Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
togrul-ismayil-354564

Toğrul İsmayıl: “Ortaq maraq nöqtəsi tapılmasa ciddi qarşıdurmalar və müharibələr yaşanacaq”

24saat.org Türkiyədə yaşayan tarixçi alim, türk-rus və Yaxın Şərq məsələləri üzrə mütəxəssis Toğrul İsmayılla müsahibəni təqdim edir.

Hazırda Suriya və İraqda da mürəkkəb kəskin vəziyyət var. Türkiyədə 11 kürd deputatın həbs edilməsinin Şimali İraq, Mosul və Suriyada gedən proseslərlə əlaqəsi varmı?
– Bunlar şübhəsiz ki, bir-birilə bağlı məsələdir. Türkiyə daxilində baş verən hadisələri bölgədə baş verənlərin kənarında görmək imkansızdır. Ancaq iş bundadır ki, belə böyük əməliyyatlar aparıldığı zaman arxa cəbhədə zəiflik təhdidi və təhlükə deməkdir. Bu şəxslər parlamentin üzvləridir. Ancaq HDP-nin həmsədri Səlahəddin Dəmirtaşın özünün Azərbaycanla bağlı açıqlamaları var. Açıq deyir ki, azərbaycanlılar Xocalıda vəhşilik törədiblər. Burada belə “siyasi liderlərin” açıq şəkildə öz millətinə və dövlətinə qarşı təbliğat ruporuna çevrilməsi faktı var. Bu mənada arxa cəbhəni sağlam hala gətirmədən hansısa addımlar atmaq doğru deyil. Ola bilsin ki, deputatların həbsi tədbir kimi bir qədər sərtdir. Amma Türkiyə parlamenti deputat toxunulmazlığını aradan qaldırıb və indi deputatların həbsi, məhkəməyə çıxarılması qeyri qanuni deyil.
Türkiyədə həyata keçirilən son həbslərə səbəb nədir, niyə HDP-nin 11 deputatı həbs edilməlidir?
– Bu həbslər qanuni şəkildə həyata keçirilir. Sabah Avropadan bu həbslərə etiraz edilə bilər. Ancaq zamanında Türkiyə Böyük Millət Məclisində deputat toxunulmazlığı aradan qaldırılıb. Mən mütəxəssis kimi tərəfsizəm. Amma əməliyyatlar qanunsuz deyil. Həbslərin sonunun necə olduğunu isə izləyərək görəcəyik. Hesab edirəm ki, HDP siyasi fəaliyyət göstərməli, PKK-nın terror təşkilatı olduğunu elan etməli idi. Ancaq bu günə qədər HDP PKK-nı terror təşkilatı olaraq tanımayıb. PKK lideri Abdulla Öcalanı HDP-də lider hesab edir. Təklif olunanlardan biri HDP-nin PKK ilə bağlarını qoparması dinc və siyasi vasitələrlə fəaliyyətə başlaması idi. Bu şans var idi, amma itirildi.
HDP ilə PKK-nın reallıqda əlaqəsi varmı?
– HDP heç bir yerdə PKK-nı terror təşkilatı kimi tanımayıb.
Türkiyənin Mosul siyasəti nədən ibarətdir. Nədən Türkiyə türkmənləri sanki köməksiz buraxıb?
– Mosul keçən əsrin əvvəllərin böyük siyasi oyunlar nəticəsində, ingilis “diplomatiyasının” səyləri hesabına Türkiyənin əlindən alınıb. İndiki vəziyyətdə Mosul İraqın tərkib hissəsidir. Lakin rəsmi Bağdad uzun müddətdir ki, Mosul və Kərkükə nəzarət etmir. Türkiyə qonşu İraqın ərazi bütövlüyünə hörmətlə yanaşdığı üçün İraq və ya koalisiya güclərinin istəyi kənarında əməliyyat keçirməyəcək. Hazırda İraq ordusu Mosulun mərkəzinə daxil olması haqda informasiya yayıb. Türkiyənin ən böyük narahatçılığı bu bölgədə yaşayan türkmən və sünni nüfuzunun qətliama uğraması ehtimalı ilə bağlıdır. Əgər bu baş verərsə, Türkiyə ciddi olaraq hərəkətə keçə bilər. Amma indiki reallığa görə Türkiyəni regional məsələlərdə iştiraka buraxılmır. Diqqət edin, İraqda keçirilən əməliyyatlarda hər kəs iştirak edir, amma ABŞ başda olmaqla, eləcədə İran və İraq bu prosesdə Türkiyənin iştirak etməsini istəmir. Bunun da səbəbi bəllidir. Türkiyə bölgənin güclü dövlətidir. Qorxurlar ki, Türkiyə bu bölgədə İŞİD-i təmizləsə nüfuzu bir qədər də qalxacaq, hər kəs Türkiyəyə xilaskar kimi baxacaq. ABŞ, Avropa Birliyi də Türkiyəni bölgədəki proseslərdən uzaq tutmağa və öz oyunlarını açıq şəkildə aparmaq istəyir. Hazırda ABŞ və Avropa Birliyi bölgədəki bütün lokal qruplarla iş birliyi edərək öz planlarını həyata keçirməyə çalışırlar. Ancaq bu böyük xətadır. Türkiyə kimi nəhəng dövləti bu proseslərə buraxmayaraq bölgədə yeni sərhədlər çəkməsi problemlərin həll ediləcəyi anlamına gəlmir. Türkiyə üçün qırmızı xətt var. Türkiyə hər zaman istədiyini edə bilən ölkədir. Məsələn, buna misal olaraq Rusiya qırıcısını sərhəddi pozduğu üçün vurduğunu göstərmək olar. Bu günə qədər NATO belə bu cür riskə getməmişdi. Cerabus və digər bölgələrin Firat Qalxan hərbi əməliyyat çərçivəsində İŞİD-dən təmizlənməsi Türkiyə həyata keçirir. Yəni Türkiyənin özünə görə atacağı addımları var.
Hazırda indiki əməliyyatlardan sonra Mosulun taleyi necə olacaq?
– Burada tərəflər müxtəlifdir. Mosul hazırda bölgədə sünni nüfuzunun kompakt yaşadığı yerdir. İraqın şiə iqtidarı və İran bölgədə ən təhlükəli məsələni ortaya ata bilər. Söhbət məzhəb qarşıdurmasından gedir. Beləcə intiqam ala bilərlər. Bu cür məsələlər, xüsusilə şiə silahlı dəstələri var. Onlar Mosula girmək və intiqam almaq niyyətində olacaqlarsa, bu ciddi təhlükə olacaq. Üstəlik şimaldan kürd peşmərgə qrupları var. Türkiyənin istəyi odur ki, keçmiş Mosul valisi və onun hazırladığı sünni silahlı dəstələri də bu əməliyyata cəlb edilsin. Əgər onlar da bu prosesə cəlb edilərsə, bölgədə ciddi dəyişiklik olmaz. Amma biz görürük ki, İŞİD bura daxil olanda öz etnik təmizliyini apardı. Şiələr də Mosula girdikdə öz etnik və məzhəb təmizliyini həyata keçirməyə çalışa bilərlər. Eləcədə kürdlər. Məsələn, kürdlər ABŞ-ın dəstəyi ilə Suriyanın şimalında aldığı ərazilərdə etnik təmizləmə və insanların köçkün etdiyini gördük. Mosul prosesində də kim güclü olacaqsa bu təmizliyi etməyə çalışacaq və bunu İŞİD-dən intiqam “almaq” adı ilə edəcək. Türkiyəni narahat edən budur.
Bu əməliyyatlardan sonra Mosul türkmən şəhəri olacaq, yoxsa necə?
– Mosul türkmən şəhəri olmayacaq. Çünki zamanında burada yaşayan əhalinin əksəriyyəti ərəbləşdirilib. Özü də onlar sünni ərəblərdir. Türkmənlər əsasən Mosulun ətraf bölgələrində çoxluq təşkil edir. Təəssüflə deyim ki, türkmənlərin özləri də şiə və sünni məzhəblərə bölünüblər. Şiə qruplar mərkəzi İraq hökuməti ilə işləyir, onu dəstəkləyir. Ancaq mənim qorxum Mosuldan daha çox Təlafer və Kərküklə bağlıdır. Orada türkmənlər etnik təmizləməyə məruz qala bilərlər. Xüsusilə, Təlaferdə və digər bölgələrdə baş verən terror hadisələri, türkmənlərə qarşı hücumlar belə bir riskin olduğunu göstərir.
Daha vacib məsələ Mosulun, Kərkükün və Təlaferin post İŞİD dövründə İraqın ərazisi olaraq qalacağı və ya Şimali İraq Kürd Muxtariyyətinin nəzarətinə keçəcəyi deyilmi?
– Əlbəttə, bu məsələ həll edilmiş deyil. Məsələn İraq hökumətinin qorxduğu odur ki, Türkiyə bu bölgəyə müdaxilə edərsə, ordu çıxararsa, sonradan Mosula, Kərkükə sahib çıxar. Şimali İraq Kürd Muxtariyyətinin məsələyə münasibəti ikilidir. Bu muxtariyyətin İraq hökumətinə qarşı durmaq üçün Türkiyənin dəstəyinə ehtiyacı var, eyni zamanda özləri bu ərazilərdə hakim olmaq istəyirlər. Türkiyənin isə tələbi odur ki, Kərkük və Mosula xüsusi muxtariyyət verilməsidir. Təbii ki, bu muxtariyyətin İraq dövlətinin tərkibində verilməsindən bəhs edirəm.
Demək istəyirsiniz ki, bölgədə indi müşahidə olunan kəskin və mürəkkəb durum hələ hadisələr başlanğıcdır?
– Hələ gördüklərimiz proseslərin başlanğıcıdır. Məsələlər o qədər sadə deyil. Bu bölgə İŞİD terror şəbəkəsindən təmizlənsə belə, görülən budur ki, Tehran, Bağdad və Moskvanın dəstəklədiyi İraq hakimiyyəti bu bölgədə şiə məzhəbinin hakim olmasına çalışacaq. Bölgədə belə dəyişiklik çox saylı ərəb və türkmənlərin sıxışdırılması demək olacaq. Əslində bu ərazilərdə terror qurumlarının yaranmasının, ayaqda durmasına səbəbi də budur. Əgər bölgədə şiə qruplaşması varsa, deməli sünni qruplaşması da olacaq. Vacibi bunların ortaq maraq nöqtəsini tapmaqdır. Əks halda ciddi qarşıdurma və müharibələr davam edəcək. Üstəlik də İŞİD-in kökünü kəsmək imkansız olacaq.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Fikrət Fərəməzoğluna ailəsi ilə görüşə icazə verilmir

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: