı. Nədən, çünkü belə bir bağlaşma üçün heç çalışılmadı da. Türkiyənin çevik bir yeyinliklə ərəbləşməsi, türkləşmə-millətləşmə prosesinin qarşısını aldı. Ərdoğan “Ortadoğu projesinin eş başkanlığı” görəvini “uğurla” yerinə yetirdi. Bu proses təkcə türk birliyinin qarşısını almadı, Türkiyənin özündə vətəndaş-soydaş qarşıdurması hazırladı. İndi bu qarşıdurma getdikcə böyüməkdədir. Bəlli “Ergenekon əməliyyatı” hər kəsin yadındadır. Öncə Atatürkçü qüvvəni parçalayıb məhv etdi. Belə ki, yüksək çinli, ehtiyatda olan və görəv başında olan, ordu başbilənlərini şərləyib zindanlara doldurdu. Bununla da onları toplumun böyük kəsiminin gözündən saldı. Sonralar onları azadlığa buraxmaqla Fətullah Güləni gözdən saldı. Guya ordu başbilənlərini hakimiyyətdə olan Gülənçi çete zindanlara saldırmışdı. Ərdoğan isə zaman-zaman Gülənçiləri zərərsizləşdirib onları zindan¬lar¬dan çıxarmağı bacardı. Bu “zindandançıxarma” əməli gec idi, Ərdoğan orduya vurduğu zərbəni artıq vurmuşdu. Özünü isə həm o, həm bu halda toplumun gözündə xilaskar kimi göstərə bilmişdi. Bu və buna oxşar oyunlarına görə (biz hamının bildiyi bütün oyunları burada sadalamaq istəmirik) Ərdoğanı bircə yol dünya gücləri qınamadı. Çünkü onun bu rolu oynaması həmin güclərə gərəkdir.
Deyirlər Avropa-Batı birliyi islam dininə qarşıdır. Bu biranlamlı olaraq yalandır. Avropa-Batı islamın ayaqda qalmasının yanlısıdır. Onlar bilirlər ki, islam istənilən toplumu cahilləşdirir və onu qaragüruha çevirir. Cəhalətin, geriliyin üzərində isə ağalıq eləmək asan olur. 23 ərəb dövlətinin hamısı bu gün Batının buyuruğunda hərəkət edir. Bu, deyilənə çox ciddi bir örnəkdir.
Atatürk islamı dövlətdən ayırdığı gündən Türkiyə güclənib ordu dövlətinə çevrilmişdi. İntellektual səviyyəsinə görə də öncül Avropa dövlətləri ilə bir cərgədə dayanırdı. Bəs qara çadraya bürünən Türkiyə hara qayıdır – çağdaş düşüncədən yüzil dala qalan ərəb dövlətlərinin cərgəsinə.
Ərdoğan özünü və partiyadaşlarını inandırıb ki, o, Osmanlı sınırlarını bərpa edəcək. Onun bu istəklərinə doğru yürüməsinə dünya güclərinin göz yumması həvəsini daha da artırır. Halbuki dünya güclərinin göz yummasının nədəni tamam ayrıdır və bu çox qorxulu bir məkrə dayanır. Ərdoğanın Atatürkçü quruluşu, Atatürkçü düşüncə sistemini tam olaraq sıradan çıxarması başa çatmalıdır. Çünkü Batının Atatürkçü quruluşa, özəllikcə ordu dövlətinə batması mümkünsüz idi. Ancaq gələcəkdə Ərdoğançı ərəb-islam bayraqlı Türkiyəni yerində oturtmaq Batı üçün çətin olmayacaq. Buna görə Ərdoğanın şıltaqları Batının xeyrinə işləyən antitürkiyə aktyorluğundan başqa bir anlam daşımır.
Ərdoğanın Bəşər Əsədə qarşı davranışı nə üçündür?! – Bəllidir ki, Osmanlının bir sınırı Suriyanı qapsayırdı. Suriyaya doğru sınırları yenidən uzatmaq üçün Bəşər Əsəd əngəli ortadan qalxmalı, Rusiya siyasal etkisini buradan geri çəkməlidir. (B.Əsəd Rusiyanın kadrıdır).
Bəs Ərdoğanın Suriyada Rusiya ilə çəkişməsi Türkiyəninmi xeyrinə idi? – Yox. Təbii ki, Batının xeyrinədir. Ərdoğanın əli ilə Rusiyanın etkisini Suriyadan dışlamaq Batının Ortadoğu planının bir parçasıdır. Bəs Ərdoğan Suriyalıları B.Əsədə qarşı necə qoya bilər, özünə necə inandıra bilərdi? – Təbii ki, Türkiyəni islam çadrasına bürüməklə.
Ərdoğan Türkiyənin içində PKK ilə niyə savaşa başladı, axı onun PKK yandaşları ilə ciddi ilişkiləri vardı, Türkiyənin gələcəyi üçünmü? – Yenə də yox. PKK-nın Türkiyəni bölmək çabaları Ərdoğanın xilafətçilik istəklərinə ciddi əngəl yaradır. Bəs PKK-nın arxasında duran güclər (onu qorumaq üçün) niyə aktiv hərəkətə keçmir? Çünki Ərdoğanın orduda və toplumda türklüyü sarsıtma işini başa çatdırması gərəkdir. Zatən PKK-nı qorumaq dünya gücləri üçün Türkiyəni çökdürmək məqsədi daşımırmı?! Əgər bu işi Ərdoğan həyata keçirirsə, deməli, hələlik bu gedişi dəstəkləmək gərəkdir. Türkiyə tam sarsıdıldıqdan sonra Kürdüstan yaratmaq niyyəti daha asan baş tutmayacaqmı?!
Düşünürük ki, son “çevriliş” oyunları da bu gedişlərin tərkib hissəsidir. Ordunun içinə yerləşdirilmiş bir çetenin oyununu öncədən bilən Ərdoğan Ordunu gözdən salıb islah etmək, yenə ordudakı cümhuriyyətçiləri tam sıradan çıxarmaq gedişləri hazırlayaraq məqsədini uğurla həyata keçirdi. İndi, zaman-zaman ordunun içinə yerləşdirilmiş, bir çetenin çevriliş oyununu düşüncələrdə bütün orduya aid etməyə çalışırlar. Artıq orduya, eləcə də cümhuriyyətin nüfuzuna vurulan zərbə göz önündədir.
Ərdoğan haqqında ciddi faktların ortaya çıxarıldığı, xəyanətlərinin üstünün açılmağa başladığı bir zamanda qəfil diqqətlər başqa səmtə yönəldildi. Yenə bu məsələdə də toplum iki cəbhəyə bölündü – istər Türkiyədə olsun, istər Azərbaycanda. Sosial şəbəkələrdə əsəblər tarıma çəkilib, gərginlik səngimir. Ərdoğanı savunanlarla ona qarşı olanar arasında artıq pataloji nifrət qarşısıalınmaz məcraya yönəlir. Bu nifrətlərin səngiməsi çox zaman tələb edəcək. Bunun bu həddə çatmasının sorumluluğu da birbaşa Ərdoğanın üzərindədir.
Biz burada bəlli fikriləri təkrar etməyəcəyik. İstər basın yayını sistemində, istər sosial şəbəkələrdə yetərincə aydın mövqelər sərgilənib (biz də mövqeyimizi bildirmişik). İndi görünən dağa bələdçilik eləmək, təbii ki, yerinə düşməz. Ancaq fakt odur ki, Türkiyədə türklük şüuru əngəlsiz olaraq çökdürülməkdədir. Türkiyədə siyasi müxalifət də heçə çevrilməkdədir. Heç bir gedişə etki göstərə bilmir.
Daha qorxulu məsələlərdən biri də odur ki, Ərdoan üç milyon suriyalıya vətəndaşlıq vermək istəyir. Bunun adını müsəlman qardaşlığı, təəssübçülüyü qoyur. Ancaq bu məsələdə də o, səmimi deyil. Sadəcə türk xarakterinə güvənmir. Hələ ki türkün inanc duyğularından yaralanıb onları özünə inandıra bilir. Ancaq günlərin bir günü Türkiyənin çöküşü açıq müstəviyə keçib aydın görünən zaman türklər ayıla bilər. O zaman ordu da ayağa qalxa bilər. Onda Ərdoğan özünü qorumaq üçün türk insanlarını küçələrə çağıra bilməyəcək, hər cür üstün ortam yaratdığı 3 milyon suriyalı ərəbləri çağıracaq. Hərçəndi suriyalılar da 3 milyon sayda qalmayacaqlar.
Bax belə, Türkiyəmiz ölüm qarşısındadır. Ancaq nədənsə içimdə bir əmniyyət duyğusu var – yaxın illərin birində Türkiyə ordusu təpərlənib ayağa qalxacaq və Ərdoğana dur deyəcək. O zaman Atatürkün Cümhuriyyət bayrağı da türk birliyinin qovşağında dalğalanacaq. Mən də türksevər, vətənsevər oxucularla elə bu inamla sağollaşıb ayrılmaq istəyirəm.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
 
Soylu Atalı
18 Od Ayı, 38-ci il. Atakənd. 
(iyul, 2016. Bakı.).

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

İsa Qəmbər: “Bizi çətin yay gözləyir”

%d bloqqer bunu bəyənir: