Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Türkiyəli qardaşlarımız “Rəcəb İvedik”-in simasında nəyi göstərmək istəyirlər”

Tarix boyu yumor – zəiflərin silahı, yoxsulların sərvəti, əlacsızların dayağı olmuşdur.

Sarayları təlxəksiz, cəmiyyəti Hoca Nəsrəddinsiz və Kefli İskəndərlərsiz təsəvvür etmək çətindir. Bəzən balaca adamların yerinə düşən atmacası, kəsərli həcvi, cəsarətli zarafatı cəlladların qılıncını göydə dondurmuş, hökmdarların hökmünü yumşaltmışdır.
Komediyanın ədəbiyyatın ən qədim növlərindən biri olması təsadüfi deyil. İnsanlıq öz-özünə, öz əməllərinə gülə-gülə təmizlənmiş və yüksəlmişdir. Ən güclü insan özünə gülməyi bacaran insandır. Bu anlamda dünyada komik janrın şah əsərləri haqqında çox danışmaq olar. Özəlliklə kino sənətinin gəlişməsi komediya qəhrəmanlarının hər bir ailəyə ayaq açmasına imkan vermişdir. Türk filmləri arasında da uğurlu komediyalar az deyil.
Qurban bayramı günlərində Türkiyə televiziyalarında “Rəcəb İvedik” adlı iki hissəli sözdə “komediya”nı izlədik. Anlamaq istəyirdim ki, türkiyəli sənətçi qardaşlarımızın niyyətləri nədir, Rəcəbin simasında nəyi göstərmək, hansı ciddi konulara toxunmaq, hansı tərbiyəni aşılamaq, hansı mənəvi dəyərləri xatırlatmaq, hansı estetikanı tanıtmaq istəyirlər. Bu boyda komediya çəkilirsə, orda şübhəsiz açıq və ya gizli bir amac, bir içtimai anlam, bir milli hədəf olmalıdır. Ancaq mən indiyədək Rəcəb İvedik filmlərində vəhşilikdən, tərbiyəsizlikdən, kobudluqdan, türk insanına yaraşmayan hərəkət tərzindən başqa heç nə görmədim. İpək kimi bir nənənin böyütdüyü Rəcəb, nədənsə, bənzəri olmayan heyvan kimi düşüb toplumun arasına və nə qədər ağlasığmaz tərbiyəsizliklər varsa, edir və ona “dur!” deyən də yoxdur.
Əgər milləti bu yolla güldürmək sənət sayılırsa, onda bu sənətin Rəcəbin tez-tez ayağını qaldırıb buraxdığı havadan heç bir fərqi yoxdur. Filmin yaradıcılarına görə Rəcəb istanbullu, izmirli, ankaralı, diyarbəkirli deyil, qarslıdır. Bu, məncə, bütün qarslılara və doğuanadolulara həqarətdir.
Qarsın şanlı qəhrəmanlıq tarixi, hər qarışı şəhid qanı ilə yoğrulmuş torpaqları, mərd, namuslu insanları, yumorla dolu folkloru, türk ruhunun qanadlanması olan möhtəşəm saz sənəti və onlarca başqa dəyərləri saysız gözəl filmə mövzu ola bilər. Ancaq sinema ustalarını bunlar yox, məhz Rəcəb ilgiləndirmişdir; daha doğrusu, onlara görə, belə zırrama yalnız Qarsdan çıxa bilər. Yazıqlar olsun! Ayıbdır!
Sonuc. Heç bir fəlsəfi, estetik, bədii, mənəvi, tərbiyəvi dəyəri olmayan belə filmlər tamaşaçıların və cəmiyyətin zövqünü korlamaqla yanaşı, Böyük Türk milləti və türk toplumu haqqında yanlış təsəvvür yaradır…
Sabir Rüstəmxanlı, sabiq millət vəkili
moderator.az

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Erməni qadın azərbaycanlıları təriflədi, Serj Sarkisyanı biabır etdi

%d bloqqer bunu bəyənir: