Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Seymur Həzinin şikayəti təmin olunmadı

«Seymur Həzinin xəsarət yetirdiyi iddia olunan adam əslində əvvəlcədən öyrədilmiş adamdır. O, Seymur Həziyə yaxınlaşıb deyib ki, «niyə Facebook-da yazdığım mesajlara cavab vermirsən?». Halbuki, adamın Facebook sosial şəbəkəsindən, ümumiyyətlə, anlayışı yoxdur. Məhkəmədə Facebook hesabını belə, deyə bilmədi».

Bunu «Azadlıq» qəzetinin həbsdə olan siyasi şərhçisi Seymur Həzinin vəkili Adil İsmayılov aprelin 15-də Ali Məhkəmədə çıxışında deyib.

«AZƏRBAYCAN REALLIĞINI BAŞA DÜŞÜRƏM»

17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Seymur Həzi özü də kassasiya şikayətinə baxılarkən məhkəmədə iştirak etmək istəyirdi. Vəkili də hələ martın 18-də işə baxan hakim İlham Cəfərova bu haqda məktub göndərmişdi. Buna baxmayaraq, məhkəməyə jurnalistin özünü gətirməmişdilər.

Adil İsmayılov bu məsələni qaldırarkən hakimin əsaslandırması belə olub ki, gərək vəkil yox, Seymur Həzi özü müraciət edəydi. Vəkil bildirib ki, Seymur Həzi özü də müraciət etmək istəyib, lakin onun müraciətini cəzaçəkmə müəssisəsindən göndərməyiblər.

Məhkəmə kassasiya şikayətinə özünün iştirakı olmadan baxılmasına qərar verib.

Adil İsmayılov çıxışında Seymur Həzinin həbsinə səbəb olan hadisənin faktiki halları barədə məlumat verib. Qeyd edib ki, Məhərrəm Həsənov adlı şəxs Seymura yaxınlaşıb, ona yazdığı mesajlara cavab vermədiyini bildirərək, vurmağa başlayıb: «Qəribədir ki, bu işdə Məhərrəm Həsənova da xuliqanlıq ittihamı verilib. O, xuliqandırsa, deməli, onun etdiklərinə qarşı olan hərəkət – Seymurun addımı özünümüdafiədir».

Adil İsmayılov Seymur Həzinin günahsız olması ilə yanaşı, onun cəbhə bölgəsində zabit kimi qulluq etdiyini də məhkəmənin diqqətinə çatdırıb. Vəkil çıxışının sonunda jurnalistə bəraət verilməsini xahiş edib: «Bəraət istəyirəm, amma Azərbaycan reallığını da başa düşürəm. Xahiş edirəm, onu azadlığa buraxasınız».

İŞ AVROPA MƏHKƏMƏSİNƏ GEDƏCƏK

Məhkəmə qısa müşavirədən sonra kassasiya şikayətinin təmin olunmadığını elan edib.

Seymur Həzinin digər vəkili Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna bildirib ki, qərarı alan kimi Avropa Məhkəməsinə müraciət edəcəklər.

Xaricdən yayımlanan və hökuməti tənqid edən «Azərbaycan saatı» televiziya proqramının da aparıcısı olan Seymur Həzi 2014-cü il avqustun 29-da həbs edilib. Ona qarşı CM-nin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Məhərrəm Həsənov adlı şəxsə xəsarət yetirməkdə ittiham olunan jurnalist Abşeron Rayon Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.

Seymur Həzi ittihamı rədd edir və hökuməti tənqid edən yazılarına, çıxışlarına görə siyasi sifarişlə həbs olunduğunu bildirir.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Əliyev komandayla bacarmadığını etiraf etdi

%d bloqqer bunu bəyənir: