Loading...
Loading...

Saç niyə tökülür?

“Saç tökülməsinə səbəb olan bir çox amillər var. Onların içində stress öndə gəlir. Stress ya istənilən tip saç tökülməsinə səbəb ola, ya da saç tökülməsini artıra bilər”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında dermatoloq, uzman doktor Şikar Hüseynov deyib.

Mütəxəssis bildirib ki, saç tökülməsinə səbəb olan amillər içində ikinci yerdə hər hansı mikroelementin, vitaminin çatışmazlığı, qan azlığı gəlir: “Üçüncüsü, genetik faktorları, dördüncüsü isə hormonal pozğunluqları qeyd etmək lazımdır. Hormonal pozğunluqlar, endokrin xəstəliklər fonunda da saç tökülməsi mümkündür”.

Dermatoloq qeyd edib ki, uzunmüddətli yorğunluqlar, xroniki xəstəliklər də saçların tökülməsinə səbəb olur: “Dəridə olan göbələk və bakterial mənşəli saç dərisi problemlərində də saç tökülmələri baş verir”.

Ş. Hüseynovun sözlərinə görə, kişilərdə gün ərzində yüzə qədər, qadınlarda isə 150-yə qədər saç tökülməsi normal hesab olunur: “Biz əslində bunu o qədər də hiss etmirik, çünki tökülən saçların yerinə çıxan saçlar onları kompensasiya edir. Amma insan özü saçlarının seyrəldiyini hiss edirsə, gündəlik həyata təsir edirsə, bu o deməkdir ki, artıq tökülən saçların sayı çoxdur və kişilərdə bunun 100-dən, qadınlarda isə 150-dən çox olması xəstəliklərə bağlıdır”.

Həkim bildirib ki, qadınlarda ən çox hamiləlikdən sonrakı ikinci ayda, eləcə də artıq çəkidən azad olmaq üçün dietaya başlayanda saç tökülmələrinə rast gəlinir. Bu isə daha çox “depo dəmiri” deyilən ferritinin çatışmazlığı ilə bağlıdır. Bu gün qadınlarda məhz bu, dəmir əskikliyi anemiyasına bağlı olan saç tökülmələrinə daha çox rast gəlinir: “Yanlış olaraq bu kimi vəziyyətlərdə qadınlar ya özfəaliyyət şəklində, ya da bəzən mütəxəssislərin yanlış məsləhəti ilə qanda dəmirin səviyyəsi ilə bağlı analiz verirlər. Məsələn, müayinə olur, dəmirin normada olduğu bilinir və deyilir ki, saç tökülməsi bununla bağlı deyil. Əslində isə burada dəmirin özü yox, “depo dəmiri” yoxlanmalıdır”.

Ş. Hüseynov bildirib ki, orqanizmdə dəmir çatışmazlığı bir çox, məsələn, yorğunluq, halsızlıq, göz qaralması, baş gicəllənməsi, yuxululuq kimi kilinik əlamətlərlə özünü büruzə verir: “Amma analiz veriləndə dəmirə baxıldığı üçün cavablar normal həddə olur. Bizi-dermatoloqları isə ferritin, yəni “depo dəmiri”nin miqdarı maraqlandırır. Analiz zamanı qadınlarda ferritin dəyəri 70-dən az olanda bu dəmir əskikliyi kimi dəyərləndirilir”.

Onun sözlərinə görə, ferritin azlığı zamanı çox sürətli, güclü tökülmə qeydə alınır. Gün ərzində 250, hətta 500 tükün tökülməsi mümkündür: “Təbii ki, belə hallarda saçların tökülməsinin qarşısını almaq üçün çatışmazlığa səbəb olan amil aradan qaldırılmalıdır. Bu kimi saç tökülmələrində kompleks müalicə aparmaq lazımdır. Bizim mezoterapiya dediyimiz müalicə üsulu ilə saç üçün lazım olan elementlərin – mineralların, vitaminlərin inyeksiya ilə saç diblərinə yeridilməsi saç seyrəkliyinin aradan qaldırılması üçün mühüm sayılır. Bu tökülmələrin şiddətinə görə, 6-8-10 seans şəklində icra olunur. Bu istənilən saç tökülməsinə qarşı görülən tədbirlərin əsas komponentlərindən biridir. Amma əgər bir xəstədə dəmir əskikdirsə, nə qədər mezoterapiya olunsa belə bir faydası olmayacaq”.

Həkim bildirib ki, qalxanabənzər vəzinin problemlər, həm hipo, həm də hiper funksiyaların pozğunluqları zamanı saç tökülmələri müşahidə olunur.

Mütəxəssis A vitaminin çoxluğu yarandığı hallarda da saç tökülməsinin baş verdiyini qeyd edib. Bu isə ya qida, ya dərman şəkildən çox qəbul edildiyi hallarda baş verir. Amma o bildirib ki, bu qidaların qəbulunu azaltdıqda, həblərin qəbulunu dayandırdıqda problemin öz-özünə aradan qalxması mümkündür.

Saç tökülmələri zaman geniş istifadə olunan maskalar barədə danışan həkim sarımsaq maskalarının hər hansı elmi əsaslarının olmadığını vurğulayıb: “Bununla bağlı hər hansı elmi araşdırma yoxdur. Bəzən tükün diblərinə sarımsaq sürtürlər ki, tük dibi qıcıqlansın və tük çıxsın. Amma bu, əks effekt verir. Bəzən sarımsağı saçda saatlarla saxlayırlar və bu saç dərisində atrofiya dediyimiz çökəkliklər yaradır. Bu zaman nəinki saçla bağlı, hətta dəridə itki meydana gəlir.

Amma alternativ təbabətdə saç tökülməsindən əziyyət çəkən şəxslərə badam, zeytun, qara çörək otu yağlarından olan maskaların olunması tövsiyə edilir. Bunlar ən azı saçları təravətləndirir və hər hansı ziyanı da yoxdur”.

Bu gün Azərbaycanda da geniş tətbiq olunan saç əkilməsi barədə danışan həkim vurğulayıb ki, saç köçürməzdən əvvəl saç tökülməsinin tipi araşdırılmalıdır: “Məsələn, ocaqlı dazlıq deyilən tökülmə zamanı, yəni autoimmun mənşəli xəstəliklərdə saç əkilməz.

Saç əkilməsinin daha çox göstəriş sayıldığı hal genetik meyllilik, hormonların təsir nəticəsində yaranan saç tökülmələridir. Bu halda ilk növbədə əmin olmaq lazımdır ki, saç tökülməsi dayanıb. Ümumiyyətlə, erkən saç tökülmələri 18 yaşdan etibarən müşahidə edilməyə başlayır. Proses 30-35 yaşlarda ya zəifləyir, ya da tamamilə dayanar. Ona görə də saç əkilməsi ilə professional şəkildə məşğul olan yerlərdə 35 yaşa qədər saç əkilməsi məsləhət görülmür.

Bəzən etik olmayan səbəblərdən, yəni sırf maliyyə ilə bağlı saç əkilməsi edilə bilər, amma bunlar qətiyyən doğru deyil. Əmin olmaq lazımdır ki, saç tökülməsi dayanıb. Bəli, bəzi şəxslərdə 35 yaşdan öncə də saç tökülməsi dayanır. Belə şəxslərə saç əkmək mümkündür. Bir şəxsdə tökülmə davam edirsə, tük əkilməsi məsləhət deyil. Əkilərsə, o zaman əkilən tüklər tökülməz və ya tökülərsə, bu cüzi halda olar. Amma hormonun təsirindən tökülməkdə olan tüklər tökülər və estetik baxımdan xoş olmayan bir görüntü yaranar. Belə hallarda saç əkməkdənsə, qalan saçların tökülməsinin qarşısını almağa çalışmaq lazımdır”.

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

Bu il Həcc ziyarətinin təhlükəsizliyini 17 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı qoruyacaq

%d bloqqer bunu bəyənir: