Loading...
Loading...
105240

Şeyxin qudası üzə çıxdı – Əli Evsen Azərbaycana qayıdır

Xəbər verildiyi kimi, noyabrın 8-də İspaniyanın paytaxtı Madriddə “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda konfrans keçirilib.

Konfransda millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, həmçinin İspaniyada fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri və nümayəndələri, elm və din xadimləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Tədbir prezident İlham Əliyev tərəfindən elan edilmiş “Multikulturalizm ili” çərçivəsində Azərbaycanın İspaniyadakı səfirliyinin və İspaniyanın Mursiya Katolik Universitetinin dəstəyi ilə təşkil olunub.
Qeyd edək ki, Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri BDU-nun rektoru Abel Məhərrəmovun oğlu Anar Məhərrəmovdur. Səfir A.Məhərrəmov konfransın məhz İspaniyada keçirilməsinin təsadüfi olmadığını qeyd edib, Sivilizasiyalar Alyansının 2005-ci ildə İspaniya və Türkiyənin təşəbbüsü ilə yaradıldığını bildirib. Vurğulanıb ki, Azərbaycan hökuməti müxtəlif dini və mədəni mənsubiyyətlərin qarşılıqlı dialoquna və sülhə böyük önəm verir. Bu məqsədlə Bakı 2016-cı ildə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, IV Bakı Qlobal Forumu, V Bakı Beynəlxalq Forumu kimi nəhəng tədbirlərə ev sahibliyi edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxışına İspaniyada yeni qurulmuş hökuməti təbrik etməklə başlayıb, ona fəaliyyətində müvəffəqiyyət arzulayıb. Şeyx deyib ki, Əfqanıstan, İraq, Fələstin, Liviya, Suriya, Yəmən və digər ölkələrdə silahlı münaqişələr, insan qırğını, mədəni irsin məhvi Avropanın bəzi ölkələrində islamofobiya təzahürlərini dərinləşdirir, məcburi miqrantlara qarşı aqressiv münasibət kəskinləşir. Bütün Qafqazın Şeyxi belə halları sivilizasiyalar arasında qütbləşməni dərinləşdirən, radikalizm və ekstremizmə təkan verən amil, dinlər və millətlərarası dialoqa vurulan ciddi zərbə kimi dəyərləndirib.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə ölkəmizdə dinlər və etnik qruplar arasındakı münasibətlərin hər ötən il  daha da möhkəmləndiyini qeyd edib. M.Qurbanlı deyib ki, sovet dövründə respublikada cəmi 17 məscid var idisə, hazırda bu rəqəm 2 mini keçib. “Bu, təkcə məscidlərə aid deyil. İyirminci əsrin əvvəllərində azərbaycanlı müsəlman mesenat Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə tikilmiş Jen Mironosets pravoslav kilsəsi yenidən azərbaycanlı iş adamı, müsəlman Aydın Qurbanov tərəfindən əsaslı bərpa olunub. Eyni zamanda Bakıda Şərqi Avropanın ən böyük sinaqoqu inşa edilib” deyə, M.Qurbanlı bildirib.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək Azərbaycanın tarixən müxtəlif dinlərin və mədəniyyətlərin qorunduğu məkan olduğunu bildirib.
Konfransda Azərbaycanda fəaliyyət göstərən digər dini konfessiyaların rəhbərləri də çıxış edərək ölkədə onlar üçün yaradılmış bərabər hüquqlardan danışıblar.
Konfransla bağlı ən diqqət çəkən məqam tədbirin təşkilatçılarından birinin Şeyxin qudası, bir vaxtlar Azərbaycanda  tanınmış iş adamlarından olan Əli Evsenin iştirakıdır. Konfransı da giriş sözü ilə açan məhz Əli Evsen olub. 2011-ci ildə Misir diktatoru Hüsnü Mübarəkin pullarının İspaniyada “yuyulmasını” təşkil etməkdə ittiham olunan və bu ölkədə həbs edilən iş adamı Əli Evsen barəsində çoxdandır ki, xəbər yox idi. Bu ilin fevralında isə məlum olmuşdu ki, İnterpol Əli Evsenin adını hələ də “qırmızı bülleten”lə axtarılan cinayət şübhəliləri siyahısından çıxarmayıb. “Yeni Müsavat” bu mövzunu araşdırarkən məlum olub ki, hazırda  Ə.Evsenin adı axtarış siyahısında yoxdur.
Image result for Ali evsen
1962-ci il təvəllüdlü Əli Evsenin 3 ölkənin – Azərbaycan, Türkiyə və Albaniyanın vətəndaşıdır. Azərbaycanda biznesə hələ 1990-cı illərin əvvəllərində Dubaydan konteyner vurmaqla başlayan Əli Evsen sonra “Star” taksi şirkətini, “Elit” ticarət mərkəzini, Şamaxıda soyuducu, kondisioner və məişət texnikası istehsalı üzrə zavodları, “A-lizinq” şirkətini, “Azsamand” avtomobilləri istehsalı xəttini və sair biznes qurumlarını yaradaraq “Evsen Group”a birləşdirib. 2008-ci ildən isə Ə.Evsen ölkədəki biznesini satmağa başlayıb. Elə həmin ildə Əli Evsen Albaniyanın “Albanian Airlines” və Fransanın “Eagle Aviation” şirkətlərini alıb.
Image result for Allahşükür
“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, konfransda Şeyxlə yanaşı əyləşmiş Ə.Evsen (fotoda Şeyxin sağında) tədbirin bütün xərclərini üzərinə götürüb. Hazırda onun Azərbaycandakı biznesinin vəziyyəti barədə məlumatlar məhduddur.
Mümkündür ki, əcnəbi iş adamlarının Azərbaycana investisiya yatırmaq üçün yaxşı şəraitin olduğu bir vaxtda Ə.Evsen ölkəmizdə biznesini yenidən qurmaq iddiasındadır. Bunun üçün də o, siyasi hakimiyyətə bu cür bir jest edərək İspaniyada geniş bir tədbirə sponsorluq edib. Maraqlıdır ki, tədbirlə bağlı rəsmi xəbərlərdə Ə.Evsenin təşkilatçılardan biri olduğu qeyd edilsə də, onun hansı statusla iştirakı bildirilməyib.(musavat.com)

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Yunuslar həbsxanadan bir il sonra: Mübarizə davam edir

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: