Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Tarif Şurasının səlahiyyəti “qara bazar”-a “ötürüldü”

Dövlət qurumu idxalçı şirkətləri fikirləşir, amma vətəndaşın nə edəcəyi haqqında düşünmür

Bizimyol.info xəbər verir ki, səhiyyə nazirinin müavini Elsevər Ağayev ölkəyə gətirilən dərmanların dolların kursuna uyğun satılacağını deyib. Nazir müavini Mərkəzi Banka bununla bağlı müvafiq tapşırıq verildiyini bildirib. E.Ağayevin sözlərinə görə, yeni qəbul ediləcək sənədlə qaydalarda müəyyən dəyişikliklər olacaq: “Dərmanların qeydiyyatı və qiymətlərin tənzimlənməsi qaydalarında düzəlişlər ediləcək. Hazırda Mərkəzi Bankın həmin günə olan məzənnəsi əsas götürülür. Amma burda dəyişiklik nəzərdə tutulur. Həmin gün üçün bazarda valyutanın real qiyməti əsas götürüləcək”.
Bizə Tarif Şurası niyə lazımdır?
Yəni, buna qədər bank məzənnəsi qiymət üçün əsas idi, bundan sonra xarici valyutanın “qara bazar”-da mövcud qiyməti rol oynayacaq. Milli Bankın məzənnəsi və bazar qiymətləri isə bir xeyli fərqlənir. Qeyd edək ki, bir müddət əvvəl E.Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, valyuta ilə bağlı problemlərin dərman qıtlığına yol açacağına dair məsələ hər kəsi narahat edir. Dərman şirkətlərinin rəhbərləri baş nazirin müavini Əli Əhmədova müraciət edib. Bu müraciət Səhiyyə Nazirliyinə də göndərilib. Bəyanatdan belə görünür ki, xarici valyuta ilə bağlı problemlərlə əlaqədar sahibkarların hökumətə müraciəti artıq həllini tapıb. Bəs vətəndaşlar? Bəs nazirliyin təqdimatı ilə Tarif Şurasının keçən ildən bəri dərman satışı sahəsində sərasər qiymət tənzimləməsi nə olacaq? Özü də şuranın qiymət tənzimləməsinə birinci devalvasiyadan sonra start verilib. Yəni o vaxt artıq 48%-lik inflyasiya başlamışdı. Bununla belə qurum qiymətləri tənzimləyə-tənzimləyə gedirdi. Məmurların “öncəgörənliyi” burdan bəlli olur. Hazırda görünən odur ki, Tarif Şurasının səlahiyyəti dollara “keçir”. Elə dolların ixtiyarına buraxardılar, qiymətləri xarici valyuta tənzimləyərdi. Onda digər sahələrdə də bu “üsul”-u tətbiq edib, Tarif Şurasını ləğv eləsinlər.  Onsuz da maliyyə qıtlığı, böhran səbəbindən büdcəyə yük olan lazımsız strukturların ixtisarı aktuallığını itirməyib.
Sahibkarlar niyə vergiyə yox, səhiyyəyə müraciət ediblər?
Mühüm bir məsələni qeyd etmək də yerinə düşər. Bu yaxınlarda supermarket sahibləri də əlavə dəyər vergisinin götürülməsi barədə Vergilər Nazirliyinə, hökumətə müraciət ünvanladılar. Amma nazirliyin tətbiq etdiyi xronometraj ortaya çıxartdı ki, əslində sahibkarlar lap yaxşı da qazanırlar. Sadəcə bunu dövlətdən gizlədirlər. Hətta məlum olmuşdu ki, gəlirini 40 dəfə azaldan sahibkarlar var. İlk vaxtlar dərmanların da apteklərdə əvvəlki satış qiymətləri göstərilsə də, sonrakı tənzimləmələrdə çıxarılmışdı. Həmin məlumatlara istinadən təhlillərimizə görə, ölkədə dərmanlar real qiymətindən 13 dəfəyə qədər baha satılırdı. Dərman biznesmenlərinin Vergilər Nazirliyindən ƏDV-ni aşağı salmağı xahiş etmək varkən, Səhiyyə Nazirliyinə niyə müraciət etdikləri bəlli olur. “Gözü çıxan qardaşları”ndan dərs götürüblər.
Üç addım irəli, iki addım geri 
Əslində qiymət tənzimlənməsi özü anormal aparılmışdı. Belə ki, verdikləri məlumata görə, bir il əvvəl başlanan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi intensiv şəkildə davam etdirilərək, Tarif Şurasının 10 iclasında idxal dəyəri ilə ifadədə 44% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 25%-nin qiyməti 3 dəfədən çox, ümumilikdə 90%-dən çoxunun qiyməti endirilib. Amma insanların daha çox ehtiyacı olan dərmanların böyük əksəriyyəti qiyməti tənzimlənənlər siyahısına düşməmişdi. Yəni, baha olaraq qalırdı. keçən il dekabrın 25-də Tarif Şurası özü tənzimlədiyi dərmanların qiymətinə yenidən baxmışdı. Həm qiyməti tənzimlənən dərmanlar siyahısına yeniləri əlavə olunmuş, həm də qiyməti əvvəl müəyyənləşdirilmiş dərmanların dəyəri manatın yeni məzənnəsinə uyğunlaşdırılmışdı. 1510 yeni dərman vasitəsinin qiymətləri, həmçinin Şuranın əvvəlki qərarları ilə təsdiq edilmiş 3540 dərman vasitəsinin manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq yeni qiymətləri müəyyənləşdirildi. Beləliklə, 5050 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qiymətlərin qüvvəyə minmə tarixi təsdiq edildi. Bununla da, qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 60%-nin qiymətləri endirilib, 40%-nin qiyməti isə məzənnə dəyişikliyi ilə əlaqədar orta hesabla 30% artıb. Şuranın dərmanların qiymətində apardığı bahalaşma bu il də davam edib. Bu ilin iyun ayının 30-da hökumət daha 2 557 dərman vasitəsinin qiyməti təsdiqləyib, dərmanların qiymətinin tənzimlənməsinin başa çatdığını bildirmişdi.  Amma elə avqust ayında daha Şura daha 219 dərmanın qiymətini dollara uyğun “tənzimlədi”.
Statistika Komitəsi dərmanların bahalaşdığını qeydə alıb
Ancaq Dövlət Statistika Komitəsinin (DSK) məlumatları dərmanların bahalaşdığını deməyə əsas verir. DSK-nın məlumatına görə, 2016-cı ilin 7 ayında dərmanların qiyməti 33.9 faiz, tibbi təyinatlı digər ləvazimatlar isə 24 faiz bahalaşıb. Burdan o nəticə çıxır ki, qiyməti uçuzlasan dərmanların sayı azdır ki, onlar da ucuzlaşmaya əhəmiyyətli təsir göstərə bilmirlər, ümumi statistikada dominantığı bahalı dəmanlar edir.
Bəs vətəndaş nə olacaq? 
Sahibkarlar istəklərinə nail oldular, onların tələbi təmin edildi. Amma burada vətəndaşı düşünən yoxdur. Dolların qiyməti bir yerdə duruş gətirmir. Ən son “qara bazar”-da ABŞ valyutasının qiyməti qısa müddətdə 13%-ə qədər bahalaşdı. Əgər sabah dolların qiyməti 5 manat olacaqsa, belə çıxır ki, dərmanın qiyməti də buna uyğun olaraq 3 dəfə bahalaşacaq? Tutaq ki, 20 manata aldığımız dərmanı, o halda ən yaxşı halda 60 manata alacağıq. O zaman heç sahibkarların da işi getməyəcək. Doğrudur, bərbad səhiyyə sisteminin “sayəsində” ölkədə xəstəliklər çoxalır, bu da o deməkdir ki, apteklərin müştəriləri həmişə var. Amma Azərbaycanda insanlar alternativlər axtarmağa öyrəşiblər. Buna görə onları qınayan yoxdur, sadəcə sağ qalmaq üçün şərtlər bunu diqtə edir. Həkimlər, xərtəxanalar baha olduğundan (təkcə bahamı?-red.) onsuz da dərdlərinə İranda, Gürcüstanda çarə axtarırdılar. İndi ucuz dərman axtarışı ilə də qonşu ölkələrə üz tutacaqları istisna deyil…

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Azərbaycan Bosniyaya 1 milyard avro sərmayə yatırmaq istəyir

%d bloqqer bunu bəyənir: