Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Təkcə neft dövrü yox, nağıllar zamanı da bitir

Elnur As

elnurastanbeyli@gmail.com

Ilham Əliyev təzəlikcə indiyədək aparılan Qarabağ danışıqları ilə bağlı maraqlı bir etirafda bulundu, dedi: “Əgər kimsə fikirləşir ki, biz növbəti iyirmi il də mənasız danışıqlar aparacağıq, səhv edir. Biz mənasız danışıqlar aparmaq fikrində deyilik. Imitasiya naminə danışıqlar aparmayacağıq. Mənalı, məzmunlu danışıqlar dərhal, qeyd-şərtsiz başlanmalıdır”.

Beləliklə, indiyədək müxalif və müstəqil düşüncəli insanların dönə-dönə söylədikləri bir həqiqət özünün rəsmi təsdiqini tapdı. Artıq şübhə yeri qalmadı ki, rejim 20 il boyunca Qarabağ probleminin çözümünə yönəlik real həmlələrlə deyil, imitasiya ilə məşğul olub.

Indi yaptokratlardan soruşmaq lazımdır: bu günədək Ilham Əliyevin dediklərini üç aşağı, beş yuxarı ölkənin tənqidçi qələmləri yazanda, müxalifət funksionerləri, vətəndaş cəmiyyəti üzvləri söyləyəndə niyə qəzəblənirdiniz, onları “vətən xaini”, “xalq düşməni” çıxarır, hakimiyyətin diplomatik uğurlarını görməməzlikdən gəlməkdə ittiham edir, Lissabon qələbəsi tipli şoularla camaatın başının altına yastıq qoyurdunuz?!

Ümumiyyətlə, son illərdə biz rejimdən bənzər etirafları tez-tez eşidirik. Məsələn, bir neçə il əvvəl ərəb ölkələrini inqilab damğası vuranda o vaxtadək ölkədə korrupsiyanın varlığını inadla, israrla təkzib edən hakimiyyət birdən-birə anti-korrupsiya kampaniyasına start vermişdi, hətta baş prokuror çıxıb demişdi ki, “korrupsiya ilə mübarizəni özümüzdən başlamalıyıq”. Əlbəttə, başlamadılar, bunda təəccüblü heç nə yox idi də. Hamıya aydın idi ki, yaptokratlar ərəb dünyasında dalğa-dalğa yayılan xalq ayaqlanmalarının Azərbaycanda da səfil günündə olan camaatı ruhlandıra biləcəyi qorxusundan irəligəlmişlik edirdilər. Necə ki, “ərəb baharı” adlanan inqilablar silsiləsi səngidikcə anti-korrupsiya şousu da unudulub getdi.

Indi isə fərqli situasiya yaranıb: artıq neft pulları üzərində qurulmuş əvvəlki təntənə yoxdur. “Analoqsuz iqtisadi inkişaf” haqqında ənənəvi nağıllar havadan asılı qalıb. Artıq insanları “regionun lider dövləti”, “inkişafın Azərbaycan modeli” kimi miflərə inandırmaq o qədər asan deyil. Hətta yüz milyonlarla manat pul töküb keçirdikləri mənasız idman və musiqi yarışmaları da toplumun böyük kəsimində qıcıq doğurur, adamlar xirtdəyəcən kredit borcu içində, aclıq, işsizlik girdabında ikən ölkənin sərvətlərinin bu cür havaya sovrulmasını giley-güzarla qarşılayırlar. Keçən il I Avropa Oyunları zamanı bu tədbirə sevinməyənlərin qanını yoxlatmağı təklif edənlər belə, bu il Formula-1 yarışı haqqında dodaq altından şikayət tonunda mızıldanaraq danışırlar.

Bir sözlə, yenə də böhranlı vəziyyətdir, bu vəziyyətdə isə toplumun içindəki narazılıq, etiraz enerjisini qismən söndürmək, hətta illər uzunu davam edən uğursuzluqları belə siyasi xala, dividentə çevirmək üçün etiraflar lazımdır, nəinki iqtisadi inkişaf, sosial tərəqqi, siyasi yüksəliş barədə, ölkədə hər şeyin yaxşı, güllük-gülüstanlıq olduğu barədə nitqlər!

Necə ki, uzun müddət ölkədə korrupsiyanın olduğunu inkar edib, beyqəfil anti-korrupsiya kampaniyası başlada bilirlər, eyni cür də 20 ildir Qarabağ danışıqlarındakı diplomatik uğurlardan danışdıqları halda, birdən-birə bu danışıqları mənasız, imtiasiya adlandıra bilirlər.

Neft üzərində qurulmuş təntənə sürətlə solduqca, saraldıqca biz belə etirafları çox eşidəcəyik.

Çünki bitən yalnız neft dövrü deyil, həm də nağıllar zamanıdır!

Neftin təntənəsi azaldıqca yaptokratların 23 illik nağıllarına inananlar da azalır. Ənənəvi təbliğat şouları daha çox ironiya, daha çox ikrah doğurmağa başlayır.

Ona görə də bir çox uğursuzluqları etiraf etməkdən başqa yol qalmayıb. Bu “bir güllə ilə iki dovşan vurmaqdır”: həm xalqa göstərirsən ki, biz də həqiqətin əslində necə olduğunu bilirik, bu isə kütlədə aşırı qəzəbi xeyli önləyə bilir, həm də “populist yalanlar dövrü”ndən “populist etiraflar dövrü”nə keçidlə orta statistik vətəndaşın gözündə az da olsa, sığortalanmağa ümid edirsən.

Artıq elə bir ağır, dözülməz durumdayıq, bu ikisi, hətta ikisindən biri belə, nə qədər mümkündür, deməyə çətinlik çəkir adam.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

“İlham Əliyev bizlərə sübut etdi ki…”

%d bloqqer bunu bəyənir: