Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

SON DƏQİQƏ

Tikanlı məftillərin doğmalığı – İlkin Rüstəmzadə (VİDEO)

Bu qısa film öz dövrünün ən mübariz gənclərindən sayılan və 2014-cü ildən 8 il müddətinə azadlıqdan məhrum edilən İlkin Rüstəmzadəni sizə daha yaxından tanıdacaq.

İlkin Rüstəmzadə 1992-ci il avqustun 2-də Gəncə şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin informatika və idarəetmə fakultəsinə daxil olub. İlkin bu universiteti bitirə bilməyib. Ona görə yox ki, savadsız olub və ya başqa universitetə sənəd verib. Ona görə ki, ortaya vətəndaş mövqeyi qoyub, ölkədəki haqsızlıqlara etirazını bildirib, tənqidə dözümsüz Əliyev iqtidarını tənqid edib.

İlkin Rüstəmzadənin bu yöndə ilk addımı facebook-da “Əsgər ölümlərinə son!” eventini yaratması oldu. Qeyri-döyüş şəraitində orduda baş verən əsgər ölümləri 2013-cü ilin yanvarında özünün pik həddinə çatdı. 3 ayın əsgəri Ceyhun Qubadovun ölümü ölkədə böyük səs-küyə səbəb oldu. Sosial şəbəkələrdə həmin vaxt nazir olan Səfər Əbiyevin istefasına çağırışlar edilməyə başlandı. İlkin həmin günə qədər fəvvarələr meydanının ən izdihamlı aksiyanın təşkilatçısı oldu. “Əsgər ölümlərinə son!” aksiyası cəmiyyətin bütün təbəqələri bir yerə toplamağı bacarmışdı. Lakin orduda qeyri-döyüş şəraitində əsgərlərin ölümünün qarşısını almaqda aciz idi.

Martda baş tutan ikinci aksiya isə 100-dən çox adamın həbsi və polis qəddarlığı ilə yadda qaldı. Azərbaycan polisi dinc etirazçılara qarşı rezin güllələrdən və su şırnağından istifadə etdi.

İlkin Rüstəmzadə təkcə əsgər ölümləri ilə bağlı aksiyaların təşkilatçısı yox, həm də İsmayıllı olaylarına və Binə ticarət mərkəzində baş verənlərlə bağlı dəstək aksiyalarının təşkilatçısı olub.

Beləcə digər NİDA-çılar kimi İlkin Rüstəmzadə də həbs edildi. 8 NİDA-çı barəsində təxminən eyni maddələrdə cinayət işi açılaraq hökm oxundu. Bu hökm də digər siyasi məhkəmə qərarlarından fərqlənmədi. Atasından sonra hakimiyyətə gələn İlham Əliyev onunla razılaşmayan istənilən şəxsə qarşı amansız olduğunu bir daha isbatladı. Gənclərə ümumilikdə 59 il həbs cəzası verildi. 

“İşçi qrupuna Kürdəxanıdan sevgilərlə”. İlkin Rüstəmzadənin iki dəfə ard-arda karsa salınması ilə nəticələnən həbsxanadan yazdığı köşə yazısı belə adlanır. Həmin yazı siyasi məhbus problemini aradan qaldırmaq üçün hazırlanan və hakimiyyətin öz oyunu olan işçi qrupuna həsr edilmişdi. Həbsxanadan yazdığı bütün yazılar onun hələ də mübariz olduğunu bir daha sübut edir. İlkin Rüstəmzadə azad edilməyən iki NİDA-çıdan biridir. Digər NİDA-çı hələlik həbs həyatını eyni cəzaçəkmə müəssisəsində davam etdirən Əbdül Əbilovdur.

İlkin “Tikanlı məftillərin doğmalığı” yazısında deyir:

“Ümumiyyətlə, türmə çöldən göründüyü qədər çətin bir yer deyil. Səbr, dözüm, iradə qədər, bir az da vecsizlik, həyata qeyri-ciddi lağ-lağı baxmaq ən ciddi problem zamanı yumor hissini itirməmək bacarığı lazımdır. Bir az da entuziazm. Ən kiçik müsbət  xəbəri bir həftə bayram edib, ən üzücü xəbəri sakitcə yola verməyi bacarmalısan. Azadlığı unutmalı, “mən çöldə olsam belə edərdim” deməməlisən”.

İnsanı həbs etmək, onu, müəyyən olunmuş ərazidən fiziki olaraq kənarlaşmaq şansını məhdudlaşdırır. Onun düşüncə azadlığını, mənəvi azadlığını əlindən almır. Azadlığın hər şeydən nisbi olduğu Azərbaycanda isə bunu dərk etmək özlüyündə qəhrəmanlıqdır. Bizə  isə İlkin olmaqla azad olmaq arasında kəşişməni tapmaq qalır.

videoda azadlıqradiosu, kanal13, islamazeri, müsavat və youtube-da olan video görüntülərdən istifadə edilib.

musiqi: Кипелов – Я свободен

Filmdəki fikirlər müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

İlham Əliyev Putinə arxa çevirdi: Aprel döyüşləri təkcə ön cəbhədə aparılmır

%d bloqqer bunu bəyənir: