Sülhəddin Əkbər: “Azərbaycana qarşı terror hücumunun olacağı gözləniləndir”


24saat.org milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərlə müsahibəni təqdim edir.

– Sülhəddin bəy, Fransada baş verən terror hadisəsinə qiymətiniz nədir?

– Fransa kəşfiyyatı və digər qərb ölkələrinin xüsusi xidmət orqanları ifadə etmişdilər ki, İŞİD-in fransız dilində danışan döyüşçüləri Fransa və Belçikada terror əməliyyatları keçirməyi planlaşdırır. İyulun 14-də Fransanın Ankaradakı səfirliyi və İstanbuldakı konsulluğunu qapadılması və orada Fransanın müstəqillik günü ilə bağlı planlaşdırılan tədbirinin təxirə salınması da təsadüfi deyildi. Görünür fransız kəşfiyyatında terror olacağı haqda informasiya olub, lakin onlar Fransaya qarşı planlaşdırılan terrorun hansı yerdə keçiriləcəyi haqda informasiyaya malik olmayıb. Əgər fransız kəşfiyyatında bununla bağlı konkret informasiya olsaydı, belə qanlı hadisə baş verməzdi. Əvvəla beynəlxalq terror təşkilatlarına qarşı effektiv mübarizə aparılmır. Xüsusilə, biz bunu Suriyada görmürük. Necə ki, dünya idarə edən güclər arasında Suriyanın gələcəyinə dair razılıq əldə edilməyib, terror qurumlarına qarşı effektiv mübarizə aparılmayacaq. Terror artıq qlobal bir təhlükə və problemdir. Buna görə terrora qarşı qlobal koalisiya qurulmalı və bu koalisiya səmimi olmalıdır. İŞİD və digər terror təşkilatları Suriya və İraqda sıxışdırıldıqca, onların nəzarət etdiyi sahələr daraldıqca, heç şübhəsiz ki, bu terror qurumları dünyaya yayılacaq və geniş əməliyyat keçirməyə çalışacaqlar. İŞİD-in həyata keçirdiyi terror aktlarında başlıca məqsəd dövlətləri qorxutmaqdır. Bu terror hücumlarında məqsəd hazırda antiterror koalisiyasına iştirak edən dövlətləri qorxutmaq və onları terror koalisiyasından çıxmağa zorlamaqdır. İŞİD-in strategiyası bundan ibarətdir. Məhz bu səbəbdən də İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatlar genişləndikcə, terror qurumunun xarici ölkələrdə terror törətmək ehtimalı artacaq. O cümlədən belə ölkələrdən biri Azərbaycandır.

– Hansı səbəbdən belə qənaətə gəlirsiniz ki, İŞİD-in hədəfə alacağı ölkələrdən biri də Azərbaycan ola bilər?

– Əvvəla, İŞİD-in siyahısında Azərbaycanın olduğuna dair informasiya gedib. Yəni hədəf ölkələr siyahısında bizdə varıq. İkincisi, yüzlərlə azərbaycanlı terror təşkilatlarının siyahısında vuruşur. Üstəlik ölkədə hüquq mühafizə orqanları Azərbaycanda onlara qarşı tədbirlər görür, həbslər aparır, məhkəmə prosesləri keçirilir. Odur ki. Azərbaycana qarşı terror hücumunun olacağı gözləniləndir. Azərbaycan hüquq-mühafizə orqanları, kəşfiyyat və xüsusi xidmət orqanları buna hazır olmalıdır. Kəşfiyyatın buna hazırlığı qeyri-mümkündür. Çünki keçmiş Milli Təhlükəsizlik Nazirliyində baş verənlər, nazirliyin ləğvi, bu xidmətin yenidən qurulmasını nəzərə aldıqda, Azərbaycanın potensialı, müstəqilliyini yenidən əldə etməsi və s. Deməli beynəlxalq əməkdaşlığa, kəşfiyyat-informasiya mübadiləsinə əsaslanmalıyıq. Burada Türkiyə, Amerika, Avropanın aparıcı dövlətləri ilə birgə hərəkət etməliyik. Xüsusilə, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İsrail, Pakıstanla və mümkün olduğu qədər ərəb ölkələrinin kəşfiyyat xidmətləri ilə yaxın əməkdaşlıq etmək lazımdır. Terrorun qarşısını almaqda ən önəmli faktor kəşfiyyatdır. Əgər zamanında yoxlanılan informasiya əldə edə bilməzsənsə təhlükəsizlik xidməti nə qədər güclü olsa da, bunu önləmək çox çətindir.

– İŞİD-in hədəf seçdiyi, terror törətdiyi ölkələrin əhalisini, mədəniyyətini və hansı dinə məxsus olduğunu nəzərə alırmı?

– İlk növbədə nəzərə almaq lazımdır ki, İŞİD Azərbaycanı özünün xəyali xilafətinin sərhədlərinə daxil edib. İkincisi İŞİD Azərbaycandakı ənənəvi müsəlmanların mütləq əksəriyyətini həqiqi müsəlman hesab etmir. Üçüncüsü yüzlərlə Azərbaycan vətəndaşı İŞİD sıralarında vuruşurlar, ölürlər, yaralanırlar. Azərbaycanda onlara qarşı tədbirlər görülür, həbslər olur. Və bunlar Azərbaycanı açıq hədələyir, təhdid edirlər. Özü də, bu birinci dəfə deyil. Bu məsələnin bir tərəfidir.
İkincisi, Azərbaycan müsəlman ölkəsi olduğundan, Azərbaycan vətəndaşları İŞİD sırasında döyüşdüyünə, ona simpatiyası olduğuna görə Azərbaycan üzərindən başqa dövlətlərə də hücum əməliyyatı keçirilə bilər. Azərbaycanda xarici ölkələrin çoxsaylı diplomatik nümayəndələri, mədəniyyət mərkəzləri, çoxmillətli şirkətlər var və s.

– Azərbaycanın bu terrorlardan sığortalanması üçün siz beynəlxalq əməkdaşlığı əsas hesab edirsiniz?

– Bəli. Birincisi, terror aktı qlobal problemdir və onunla mübarizə qlobal olmalıdır. İkincisi, Azərbaycan qlobal koalisiyada iştirak etməlidir. Üçüncüsü, burada ən mühüm olanı kəşfiyyatdır. Azərbaycan kəşfiyyatı barədə yuxarıda qeyd etdim. Azərbaycanın kəşfiyyat-informasiya mübadiləsinə kəskin ehtiyacı var. Bu ehtiyacını haradan qarşılayacaq?

– İŞİD sıralarında vuruşan Azərbaycan vətəndaşlarının hamısı saxlanılır və məhkəmə vasitəsilə cəzalandırılır…

-Onların hamısı həbs edilib cəzalandırılmır. Hansı haqqında məlumat varsa onlar həbs edilir.

– İŞİD sıralarında vuruşmaq üçün gedənlər və geri qaydanlardan barələrində xüsusi xidmət orqanlarında informasiya olmadığı üçün həbs edilməyənlər ola bilərmi?

– Ola bilər ki, heç ora getməsinlər, lakin burada əmr gözləsinlər. Bunun üçün gedib onlara qoşulmağa da ehtiyac yoxdur. Və yaxud başqa ölkə üzərindən Azərbaycana gələ bilərlər. Əməliyyat məsələlərini qəzet və saytda müzakirə etməli deyilik ki. Bunu əməliyyatçılar müzakirə etməlidir. Ümumiyyətlə bu günə qədər Azərbaycanı tərk etməyən adamlarla da belə hadisə ola bilər. Azərbaycana qonşu olan və olmayan uzaq ölkədən gələ bilər. Uyuyan hücrələr deyirlər. Qeyri leqal fəaliyyət göstərən qurumlar ola bilər. İnformasiya texnologiyaları elə sürətlə inkişaf edib ki, anında bu əməliyyatları keçirmək mümkündür. Öncədən kəşfiyyat məlumatı olmasa, fərz edək ki, İŞİD-in Azərbaycanda terror törətmək əmri var, qrupu artıq Azərbaycana göndərilib və ya Azərbaycandadır. Bunu harada, necə və kimin törədəcəyi haqda kəşfiyyat məlumatı yoxdursa, hadisənin qarşısını necə ala bilərsən?

– Bu işlə mübarizə aparmaq üçün həm də mütəxəssis olmaq lazımdır. Bəs bu istiqamətdə Azərbaycanda mütəxəssislər varmı?

– Mən bu suala cavab verə bilmərəm. Terrorla mübarizə mərkəzində kimlər toplanıb, hansı təcrübəyə malikdirlər, harada hazırlıq keçiblər məsələsində məlumatsızam. Ona görə də, konkret bir söz deyə bilmərəm.

24saat.org

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Əli Kərimli: “Xalqı aktiv siyasi mübarizəyə səsləyirik” – ÖZƏL

%d bloqqer bunu bəyənir: