Loading...
Loading...

Türk generallarının PKK-ya sığınması Türkiyəyə nə vəd edir?

Üzeyir Cəfərov: “Hər kəsin ucdantutma xəyanətdə suçlanması doğru addım sayıla bilməz”

Bu günlərdə KİV-də 3 türk generalının PKK-ya sığınması ilə bağlı informasiyalar yayılmaqdadır. Maraqlıdır, bu olay Türkiyənin PKK-ya qarşı apardığı anti-terror mübarizəsinə nə vəd edir? Generalları düşmənə pənah aparan və ya pənah aparmaq məcburiyyəti qarşısında qoyulan dövlətin apardığı mübarizədən uğur gözləməyə dəyərmi?
Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov bu olayın olduqca üzücü bir hadisə olduğunu və Türkiyə üçün təsirsiz ötüşməyəcəyini vurğuladı:
“Qardaş Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd edən yüksək rütbəli hərbçilərdən bir neçəsinin PKK-ya sığınması haqqında mətbuatdan oxuduğum xəbər məni çox sarsıtdı. Ona görə ki, son günlərin ən üzücü və ən qanqaraldıcı xəbərlərindən biri oldu desəm, yanılmaram. Əgər həqiqətən də, bu xəbər doğrudursa və üçü general, altısı admiral olmaqla 60 zabit PKK sıralarına daxil olubsa, bu, çox ciddi və düşündürücü hadisə sayılmalıdır.
Açığını deyim ki, Türkiyə hökumətinin son hadisələrdən sonra ucdantutma hər kəsi xəyanətdə suçlaması və həbs etməsi doğru addım sayıla bilməz. Qoy bir düz-əməlli araşdırılma aparılsın, ondan sonra kimin nə suçu varsa, tam ciddiyyəti ilə qanun qarşısında cavab verəcək. Yoxsa ucdantutma, kimi gəldi tutmaq və Silahlı Qüvvələri gərginlik altında saxlamaq əsla yaxşı nəticələr verməz. Görün vəziyyət hansı kritik həddə çatıb ki, dünənə kimi İraqda kürd separatçılarına qarşı döyüşən generallar bu gün məcburiyyət qarşısında qalıb onlara sığınırlar. Və 15 iyul hadisələrindən sonra söylədiyim narahatçılığı bir daha dilə gətirmək istəyirəm. Kim ki düşünür ki, Türkiyə Silahlı Qüvvələri baş verənlərdən zərər görməyib, o çox yanılır. Baş verənlər qüdrətli Türkiyə dövlətini və onun dayağı olan ordusunu xeyli həm maddi, həm də mənəvi cəhətdən zəiflədir. Proses durdurulmayacağı təqdirdə, get-gedə daha acı mənzərənin şahidi ola bilərik. O ki qalıd PKK-ya sığındıqları deyilən general və admiralların, o cümlədən zabitlərin öz dövlətinə qarşı döyüşəcəklərinə, şəxsən mən belə düşünmürəm. Ola bilsin ki, kimsə və ya kimlərsə, müxtəlif fiziki , mənəvi təzyiq və təhdid altında hansısa təlimat və ya tapşırıq verilmə işlərinə cəlb olunmağa razılıq versinlər, amma bütövlükdə onların Türkiyə dövlətinə, xalqına və Silahlı Qüvvələrinə qarşı döyüşəcəklərini mən əsla düşünmürəm. Olsa-olsa, onlar xahiş edəcəklər ki, onların hansısa başqa bir ölkəyə keçməsində yardımçı olsunlar və ya onların həyatını qorumaq üçün onlara dəstək olsunlar”.

Seymur Əliyev

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Hər kəs onun həbsini gözləyir, o isə…

Loading...
%d bloqqer bunu bəyənir: