Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sevgi yataqdan sonra qadının saçından öpməkdi… – Fotolar

Bu gün müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi , şair Salam Sarvanın 50 illik yubileyidir.

Salam Sarvan yubileyi ərəfəsində ən son yazdığı 10 şeir göndərib.

Biz də həmin şeirləri oxuculara təqdim edərək istedadlı şairə yeni yaşında uğurlar arzulayırıq.

YORULUB VURULDUN MƏNƏ

Mən bilirəm necə oldu
ki sən mənə vuruldun.
Bilirəm bu sevgi deyil,
sadəcə, sən ömründəki
sevgilərdən yoruldun.

Sənə heyran neçə gözdən
baxışlardan yoruldun.
Sənə heç vaxt baxmayacaq
bir adama vuruldun.

Yorulub vuruldun mənə
ki, bir az dincələsən
Ömrünün bundan sonrasın
sevgidən, qayğıdan uzaq
sürüb, rahat öləsən.

Səni sevməyəcəyimi
bilib rahat olasan.
Mən hey ağlatdıqca səni,
gülüb rahat olasan.

Bilirəm bu, sevgi deyil,
bu, nifrətdi bəlkə də.
Bilirsən bu, nifrət deyil,
məhəbbətdi bəlkə də.

Bilirsən ki, heç vaxt mənə
çatmayacaq əllərin.
Amma elə dincələcək
bundan sonra ev süpürüb,
qab yuyacaq əllərin.

ZARAFAT

Bəlkə bu gün getməyəsən, bircə gün də qalasan?!
Söz verirəm, daha israr eləmərəm:
sabah səni bu şəhərdə həmişəlik saxlaram…

Bəlkə bu gün getməyəsən, bircə gün də qalasan?!
Söz verirəm, daha israr eləmərəm:
sabah özüm apararam səni şəhərinizə…

Bəlkə bu gün getməyəsən, bircə gün də qalasan?!
Daha israr eləmərəm, and içirəm canına:
sabah səni yola sallam dəmiryol vağzalından,
üstündən üç gün ötməmiş durub gəlləm yanına…

Bəlkə bu gün getməyəsən, bircə gün də qalasan?!
Söz verirəm daha israr eləmərəm,
sabah səni ötürərəm dəmiryol vağzalına…

Bəlkə bu gün getməyəsən, bircə gün də qalasan?!
Daha israr eləmərəm, and içirəm adına:
sabah qapımı açaram və deyərəm “yaxşı yol”,
sabah səni buraxaram taleyin umuduna…

AMMA YAŞAYA BİLMİRƏM, BİLMİRƏM…

Günəşin zirvələrdə unudub atdığı
qar kimi tənha qalsam da…

Bir az iş-güc qatır başı,
bir az da yazı-pozu:
sənsiz yaşaya bilirəm,
narahat olma, “Qızım”.

Amma yaşaya bilmirəm, bilmirəm.

Bir az səndən zəhləm gedir,
bir az da özümdən.
Narahat olma, “Qızım” –
sənsiz yaşamaq mümkünmüş deyə
yavaş-yavaş düşürsən gözümdən.

İçirəm-kövrəlirəm, kövrəlirəm-içirəm…
Narahat olma, “Qızım” –
öldürdüyün gündən bəri yavaş-yavaş dirilirəm:
o dünyadan bu dünyaya hər gün bir az köçürəm.

Amma yaşaya bilmirəm, bilmirəm…

Hərdən züm-zümə edirəm,
hərdən də ulayıram…
Narahat olma, “Qızım” –
yavaş-yavaş sağalıram iflicdən,
məsələn, artıq səni xatırlayanda
başımı bulayıram.

Amma yaşaya bilmirəm, bilmirəm…

Narahat olma, “Qızım” –
mən şəhərdə gəzəndə
insanlar bir adamlıq kənardan keçirlər,
sanki yanımda yeriyirsən deyə.

SEVGİ və ZAMAN

Düşünürəm bir təqvimə baxib ZAMAN barədə:
dünən vardın, bu gün getdin, sabah gəlməyəcəksən.
Yəqin, duyuq salmamaqçün məni öz varlığından
bundan sonra barmaqların ucunda gəzəcəksən.

Bəlkə onda biləcəksən
hansı ayrılıq üzündən səssiz yaşar balıqlar…
Bəlkə onda biləcəksən SEVGİ yoxdu, ZAMAN var:
Sevgi nədi – ləng öpüşlər, sürətli ayrılıqlar.

Yəni sevgi deyildin sən, sən tarix idin axı:
saatın neçəliyiydin sən axı bundan qabaq.
Ta beş gün, beş il, beş əsr vaxtın ölçüsü deyil –
niyə bikef idin, “Qızım”, beş yuxu bundan qabaq

Səni axtarmaq əbəsdi dünyadakı küçədə…
Zamanın harasındasan – gündüzdəsən, gecədə?

Səndən sonra daş dövrüdü, tunc dövrüdü, bilmirəm.
Bilmirəm ömür başıdı, ya ölüm ayağıdı…
Daha adamlar içində təklik deyil mənimki,
əsrlərin içindəki heykəl tənhalığıdı.

BAŞIMDA O QARADƏRİLİ QIZIN SEVDASI

Dünyanı dolaşmadan, yalnız öz küçəmizdə,
öz şəhərimizdə gördüyümüz qızları sevdik.
Bəlkə də mənim əsl sevgim
Məsələn, uzaq Afrikadakı qaradərili qız idi.

Mən o qızı düşündükcə indi ahıl yaşımda,
utanıram evimdə öz həyat yoldaşımdan.

Bəlkə o qaradərili qız da ovucunu yağışlara,
üzünü uzaqdakı baxışlara tutub ağrıyır ki:
“İlahi, dünyanı nədən bu yekəlikdə yaratdın –
nədən uzaq saldın iki sevgilini?”

Tanrı bir-biriyçün yaranmışların hamısını
bir-birindən uzaqda yaradıb əslində:
əlimiz çatan qadın yarımız deyil,
ayağımız çatan torpaq yerimiz deyil!

Mən bu tənhalığı daha yaxşı anlayıram
fikrimdə o qaradərili qızın
uzun, qara barmaqlarını hördükcə.
Gündüz Günəşi, gecə Ayı
göy üzündə qərib ada şəklində gördükcə…
Öz zəncirimə hürdükcə.
Mən bu tənhalığı daha yaxşı anlayıram
o qaradərili qızı isladan yağışların
sahilində gəzdiyim bu dənizin buxarından
yarandığını bildikcə.

Darıxıram-içirəm, içirəm-darıxıram.

Başımda o qaradərili qızın sevdası,
içimdə mühacirət arzusu –
neçə vaxtdı ki, başımı aşağı salb
Yerin fırlanmağına baxıram.

GETMƏK LAZIMDI, ŞAİR

(Aqşin Yeniseyə məktub)

1.

Kim idik?
Pis söyüşlər söyməyi sünnətdən sonra öyrənmiş
kirvəsindən, dəlləyindən qorxan bir kənd uşağı.

Öz oyuncaqlarımızı da özümüz düzəltdik –
taxtadan tapança, məftildən araba…

İndi kimik?
Təkadamlıq xaraba!
Çəkimiz gül çəkisidi, boyumuz kol boyu.

Getmək lazımdı, şair:
buranin adamları təkcə şəkil çəkdirəndə
dayanırlar qol-boyun.

2.

Həyatı hər gün yenidən başlamaq istəyimizi
hər səhər yuxudan gec ayılmaq öldürdü,
mühacirat arzularımızı təyyarədə uçmaq qorxusu.

İlk dəfə qız sevdiyimzi
ayaqqabımzı ilk dəfə yumağdan bildik…
Analarımızın südü qurumuş inəyi
it kimi saxladığını uzaqdan bildik.

Böyük dərdlərdən büdrəyəndə
xırda sevinclər yıxılmağa qoymadı…
Güzgüdəki əksimizin pəncərəyə baxdığını duymadıq.

Getmək lazımdı, şair:

Buranın adamları özlərini şəkilçilərə çevirdilər –
“pinəçi”, “solçu”, “qalatasaraylı”, “nurçu”…
Halbuki çılpaq bədənini gur saçlarıyla örtmüş
bir qadın şəklinə baxa-baxa da yaşamaq olardı.

3.

Amma hələ də bilmirik ki, sevgi nədi:
yataqdan sonra qadının saçından öpməkdi,
yoxsa, bir tikə çörəyi acından öpməkdi?

4.

“İşıq pulu” bildirişlərinin qapımıza
qara kağızlar kimi gəldiyi bir zamanda
sənə bir vəsiyyətim var…
Bu azad dünyanın qurulmasında
qul əməyini də unutma…
Hər gün darıxmaq öz yerində,
gündə üç dəfə yeməyini də unutma…

Unutma ki,
buranın adamları adama etdikləri
yaxşılığın qisasını mütləq alırlar…

5.

Getmək lazımdı, şair.
Dostların hamısı öldü,
bir biz qaldıq, bir ofisant, bir də kafe aşığı.

SƏNİN ƏN YAXŞI KEÇMİŞİN OLACAM

Gecənin eyni vaxtında oyaq qalanların gözlərində
cürbəcür yuxusuzluq var indi.

Mən bu sakit gecədə oturub
uzaqdakılarım barədə düşünürəm.
İndicə anladım ki, gün işığı yaxını,
gecə qaranlığı uzağı görmək üçündü.

Yanımızdakı sevgililər doğma gəlməz adama.
Doğmalıq – keçmişindəkilərlə
birgə xatirələrin olmağındadı.

Üzümüzü üzünə söykədiyimiz
sevgilimizin çiyinləri üstündən
ayrıldığımız adamlara baxırıq əslində.

İndi bildinmi, “Qızım”, niyə darıxırıq əslində?!

Bir az da gözləsəydilər,
tramvaylar kimi qayıdacaqdıq
göyə baxanda elektrik xəttimizi,
yerə baxanda relsimizi görənlərin yanına.

Təkcə and yerimiz dəyişmir, “Qızım”:
canına and içdiklərimizin qəbrinə and içirik indi…

And içirəm ki, mən sənin ən yaxşı keçmişin olacam…

AND OLSUN ÇIXMIŞ CANINA…

Baxtımızdan…
analarimiz bizi 40 yaşımzdan sonra yetim qoyurlar –
get-gedə uşaqlaşan vaxtımızda…

Bunu sənə gələcəyə öncəgörən kimi,
keçmişə görməmiş kimi baxan bu adam deyir.

Darıxan bu adam deyir:
sevgilimizin qolları arasında anamızın yada
düşməyindən məlumdu uşaqlaşmağımız.

Yalnız o, yalnız o rəhmətlik arvad bilərdi
bu dəhşətli sualın cavabını:
Ki, hansı istiqamətə hərəkətdi
getdikcə hər yerdən uzaqlaşmağımız?

“Yekə kişi” kimi yaşamış internat uşaqlarındanam –
bizim yanımızda ata-ana, bacı-qardaş olmayıb,
onunçün də gözümüzdə heç zaman yaş olmayıb.

İndi tez-tez kövrəlməyimin sirri elə budu ki,
uşaq vaxtı yıxılanda ağlamadığım ağrılara
mən indi ağlayıram.

And olsun çıxmış canına…
İndi tez-tez ölmək istəməyimin sirri elə budu ki,
tez-tez incidilən uşaq kimi
qaçmaq istəyirəm anamın yanına.

Dizlərini qucaqlayıb demək istəyirəm:
məni ruhdan salan bu ömrün, bu günün ağrıları deyil,
məni tarix ruhdan salıb, ana.

MAHNI MƏTNİ

Ürəyində bir rəqəm tut
altıdan altımışacan.
Mən onu düşünüb tapım
səndən uzaqda qışacan.

Qışda qar yağsa dizəcən,
gələ bilməsəm sizəcən…
Gözündə bir damcı yaş tut
və gözlə gələn yazacan.

Yazda qəlbində həyacan
doxsan gün qalmış toyacan
əlində bir dəstə gül tut,
soldurma gələn yayacan.

Yayda payıza qalmasam,
sən adda qıza qalmasam…

Rəqəmi unut,
göz yaşını ut,
gülləri qurut…
Qucağında bir körpə tut,
böyüt onu yüz yaşacan.
Gözün aydın olsun, “Qızım”,
başacan olsun, başacan!

YATAĞIMIZ ÇAY YATAĞI

Yenə sıxılır ürəyim,
səninçün darıxıram.
Gözümü dikib tavana
sənə, sənə baxıram.

Burda tənhayam, qorxuram,
bilməm sığınım kimə.
Bir kimsə yanıma gəlmir,
hamı gəlir üstümə…

Bəlkə orda həyatımdan
sən də çıxaçıxdasan.
Yaxın gəl, bir görüm məndən
nə qədər uzaqdasan.

Amma axı bir yerdəyik,
ağrı sənsən, dözən mən…
Yatağımız çay yatağı –
axan sənsən, üzən mən.

YAŞAMAQ – GÜNƏŞİN ƏTRAFINA FIRLANMAQMIŞ

Mən bilirəm niyə doğum-ölüm tarixləri
yazılır mötərizədə…
Amma qiyamətdə də bilinməyəcək ki,
nə yazılmışdı Məmmədhəsən əminin
Həzrət Abbasa göndərdiyi ərizədə.

Mən bilirəm, qəfil zülmət çöksə,
ən əvvəl özünü axtarar adam,
sonra sevdiklərini, sonra günəşi…
Amma qiyamətdə də bilinməyəcək ki,
öz vətənində doğulmamağın ağrısı
bir qadının bətnindən necə düşür.

Avam bilməyəcək ki:
ömür boyu evdən-işə, işdən evə gedib-gəldi,
yaşamaqsa – günəşin ətrafına fırlanmaqmış.

Adam bilməyəcək ki, qismətdə bir qaradərili qızla
uzaqdan-uzağa baxışmaq da var imiş.
Heç vaxt yanaşı yatmayacaqmış
bir-birini yuxuda görənlər.

Və “darıxıram” sözünü dilinə

gətirəcək qədər qocalandan sonra
uşaqlığına qayıtmaq istəyəcəksən –
arzularının böyük vaxtlarına.
Amma görəcəksən gecdi…

Dünyadan evdən çıxan kimi çıxacaqsan –
işığı söndürüb qapını bağlayandan sonra düşünəcəksən:
heç nəyi unutmadım ki,
heç kimi unutmadım ki?!

QARADƏRİLİ QIZA MƏKTUB

Uçmuş bir binanın altında qalmışam, “Qızım”,
bir azdan tapacaqlar məni.
Hələliksə boşam, doluyam:
qəbiristanlıq kimi daşlıyam,
saat kimi qumluyam,
zirzəmi kimi suluyam.

Bir azdan tapacaqlar məni…
Həyatımıza o qədər adam yığdıq ki,
indi onların əlindən tənhalığa çəkilmək də olmur.

O qədər yadda qalmaq istədik ki,
ilahi rahatlıq olan unudulmaq istəyi
ömürlük gözümüzdə qaldı.
Əlimizi üzdük özümüzdən, “Qızım”,
adamların umuduna qaldıq.

Qocalmışam:
otağımda tavanın suvağı sökülüb,
döşəmənin boyası tökülüb,
divar kağızı siqaret tüstüsündən saralıb…

Amma bu il göylərin rəngini, dənizlərin səsini,
dağların örtüyünü dəyişmək istəyirəm.
Sonrasa səni qonaq çağırmaq,
sənnən bu yenilikdə görüşmək istəyirəm.

Məndən xeyli uzaqda aramızda bir addım
məsafə saxladığını da bilirəm.
Telefonun bu başında ləzzətlə gülməyimə
telefonun o başında ağladığını da bilirəm.

Bu ayrılığın soyuq kimsəsizliyində
isinməkçün soba, baxmaqçün televizor,
danışmaqçün pəncərə, qucmaqçün qapı:
əşyaların umuduna qaldıq, “Qızım”,
əşyaların umuduna qaldıq.

Gözlərinin bir-birinə məhəbbətlə baxdığını,
barmaqlarının bir-birinə ehtirasla sarıldığını,
ayaqlarının bir-birinin üstündə
məmnunluqla uzandığını görürəm.
Yəni qəribədi dünyanın işi:
hər bədənin simmetriyasında iki nəfər var –
biri qadın, biri kişi.

Nə isə, “Qızım”…
Dünən bərk darıxırdım.
bütün şəkillərimi tökmüşdüm qabağıma,
o şəkillərdəki adamlara yox,
fondakı ağaclara, binalara baxırdım…

SALAM, AY “NATƏVAN”

Danışıqlarımız havanın,
baxışlarımız tavanın yaddaşındaykən
indi məni düşündürür
bir sərxoşun bir şüşəlik,
bir ağacın bir meşəlik susması…

Novruzda küsülülər barışarsa, barışsın.
Amma belə də yaxşıydı axı:
iki adamın bir-birinə qarşı
həmişəlik susması.

Salam, ay “Natəvan”.
Gözlərimi qarnına dikib
mışıl-mışıl susmaq istəyirəm
bir körpə yuxusutək.

Heç kim heç kimi eşitmir onsuz da,
adamlar bir-birinə qulaq asır
dinləmə qurğusutək.

Bir gözünü qıyıb şəklimi çəkən fotoqraf da
sanki qapının açar deşiyindən baxır mənə.

Biri maşının yan güzgüsündən güdür,
biri boynunun ardından baxır.
Biri sırğasından qulaq asır mənə,
biri saatından baxır…
Hamı xalqın adından dinləyir,
hamı xalqın adından baxır.

Polis də izləyir, vətəndaş da,
Bacı da izləyir, qardaş da.

Bu kameraların arasında
həmişə gözü üstümdə olan
bir qayğıkeş qadın da baxır.

Gizlənirəm, gizlənirəm,
yenə də izlənirəm…

Əlli ildi çəkirəm bu zülümü…
Mənim dərdim böyükdü, “Natəvan”:
uşaq vaxtı əlimdən tutub itməyə qoymayanlar
hələ də buraxmayıblar əlimi.

Balam, ay “Natəvan”.
Bu daşdan yonulmuş heykəlləri də
elə-belə qoymayıblar küçələrdə:
onlar da məni güdməkçündü
adamların evlərinə çəkildiyi gecələrdə.

Oxucunun da izləyiciyə çevrildiyi bu zamanda
Atmaq istərdim yazmağın da daşını.
Kişi kimi gizlətmək istərdim ömrümü,
necə ki qadınlar gizlədər yaşını…

“Yazmaq” deməyimə baxma:
əslində, heykəllərin önündəki əklillərin lentlərinə də,
bağışladığımız suvenirlərin üstünə də,
ölənlərimizin qəbir daşlarına da
yazını başqasına yazdırdıq.
Hətta “ana” kəlməsini də qolumuza başqası döydü.
Özümüz nə yazdıq ki?!

Mənim dərdim böyükdü, “Natəvan”:
son nəfəsimdə heyifsələnəcəm:
bütün ömrü göz qabağında yaşadıq –
nə itdik ki, nə azdıq ki?!

Sənə demişdim axı bu haqda:
kağızda üstünü qələmlə qaralayıb pozduğumuz söz
daha gözə görünməsə də,
qaralama altında yenə də qalmaqda.

Başını yelləmişdin onda:
ki, “Nərgiz” üstündən “Natəvan” yazmaqla
“Nərgiz” pozulmaz, sadəcə, görünməz olar.
Və qara-qura düşər, çətin oxunar “Natəvan” da.

Bu dünyada hər şey fitrətdə belədi:
sevgi üstünə sevmək də,
vətən üstünə mühacirət də belədi.

SALAMLAR, BÖYÜK ADAM

Salamlar, böyük adam.
Sənin xatirən önündə başını dik tutmaq çətin olduğundan
başını əyir adamlar, böyük adam…

Nədi azadlıq? Nədi həyat? Nədi insan?
Bu gün bütün suallara
indiyədək verilmiş cavabları sildim.
Və insanın özünü aldatmasına xeyli güldüm.

Əslində, bu cavablar bizi rahatlamaqçünmüş…
Məsələn, “sevgi nədi” kimi yaralı sualın
belə asan, belə ağrıkəsici cavabı ola bilməzdi
ki, guya sevgi iki nəfərin bir səmtə baxmasıdı.

Əslində, həqiqət acı olmalıydı axı –
“sevgi nədi” kimi yaralı sualın cavabı
daha ağrıdıcı olmalıydı axı.

Əslində, yerlə göy qədərdi
yaşadığın yerlərlə köçdüyün yerlərin fərqi…
Əslində, itki ağrısının şiddətindən bəlli olar
dəyərlərin fərqi.

Məsələn, hansı daha əziz idi – at mı, ata mı?
Yəni mümkün ki, bir manatın itkisi
ata itkisindən çox yandırsın adamı…

Görürsən, dostlar bir-bir çıxıb gedir səndən:
donub gedir, buxarlanıb gedir, əriyib gedir.
Udduğun havada, içdiyin suda, basdırıldığın torpaqda
uçub gedir, üzüb gedir, yeriyib gedir.

Gözünü gələcəyə dikmə,
daha heç nə dəyişməyəcək dünyada.
Təkcə təqvimin ili dəyişəcək.

Dərdlər yenə həminki olacaq, dərmanlar yenə həminki,

uzaqbaşı reseptlərin dili dəyişəcək.
Bir də evindəki soyuducunun modeli dəyişəcək…
Yəni özünü bu saxta ümidlərlə niyə üzürsən?
Yəni sevin, əzizim
ki noolsun, hələ gələcəyin telefonunu gəzdirmirsən,
gələcəyin günəşi altında ki gəzirsən.

Salamlar, böyük adam.
Sənin xatirən önündə başını dik tutmaq çətin olduğundan
başını əyir adamlar, böyük adam…(qafqazinfo)

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Ərdoğanla Putinin görüşü Qarabağ məsələsinin həllinə müsbət təsir göstərə bilər

%d bloqqer bunu bəyənir: