Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Sizi aldadırıq”

Satıcılar Azərbaycanda təmiz ərzaq tapmağı müşkül sayırlar

İnsan üçün ən faydalı doğulduğu yerdən 500 km radiusda yetişən məhsullardır. Əsaslandırmalara görə, orqanizm artıq həmin məhsullara adaptasiya olunub, məsafə uzaqlaşdıqca “yad” məhsulları “tanımqda” çətinlik çəkir. Dünyada ən uzun yaşayan yaponlar özlərinin ənənəvi qidalarına üstünlük verirlər. Bizdə idxal məhsullarının coğrafiyası genişdir. Əcnəbi məhsulların ərzaq səbətimizdə üstünlük təşkil edir. Amma biz onları çox vaxt yerli məhsul bilib, alırıq.
Bizimyol.info saytının araşdırmasına görə, bazarlarda istehlakçıları aldadırlar. Saytın əməkdaşı 8-ci kilometr bazarında müşahidə aparıb. Məlum olub ki, xaricdən gətirilən bir sıra mallar yerli məhsul adı ilə əhaliyə satılır. Misal üçün, müalicəvi təsiri olduğu səbəbindən həkimlərin məsləhət bildiyi qəhvəyi qaysının qiyməti 12-14 manat arasında dəyişir. Əksər yerlərdə də üzərinə “Ordubad əriyi” yazılıb. Amma əslən Naxçıvandan olan bir satıcı xəbərdar elədi ki, hazırda satışda olan qaysıların Ordubad və ya başqa bir bölgəmizlə heç bir əlaqəsi yoxdur, onlar əsasən  Türkiyədən gətirilir: “Sarı qaysının da, qəhvəyinin də üzərlərinə kükürd vurulur ki, rəngi dəyişsin. Çünki, qaysının rəngi belə olmur”. Özü satdığı qəhvəyi qaysını göstərib “mən də deyərəm ki, bu Ordubad qaysısıdır və onu sizə sataram. Amma yalan danışmaq istəmirəm, Naxçıvanda belə qaysılar ümumiyyətlə olmur. Həm də göründüyü kimi, bunlar fabrikdə emala məruz qalıb, hamısı eyni ölçüdə, eyni rəngdədir”. Tumlu qaysını göstərib onu almağı məsləhət bildi. Həqiqətən də, içərisi cücülərlə dolu olsa da göstərdiyinin dadından yerli olduğu bəlli idi. Kilosu 8 manat, onun da çoxu tumlarına gedir. Başqa bir yerdə isə doğranmış vəziyyətdə qəhvəyi qaysı vardı, amma onda da kənar dad vardı. Bir xanım qəhvəyi qaysı axtarırdı, anasının ürəyində problem varmış, həkim məsləhət bilib. Amma tumsuz istəyirdi, bazarı ələk-vələk elədiyini, lakin yerli qaysı tapmadığını dedi.
Təzə əriklər isə hazırda bazarda Gürcüstandan gətilir. Doğrudur, görünüşünə söz ola bilməz, qiyməti də bzimkindən ucuz – 2 manat. Amma ətri, dadına görə yerli əriklə heç müqayisə oluna bilməz. Dadı-tamı da yoxdu. Alıcıların “Gürcüstan” adını eşidib üz çevirdiyini görən satıcılar sonradan yerli olduğunu deyirdilər. Yerli ərik bu il az oldu, həm də qiymət olduqca baha idi. Hazirda bazarda yerli təzə ərik tapmaq çətindir. Maraqlıdır ki, aldandığımızı bizə elə satıcılar özləri deyirlər.
Ümumiyyətlə, ölkəmizə çərəzlər əsasən başqa ölkələrdən gətirilir. Qoz ləpəsinin ən yaxşılarının üzərinə yenə Ordubad məhsulu olduğu yazılmışdı. Bir kilosunun qiyməti də 18 manat. Amma vicdanlı satıcılar bunda da xəbərdar edirdilər ki, Azərbaycanda qoz təzə yetişir, bunlar isə Ukrayna, Türkiyədən gəlmədir: “Dadına da baxın, acı dadır, amma yerli məhsul onlar kimi ağappaq olmasa da, zəhər dadı vermir”. Satışda olan xaricdən gətirilən belə malların çoxu köhnədir, ürək bulandırır, yerli məhsullar keçən ildən qalsalar da, rəngləri tündləşsə də keyfiyyətcə onlardan üstündü.
Bazarlarda yerli qarğıdalı adı ilə Amerika sortu satılır. Bu sortu gətirib onu “yerliləşdirilər”. Yetişməyinə yetişir, amma dadına görə bizim məhsula uduzur. Bir fermer hər ikisindən satırdı – həm yerli, həm də xarici. Dedi, “bunları az adam ayırd edə bilir. Amerika sortu palçıq kimidir, dişlərə yapışıb qalır. Məhsuldar olduğundan hazırda əkin sahələrində Amerika sortu yetişdirilii, yerlini isə kəndli özü üçün əkir. Ona görə qiyməti də bahadır. Xaricidən nə qədər istəyrsiniz verim, amma yerlinin 4-ü bir manatdır”.
Bazarda yaşıl noxud axtarışınız da nəticə verməz. Dedlər, “bəs bilmirsiz, yaşıl noxud çoxdan monopoliyadadır, bazara buraxılmır. İstehsalçılardan alınıb fabriklərdə konservləşdirlir”. Təmiz  bitki yağı nəinki bazarda, heç dükanlarda da yoxdur. Marketdən aldığınız yaşıl çaya güvənirsiniz? Şəxsən mən güvənmirəm. Xaricdən gətirilmə ilə burda xarici etiket vurulub satılanlar eyni dadı vermir. Bakıda aldığınızı içmək çətindir, gərək kəklikotu kimi yaxşı qoxulu bitki ilə qarışdırıb dəmləyəsiniz ki, çayın pis qoxusunu hiss etməyəsiniz.
Pəhriz üçün çovdar unu. Heç əziyyət çəkməyin, bu undan bazarda tapa bilməzsiniz. Hər marketdə də satılmır. Soruşduq, bəs çovdar çörəyi nə ilə bişirilir, dedilər adi undur, qəhvə suyuna salıb rəngini dəyişirlər. Həqiqi çovdar unu buğda unundan 3-4 dəfə bahadır. Müalicəvi əhəmiyyətli başqa yeyəcəklərdən bal, bəhməzi bazarda axtarmaq yanlışdır. Onları yaxşı tanıdığınız adamlardan soraqlaşın. Bazarda onların təmizi olmur, nədən hazırlandıqları da bəlli deyil. Keçirilən bal yarmarkalarına da etibar etmək müşkül məsələdir. Hər il özləri xeyli saxta balı satışdan çıxardıqlarını deyirlər, ancaq həmin saxta məhsulun satışa necə buraxıldığını izah eləmirlər. Halbuki, yarmarkanın təşkilatçılığı Kənd Təsərrüfatı Nazirliyinin boynundadır və içəri buraxılan məhsullar da iddialarına görə bir-bir yoxlanılır. Mən isə belə yarmarkada artıq aldanmışam.
Öz ölkəmizdə aldığımız qızılın, geyimin, ərzağın keyfiyyətindən əmin deyilik. Halbuki bu əminliyi bizə verməli olan çoxlu sayda dövlət qurumları var ki, məmurları başlarını kabinetlərdən bayıra çıxartmadan istehlakçıdan şikayət ərizəsi gözləyirlər. Özləri bizim kimi bir monitorinq aparsalar, kütləvi saxtakarlığın qarşısı qismən də olsa alına bilər.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Meteohəssas insanlar ehtiyatlı olsunlar

%d bloqqer bunu bəyənir: