Loading...
Loading...
mus

Şair Musa Yaqub: “Xalqımı, millətimi sevirəm, şerimi yazıram, qulaq asırlar assınlar, asmırlar özləri bilər”

24saat.org şair Musa Yaqublu müsahibəni təqdim edir.

Musa müəllim, həmkarınız Rüstəm Behrudi Yazıçılar İttifaqından çıxdı. Nədənsə siz bu mövzuda açılan müzakirələrə qatılmır, sanki baş verənləri kənardan izləyirsiniz. Nəyə görə, bu məsələdə seyrçiniz?

– Bilirsinizmi, bu daha çox fərdi məsələdir. Fərdi yaradıcılıq olduğu üçün qərar da fərdidir. Əlbəttə, istəməzdim ki, Behrudi kimi gözəl şairimiz Yazıçılar İttifaqından çıxın. Amma özünün şəxsi fikri və qərarıdır. Mən onun getməsini alqışlamıram. Yazıçılar İttifaqından son illər bir neçə nəfər gedib. Səbəb kimi ad günlərinin, yubileylərinin yada düşməməsini göstərirlər. Ancaq münasibətlər də müxtəlifdir. Mən durub kimi tənqid edim, deyim ki, mənə və ya Behrudiyə diqqət etmirlər. Düzdür, Yazıçılar İttifaqı bir təşkilat olaraq hamı ilə maraqlanmalı, ad günlərini təbrik etməlidir. Əlbəttə, kimlə maraqlandıqları, kimlə maraqlanmadıqları bizə bəllidir. Bu da, münasibətdən, zamandan, bir qədər də hakimiyyətdən asılı olan işlərdir.

Yazıçılar İttifaqı sizinlə maraqlanırmı?

– Ad günlərimdə jurnal və qəzetdə təbrik ediblər. Vəssalam. Bunu ediblər. Ad günümə dəvət edəndə Anar başda olmaqla gəlib iştirak ediblər. Bilirsinizmi, maraqlanmağın dərəcəsi yoxdur ki, deyim mənimlə bu qədər filankəslə bu qədər maraqlanıblar…

Səhhətinizdə müəyyən problemlər var, hazırda Bilgəhdə müalicə alırsınız. Sizə təklif ediblər ki, Musa müəllim səni müalicəyə göndərək?

– Yox. Belə bir təklif yoxdur. Mən özüm də istəmirəm. Türkiyədə əməliyyat olundum, xərci də özüm çəkdim. Bakıya gələndən sonra xəbər tutdular. Əlbəttə, mən də istəyərdim ki, maraqlansınlar. Bu da, bir şəfadır. Amma dəri deyəndə və dərman olmayanda daha pis olur. Bu haqda böyük Fizuli də gözəl bir söz deyib. Mən baxmıram ki, kimsə mənə kömək etsin, kiməsə xahiş edim və s.

Böyük Fizulini xatırlatdınız. Fizuli həm də deyirdi ki, salam verdim, rüşvət deyildi deyə almadılar…

– Məndən rüşvət ummurlar. Mən öz dərdimi deyirəm, dərman da istəmirəm. Mənə bu barədə heç bir kömək etməyiblər. Nə hökumət, nə də təşkilatlar.

Hökumətdən sizinlə maraqlanırlarmı?

-Nə maraqlanırlar? Yox. Belə bir şey yoxdur. Mən ancaq və ancaq xalqdan səs eşidirəm. Hər dəfə zəng edib şerlərimi əzbərdən deyirlər, məclisdlərdən danışırlar. Sosial şəbəkələrdə yazırlar və s. Hakimiyyət mənə nə formada desin? Mən bu qayğını görmürəm və heç ummuram da.

Hər dəfə yaradıcı şəxslərə, qələm adamlarına, yazıçı və şairlərə adlar veriləndə Musa Yaqub siyahıdan kənarda qalır. Buna səbəb nədir?

– Vallah mən bu mükafatların, adların arxasınca baxmıram. Məni maraqlandırmır. Səbəbinin də nə olduğunu bilmirəm. Yalandan nə deyim? Bəlkə xoşları gəlmir. Bəzən deyirlər ki, Musa müxalifətdir. Müxalifət başqa şeydir. Mən millətimi, xalqımı, vətənimi sevən adamam. Fikrimi deyirəm, şerimi yazıram. Qulaq asırlar assınlar, asmırlar özləri bilər.

Referendumda iştirak etdiniz?

-Mən xəstəxanada olmuşam. Könülüm istəsəydi belə üzrlü idim. Xəstəxanada idim. Yəqin onların da imkanı olmayıb qutu gətirsinlər və məndə səsimi verim.

Şəhərdə eviniz varmı?

– Əvvəl 2 otaqlı evim vardı, indi artıq uşaqlarındır. Yoxdur evim, neyləyək, vermirlər. Versələr yaxşı olar. O vaxt Yazıçılar İttifaqına ərizə yazdım ki, əgər ev tikdirirsinizsə, bir az ucuz olsa məndə kooperativə qoşulmağa hazıram. Ancaq səs çıxmadı. İndiyə qədər də xəbər yoxdur.

– Hökumətə ev almaq üçün müraciət etməmisiniz?

– Etməmişəm və etmək də istəmirəm. Bilirlər özləri. Etmək istəyirlər etsinlər. Mən Bakıda darıxanda kəndə qaçıram. Şükür allaha, kənddə balaca evim var, şəraiti də pis deyil. Öz dərmanımız öz başımız. Əgər gömək etmirlərsə, sən durub deməyəcəksən ki, mənə dəstək verin. Evdir, mükafatdır, addır – bunlar həm də paydır. Adam payı istəməz, onu verərlər.

Son dövrlər ictimai fəaliyyətinizdə bir qədər sakitlik hökm sürür. Özünüz ictimaiyyətdən məsafə saxlayırsınız?

– O mənada sakitlikdir ki, daha tədbirlərə gedə bilmirəm. Amma şerimi yazır, sözümü deyirəm. Bir xeyli təzə şerim var və onları çap etdirəcəyəm. Qardaş, mənim işim yazmaqdır. Daha o meydan deyil. Əvvəl yaxşı məclislərdə olurduq, yaxşı da vururduq. İndi bunlar əldən çıxıb, durub hara gedim? Hara dəvət edirlərsə gedirəm. Rayonda əksər tədbirlərə dəvət edirlər, məndə yaxından iştirak edirəm.

Bir ara televiziyalarda çıxışlar edirdiniz, şerlər oxuyur, ziyalı sözü deyirdiniz. İndi yerli televiziya kanallarında da görünmürsünüz…

– Bu təkcə mənim üçün deyil. O vaxt yazıçıları, şairləri görüşlərə dəvət edirdilər, adam olan yerlərə yığırdılar, bizdə sözümüzü deyirdik. İndi bunu sevmirlər. Bir şairlə görüş yox, söz-söhbət yoxdur. Yazıçı, ziyalı məclisi yox, televiziyada belə adamlar lazım deyil. Çox məhdudlaşdırıblar.

Yəni ziyalının sözünə daha ehtiyac yoxdur?

– Yəqin yoxdur. Amma əslində şairin, yazıçının, ziyalının sözünə ehtiyac var, lakin onları eşitmək istəmirlər.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

ATV-nin məşhur aparıcısı işdən çıxıb birdəfəlik ölkədən getdi – FOTO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: