Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sahibkar Prezidentə vergi orqanlarından şikayət etdi – TAM MƏTN

Bu gün 24saat.org saytının elektron ünvanına Vəli Əkbər oğlu Əliyev tərəfindən imzalanmış və ölkə başçısı İlham Əliyevə ünvanlanmış məktub daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Bir neçə gün öncə iri market sahibləri tərəfindən ölkədə tətbiq edilən vergi dərəcələri və digər ödəmələrin qiymətlərin stabil saxlanmasına imkan verməməsi barədə İqtisadiyyat Nazirliyinə müraciət olundu. Bakı şəhərinin pərakəndə mal dövriyyəsinin 50-60 faizini özündə cəmləyən, geniş ticarət şəbəkəsinə, kifayət qədər kadr, maliyyə resursu və yüksək keyfiyyətli hüquq (konsaltinq) xidməti almaq imkanına malik olan həmin iş adamlarının çarəsizliyi ölkədə sahibkarlıq mühiti barədə bu məktubu yazmağı məni vadar etdi.

Məlum olduğu kimi dünya bazarlarında neft məhsullarının qiymətinin aşağı düşməsi,  manatın devalivasiyası və digər amillərin təsiri dövlət büdcəsinə mədaxilin azalması ilə nəticələnmişdir. Bununla əlaqədar olaraq dövlətin apardığı islahatlar və sahibkarlıq subyektlərinə olan münasibət və şəxsən Sizin sahibkarlara göstərdiyiniz qayğını alqışlayırıq. Ümid edirik ki, aparılan islahatlar öz nəticəsini verəcək və qeyri-neft sektorunun daha da inkişafına nail olacağıq. Bir vətəndaş kimi aparılan islahatları-lisenziya tələb olunan fəaliyyət növlərinin azaldılması, lisenziyaların verilməsi qaydalarının sadələşdirilməsi, ASAN Xidmətın xidmət sferasının genişləndirilməsi və s. bu kimi işləri böyük həssaslıqla izləyirik.

Cənab Prezident!

Sizin yürütdüyünüz iqtisadi siyasətlə yanaşı bəzi halları da qeyd etməyi bir vətəndaş kimi özümə borc bilirəm. Bu mövzu ilə əlaqədar hər çıxışınızda problemlər barədə şəxsən Sizə müraciət edilməsini bildirmisiz. Bu çağırışınızdan ruhlanaraq bildirirəm ki, mən sahibkarlıq subyektlərinin vergi, hüquq və mühasibat xidmətləri üzrə məsləhətçisiyəm və özümdə sahibkaram. Müştərim olmuş iri və xırda sahibkarlıq subyektlərinin, eyni zamanda ölkədə maliyyə xidməti göstərən qurumların qarşılaşdığı çətinlikləri diqqətinizə çatdırmaq istəyirəm.

Sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı sahəsində aparılan islahat və “Bir pəncərə” sisteminin tətbiqi çox uğurlu addımdır və bunun nəticəsində çox qısa müddət ərzində qeydiyyat məsələlərinin həllinə nail olmaq mümkündür. Bu işin görünən tərəfidir. Qeydiyyat prosesindən sonra görünməyən tərəflərdə vardır ki, yaradılan süni çətinlikləri aradan qaldırmaq zəruridir. Məsələn, Vergilər Nazirliyinin göstərdiyi elektron xidmətlər çox keyfiyyətlidir. Lakin problemin görünməyən tərəfində Sizin də çıxışlarınızda qeyd edildiyi kimi tələb olunan qanunsuz əlavə ödənişlə durur. Hazırda Vergilər Nazirliyi “İnternet Vergi İdarəsi” adlı elektron portalı vergi ödəyicilərinin istifadəsinə təqdim edib. Lakin bir cox vergi ödəyicilərinin ƏDV depozit hesabının idarə olunmasına məhdudiyyətlər qoyulur. Həmin sahibkarların isə “günahı” sadədir. Büdcəyə borcu olmadığı halda Vergilər Nairliyinin büdcə proqnozunun yerinə yetirilməsi üçün avans vergi ödənişinin edilməsinə dair qanunsuz tələbin icra olunmamasıdır. Nəticədə ƏDV depozit hesabında vəsait olduğu halda həmin vəsaiti oz xərclərinın ödənişi üçün istafadə edə bilmirlər. Bu da həmin sahibkarın fəaliyyətinə yaradılan süni maneədir. Elektron portalın inzibatçısı Vergilər Nazirliyi olduğu üçün problemin həllində heç nəyə nail olmaq mümkün deyil. Vergilər Nazirliyinin vəzifəliləri anlamır ki, ƏDV depozit hesabındakı vəsait vergi ödəyicisinin mülkiyyətidir (əmlakıdır) və vergi borcu olmadığı halda həmin vəsait toxunulmazdır. Həmçinin məhkəmə qərarı olmadan həmin pul vəsaiti üzrə vergi ödəyicisinin hüquqlarını kimsə məhdudlaşdıra bilməz.

Vergilər Nazirliyinin digər ən böyük maneəsi isə audit yoxlaması zamanı yaradılır. Bununla əlaqədar ilk öncə qeyd edim ki, qanunvericiliklə Vergilər Nazirliyinə vergi yoxlamalarını aparmaq hüququ verilib və bu hüquq 3 illik müddətlə məhdudlaşdırılıb. Həmin bu 3 illik müddət vergi orqanları tərəfindən ötürüldükdən sonra heç bir prosessual məcəllələrdə nəzərdə tutulmayan və vergi orqanının ərizəsi əsasında özünə qarşı, həmdə özünü məcburetmə haqqında məhkəməyə müraciət edilir. Məhkəmə də öz növbəsində Vergi Məcəlləsinin müddəalarını nəzərə almadan bir qayda olaraq həmin ərizəni təmin edir. Halbuki, bu hallar kobud qanun pozuntusudur və əsassız müdaxiləyə məhkəmələr tərəfindən yol açmış olur.

Bundan başqa keçirilən yoxlamalarda əsassız olaraq əlavə ödənişlər tələb olunur ki, həmin ödəniş də yerinə yetirildikdən sonra sahibkar müflisləşir. Ödəniş olunmadığı halda isə hesablar dondurulur, uzun müddətli araşdırma və məhkəmə çəkişməsi ilə nəticələnir. Digər tərəfdən də çəkişmə gedə-gedə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin təzyiqlərinə dözməli olurlar. Amma bu ötən müddət ərzində sahibkar öz işçiləri qarşısında olan əmək haqqı öhdəliklərini yerinə yetirə bilmir. İtirən isə sadə işçilər olur.

Qəribəsi odur ki, bank hesabı dondurulduqda banklar əmək haqqının ödənişini aparmaqdan imtina edirlər. İmtinaya səbəb isə bankların vergi orqanları ilə qarşı-qarşıya gəlməkdən çəkinmələridir. Banklara izah edə bilmirik ki, Mülki Məcəllənin müddəaları əmək haqqı ödənişi üçün yaşıl işıq yandırıb və qanun buna imkan verir.

Vergilər Nazirliyi hesabat verir ki, keçirilən yoxlamaların 99%-ində vergidənyayınma aşkar olunub. Bu eyni zamanda o mənanı verir ki, Vergilər Nazirliyinin işi yarıtmazdır. Əgər Vergilər Nazirliyinin yaradılmasından ötən 16 il ərzində 10% intizamlı vergi ödəyicisinin formalaşmasına nail ola bilinməyibsə deməli görülən işlər sadəcə imitasiyadır. Büdcədən bu məqsədlə xərclənən vəsait göyə sovrulub.

Bununla yanaşı kommersiya hüquqi şəxslərin qeydiyyatının ləğvi prosesində ciddi maneçiliklər və bürokratik əngəllər mövcuddur ki, çətinliklərin aradan qaldırılması zəruridir.

Həmçinin vergi qanunvericiliyinə Vergilər Nazirliyi tərəfindən təklif olunan əlavə və dəyişikliklər qanunvericilikdə bir sıra zidiyyətlərin yaranmasına səbəb olub. Vergi Məcəlləsinin bir maddəsi başqa bir maddəsinə ziddir (Vergi Məcəlləsinin 218.5.4-cü maddəsi ilə 221.7-ci maddəsi). Başqa bir misalı qeyd etmək istəyirəm ki, istehsalçı tərəfindən kənd təsəsərrüfatı məhsullarının satışı vergilərdən azad olunmasına baxmayaraq müxtəlif növ kənd təsərrüfatı məhsullarına yenə də vergi tətbiq olunur (kəsilərək satılan ət, xam süddən hazırlanan pendir və digər süd məhsulları, yetişdirilmiş balıq). Bu ziddiyyətlərdən də yararlanan yenə vəzifəli şəxslərdir. Bunun digər sübutu kimi isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Vergi Məcəlləsinə verdiyi şərhləri göstərmək olar. Hələ nə qədər ziddiyyətlərə bundan sonra aydınlıq gətirilməlidir.

Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən məhkəmə qərarı olmadan hər bir vergi ödəyicisinin təqsirsiz hesab edilməsinə baxmayaraq məhkəmə qərarı gözlənilmədən sahibkarlara Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən cinayət işi açılır və istintaq  təqibinə məruz qalırlar. 2002-ci ildə mərhum Prezidentimiz Heydər Əliyevin sahibkarlarla keçirdiyi məlum görüşdən sonra Vergilər Nazirliyi aparılan yoxlamaların sayının azalması barədə hesabat verirdisə indi tam əksinədir. Vergilər Nazirliyi tərəfindən rəsmi etiraf olunur ki, 2016-cı ilin yanvar-fevral aylarında 5337 vergi ödəyicisi ləğv edilib, 21598-i isə fəaliyyətini dayandırıb. Fəaliyyəti ləğv olunan və fəaliyyətini dayandıran sahibkarların hər birinin orta hesabla 3 işçisi olduğunu hesablasaq ortalama 80000 iş yerinin bağlanması deməkdir. Başqa sözlə desək 80000 ailə gəlirdən məhrum olub. Təsadüfi deyil ki, vətəndaşların iş yerlərinin itirməsi fonunda bu gün ölkədə xüsusi ilə elektrik məişət avadanlıqları, mobil telefon, avtomobil və daşınmaz əmlak bazarı acınacaqlı durumdadır. Bakı şəhərində vaxtılə müxtəlif məqsədlər üçün istifadə olunan daşınmaz əmlak indi daha aşağı icarə haqqı qarşılığında təklif olunmasına baxmayaraq yenə də istifadəsiz qalıb. Bunu hətta Bakının mərkəzi hissələrində həmin tikililərin şüşələrinə vurulmuş elanlardan da müşahidə edib acınacaqlı durumu sezməmək mümkün deyil. Həm də bu tendensiya nəticəsinə istehlak kreditləri üçün vətəndaşlar banklara daha müraciət etmirlər. Hətta bankların problemli kredit portfelinin 70-80 faizini istehlak kreditləri təşkil edir. İndi sahibkara yaradılan süni maneələr domino effekti verməklə hansı ağır nəticələrə səbəb olduğunu hamımız izləyirik.

Ötən müddətdə biz turizim üçün infrastrurktur yarada bildiksə də Azərbaycana turist cəlb edə bilmədik. Bunun əsas səbəbi göstərilən xidmətin keyfiyyəti ilə baqlı olmaqla yanaşı həmin xidmətin maya dəyərinin yüksək olması ilə izah olunur. Vətəndaşlarımızın qonşu Gürcüstana etdikləri turist səfərləri və orada xərclənən vəsait ürək ağrıdır. Amma bu da həqiqətdir ki, az vaxt ərzində qonşularımızın turizim sahəsindəki göstərdiyi xidmət və qiymət siyasəti vətəndaşlarımız üçün əlverişli və cəlbedici oldu.  Bizdə isə xidmətin maya dəyərinin yüksək olması tələb olunan qanunsuz ödənişlərlə əlaqədardır.

Ötən müddət ərzində qida sənayesində yerli istehsalı yarada bildiksədə də yüngül sənayedə bu sözləri demək mümkün deyil. Hər bir vətəndaşımızın ayaqqabı və geyim əşyalarına olan ehtiyacı idxal olunan məhsullar hesabına ödənmiş oldu. Hətta istehsalçılar üçün adi köynək düyməsini istehsal etmək maraqlı olmadı. Çünki tələb olunan qanunsuz ödənişlər nəticəsində formalaşan qiymət idxalı təşviq etdi.

Cənab Prezident!

İndiki dövrdə mövcud olan bürokratik çətinliklərin fonunda istehsal fəaliyyəti ilə məşğul ola bilən sahibkar sözün həqiqi mənasında qəhrəman hesab edilməlidir. Həmin sahibkar Vergilər Nazirliyinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Fövqalədə Hallar Nazirliyinin və s. Nazirlik və Komitələrin vəzifəli şəxslərinin arzu və istəkləri fonunda  fəaliyyətlərini davam etdirə bilirlərsə böyük  fədakarlıq göstərmiş olurlar. 100 kvadratmetrlik istehsal və xidmət sahəsi tikdirmək istəyən sahibkar Azərsu, Azəriqaz və Azərişıqdan texniki şərtlərin alınması, həmçinin Fövqalədə Hallar Nazirliyindən həmin tikiləcək sahənin inşaat sənədlərinin layihəsinin ekspertizasının keşirilməsi və istehsal olunacaq məhsulun uyğunluq sertifikatı əldə etmək üçün neçə-neçə məmurun arzu və istəklərini yerinə yetirməlidirlər. Bununla yanaşı sahibkarlara düşmən kəsilən digər nəzarət orqanı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətidir ki, həmin təşkilatın yoxlamaları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmadan həyata keçirilir ki, bu da aparılan dövlət siyasətinə ziddir.

Eyni problemlər Məhkəmə sistemində də mövcuddur. Ali Məhkəmə hakimləri, xüsusi ilə İnzibati İqtisadi kollegiyanın sədri sahibkara düşmən kəsilən şəxslərdəndir. Sanki onların məqsəd və məramları, qarşılarına qoyulan vəzifə, ədlətsizliyə göz yummaqdan ibarətdir. Dövlətin onlara verdiyi səlahiyyət demək olar ki, yalnız öz istəklərinə xidmət edir. Sizin hər çıxışınızda söylədiyiniz “məmur xalqın xidmətçisidir” fikri sanki Ali Məhkəmə hakimlərinə aid deyil. Axı necə ola bilər ki, mahiyyəti üzrə qərar çıxaran 1-ci instansiya və Apellyasiya məhkəmələri işin bütün hallarını hər bir xırdalığına qədər araşdırıb qaldırılan iddianı təmin edir, amma Ali Məhkəmə vergi orqanının kassasiya şikayətini təmin edib əvvəl çıxarılan qərarları ləğv edir. Həm də bu kütləvi xarakter daşıyır. Bir anlığa hesab edək ki, 1-ci instansiya məhkəməsi səhv edib. Axı Apellyasiya Məhkəməsi də cıxarılan qərarı qüvvədə saxlayır. Ali Məhkəmənin qərəzli münasibətini anlamaq olmur. Halbuki aşağı instansiya məhkəməsinin hakimləri işə maiyyəti üzrə baxdığı üçün daha peşəkardır. Ən qəribəsi də odur ki, vergi mübahisələrində Vergilər Nazirliyinin Apellyasiya Şurası uzunmüddətli və dəqiq araşdırmalardan sonra qərar qəbul etdiyi halda Ali Məhkəmə bir qayda olaraq işə səthi baxmaqla yanaşı Vergilər Nazirliyinin tərəfini tutur. Nə qədər iqtisadi islahat üçün səy göstərilsədə Ali Məhkəmədə Vergilər Nazirliyinin təsirinə son qoyulmadan nəaliyyət əldə etmək mümkün olmayacaq. Təsadüfi deyil ki, Mərhum Prezidentimiz Heydər Əliyev tərəfindən imzalanan “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Fərmanın 8-ci bəndində hakimlərə tövsiyə olunub ki, iqtisadi və sahibkarlıq fəaliyyətinə dair mübahisələrin həlli ilə bağlı qərarların qəbulunda qanunun aliliyini təmin etsinlər. Ali Məhkəmə nə tez unutdu bu tövsiyəni? İndiki dövrdə dövlət tərəfindən sahibkarlıq fəaliyyəti üçün yaradılan şəraitə Ali Məhkəmənin işinə Vergilər Nazirliynin müdaxiləsi yolverilməzdir.

İdxal olunan mallar gömrük orqanları tərəfindən yenidən qiymətləndirilərək (faktura dəyərindən baha qiymətləndirilir) gömrük rəsmiləşdirilməsini aparır. Həmin mal satılarkən bu dəfə vergi orqanı vergiləri faktura dəyəri əsas götürülməklə hesablayır ki, nəticədə süni qiymət artımı formalaşır.

  Cənab Prezident!

Son günlər cəbhə bölgəsində baş verənlər bir daha Dövlət olaraq maddi zənginliyimizi zəruri edir. Amma bəzi vəzifəlilər anlamaq istəmir ki, orta və kiçik sahibkarlıq, qeyri-neft sektoru inkişaf etmədən Dövlət olaraq maddi zəngin olmaq mümkün deyil. Bu gün ASAN xidmət vasitəsi ilə Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin göstərdiyi xidmətin həcmi geniş və çox yüksəkdir. Təəssüf hissi ilə bu sözləri digər nazirlik və komitələr üçün söyləmək mümkün deyil. Yeni yaradılan Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin fəaliyyət göstərməsi və bu işə peşəkarların cəlbi ümidvericidir. Amma bununla yanaşı nəzarət orqanlarında yeniliyi qəbul etməyən insanlar da fəaliyyət göstərir. Qeyd olunanlarla bağlı aşağıdakıları təklif edirəm:

 

  • Orta və kiçik sahibkarlığı stimullaşdırmaq məqsədi ilə Vergi Məcəlləsinə yenidən baxılsın;
  • Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Fövqalədə Hallar Nazirliyinin həmçinin digər dövlət qürumlarının sahibkarlara göstərdiyi xidməti birmənalı ASAN Xidmət vasitəsi ilə təqdim edilməsi zəruridir;
  • “İnternet Vergi İdarəsi” adlı elektron portalın inzibatçılığının Vergilər Nazirliyindən alınıb Maliyyə və ya İqtisadiyyat Nazirliyinə verilməsi daha məqsədəuyğundur;
  • Məhkəmələrdə qanunun aliliyinin təmin etmək məqsədilə Ali Məhkəmədə Vergilər Nazirliyinin təsirinə son qoyulmalıdır;
  • Yüngül sənayedə istehsalın təşviqi məqsədi ilə bəzi məhsul növləri  üzrə ƏDV-nin vergi dərəcəsinin aşağı salınması məqsədə uyğun olardı. Həmçinin dövlət müəssisə və təşkilatları, o cümlədən hüquq mühafizə orqanları tərəfindən işçi heyyət üçün alınan ayaqqabı və s. geyim əşyalarının alışının yalnız daxili istehsal hesabına həyata keçirilməsi məqsədəuyğundur. Buna nail olunsa hesab edirəm ki, yüngül sənayenin inkişafı ilə yanaşı ölkədən valyuta axınının qarşısı da nisbətən alınmış olar. Ümumiyyətlə İqtisadiyyat Nazirliyi elə bir siyasət həyata keçirməlidir ki, tələb olunan malın yerli istehsalı olduğu halda həmin maldan dövlət müəssisə və təşkilatları idxal etməsinlər;
  • Kənd təsərrüfatı məhsullarının istehsalçısının vergilərdən azad olunması müsbət addımdır. Lakin məhsulun son isteklakçıya çatdırılması pərakəndə ticarət obyektləri vəsitəsi ilə həyata keçirildiyindən həmin məhsula ƏDV tətbiq edilir. Həmçinin pərakəndə ticarət obyektlərinə mal göndərənlərin bir qismi sadələşdirilmiş vergi ödəyiciləri olması səbəbindən satılan məhsullara tətiq edilən ƏDV həmin malın qiymətini kəskin surətdə artırır. Bu uyğunsuzluğu aradan qaldırmaq məqsədi ilə alqı-satqı əməliyyatlarında ƏDV hesablanarkən  vergi məbləğinin ticarət əlavəsindən hesablanması arzuolunandır (yalnız kənd təsərrüfatı məhsullarının istehsalçılarından və sadələşdirilmiş vergi ödəyicilərindən alınmış malların satış  əməliyyatları üzrə).
  • İstehsalı vergidən azad olunan kənd təsərüfatı məhsullarının adlı siyahısının nörmativ hüquqi aktla təsdiq olunması zəruridir;

Azad sahibkarlığın inkişafı məqsədi ilə Qanunvericiliyin təkmilləşdirilməsi,  bürokratik əngəllərin aradan qaldırılması zəruridir. Yeniliyi qəbul etməyən  məmurlar anlamalıdır ki, əks halda itirən Azərbaycan Dövləti olacaq.

Hörmətlə,

Vəli Əkbər oğlu Əliyev (VÖEN 4500272912)

21.04.2016-cı il

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Sabah hava necə olacaq? – Proqnoz

%d bloqqer bunu bəyənir: