Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Teleaparıcı Rahil Sayadoğlu: “Məni təhqir edirlər” – FOTOLAR

Onu ANS TV-də yayımlanan “Şəbəkə” verilişdən tanıyırıq. Efirə çıxıb, bizim yazdıqlarımızı özümüzə oxutdurub, əl-qol hərəkətləri edib, sosial şəbəkələri “Şəbəkə”yə gətirən Rahil Sayadoğlu (Kərimov)…

 
Azərbaycan efir məkanında həqiqi reytinqi olan, efirdə “şpaqat” açmadan, güləşmədən, hoppanmadan, saç-baş yoldurmadan tamaşaçını ekran qarşısına toplaya bilən bir verilişin aparıcı olmaq asan deyil. 
 
Bu səbəbdən Rahillə müsahibə etmək qərarına gəldim. 3-4 illik dostluğumuza görə əmin idim ki, verəcəyim suallara səmimi cavablar alacağam. Elə də oldu: 
– Rahil necə “Şəbəkə Rahil” oldu? Yəqin bilirsən ki, sənə “Şəbəkə Rahil” deyirlər. 
– Hər şey bir zənglə başladı. ATV-də işləyirdim. Murad Əzimzadə mənə zəng vurdu ki, bəs ANS-də iş yeri var. Getdim, danışdım, razılaşdıq. 2014-cü ilin fevral ayından “İncə Maraqlar” verilişinin prodüsseri kimi işləməyə başladım. 1-2 ay sonra isə “Şəbəkə” verilişi başladı. Aparıcı Murad, prodüsser isə mən oldum. Sonra veriliş yay tətilinə çıxdı. Geri qayıdanda Murada daha bir layihə verdilər və bununla onun işi artdı. Ona görə də, “Şəbəkə”ni mənə təklif etdilər. Beləcə “Şəbəkə Rahil” oldum (gülür).

“Adımı yadda saxlaya bilmədikləri üçün “Şəbəkəni aparan oğlan” deyirlər”

– Verilişin yetərincə baxımlıdır. Dolayı yolla sən də tanınmağa başladın. Bu populyarlığın səbəbi nədir? Facebook, yoxsa..?
– Mən özümü populyar hesab etmirəm. Küçədə kimsə salam verəndə, onu haradan tanıdığımı yadıma salmağa çalışıram. Unuduram ki, həmin adam məni efirdən tanıya bilər. Bizim veriliş birbaşa sosial şəbəkə ilə bağlıdır. Gənclər də əsasən sosial şəbəkədə aktivdirlər. Bu verilişə populyarlıq qazandırdı. İkinci məsələ isə mənim dəsti xəttimdir. Burada mənim sadə insanlar içərisindən çıxıb, gəlməyim, əqidəm, tamaşaçının nə istəməsini bilməyimdir. Populyar aparıcı artıq müəyyən təbəqəyə işləyir, onları nəzərə alır. Məndə isə “Şəbəkə” ilk idi və əlimdən gələnin ən yaxşısı edirdim. Mən həm də tamaşaçıyam. Hətta səhifəyə mesaj yazanların hər birinə bir-bir cavab yazdım. Bunun üçün saatlarla vaxtım getsə də…
– Küçədə səni görəndə “Şəbəkəni aparan oğlan” deyirlər? 
– Olur. Amma adımı düz deyənlər azdır. Vaqif, Tahir deyənlər də olur. Amma “Şəbəkə” verilişinin aparıcısı olduğumu bilirlər. Adımı yadda saxlaya bilmədikləri üçün “Şəbəkəni aparan oğlan” deyirlər.
– Facebookda yazdıqların sənin şəbəkəni pozmur ki..?
– Yox, pozmur. Çünki mən Rahil olaraq başqayam, “Şəbəkə”nin aparıcısı kimi isə başqa… Efirdə müəyyən qadağalar var. Facebookda isə rahatam. Bu yaxınlarda Twitterdə profil açmışam. Orada izləyicim az olduğu üçün daha da rahatam.

“Hətta tənqid və təhqir edənlər də olur”

– “Mənim şərhimi niyə efirə vermədin” – deyə sənə yazanlar çox olur?
– Həddindən artıq… Hətta tənqid və təhqir edənlər də olur. Mən onlarla normal danışıb, səbirli davranıram. Deyirəm ki, “Qardaş, nə məsələdir? Niyə təhqirə keçirsən?” Deyir ki, “O boyda şərh yazmışdım. Onlarla like edənlər var idi. Efirə vermədiniz”. Yəni buna görə təhqir edir. Mən dalaşqan adam deyiləm. Təbiətimə uyğun deyil. Hər həddini aşanla dalaşsam, gərək işimi-gücümü atım, bununla məşğul olum. Babamdan qalan bir söz var, “Qorxan baş salamat olar”.
– Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini ssenarist olaraq bitirmisən. Bu zamana qədər ssenari yazmısanmı?
– 3-cü kursda oxuyanda Lider TV-yə proyekt təklif etdik. Həmin proyekti qəbul edib, bizi işə götürdülər və həmin gündən ssenari işi kölgədə qaldı. Düşündüm ki, yaradıcılığımı buraya tətbiq etməliyəm. Bir söz var, deyir ki, “Televiziya incəsənətin tualetidir”. Çünki televiziyada incəsənət ən korşalmış formasını alır. Buna görə də, yazdıqlarım qaldı, universitet illərində…
– Yaxşı, bəs özünün yaxın 10 il üçün həyat ssenarini necə görürsən?
– Açığı desəm, bu sahədə haraya qədər gedə biləcəyim barəsində çox düşünmüşəm. İctimaiyyətlə işləməyi yaxşı bacarıram. “Şəbəkə” mənə sosial şəbəkələr üzrə işləməyi, piarın sirləri, insanlarla çalışmağı öyrətdi. Bu səbəbdən düşünürəm ki, yaxın 10 il ərzində mətbuat xidmətində və ya ictimaiyyətlə əlaqələr şöbəsində işləyə bilərəm.

“İtaliya mədəniyyəti, musiqisi, futbolu…”

– Sualların bir az yönünü dəyişək. Niyə “Yuventus”..?
– Çünki İtaliyanı təmsil edir. Məndə İtaliya sevgisi 2002-ci illərdən başladı. Məşhur italyan bəstəkar Ennio Morriconenin musiqilərini uşaq olarkən dinləyirdim. Ruhuma işləyirdi. Mənim bir az zəiflərə qarşı simpatiyam var. Da Vinçinin bir sözü var, “Bizi qaliblərin yox, məğlubların taleyi maraqlıdır”. Mən təzə-təzə futbola baxan vaxtlarımda, italyanların güclü komandalarla mübarizə aparanda çətinliklər yaşadıqlarını görürdüm. Bu da zamanla onlara qarşı simpatiyamın yaranmasına səbəb oldu. Mənim “Real Madrid”ə qarşı antipatiyam var. Bunun da səbəbi güclülər toplusu olmasıdır. “Yuventus”un zəif hesab edilməsinə baxmayaraq, güclüləri məğlub etməsi, ona qarşı sevgimi artırdı. İtaliya mədəniyyəti, musiqisi, futbolu… Bunlar birləşdi və məndə İtaliya sevgisi yaratdı.
– Lider TV, Vision TV, ATV və sonda ANS TV… Hamısına transfer olmusan. Hansı transferin daha uğurlu olub?
– 2008-ci ildə Lider TV-də işə başladıq. 5 il işlədik. Oradan da digər kanallara getdik. Amma hamısı bir yana, ANS TV bir yana… Çünki ANS TV mənə çıxış etmək, özümü sübut etmək üçün tribuna verib. Mən burada özümü tapdım. ANS mənim üçün çox doğmadır. Ona görə də, ən uğurlu keçidimin ANS TV olduğunu düşünürəm.

“Yaxın 1 ildə yəqin ki, bir nişan mərasimi olacaq”

– 28 yaşın var. Nə zaman “Şəbəkə” və “Yuventus”u kənara qoyub, evlənmək fikrin var?
– Bir dəfə oxşar sualı mənə vermişdilər. Demişdim ki, mən onsuz da evliyəm. “Şəbəkə” və sosial şəbəkələrlə evliyəm. Amma təbii ki, şəxsi həyat önəmlidir və həyatımın elə bir mərhələsidir ki, ciddi qərar verməliyəm. Mən “Şəbəkə”ni və “Yuventus”u kənara qoymadan ailə həyatı quracağam. Düşünürəm ki, “Şəbəkə” və “Yuventus” ailə həyatıma mane olmayacaq. Əksinə, daha da zənginləşdirəcək. Yaxın 1 il ərzində el dili ilə desək, yəqin ki, bir nişan mərasimi olacaq. Baxmayaraq ki, namizəd yoxdur (gülür).

“Yaxşı təkliflərə digərləri kimi, mən də açığam”

– ANS TV məlum məsələlərə görə 1 aylıq qapanıb. Sonrası da tam dəqiq deyil. ANS sənin üçün də qapanır, yoxsa..?
– ANS TV mənim üçün hələ ki, qapanmır. Çünki “Şəbəkə” mövsüm finalına çıxmayıb. Biz iyulun sonunda final düşünürdük. Amma rəhbərlik yay aylarında da davam etməyi məsləhət bilib. Lakin növbəti mövsümdə və ya 1 həftə, 1 ay, 1 il sonra hansı qərarı qəbul edəcəyimi dəqiq bilmirəm. Çünki hər birimiz işləyirik və yaxşı təkliflərə digərləri kimi, mən də açığam.
Musavat.com

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Ağdamın işğalından 23 il ötür

%d bloqqer bunu bəyənir: