Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sirli Abşeron: Qala, Atəşgah və Yanardağ

Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malik ölkədir. Onun torpağı bütün mərhələlərdə bəşəriyyətin inkişafına aid izləri saxlayır. Zaman keçmişin bir çox arxeoloji və memarlıq abidələrini bizim üçün mühafizə edib. Bu mənada Abşeron yarımadası xüsusi dəyər kəsb edir. “Qala” tarixi-etnoqrafik kompleksində açıq havada sərgilənən 3 min illik tarixi olan unikal eksponatlar, atəşpərəstlik dövrünə aid sirli məbəd – Atəşgah, habelə Azərbaycanın ikinci adının – Odlar Yurdunun təcəssümü kimi fenomenal Yanardağ buna əyani sübutlardır.

“Qala” qoruğu – neolit dövründən orta əsrlərədək

24saat.org AZƏRTAC-a istinadən bildirir ki, alimlər Abşeronun Qala qəsəbəsində ilk məskunlaşmanın azı 5 min illər əvvəl baş verməsinə dair dəlillər tapıblar. Burada, Bakıdan 40 kilometr aralıda 200-dən çox müxtəlif arxeoloji və memarlıq abidəsi, o cümlədən sirli kurqanlar, qədim yaşayış ocaqları, min illik dəfn yerləri aşkarlanıb. Bu sahədə arxeoloji qazıntılar ötən əsrin 60-cı illərindən həyata keçirilir, 2008-ci ildə isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə qazıntı yerində Dövlət Tarix Arxeoloji-Etnoqrafik Muzey Kompleksi təsis edilib. Bir çox abidə və əsərlər Abşeron yarımadasının müxtəlif yerlərindən “Qala” kompleksinə köçürülüb. Onlar ya bərpa edilib, ya da tamamilə yenidən yaradılıb. Bu tarixi abidə və əsərlər tarixin müxtəlif dövrlərində azərbaycanlıların həyatını təsəvvür etməyə yardımçı olur.

Bu gün sahəsi 1,5 hektar olan muzeyin ərazisində qayaüstü rəsmlər, dulusçuluq, məişət və zərgərlik əşyaları, silah və sikkələr nümayiş olunur. Burada e.ə. III-II minilliklərdən orta əsrlərədək mövcud olan qədim yaşayış məskəninin xarabalıqları konservasiya edilib. Bundan başqa, X-XV əsrlərə aid iki yeraltı keçid, həmçinin XVIII əsrə aid təndir maraq doğurur. Bu keçidlər Xəzər dənizi və Bakı şəhəri istiqamətindədir. Kompleksdə köhnə yaşayış yeri – heyvan dərilərindən hazırlanan köçəri çadırını və daha sonralar çadırı əvəz edən günbəzli daş və çiy kərpicdən tikilən evləri, qədim dəmirçixananı, bazarı, dulusçuluq emalatxanasını, çörəkxananı, taxıldöyəni və digər maraqlı tikililəri görmək mümkündür. Bütün bu eksponatlara əllə toxunmaq, şəkil çəkdirmək olar. Hətta ənənəvi sobada çörək bişirməyə, xalça toxumağa, dulusçuluq emalatxanasında əllərinizi gilə sürtməyə, yaxud tövlədəki dəvələri, atları və eşşəkləri yedizdirməyə cəhd edə bilərsiniz. Bundan ötrü interaktiv turlar nəzərdə tutulub.

Elə burada, “Qala” muzeyinin ərazisində bir neçə sərgi təşkil olunub. Sərgilərdə qədim məişət əşyaları, qab-qacaq, saxsı nümunələri, X-XVI əsrlərə aid qızıl sikkələr, qızıl bilərziklərin qalıqları və digər maraqlı eksponatlar nümayiş etdirilir.

Hazırda “Qala” muzey kompleksinin ərazisində üç muzey fəaliyyət göstərir: Arxeoloji-Etnoqrafik Muzey Kompleksi (açıq havada), Qala qəsri (qismən açıq havada) və Əntiq Əşyalar Muzeyi.

Qoruğun böyük ərazisində hərəkət etmək üçün elektromobil icarəyə götürmək olar. Muzey kompleksində ekskursiyalar Azərbaycan, rus, ingilis, alman və fransız dillərində keçirilir.

Atəşgah – od məbədi

Abşeron yarımadasında, Bakının mərkəzindən 30 kilometr məsafədə, Suraxanı qəsəbəsinin yaxınlığında daha bir sirli kompleks – atəşpərəstlərin Atəşgah məbədi yerləşir.

Kompleksin son tikililəri XVII əsrə aid edilir. Onları Bakıda yaşayan hindu icması inşa edib. Lakin qazıntılar zamanı burada daha qədim artefaktlar tapılıb. Adı qədim mənbələrində xatırlanan bu Bakıətrafı kənddə, Suraxanıda ilk atəşpərəst məbədinin hələ eramızın əvvəllərində tikildiyi güman olunur.

Yerli memarlıq ənənələri əsasında inşa edilən Atəşgah özündə qədim od səcdəgahlarının xüsusiyyətlərini birləşdirir. Bu beşbucaqlı, sivri xarici divarlı və tağlı girişi olan məbədin “balaxana” deyilən qonaq otağı, əvvəllər cəsədlərin müqəddəs odda yandırıldığı, indi isə daşlarla doldurulan dördkünc quyusu, XVIII əsrdə əlavə olunan ibadətgah otaqları, hücrələri və karvansarası var. Bəzi hücrələrin girişi üstündə hindu və qədim fars dillərində qısa ithaf yazılı daş lövhələr görmək mümkündür.

XIX əsrdə torpaq laylarının yerini dəyişməsi ilə burada qazın təbii yolla çıxışı dayanıb. Buna görə də ziyarətçilər dağılışmağa başlayıb. Atəşgah ibadət yeri kimi 1880-ci ilədək mövcud olub.

1975-ci ildə aparılan bərpa işlərindən sonra Atəşgah yenidən nümayişə açılıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Atəşgah Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib. Muzeyə gələnlərin sayı il ərzində orta hesabla 15 min nəfər təşkil edir. 1998-ci ildə “Atəşgah məbədi”nin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi üçün müraciət olunub.

Bu yaxınlarda bu açıq hava muzeyi restavrasiya edilib. İndi burda, həmçinin müxtəlif emalatxanalar və suvenir qalereyaları da yerləşir.

Yanardağ – alovlanan dağ

Zəngin neft və qaz mənbələri olan Azərbaycan ta qədimdən Odlar Yurdu adlanır. Bəzi yerlərdə təbii qaz yerin səthinə çıxır və sönməyən od adacıqları yaradır.

Azərbaycanda turistlər arasında ən populyar “əbədi məşəl”lərdən biri Yanardağdır. O, Bakıdan 25 kilometr şimalda, Məhəmmədi kəndində yerləşir. Təpənin yamacı qədim zamanlardan alova bürünüb. Əhəngli təpədən hündürlüyü bir, eni on metr olan od dilimləri yüksəlir.

Bu gün dünyada belə təbii mənbələr çox deyil və onların əksəri Azərbaycandadır. Yanardağın “əbədi məşəli” hətta Marko Polonun qeydlərində xatırlanır.

Yanardağla bağlı bir çox əfsanələr var. Ta qədim zamanlardan bura Hindistan, İran və digər ölkələrdən atəşpərəstlər toplaşırdılar. Bu təbiət möcüzəsini görmək üçün indi də dünyanın dörd bir yanından – Rusiya, Almaniya, Yaponiya, Koreya və Norveçdən turistlər gəlir.

Dağın başında “Qurd qapısı” adlanan mağara yerləşir. Yerli sakinlər deyir ki, bir vaxtlar həmin mağarada canavar sürüsü yaşayıb. Mağara divarlarındakı rəsmlər isə buranın ibtidai insanların qədim məskənlərindən biri olduğunu sübut edir.

2007-ci ildən Yanardağ dövlət mühafizəsinə alınıb və onun ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilib.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

İradə İsaqın toyundan ilk GÖRÜNTÜLƏR

%d bloqqer bunu bəyənir: