Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Tale Bağırzadə xalqa müraciət etdi

Əzizlərim! Yurddaşlarım!

Onillərdir hamımız korrupsioner və qisasçıl bir hakimiyyətin pis və yarıtmaz idarəçiliyi altında əzilirik. Bu elə bir hakimiyyətdir ki, onun üçün hər hansı bir mənəvi dəyər, əxlaq normaları və keçilməyəsi mümkün olmayan qırmızı xətt yoxdur. Hamımız – sağçımız da, solçumuz da, dindarımız da, ateistimiz də əsas məqsədi daha çox oğurlamaq və daha çox əzmək olan bu antiinsani rejimin qurbanlarıyıq. Azad söz söylədiyinə görə insanlar həbsə atılır, siyasi hakimiyyəti adi tənqidə görə uzun müddətə cəzalandırılır, min-bir zülmlə iş yeri açan, halal çörəyini qazanan sahibkarlar dövlətin reket qurumları tərəfindən müflis edilir, onlara aylıq “haqq” qoyulur, verməyənlər arsenaldakı ən müxtəlif şantaj və qarayaxma üsullarıyla susdurulur, məhv edilir! İşgəncə verən polis, dövlətimizin mənafelərini satan xüsusi xidmət orqanları, sifariş və pulla qərar çıxaran məhkəmələr, təhsil verməyən məktəblər, yanlış diaqnoz qoyan, adam öldürən səhiyyə ocaqları, korrupsioner bürokratik aparatlar günümüzün acı reallıqlarıdır. İndi polis təhlükə saçır, xüsusi xidmət orqanları şantaj yuvasıdır, məktəblər təhsilsizlik, xəstəxanalar ölüm yayır, məhkəmlər ədalət məbədindən başqa nəyə desən bənzəyir!

Bilirəm, fərqindəyəm ki, bütun bu sadaladıqlarım sizlərə uzaq gələ bilər! Amma əmin olun ki, nə baş verirsə, çox yaxında baş verir və heç kim, ən sıraviniz belə gözəl günlərin birində bu nəhəng şər-böhtan maşınıyla üz-üzə gələ bilərsiz və bundan heç bir Allah bəndəsi sığortalanmayıb.

Əzizlərim! Bilirəm, əlləriniz qabarlı, gözləriniz kədərlidir! Ailələrinizin yanında başıaşağı və çarəsizsiniz! Hər sabahkı günü naümid və təlaşla açırsınız. Qara gün üçün saxladığınız ən son qəpiklərinizi bankların qarşısındakı uzun növbələrdə axşamkı, sabahkı güzaranınız üçün xirdalayırsınız. Amma təkcə son pullarınız deyil, özünüz də xırdalanırsınız.

Siz bu yaşayışa layiqsinizmi? Əlbəttə ki yox! Yaxşı yaşayış, firavan və ədalətli cəmiyyət üçün ərzaq və bank növbələrini haqq və ədalət növbələrinə dəyişmək lazımdır! Əmin olun ki, biz taleyimizə sahib çıxmasaq, əvəzimizdə bunu başqaları edəcəklər. Necə ki edirlər! Dövlətimizi arxamızda görmək istəyiriksə, dövlətimizin dəyərlərini bərpa etməliyik!

Əzizlərim! Bu gün, haqq söz deyən mömün də həbsdədir, anarxist də, sağçı da, solçu da, millətçi də! İndi qarşılıqlı ittihamlar, didişmə və məyusluq dövrü deyil! Gəlin, birlikdə etiraz edək! Gəlin, qanunların imkan verdiyi çərçivədə haqqlarımızı tələb edək! Yazıqlıq və laqeydlik, ədalətsizlik yaradır, ədalətsizliyin əlinə işləyir həm də! Yazıq və taleyimizə laqeyd olmayaq! Ədalətsizlik olan yerdə gül bitmir sevgili yurddaşlarım!

Biz onların irsi kin-kudurəti, dərin nifrəti və ənənəvi qisasçıllığı qarşısına sevgimizlə, dinc, amma ardıcıl etirazımızla çıxaq. Böyük inkarı olmayanların, böyük təsdiqi də olmur. Bu, təkcə insanlara aid deyil, həm də xalqlara aiddir.

Hamınızı sentyabrın 11-də Milli Şuranın planlaşdırdığı mitinqində iştiraka səsləyirəm! Gəlin, birlikdə “Neomonarxiyaya son!” “Talana son!” deyək!

Tale Bağırzadə  

azadliq.info

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

“Qanqster”in müdafiəsinə imza atan Əlibala Əsgərov danışdı: -“Burda bir axirət haqqı var”

%d bloqqer bunu bəyənir: