Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyə Gülenle bağlı Azərbaycanın addımlarını necə qiymətləndirir?

Türkiyədə baş tutmayan 15 iyul çevrilişinin Azərbaycana təsirləri davam edir. Hər gün hakimiyyətə müxalif fikirli şəxslərin həbs olunması barədə məlumatlar yayılır.

Hakimiyyətin tənqidçiləri hesab edir ki, Azərbaycan hökuməti Türkiyədəki hadisələrdən öz mənfəətləri üçün istifadə edərək, Amerikada könüllü sürgündə yaşayan ilahiyyatçı Fethullah Gülen tərəfdarlarını yox, bu ad altında öz opponentlərini təqib edir.

Bəs Türkiyədə Azərbaycandakı həbslərə münasibət necədir?

BBC Azərbaycancaya danışan türkiyəli millət vəkili deyir ki, Türkiyə Azərbaycanın atdığı addımlardan məmnundur.

Cinayət yoxsa haqq-hesab?!

Azərbaycan hakimiyyəti Fethullah Gülenə xidmətlə bağlı rəsmi ittihamları ilk dəfə ANS özəl kanalına qarşı irəli sürdü.

25 ildir fəaliyyət göstərən özəl kanal iyulun 18-də Fethullah Gülenlə müsahibəni yaymazdan öncə bağlandı.

“ANS-in ABŞ-dakı əməkdaşı Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fethullah Gülendən müsahibə alıb, bu müsahibə yerli və xarici KİV-lər vasitəsilə anons edilib”, Milli Televiziya və Radio Şurasının bəyanatında deyilir.

Bu qərardan bir müddət sonra Azərbaycan hökuməti Gülenlə bağlı olduğu iddia olunan Qafqaz Universitetində dövlət nəzarətini əldə etmək üçün onu Ali Neft Məktəbinin idarəetməsinə verdi.

Ötən həftə isə müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin köməkçisi Faiq Əmirov da daxil olmaqla, partiyanın bir neçə fəalı Fethullah Gülenin təbliğatına aid vasitələri saxlamaqda ittiham edilərək həbs olunub.

Həmçinin oxuyun:Baş Prokurorluq deyir ki, Azərbaycanda Gülen kitabları qadağan deyil

Lakin müxalifət bu sanksiya və həbsləri hakimiyyətin opponentləri ilə haqq-hesab çəkmək cəhdi kimi qiymətləndirib.

“Gülen məsələsini haqq-hesab predmetinə çevirmək, bununla bağlı opponentlərin bir-biri ilə haqq-hesab çəkməsi, insanların xoşlamadığı adamları Gülenlə bağlaması – məsələnin bu dərəcədə şişirdilməsi qeyri-ciddi situasiya yaradır”, jurnalist Qulu Məhərrəmli BBC Azərbaycancaya müsahibəsində deyib.

Mübarizə

Türkiyədə baş tutmamış 15 iyul çevriliş cəhdinə qədər mətbuatda Azərbaycan hakimiyyətində Gülenə simpatiyası olan şəxslərin mövcudluğu ilə bağlı silsilə məqalələr yayınlanmışdı.

O məqalələrdə, əsasən, prezident adminstrasiyasının şöbə müdiri Elnur Aslanovun və parlamentin deputatı Ceyhun Osmanlının Fethullah Gülenlə gizli əlaqələrinin olduğu iddia edilirdi.

Silsilə məqalələrin dərcindən sonra Elnur Aslanov prezident administrasiyasındakı vəzifəsini rabitə və informasiya texnologiyaları nazirliyinin şöbə müdiri vəzifəsinə dəyişməli oldu.

Ceyhun Osmanlı isə son parlament seçkilərinə qatıla bilmədi.

Amma hər nə qədər mətbuatda ehtimallar səslənsə də, Aslanov və Osmanlının hakimiyyətdəki yüksək siyasi mövqelərindən uzaqlaşdırılmasına rəsmi səbəb kimi Gülen və ya “Hizmet hərəkatı”na bağlılıqdan bəhs edilmədi.

AXCP sədrinin köməkçisi Faiq ƏmirovImage copyrightCOURTESY
Image captionAXCP sədrinin köməkçisi Faiq Əmirov “Hizmət hərəkatının təəssübkeşləri” ilə birlikdə həbs edilib

Azərbaycan hakimiyyəti Fethullah Gülenə xidmətlə bağlı rəsmi ittihamları ilk dəfə ANS telekanalına qarşı irəli sürərək iyulun 18-də onu bağlayıb.

Azərbaycan hökuməti kanalı “Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd mövqe tutub, Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fətullah Gülənə və onun tərəfdarlarına dəstək verməkdə” günahlandıraraq yayımını dayandırıb.

AXCP sədrinin köməkçisi Faiq Əmirov isə “Hizmət hərəkatı”nın təəssübkeşləri ilə birlikdə, məzmununda “fətullahçılığı”, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasını təbliğ etməkdə, milli ləyaqətin alçaldılması məzmunlu ədəbiyyatı və elektron informasiya daşıyıcılarını yaymaq məqsədilə saxlamaqda” şübhəli şəxs kimi həbs edilib.

Türkiyə məmnundur

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar deyir ki, 15 iyul çevriliş cəhdindən sonra Recep Tayyip Erdoğanın “FETÖ” adlandırılan “təşkilata” bağlı quruluşların qapadılması çağırışını diqqətə alan Azərbaycan rəhbərliyi “bir televiziya, bir universitet və məktəbləri qapatdı”.

“Biz bu addımlardan məmnuniyyətimizi ifadə edirik”, cənab Ünüvar BBC Azərbaycancaya müsahibəsində bildirib.

“Azərbaycanda da bunlara (Fethullah Gülen və tərəfdarlarına) aid televiziya, universitet və məktəblər vardı, bağlandı. Erdoğanın o çağrışını Azərbaycan diqqətə aldı və o istiqamətdə addımlar atdı”, AK partinin parlamentdəki təmsilçisi deyib.

“Türkiyə ANS kanalına qarşı “FETÖ”nü təbliği ittihamlarını qəbul edirmi” sualına cavabında hakimiyyət partiyasının rəsmisi deyib:

“FETÖ ilə əlaqəli mətbuat, yayın və digər quruluşların bağlanması ilə bağlı prezident Recep Tayyip Erdoğanın ümumi çağırışı olub. Qapadılmanın bu istiqamətdə edildiyini düşünürəm və bundan məmnuniyyətimizi ifadə edirəm”.

Fethulla GülenImage copyrightAFP
Image captionVaxtı ilə Fethullaçılar Türkiyə hökumətindən “ciddi dəstək gördükləri üçün” Azərbaycan rəsmiləri də onlara yardım edib, jurnalist Ali Doğan bildirir

“Fethullahçılar müxalifətə dəstək verməzlər”

Jurnalist Ali Doğan 1992-ci ildən Azərbaycana mütamadi səfərlər edib. 2006-2010-cu illərdə Bakıda TRT-nin müxbiri kimi çalışıb.

O deyir ki, vaxtı ilə Fethullaçılar Türkiyə hökumətindən “ciddi dəstək gördükləri üçün” Azərbaycan rəsmiləri də onlara yardım edib.

Jurnalistin fikrincə, “Hizmet hərəkatı” tərəfdarları maddi mənfəəti istifadə edərək Azərbaycan hakimiyyətinə təsir edə bilmişdilər.

“Xüsusi ilə təhsil nazirliyi və media sahəsində bu təsir özünü göstərirdi”, Ali Doğan Azərbaycanla bağlı müşahidələrini söyləyib.

“Gülen tərəfdarlarının müxalifətlə əməkdaşlıq marağı”nı jurnalist istisna edib.

“Fethullahçılar müxalifətlə əməkdaşlıq etməz, onlar birbaşa hakimiyyətlə əməkdaşlıq qurarlar. Ancaq iqtidara gəlmək ehtimalı yüksək olan müxalifləri dəstəkləyərlər. Azərbaycanda isə müxalifətin iqtidara gəlmə imkanı olmadığı üçün onlarla işbirliyinə girməzlər”, türk jurnalist Azərbaycanda müxalif təmsilçilərə qarşı irəli sürülmüş “fethullahçı” ittihamlarını şərh edərkən deyib.

Gülen məktəbləri

Fethullah Gülen məktəbləri Türkiyədə və dünyanın hər yerində olduğu kimi Azərbaycanda da uzun illər fəaliyyət göstərib. Bəs o zaman niyə bu iddialar yox idi?

Osman Faruk Loğoğlu Bakıda Fethullah Gülenə aid “Çağ öğretim işlətmələri” məktəbləri və yayın orqanlarının Azərbaycana yeni gəldiyi illərdə Türkiyənin Bakıda səfiri kimi fəaliyyət göstərib.

O deyir ki, bu məktəblərdə tədris prosesi ilə bağlı iki məqam diqqətini çəkmişdi:

“Qızlarla oğlanlar ayrı-ayrı oxudulurdu. Qız-oğlan qarışıq təhsili verilmirdi. Bununla bağlı onlara tənqidi fikirlərimi söyləmişdim”, keçmiş səfir xatırlayır.

Cənab Loğoğlu onu da yadına salır ki, Bakıdakı Gülen şəbəkəsinə aid məktəblərdə “bir-birindən çox fərqli olan sinifdaxili və sinifxarici” tədris prosesi tətbiq edilmişdi.

“Sinif daxilində dünyəvi təhsil verilir, riyaziyyat, fizika və sairə öyrədilirdi. Yeməkxanada və yataqxanada isə uhrevi (axirət dünyasına aid) söhbətlər edilirdi. Mən mahiyyətini bilmirdim, amma bilirdim ki, fərqli bir şeylər edirlər. İndi nə oxutdurduqlarını anlayırıq – özləri müəyyənləşdirdikləri metodlarla bu məktəbləri açdılar, təhsil verdilər”, keçmiş səfir Faruk Loğoğlu Fethullah Gülene bağlı məktəblərdə vaxtı ilə şahid olduqları ilə bağlı BBC Azərbaycancaya danışıb.

Belə görünür ki, o zaman Türkiyə hökuməti Gülenle sülh şəraitində olduğundan bu faktlar siyasi baxımdan qiymətləndirilməyib.

“O zaman Türkiyədəki hökumət bunlara müsbət baxırdı. Ona görə də o məktəblərə səlahiyyətli şəxslər gedib-gəlirdilər” səfir Loğoğlu müşahidə etdiklərinə rəsmi reaksiya verilməməsinin səbəbini belə izah edib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Müşahidəçilərin çoxu YAP-çılardır

%d bloqqer bunu bəyənir: