Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

TAP üçün ilk borular Yunanıstana gətirilib

Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası layihəsi üçün ilk borular Yunanıstanın Saloniki və Kavala şəhərlərinə gətirilib. TAP-ın rəsmi saytında bildirilir ki, metal borularla yanaşı əymələr də artıq Yunanıstandadır.

Məlumata görə, ilk gəmilər və qatarlar təxminən 1 500 ədəd polad boru və 200 əyməni adıçəkilən şəhərlərə gətirib. Həmin avadanlıqlar Saloniki Limanının ərazisində və Kavalada olan “Philip II” limanında sıralanaraq müxtəlif istiqamətlərə göndəriləcək.

TAP-ın Yunanıstan üzrə meneceri Rikard Skoufias deyib ki, boruların vaxtında çatdırılması işlərin zamanında tamamlanması üçün önəmlidir: “Podratçılar tərəfindən materialların çatdırılması zamanı təhlükəsizlik və sağlamlıq standartları nəzərə alınır”.

Qeyd edək ki, TAP-ın Yunanıstan ərazisinin inşası üçün təxminən 32 min boru istifadə ediləcək. Kəmərin 495 km-lik hissəsində istifadə ediləcək boruları Yunanıstanın “Corinth Pipeworks S.A.” şirkəti, 270 km-lik hissəsində istifadə olunacaq boruları və əymələri Almaniyanin “Salzgitter Mannesmann International GmbH.” şirkəti istehsal edir.

Ölçüsü 48 düyüm olan hər borunun təxmini uzunluğu 18 metr, çəkisi 10 tondur. Ümumilikdə, 526 min ton borunun çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq.

“Şahdəniz” konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), “Snam S.p.A.” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləri çıxış edir. (“Report”)

 

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Türkiyədə İŞİD-ə qoşulmaq istəyən 10 nəfər tutulub

%d bloqqer bunu bəyənir: