Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
14756

«Sıradan bir sahibkarın ölkədən milyonlar çıxarması mümkün deyil» – ekspert

Zaur Əhmədov: «Gömrük rüsumlarının artırılması ilk baxışda narazılıqla qarşılansa da, strateji iqtisadi planlama baxımından zəruri addımdır» «Qeyri-neft sektorunda hazırkı iqtisadi potensialımız ən tez kənd təsərrüfatında uğur qazanmağa imkan verir»

Prezident İlham Əliyevin 4 avqust 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş vergi sahəsində aparılacaq islahatların istiqamətlərindən biri də ölkə rezidentlərinin offşor zonalarda yaradılmış müəssisələrlə əməliyyatlarına səmərəli nəzarət mexa-nizmlərinin qurulmasıdır. Vergilər Nazirliyindən verilən məlumata görə, bunu nazirliyin əməkdaşı Ülvi Yusifov deyib. Onun sözlərinə görə, offşor zonalarda təsis edilmiş müəssisələrin gəlirləri və faktiki sahibləri haqqında məlumatlar ciddi şəkildə qorunur və həmin ərazilərdə müəssisə yaradılması üçün hər hansı real biznes fəaliyyətinin həyata keçirilməsi tələb edilmir.

61064
“Offşor zonaların bu xüsusiyyətlərindən istifadə edərək, bəzi vergi ödəyiciləri faktiki təsis edildikləri və fəaliyyət göstərdikləri normal vergitutma rejiminə malik olan dövlətlərdə bəyan olunmalı gəlirlərini müxtəlif sxemlər vasitəsilə vergilərin daha aşağı olduğu və ya ümumiyyətlə vergi ödənilməyən offşor zonalara köçürür. Bununla da gəlirin əldə edildiyi dövlətin vergitutma bazasının aşınmasına və vergi daxilolmalarında itkilərə səbəb olurlar. Bir sıra hallarda vergi ödəyiciləri yekun vergilərini minimallaşdırmaq üçün xarici dövlətlərə investisiya qoyuluşlarını birbaşa xarici investisiya formasında deyil, offşor ərazidə təsis etdikləri şirkətlərin vasitəçiliyi ilə həyata keçirir, hətta özlərinin rezident olduqları dövlətlərdə belə, bizneslərini birbaşa deyil, offşor müəssisənin nümayəndəliyi formasında qururlar. Vergi ödəyiciləri tərəfindən bəyan edilməli olan verginin azaldılmasının ən geniş yayılmış üsullarından biri xarici dövlətlərdən olan kontragentlərlə mal və ya xidmətlərin alğı-satqısı əməliyyatlarının birbaşa deyil, özlərinin təsis etdiyi offşor müəssisənin vasitəçiliyi ilə həyata keçirilməsidir. Bu zaman əməliyyat malın və ya xidmətin alınması ilə bağlıdırsa, adətən, onların qiyməti xərclərə aid edilərək vergitutma bazası azaldılır, lakin həmin xərcin hamısı kontragentə ödənilmir və vergiyə cəlb olunmadan offşor yurisdiksiyada toplanır. Yaxud əksinə, əməliyyat malın və ya xidmətin satışı ilə bağlıdırsa, satılan mala və ya xidmətə görə alınacaq ödənişin bir hissəsi yenə də offşorda qalır. Bundan başqa, mal və ya xidmət alğı-satqısı ilə bağlı əməliyyatlardan vəsaitlərin offşorlarda və ya offşor olmayan, lakin daha aşağı vergilərin tətbiq edildiyi dövlətlərə köçürülməsi qiymət manipulyasiyaları vasitəsilə də reallaşdırılır”, – deyə Ü.Yusifov vurğulayıb.

Nazirlik rəsmisi qeyd edib ki, bunlar nəzərə alınaraq ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş islahatlar çərçivəsində transfer qiymətlərinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının yaradılması nəzərdə tutulur.

Ü.Yusifov qeyd edib ki, transfer qiymətləndirilməsi qarşılıqlı surətdə asılı olan şəxslər arasında, xüsusilə də törəmə şirkətlərlə baş ofis və yaxud baş ofisin digər filial və nümayəndəlikləri arasında malların və xidmətlərin təqdim edilməsi ilə bağlı əməliyyatlarda qiymətlərin adi bazar şəraitində formalaşan qiymətlərdən fərqli müəyyənləşdirilməsi hallarına münasibətdə tətbiq edilir: “Müstəqil müəssisələr arasında əməliyyatlar aparılan zaman onların razılaşdırdıqları şərtlər və qiymətlər müstəqil surətdə bazar amillərinin təsiri altında formalaşır. Qarşılıqlı surətdə asılı olan şəxslər arasında əməliyyatlar aparılan zaman isə qiymətin əmələ gəlməsinə təsir edən amillər təkcə sərbəst bazar amilləri deyil, əksər hallarda bu əməliyyatların qiymətlərinə ümumi mənfəətin artırılması və bütün qrupun yekun vergisinin minimallaşdırılması məqsədi də təsir göstərir. Vergi orqanları tərəfindən transfer qiymətlərinin müəyyənləşdirilməsinin məqsədi də qarşılıqlı əlaqəli müəssisələr arasında aparılan əməliyyatlarda formalaşan qiymətlərin müstəqil müəssisələr arasında analoji şərtlərdə formalaşa biləcək bazar qiymətlərinə uyğunluğunun təmin edilməsi və hesablanmış transfer qiymətləri əsas götürülməklə vergilərin hesablanması və ya bəyan edilmiş vergi məbləğlərinə düzəliş edilməsindən ibarətdir. Dünyada mövcud olan transfer qiymətəmələgəlməsi sistemlərinin əksəriyyətinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının standartları və qaydalarına əsaslanmasına baxmayaraq, bu prinsiplərdən kənarlaşmalar da mövcuddur”.

İqtisadçı ekspert Zaur Əhmədov mövzu ilə bağlı Bizimyol.info-nun suallarını cavablandırıb.

– Ofşor zonalar nələrdir? Sahibkarlar nəyə görə bu zonalarda biznes qurmağa can atırlar?

– Ofşorlar xüsusi iqtisadi zonalardır ki, Bermud, Seyşel, Böyük Britaniya Virgin Adaları, Beliz və s. həmin ərazilərdə biznes qurmağın əlahiddə üstünlükləri mövcuddur. Bu zonalarda vergilərin ya heç nəzərdə tutulmaması, yaxud da sadəcə ən aşağı dərəcədə müəyyənləşdirilməsi sahibkarlar üçün həmin əraziləri daha da cəlbedici edir. Şirkətlərin qeydiyyat proseduru çox sadədir və bəzi ərazilərdə hətta bu yalnız pasportla məhdudlaşır. Müəyyən yerlərə bu kimi güzəştlərin verilməsi həmin ərazilərin iqtisadiyyatı üçün faydalı olsa da, bəşəriyyət üçün fərqli problemlər yaradır. Məsələn, offşorlara istiqamətlənən pullar həmişə sahibkarlıq fəaliyyətindən formalaşmış sağlam pullar olmur. Çox zaman ofşorlar “çirkli pulların” yuyulması üçün də əlverişli məkan rolunu oynayır. Bu ərazilərdə qeydiyyatdan keçirilmiş şirkətlər vasitəsilə bütün növ biznes əməliyyatlarını həyata keçirmək, eləcə də həmin ərazilərdə artıq bir dəfə leqallaşdırılmış pullarla digər ərazilərdə sağlam biznes qurmaq, mülklər əldə etmək və bütün bu üstünlüklərlə bahəm həmin şirkətlər vasitəsilə təsisçilərin ictimaiyyətdən gizlədilməsi mümkündür. Offşor ərazilər isə qeydiyyat zamanı və sonrkı pul köçürmələri zamanı etik olaraq vəsaitin mənşəyi ilə qətiyyən maraqlanmırlar. Formalaşmış məntiqə görə offşor şirkətlərə keçirilmiş pulların vergisi əsas fəaliyyətin həyata keçirildiyi ölkədə “ödənilmiş” hesab ediilir. Həmin şirkətlər vasitəsilə isə “təmizlənmiş” pullar təkrar maneəsiz milli iqtisadiyyatlara dönür”.

– Zaur müəllim, Vergilər Nazirliyinin nümayəndəsi qeyd edib ki, rezidentlərin offşor zonalarındakı müəssisələrinə nəzarət güclənəcək. Sizcə bu mümkündürmü? Nəzarət mexanizmi sizcə necə qurulacaq? Bu işdən nəsə gözləmək olarmı?

– Əlbəttə gözləmək lazımdır və həm də zərurətdir. Əvvəla ona görə ki, offşorlar həmişə sağlam sahibkarlığa xidmət etmirlər. Faktlar mövcuddur ki, offşorlarda narkotik, silah alveri, korrupsiya və s. mənbələrdən qazanılmış vəsaitlər təmizlənir. Əgər nəzarət zamanı müəyyən edilərsə ki, bu pulların ölkəmizdə qazanılması zamanı bütün vergiləri tam olaraq ödənilib, lakin bəzi biznes əməliyyatlarının maya dəyərinin və transfert xərclərinin aşağı salınması baxımından offşor şirkət vasitəsilə dünya bazarına çıxış optimal xərc sxemidir, bu zaman heç bir problem olmamalıdır. Yox, əgər vergitutma dövriyyəsindən gizlədilmiş, korrupsiya və s. qeyri sağlam yolla əldə edilmiş vəsaitlərdirsə, bu vəsaitlərin hökmən kənara qaçırılmasının qarşısı alınmalıdır. Bu gün bu problem artıq dünya iqtisadiyyatı üçün də çox ciddi problemlər yaratmaqdadır. 2009-cu il dünya maliyyə böhranının yaranmasında hesabatlılığı aparılmayan offşor pullarının da ciddi rolu olmuşdur. Həm də bu qanunsuz silah, narkotik, korrupsiya dövriyyəsinin də şəffaflaşmasına imkan yaratdığı üçün dinc insanlar daha çox fəsadlarla qarşılaşırlar. Nəzarətin mexanizminə gəldikdə isə bu çox asanlıqla həyata keçirilə bilər. Çünki, beynəlxalq pul köçürmələrinin elektron olması, həmin sənədlərin əldə edilməsi baxımından problemləri aradan qaldırır. Ölkələrarası elektron məlumat mübadiləsi vasitəsilə offşorlara nəzarəti tamamilə həyata keçirməyi nəzəri cəhətdən mümkün edir. Vergilər Nazirliyinin son on ildə ölkə daxilində aparılan bütün biznes əməliyyatlarının elektronlaşdırılması modeli hətta dünyanın bəzi ölkələri üçün nümunə hesab edilə bilər. Bu bir faktdır ki, bu gün elektron vergi xidmətləri vasitəsilə ölkə daxilində bütün ƏDV-li dövriyyəni tamamilə nəzarətdə saxlamaq mümkündür. Bu isə mənfəət vergisini təxmini də olsa rentabellik göstəriciləri əsasında hesablamağa yardımçı olur. Eyni zamanda əmək məhsuldarlığı göstəriciləri əsasında muzdlu işlə əlaqədar gəlir vergisini və s. sosial ayırmaları xırda yanlışlıqlarla hesablamağa imkan verir. Beynəlxalq köçürmələr haqqında da eyni fikirləri söyləmək mümkündür. Nağd dövriyyənin müəyyənləşdirilməsi üçün isə ölkədən böyük məbləğdə pulların nağd şəkildə çıxarılması artıq korrupsiya ilə mübarizə şəklində həyata keçirilə bilər. Çünki sıradan bir sahibkarın ölkədən nağd şəkildə milyonlarla dollar vəsaiti çıxara bilməsi mümkün deyil. Hökmən səlahiyyətli bir havadarı olmalıdır ki, bu baş tutsun.

– Oktyabrın 2-də Nazirlər Kabineti ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısını genişləndirib. Gömrük rüsumlarının artma səbəbinin həmin məhsullarda daxili istehsala daha çox yer verilməsi ilə açıqlayırlar. Deyilənlər verilən qərarla uyğundurmu? Ümumiyyətlə gömrük rüsumunun artması bu məhsullarda daxili istehsalı artıra biləcəkmi?

– Gömrük rüsumlarının artırılması bilavasitə əhalinin həyat göstəricilərində əks olunduğu üçün ilk baxışda cəmiyyət tərəfindən narazılıqla qarşılansa da, strateji iqtisadi planlama baxımından zəruri addımdır. Əgər biz ölkəmizə idxal olunan məhsullar üzrə rüsumları qonşu ölkələrlə müqayisə etsək, buna tam əmin olarıq. Çünki, bu gün qardaş Türkiyədə istehsalı olan hər hansı bir məhsulu bu ölkəyə idxal etmək istəsək həmin məhsula keyfiyyətindən asılı olmayaraq elə bir qiymət formalaşacaq ki, bu az qala yerli istehsal qiymətindən iki dəfə baha olacaq. Bu Türkiyənin nəhəng istehsal potensialının mövcudluğunun yeganə səbəbidir. Hər bir sahibkar öz ölkəsində istehsalı mümkün olan bir məhsulu istehsal etməkdə idxaldan qorxmamalıdır. Gömrük rüsumlarının dərəcələri müəyyən edilərkən hədəf büdcənin doldurulması yox, ilk növbədə yerli istehsalçıların qorunması olmalıdır. Bu isə əsasən gömrük idxal rüsumları vasitəsilə, tarif tənzimləmələri ilə həyata keçirilməlidir. Artıq yerli istehsal formalaşdıqdan sonra rüsumları azaltmaq lazımdır ki, yerli istehsalçılar bazara keyfiyyətsiz məhsul təklif etməsinlər. Daim keyfiyyətin də artırılmasını düşünsünlər ki, eyni qiymətə daha keyfiyyətli idxal məhsulu təqdim edilə bilməsin. Gömrük rüsumlarının son artımı məhz ölkədə istehsalı mümkün olan sahələrə şamil edilib. Vətəndaşlarımıza bu artımlar indi çox pis təsir etsə də, artıq gələn il ölkədə istehsalın artacağı qaçılmazdır. Növbəti illərdə ölkəmizin ərzaq məhsulları sahəsində idxaldan asılılığı minimuma enəcək.

– Hakimiyyət rəsmiləri bildirir ki, artıq iqtisadi islahatlara başlanılıb. Bu, həqiqətən belədirmi? Hansı nəticələr var və nələri gözləmək olar?

– Ümumilikdə 2016-cı ili islahatlar ili hesab etmək olar. Çünki bu il aparılan islahatlar əslində yubanmış olsa da əsasən yerli istehsalın güclənərək daxili tələbatın maksimum ödənilməsinə, idxalın məhdudlaşdırılmasına, ixracın stimullaşdırılmasına, ölkədən valyutanın axınının qarçısının alınmasına istiqamətlənib. Bu da iqtisadiyyatın daha təkmil modelinin formalaşdırılması üçün zərurətdir. Nəticələrə gəldikdə qeyri-neft sektorunda hazırkı iqtisadi potensialımız ən tez kənd təsərrüfatında uğur qazanmağa imkan verir ki, bu da artıq növbəti ilin may iyun aylarında hiss olunmağa başlayacaq.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Azərbaycanda ödəmə vaxtı keçən manat kreditləri artır

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: