Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
img1323538-300x224

ŞAHİN GÜNÜ – Zabil MÜQABİLOĞLU

Bayramlarda, ad günlərində dostlara yaxşı təbrik yazmaq qabiliyyətim yoxdu. Ya “Təbriklər!”, ya da “Təbrik edirəm!” yazmaqla kifayətlənirəm adətən. Ona görə də bilmirəm 2010-cu il, oktyabrın 27-də bütün dostları sarsıdan o məşum qəza baş verməsəydi və Şahin Ağabəyli bu gün aramızda olsaydı, ad günüdə – dünən ona hansı formada mesaj yazacaqdım, necə təbrik edəcəkdim.

Elə bu sətirləri yazarkən də, yazıya başlayarkən də bilmirdim nədən başlayıb nədə bitirim. Dostun sağlığında onun haqda yazmaq çətindi, o ki qala onun itkisindən, ölümündən yazasan. Şahinin bizi tərk etməsindən sonra çox çalışdım ki, başqa dostlar kimi mən də nəsə yazıb heç olmasa ürəyimi boşaldım. Amma alınmadı, yaza bilmədim. Elə bilirdim ki, bu yazını yazsam, sanki Şahinin öldüyünü rəsmiləşdirmiş, bununla barışmış olacam.
Çox ağır şeydi. Ağrı-acı içini deşir, ürəyini dağıdır, bilirsən ki, nəsə yazmasan, belə də davam edəcək. Amma yaza bilmirsən.
Bu itkidən sonra onun haqqında ilk yazını elə həmin qəzanın baş verdiyi gün, Şahinin torpağa tapşırıldığı gecə göz yaşları ilə gənc dostumuz Anar Gəraylı yazmışdı. Göz yaşları ilə yazılan o yazını yüzlərlə adam elə göz yaşları ilə də oxudu. Başqa dostlar da Şahinə layiq səviyyədə yazılar yazdılar. Hamısı da ağır alındı. Hamısında bir dost itkisinin yanğısı vardı. Hər kəs kimi itirdiyimizin fərqində idi.
Şahin Ağabəyli həqiqətən də dostlarına çox yaxşı dost idi. Şahində dostların xahişinə, istəyinə “yox” cavabı yox idi.
Şahin Azərbaycan jurnalistikasında tək-tük adamlardan biri idi ki, ətrafında bu qədər adam var idi. Pulun, var-dövlətin, böyük iş yerin olmaya-olmaya ətrafına bu qədər adam toplamaq asan məsələ deyil. Gənc olmasına baxmayaraq ən müxtəlif mövqelərdə dayanana adamları bir araya gətirməyi, onların hər biri ilə normal münasibətləri qoruyub saxlamağı bacaran adam idi. Şahinin yoxluğunda da onun dostları, onun bir-birinə tanıtdığı, dost etdiyi insanlar bir yerdədir. O, buna görə həmişə xoş xatirələrlə xatırlanır.
Şahinin ölümündən 3 ay sonra, ötən il yanvarın 27-də, qardaşımızın doğum günündə onun özünün iştirak etdiyi sonuncu ad gününün keçirildiyi məkana yığışdıq. Dostlarının çoxu gəlmişdi, hər kəs Şahindən azı bir xatirə danışdı, hərə onu bir cürə xatırladı. Bütün xatırlamalar Şahinin nə qədər gözəl insan, dost olduğunu bir daha göstərirdi.
Bir insanın böyüklüyü həm də o öləndən sonra dostlarının ona verdiyi qiymət, onu necə yaşatması, necə xatırlamasıdır. Bu mənada Şahinin ölümü bizim üçün təkcə bir dost itkisi olmadı, həm də onun böyüklüyünü üzə çıxardı.
Şahinin yoxluğundan bir neçə gün sonra işdən evə həmişəkindən bir qədər tez qayıtmışdım. Oğlum qapıda məni qarşılayıb “Ata, nə yaxşı tez gəldin, həmişə belə gəl də” dedi. Gözümün önünə Şahindən bizə yadigar qalan elə oğlumla təxminən eyni yaşda olan Salam gəldi. Qəfildən hönkürtü ilə ağlamağım uşağı çaşdırdı. Şahinin ölümündən sonra Salam atasının harada olduğunu soruşanda demişdilər ki, harasa gedib, qayıdacaq. Uşaq elə hey atasını istəyir, onun yolunu gözləyirdi. Bəlkə elə indi də gözləyir, nə vaxtsa atasının qayıdacağına ümid edir. Nə bilsin ki, bu gedişin dönüşü yoxdu. Necə ki, bir dostumuz yazıb: “Şahin kimi uçdu getdi ŞAHİN”.
Doğum günün mübarək, qardaş! Daha nə yazım?! Dedim axı, təbrik yaza bilmirəm, belə qabiliyyətim yoxdu…
Yeni Müsavat, 2012-ci il oktyabrın 27-si

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Şəbnəm Tovuzlu skandalında Cavid Qurbanov izi – Şok iddialar

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: