Loading...
Loading...

Tramp danışdıqca batır – ABŞ seçkilərində sensasion gəlişmə

Prezidentliyə namizəd: “ABŞ İraq neftinə hərbi qənimət olaraq sahiblənməli idi…” ;

ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ-ın Ohayo ştatının Yanqstaun şəhərində ABŞ-ın xarici siyasəti ilə bağlı xüsusi proqram nitqi ilə çıxış edib.
Musavat.com-un xarici mətbuata istinadən verdiyi xəbərə görə onun bu çıxışı həm tərəfdarları, həm də əleyhdarları arasında maraqla izlənilib.
Donald Tramp nitqində başqa ölkələrdən ABŞ-a köçüb gələn insanların ideoloji yoxlanışdan keçirilməsi təklifini təkrarlayıb.
Bundan başqa Tramp ABŞ –ın İraq neftini hərbi qənimət kimi ələ keçirməyə haqqı olduğunu söyləyib.
Lakin mətbuat respublikaçı namizədin çıxışının öz partiyadaşları arasında  yekdilliklə təqdir edilmədiyini qeyd edir.
Donald Tramp nitqində demokratları tənqid edərək, prezident Obama və keçmiş dövlət katibi Hillari Klintonun diplomatik siyasətini fəlakət adlandırıb.
Onun sözlərinə görə onların əsas günahı Liviya, Suriya, Misir və İraqda yaradılan xaosdan ibarətdir.
“Demokratlar hakimiyyətə gələnə qədər bu ölkələr sabitlik dövrü yaşayırdı. İndi onlardan gələn təhlükə ABŞ-a da gəlib çatıb”, – deyə Tramp bildirib
“Biz qadınlar, uşaqlar, geylər və inancsız insanlar üzərində zorakılığı nəzərdə tutan, insanlığa nifrət ideologiyasının daşıyan radikal islamın başını qaldırmağa imkan verdik”, -deyə siyasətçi çıxışını bu sözlərlə davam etdirib.
Tramp prezident Barak Obamanın Qahirə universitetində etdiyi məşhur çıxışını da onun ən böyük səhvi adlandırıb: “Ronald Reyqan SSRİ-yə qarşı mübarizəsində kommunizm üzərində qələbəni öncül sıraya qoymuşdu. Barak Obama isə bu cəsarəti özündə tapmayaraq, islam dünyasında zorakılıq və məhdudiyyətləri söyləmək əvəzinə insan hüquqlarına bizim və onların yanaşma tərzlərini eyniləşdirdi ”.
Donald Tramp tərəfdarlarına hər zaman İraq müharibəsinin əleyhinə olduğunu bildirib. Respublikaçı namizəd ABŞ-ın müharibədən sonra İraq neftini öz əlindən qaçırdığını söyləyib: “CNN-ə görə 2014-cü ildə  İŞİD neft satışından 500 milyon dollar gəlir əldə edib. Əgər biz bu nefti əlimizdə tutsaydıq, onda həm onların gəlir kanalını bağlayardıq, həm də bizim veteranlara layiq olduqları həyatı təmin edərdik. İstənilən halda köhnə və mehriban zamanlarda olduğu kimi, neft həmişə qaliblərə çatır”.
 
“Bu vaxta qədər heç bir siyasətçi ABŞ-da belə fikirləri səsləndirməyib. ABŞ-da İraqa qarşı həyata keçirilən əməliyyat daima humanitar müdaxilə kimi təsvir olunub. Tramp isə faktiki olaraq ABŞ-ın İraqa qarşı müharibə etdiyini təsdiqləyib”, deyə Moskva Beynəlxalq Münasibətlər İnstitutunun dosenti Vadim Trotiskiy “Kommersant” qəzetinə açıqlamasında bildirib.
Donald Tramp immiqrantların ölkəyə gəlməsi ilə bağlı mövqeyini bir qədər yumşaldıb. Əgər əvvəllər ümumiyyətlə müsəlmanların ABŞ-a gəlişinə qadağan qoyulmasını deyən respublikaçı namizəd, bu dəfə  amerikan dəyərlərini və ideallarını qəbul edib, bölüşdürən müsəlmanların ölkəyə buraxacağını vəd edib.
Lakin milyarder namizəd terrorizmə yoluxan ölkələrin vətəndaşlarının ABŞ ərazisinə buraxılmayacağı sözünü yenə təkrarlayıb. Bundan əlavə, Tramp Quantanamo həbsxanasını bağlamayacağını, pilotsuz təyyarələrdən zərbə vurulması praktikasını bərpa edəcəyini, habelə ABŞ vətəndaşlarının terrorçularla hər hansı əlaqənin olub-olmamasını müəyyən edilməsi üçün izləniləcəyini vəd edib.
ABŞ –ın “Uoll Strit” jurnalı Trampın bu sözlərinin “Makkarti dövrünü” xatırlatdığını söyləyib.
(1940-1950-ci illərdə ABŞ senatoru Cozef Makkartinin təşəbbüsü ilə ölkədə kommunizmlə əlaqədə şübhələnən hər bir vətəndaş izlənilir və onlar müxtəlif formalarda təqiblərə məruz qalırdılar – red.)
Siyasi müşahidəçilərin fikrincə, Donald Trampın nitqi onun namizəd kimi ABŞ-ın xarici siyasəti barədə mövqeyinə aydınlıq gətirməli və elektoratının toparlanmasına yönəlməli idi.
Lakin nəticə respublikaçıların istədiyi kimi olmayıb.
Trampın çıxışı nəinki demokratlara rəğbət bəsləyən mətbuatda, habelə Trampın öz partiyasında neqativ reaksiya doğurub.
“O, ya bilərəkdən uduzmaq istəyir, ya da heç nədən başı çıxmır”, deyə respublikaçı fəal Brayan Uolş “Haffinqton post”a bildirib.
Ekspertlər respublikaçı namizədin baxışlarının qarışıq və  bir-birinə zidd olduğunu müşahidə ediblər.
Onların  fikrincə Tramp öz fikirlərini məntiqi ardıcıllıqla düzə bilmir. Ekspertlərin rəyinə görə ilkin seçkilərdə öz fikirlərində mərkəzə doğru meyllənəcəyini vəd edən Tramp indi əsasən xarici siyasətdən başı çıxmayan, lakin öz bildiklərinin üzərində duran elektorata  yönəlib.
Trampın bu yöndə siyasəti onun seçki kampaniyası ilə bağlı yeni təyinatlarında da özünü göstərir.
Musavat.com “Washingtonpost” qəzetinə istinadən xəbər verir ki, Donald Tramp uzun müddətdən bəri tanıdığı və güvəndiyi iki ismi, keçmiş bankir Stiven Bannonu və respublikaçı veteran sosioloq Kelyan Konveyi seçki kampaniyasının rəhbərliyinə gətirib.
Hər iki şəxs öz mühafizəkar görüşləri ilə tanınır.
Kelyan Konvey və Stiven Bannon
Trampın bu addımı onu seçki kampaniyasının əsas aparıcısı Pol Manaforta vurulan zərbə kimi qiymətləndirilir.
Qeyd olunur ki, Manafort Trampın daha dəyişkən və bir çox söyləmlərini yumşaltmağa çalışan menecer kimi fəaliyyət göstərirdi.
Pol Manafort
Siyasi ekspertlər Manafortun vəzifədən getməsində demokratların da rolunu istisna etmirlər. Belə ki, Demokrat Partiyasına yaxın mətbuatda Manafort Rusiyanın milyarder oliqarxları və Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə korrupsiya əlaqələrində ittiham edilir.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Norveçdən İrana 1 milyardlıq dəstək

%d bloqqer bunu bəyənir: