Loading...
Loading...

Şamaxıda pulunu ala bilməyən fəhlələri icra başçısının müavini sürgünlə hədələyir – NARAZILIQ

Şamaxıda bir qrup fəhlə iki aydır əməkhaqqı ala bilmir, üstəlik icra başçısının müavini tərəfindən sürgünlə hədələnir.

Bu barədə Ölkə.az-a “Azərtikintiquraşdırma servis 23” ASC-nin 4 saylı filialında işləyən fəhlələr məlumat veriblər. Həmkarları adından danışan Raqib Ağayev əməkdaşımıza bildirib ki, aprelin 1-dən əmək müqaviləsi bağlanaraq, “Azərtikintiquraşdırma servis 23” ASC-nin 4 saylı filialında işə götürülüblər. Amma indiyə kimi nə əmək müqavilələrinin surətini, nə də maaş kartlarının üzünü görməyiblər:

“İndiyə kimi dəfələrlə tələb etməyimizə baxmayaraq, nə əmək müqaviləmizi, nə də maaş almaq üçün plastik kartımızı verirlər. Şamaxıda Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşən Qarabağ əlilləri üçün tikilmiş binanın üz qatının təmiriylə məşğuluq. Dəfələrlə rayon rəhbərliyinə-icra başçısının birinci müavini Qasım Qasımova, müavini Ağamustafa Vahidova, rayon prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinin Şamaxı şöbəsinə, rayonun deputatına müraciət etsək də, müraciətimizə hər hansı formada cavab almamışıq. Üstəlik Ağamustafa Vahidov mənə fəhlələrin yanında dedi ki, səni rayondan sürgün etdirəcəm, pulunu da verməyə qoymayacağam, burada iş tapmayacaqsan.

Sonra başladılar bizi bir-bir işdən çıxarıb, öz qohumlarını yerləşdirməyə. İşə müqavilə ilə 91 nəfər adam götürülüb, amma cəmi 20 nəfər işləyir. Həmin 20 nəfərdən də kim etiraz edirsə, işdən çıxarıb öz qohumlarını iş icraçısı qismində işə götürürlər. Guya həmin adamlar bura Bakıdan iş icraçısı kimi göndəriliblər. Ay qardaş, fəhlənin yerinə iş icraçısı gələr?”

R.Ağayev deyir ki, bir neçə quruma müraciətdən sonra mayın 12-də fəhlələrə müxtəlif məbləğdə pul paylanılıb:

“Gətirib fərdi qaydada birimizə 61 manat, birimizə 51, başqa birinə 70, bir ayrısına 25, o birinə 132 manat pul verdilər. Bilmədik bu avansdır, yoxsa aprel ayının məvacibidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Xidmətinə üç dəfə müraciət etmişəm. Amma bir nəticəsi yoxdur. Müqavilədə bizim əməkhaqqımız 200 manat göstərilmişdi. Məcbur olub əməyin təhlükəsizliyinə görə Fövqəladə Hallar Nazirliyinə zəng elədim, onlardan da bir xəbər çıxmadı. Onun üstündə bizim 4 saylı filialın direktoru Faiq Şirinov zəng edib yerdəki iş icraçısına deyib ki, o adamı ümumiyyətlə, işə buraxma. Biz heç Faiq Şirinovu görmürük, ayda bir dəfə gəlir, ya gəlmir. Ofisləri Nərimanovda yerləşir”.
Digər fəhlə Dadaş Dadaşov isə bildirir ki, məcburiyyətdən özləri həmkarlar təşkilatı yaradıblar.

“Bütün kollektiv narazıdır. Məcburiyyət qarşısında qalıb həmkarlar komitəsi təşkil etmişik. Həmkarlar təşkilatımız adından Prezidentə, Həmkarlar Konfederasiyasının sədrinə müraciət edəcəyik. Amma burada həmkarlar təşkilatının yaradılmasına bəzi vasitələrlə maneçilik törətməyə çalışırlar. Bəzilərini şirnikləndirirlər, bəzilərini təsir altına salmağa çalışırlar”.

Fəhlələr tələblərinin nədən ibarət olduğu və atacaqları addım barədə də danışıblar:

“Bizim aprel ayının 1-nə olan işə qəbulumuz haqqında müqavilənin nüsxəsini, maaş kartımızı bizə təqdim etsinlər. Eyni zamanda, təhlükəsizlik vasitələriylə, əmək alətləriylə təmin olunaq. Bütün bunlar olmayacağı halda, qanun çərçivəsində başqa vasitələrə əl atacağıq”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Qarabağdan son reportaj – Video

Loading...
%d bloqqer bunu bəyənir: