Loading...
Loading...

Türkiyə Suriyaya niyə girdi? – Dünya mediası şərh edir

Türkiyə ordusunun Suriyaya girməsi Vaşinqtonun xarici siyasətində mürəkkəbliyin artdığını göstərir.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms”da yer alan məqalədə deyilib.

“Hücumun məqsədinin İŞİD yaraqlılarını son məkanlarından çıxarmaq, onların Suriya-Türkiyə sərhədindəki təchizat xətlərini kəsmək olduğu deyilir. Bu niyyət ABŞ-ın maraqlarına uyğun olsa da, xeyli çətinlik yaradır. Türkiyənin əsas prioriteti kürdlərin sərhəd boyunca möhkəmlənməsini əngəlləmək, Suriya kürdlərini Cerablus şəhərinə girməyə qoymamaq idi, buna da nail oldu. Nəzərə alaq ki, kürdlər ABŞ-ın Suriyada ən etibarlı müttəfiqləridir”, – məqalədə deyilir.

Qəzet Türkiyə-ABŞ münasibətlərini gərginləşdirən amilin təkcə Suriyadakı hədəflər olmadığını vurğulayır. Nəşrin iddiasına görə, Prezident Rəcəb Tayyib Ərdoğanın artan avtoritarlığı Vaşinqtonu rahatsız etməkdədir:

“Türkiyə 15 iyul çevriliş cəhdinə görə ABŞ-da yaşayan Fətullah Güləni günahlandırır və onun ekstradisiyasını istəyir. Vaşinqtonun bu tələbə ləng cavab verməsi Türkiyədə ABŞ-a qarşı ikrah yaradıb. Bütün bu maraqların toqquşduğu bir məqamda Obama administrasiyası haqlı olaraq İŞİD-lə mübarizəyə fokuslanır və Türkiyə ilə əlaqələri daha da pisləşməyə qoymur. Elə vitse-prezident Co Baydenin Ankaraya səfərinin məqsədi də yumşaqlıq yaratmaq idi.

Bayden Türkiyə hökumətinin son təzyiqləri barədə açıq heç nə demədi. Çoxları istərdi ki, o, ABŞ rəsmilərinin düşündüyünü – Ərdoğanın çevriliş cəhdindən sonra müxalifəti susdurmaq cəhdlərini, ABŞ-a qarşı etirazlara susmasını, Gülənin ekstradisiyasından ötrü yetərincə dəlil olmamasını dilə gətirsin”.

İngiltərənin “Qardian” qəzeti isə Türkiyə ordusunun Suriyada başlatdığı hərbi əmliyyatlara bədbinliklə yanaşır. Qəzetdə yayımlanan məqalədə müdaxilənin Yaxın Şərqdə mürəkkəbləşən prosesləri daha da çətinə salacağı deyilir.

“Türkiyənin əsas məqsədi kürdlərin ərazi ambisiyalarını daraltmaqdır və faktiki olaraq, ABŞ-ın dəstəyi ilə Suriyada qüvvə yerləşdirir. Suriya kürdləri Hələbin mühasirəsində az rol oynamayıblar. YPG qruplaşması Suriya müxalifətinə Əsəd rejimindən az problem yaratmır.

İndi isə Türkiyənin irəliləməsi ilə kürd qruplarına təzyiq artmış olacaq. Axı Türkiyə Rusiyayla da münasibətləri düzəldir. Artıq Moskva da ABŞ-la əməkdaşlıq edən kürd qruplaşmalarına şübhə ilə baxacaq. Əslində, Moskva Türkiyənin Suriyaya girməsinə etiraz edərkən məqsədi kürdləri qorumaq deyil, Suriya bataqlığında üstün mövqeyini saxlamaq idi.

Suriyada çoxşaxəli müharibə davam edir. Hər oyunçunun öz hədəfi var. Türkiyə anti-İŞİD koalisiyasına qoşulsa da, kürdlərin qarşısını kəsmək istəyir. Rusiya guya İŞİD-lə savaşır, amma daha çox Əsəd rejimini qoruyur. ABŞ Suriya kürdlərini İŞİD-ə qarşı döyüşə cəlb edir. Ancaq kürdlərin hədəfi muxtar region yaratmaqdır. Əsədə qarşı çıxan üsyançılar diktaturadan yaxa qurtarmaq istəyirlər, amma getdikcə daha çox radikal islamçı qruplarla birləşirlər, çünki başqa variantları qalmır.

Bu müharibənin sonu görünmür”.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Böyük Britaniyada terrorçuluqda şübhəli bilinən 5 nəfər saxlanılıb

Loading...
%d bloqqer bunu bəyənir: