Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sitarə İbrahimova: “21-ci əsrdə yaşayırıq və bakirəlik problem olmamalıdır”

Azərbaycanlı fotoqraf Sitarə İbrahimovanın qadınların problemlərinə həsr etdiyi Reflektor (Nikah gecəsi) “bakirəlik testi” layihəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Daha öncə də selektiv abortlar, erkən nigahlar kimi mövzulara toxunan fotoqraf bu məsələ barədə regionlarda yaşayan insanlardan eşitdiyini deyir.

“Naxçıvan və digər rayonlarda yaşayanlardan eşitdim ki, himenoplastika ilə əlaqədar toy gecəsi oğlanlar qızlara dəfələrlə oturub-durmağı tələb edərək belə bir test etdirir”.

O izah edir ki, bu testi bəzi kişilər qadının bakirəliyinin himenoplastika ilə bərpa edilib-edilmədiyini yoxlamaq üçün aparırlar.

Sitarə İbrahimova bu layihədə özü, qadınların üzləşdiyi bu problemi göstərmək üçün həmin obrazda çıxış edib.
“Əsas məqsədim bizim cəmiyyətdə qadına olan münasibətin bir az dəyişməsidir. Biz 21-ci əsrdə yaşayırıq və bakirəlik problem olmamalıdır.”

Fotoqraf qeyd edir ki, sosial şəbəkələrdə layihəsinə şərh verən insanların çoxu paytaxtda yaşadığından onlara bu problem bir az uzaq gəlir.

“Bakıda qızlar universitet bitirmiş, daha azad, daha rahat həyat sürürlər, nəinki regionlarda. Bu problem regionlarda hələ də aktualdır. Bundan öncə çəkdiyim layihələrdə universitetdə oxuya bilməmiş qızlarla rastlaşmışam. Yəni onların həyatında kimləsə danışmaq təcrübəsi olmayıb”.

32 yaşlı Sitarə İbrahimova Praqada sənədli fotoqrafiya üzrə təhsil alıb. Qadınların problemlərinə aid daha üç belə layihə hazırlayıb.

“Mebel kimi”

SİTARA IBRAHİMOVA

“Mən bunlara görə çox üzülürəm. Onlar sanki bir mebel kimi ötürülürlər. Öncə ata və qardaşları qızları nəzarətdə saxlayır, sonra sanki ərlərinə təhvil verirlər və ərləri onların həyatını idarə edir. Buna görə də bakirəlik problemi mənə çox gülməli gəlir. Çünki mən burada daha çox kişilərin kompleksli olduqlarını görürəm.”

İbrahimovanın sözlərinə görə, kişilərin “yeganə və təkrarolunmaz olmaq istəkləri” bu kompleksi yaradır.

“Lakin bir az dünya görüşlü insanlar üçün bakirəlik sualı insanın yaxşı, ya pis və ya həyat yoldaşı olub-olmaması məsələsində əsas hesab edilə bilməz.”

“Mən hesab edirəm ki, qadın gələcək anadır, növbəti nəsli tərbiyələndirəcək insandır. Amma əgər növbəti nəsil də belə axmaq çərçivələrlə yaşayacaqsa, o zaman ölkəmizdə inkişaf, təəssüf ki, olan deyil”, o əlavə edir.

Bu layihə təxminən bir ay öncədən Yarat incəsənət mərkəzində nümayiş edilsə də, sosial şəbəkələrdə qalmaqallı şərhlər gətirib.

“Mən çox şad oldum ki, bu insanların diqqətindən kənarda qalmadı. Əsl qiymətləndirmə sosial şəbəkələrdə paylaşıldıqdan sonra oldu. Adətən layihələr sərgilərdə təqdim edilir, amma sərgiyə gələn insanlar üçün də onsuz da elə problem deyil, onlar sadəcə təəccüblənərək izləyib gedirlər.”


Onun sözlərinə görə, bəzi şərhçilər layihənin əslində “real çəkiliş” olduğunu sanıb.”Bəzi insanlar anlamır, düşünürlər ki, bu mənəm və ya ərim məni çəkib paylaşıb, amma bu da, təəssüf ki, insanların savadsızlığından, onların məqaləni oxumamaq həvəsindən irəli gəlir. Mən bir rəssam kimi obrazı canlandırmışam, buna görə də layihənin adı “Reflektor”dur, yəni gördüyüm sosial problemləri əks etdirmək istəmişəm.”

O əlavə edir ki, məqsədi insanların belə mövzulara reaksiya verməsidir, çünki “bu mövzuları cəmiyyətdə heç kim qaldırmasa, onların həlli də olmayacaq”, İbrahimova qeyd edir.

Sitarə İbrahimova istəyir ki, qızlar təhsil alsın, öz həyatlarını yaşamaqdan qorxmasınlar.

“Artıq 21-ci əsrdə yaşayırıq, özünə inanmaq lazımdır, bu da ailədən gəlir. Qız özünə güvənməli, özünü kişidən aşağı hesab etməməlidir. Onun da kişi kimi emosiya və hissləri, eyni hüquqları və həyatını yaşamaq hüququ var. Ona görə də ailədən başlamaq lazımdır, özgüvən hissini isə təhsil verir, yəni təhsil alsınlar, tez ərə getməsinlər, dünyanı gəzsinlər, kitab oxusunlar”, – o deyir.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

ŞOK AÇIQLAMA: “Ərim məni aldadırdı, xəyanətimlə ona dərs verdim“

%d bloqqer bunu bəyənir: